“İşıq” (İkinci hissədən bir parça)
Onun bir müəllim
kimi məharəti reallığı olduğu kimi təsvir etməsində idi
Həyatım boyunca çox
kitablar oxumuşam. Romanlar, hekayələr, povestlər, eləcə də antologiyalar...
Amma “Azərbaycan pedaqoji fikir antologiyası” qədər mənə təsir edən və stolüstü
kitabıma çevrilən ikinci bir kitab olmayıb. Əslində 15 il bundan əvvəl Əjdər müəllimin
mənə hədiyyə etdiyi bu kitab qarşımda mütaliə üçün geniş imkanlar açmış, mənə
yol göstərmişdi. Bu kitab mənə zəngin pedaqoji mənbə təsiri bağışlamış,
pedaqoji sahədə yazmağa ruhlandırmışdı. Doğrudur, bu əsərin qəhrəmanları böyük
mütəfəkkirlər, dünyaya fərqli mövqedən yanaşan filosoflar, elm xadimləridir. Mən
onların hər biri haqqında vaxtilə ədəbiyyatdan, dərsliklərdən məlumat almışdım.
Amma bu əsərin cazibəsi onda idi ki, onu hər zaman vərəqləyərkən, oxuyarkən,
sanki onun qəhrəmanları ilə canlı ünsiyyət qururdum. Onlar mənə öz qəlblərini
açırdılar. Bu qəhrəmanlarından biri də Mirzə Kazım bəydir. Mirzə Kazım bəy
dünyanın ən parlaq Azərbaycanlı simalarından biridir. Qeyd etdiyim kimi, Əjdər
müəllimlə Mehdi Mehdizdə arasında antologiya ilə bağlı məsləhətləşmələr olurdu.
Bəzən bu məsləhətləşmələr bir neçə saat davam edir, əhəmiyyətli nəticələr əldə
edilirdi. O, Mirzə Kazım bəylə bağlı materialları təqdim edərkən o, sən onun şəklini
də vermək istəyirsənmi? – deyə Mehdi müəllim soruşdu. Bəli, Əjdər müəllim cavab
verdi. Mehdi müəllim, - şəklə diqqət yetirmisənmi? - dedi. Yəqin ki, Mirzə
Kazım bəyin boynundan asılan xaça da nəzər salmısan. Diqqət yetirmişəm, Əjdər
cavablandırdı. Mehdi müəllim:-bu, məni düşündürür, dedi. Məni də düşündürür,
deyə Əjdər sözə başladı. - Amma məncə biz bu dühadan keçə bilmərik. Mirzə Kazım
bəy öz elmi ilə dünyanın fövqündə dayanan alimdir. Doğrudur, onun şəxsiyyəti ətrafında
mübahisələr mövcuddur. Amma o, bütün ömrü boyunca əsl Azərbaycanlı olduğunu
sübuta yetirmişdir. Mənbələrdə göstərilir ki, Mirzə Kazım bəy cənubi Azərbaycanın
Rəşt şəhərində anadan olub. Milliyyətcə Azərbaycanlı olan görkəmli alimi haqlı
olaraq Rusiya Türkologiyasının patriarxı hesab edirlər. Lev Tolstoy kimi nəhəng
yazıçı, N.Q.Çernışevski, qeyri-evklid həndəsənin banisi N.İ.Lobaçevski, Məşhur
rus yazıçısı Melnikov-Reçepski və Rusiyanın həmin dövrdəki bir çox ziyalısı
Mirzə Kazım bəyin tələbələri olmuşdur. Onun elmi-pedaqoji fəaliyyətinin əsasında
Azərbaycan dilinin öyrənilməsinə həsr etdiyi tədqiqatlar xüsusi yer tutur. Azərbaycan
dili ilə yanaşı ərəb, fars, türk dillərində mükəmməl danışan alimin bu dillərdə
dediyi mühazirələr tələbələrin elmə marağını təmin etməklə bərabər, Şərqi daha
yaxşı mənimsəmələrinə şərait yaradırdı. Mirzə Kazım bəyin qeyriadi
müəllimlik məharəti olmuşdur. O, Kazan, sonra isə Peterburq universitetlərində
türk, ərəb və fars dilində apardığı mühazirlərdə tələbləri qarşısında böyük bir
dünyanın qapılarını taybatay açırdı. Bu, ecazkar şərq dünyası idi. Onun bir müəllim
kimi məharəti reallığı olduğu kimi təsvir etməsində idi. O, auditoriya
qarşısına həyəcanla çıxırdı. Nizamidən, Füzulidən, Sədidən həyacanla danışırdı.
Əslində tələbələri də cəlb edən elə bu həyacan idi. Şərqin böyük dühalarından həyacansız
danışmaq, yaxud onları həyacansız dinləmək olarmı? Mirzə Kazım bəy Rusiyada şərqşünaslıq
elminin ən möhkəm sütunlarından birinə çevrilmişdi. O zaman Peterburq qəzetləri
yazırdı: “Fars dili kafedrasında Mirzə Cəfəri zəmanəmizin ən görkəmli
adamlarından biri, təkcə bizdə yox, bütün Asiyada və bütün Avropada tanınmış
asiyalı, dərin müsəlman təhsili almış və bu təhsili əsaslı surətdə Avropa elmi
ilə birləşdirə bilmiş, eyni dərəcədə ərəb, fars, türk dillərini və habelə
ingilis, fransız və rus dillərini bilən və bütün bu dillərdə yazan, əsərlərini
çap etdirən, Kazanda 23 illik zəhmətindən sonra oranın ümumi məhəbbətini və
hörmətini qazana bilmiş Kazım bəy əvəz etdi”. Mirzə Kazım bəyin məqalələri haqqında
fikir söyləyən məşhur rus alimi K.D.Uşinski yazırdı ki, bizim məşhur şərqşünas
Mirzə Kazım bəyin məqalələri təkcə məzmununa görə deyil, həm də gözəl formasına
görə, rus nitqinə müvəffəqiyyətlə tətbiq olunan Şərq təxəyyülünə, yalnız şərqlilərə
məxsus təmtəraqlı, dəbdəbəli dilinə görə də diqqət mərkəzində dayanır.Əjdər
Kazım bəyin həyatından sanki müasiri kimi bəhs edirdi. Alimin əzəmətli tərcümeyi
halı danışmaq üçün Əjdərə şövq verirdi. Sanki bunları Mehdi müəllim üçün
danışmırdı, elmi şura qarşısında hesabat verirdi. Kazım bəy pedaqoji fəaliyyətə
başladığı Kazan Unuiversiteti o illərdə Rusiyanın özü kimi təlatümlü illərini
yaşayırdı. Onu bu elm məbədinə gətirən görkəmli həkim, alim Fuks növbəti seçkilərdə
rektor vəzifəsinə seçilməmişdi. Əvəzində 34 yaşlı gənc alim Lobaçevski bu mühüm
vəzifəyə gətirilmişdi. Lobaçevskinin gəlişi ilə universitetdə bir sıra dəyişikliklər
baş vermişdi. Rəhbərlik qarşısında bir sıra suallar dayanırdı. Hansı təhsil
sistemini tətbiq etmək. Fransız, yoxsa Alman təhsilinin qabaqcıl ənənələrinə
söykənmək? Yoxsa Lomanosovun yaratdığı ənənələrə tapınmaq? Lobaçevski bu
sualllara aydınlıq gətirəcəkdi. Amma Rusiya uzun illər Alman, fransız təhsilinin
təsirindən xilas ola bilməycəkdi... 1820-ci illərdə Kazanı bürümüş vəba xəstəliyinin
universitetin müəllim-professor heyəti arasında yayılmasının qarşısının
alınması məhz Mirzə Kazım bəyin səyi nəticəsində mümkün olmuşdur. Onun təşəbbüsü
ilə pedaqoji kollektivin bütün üzvləri qarantinə alınmış və xəstəlikdən xilas
olmuşlar. Unuversitetin rektoru Lobaçevski sonralar yazacaqdı: “Mənim Kazım bəy
kimi dostlarım və köməkçilərim olmasaydı rus elmi uçuruma yuvarlanacaqdı”. Mirzə
Kazım bəy ilk dəfə Azərbaycan dilinin elmi qrammatikasının əsas prinsiplərini
hazırlayaraq onu “Qrammatika” əsərində elmi əsaslarla təqdim edib. Bu kitab dərc
olunan kimi elm aləmində hadisyə çevrilib. Çox keçməyib ki, Qafqaza, Cənubi
Qafqaza yayılan bu kitab Avropada da şöhrət tapır. Qərbin aparıcı universitetlərində
bu kitabdan istifadə etməyə başlayıblar. Kazım bəyin bu əsəri Peterburq Elmlər
Akademiyasının yüksək mükafatına Demidov mükafatına layiq görülüb. Məhz Kazım bəyin
səyi nəticəsində Kazan universitetində Azərbaycan dili tədris olunmağa
başlayıb. Kazım bəyin qardaşı Əbdülsəttar Kazım bəy Azərbaycan dilini burada tədris
edən ilk müəllim olub. Kazım bəy haqqında Brokhauz və Efronun Ensiklopedik lüğətində
xüsusi qeydlər var: “Şərqşünaslıq sahəsində dərin erudisiyası, Avropa dillərini
yaxşı bilməsi Kazım bəyi həm Qərbi Avropanın, həm də Rusiyanın birinci yerdə
dayanan şərqşünasları sırasına çıxarmışdır”. Kazımbəy 1849-cu ildə Sankt-
Peterburq Universitetinə yenicə açılmış “Şərq dilləri” fakültəsiunə dekan təyin
olunur. Qeyd edim ki, bu fakültənin əsası 1848-ci ildə Mirzə Cəfər Topçubaşov tərəfindən
qoyulmuşdur. Ürəyi vətəninə sonsuz məhəbbətlə döyünən alim 1863-cü ildə burada
“Şərq tarixi” kafedrası təsis edir. Bu kafedranın fəaliyyəti o vaxtlar
universitetin bütün kafedralarına nümunə idi. Kazım bəy tələbərdə şərq dillərinə,
şərq mədəniyyətinə maraq oyatmaq üçün müxtəlif üsullardan istifadə edirdi. Tələbələrin
mütəmadi olaraq təcrübi ekskursiyaylara göndərilməsini təşkil edir, əyani vəsaitlərdən
istifadə etməklə auditoriyalarda şərqin mədəni mühitini yaradırdı. Mən tam əminliklə
deyə bilərəm ki, Mirzə Kazım bəy qəlbində şərq insanının mənəvi çəkisini, mənəvi
fikir yükünü daşımaqla dünyanın qəlbini fəth etmiş, bəşərin ürək döyüntülərini
duyan bir şəxsiyyət olmuşdur. O, bütövlükdə bir elmdir. Elm dinə, millətə
deyil, bəşəriyyətə xidmət üçündür. Əjdərin Mirzə Kazım bəylə bağlı bildikləri
çox idi. İstəyirdi ki, Mehdi müəllimə daha önəmli məsələləri çatdıra bilsin. -
Mirzə Kazım bəyin həyatının Peterburq Unviersiteti dövrü daha məhsuldar olub,
deyə Əjdər sözünə davam eydi. O, burada elmi-pedaqoji fəaliyyəti ilə yanaşı,
özünün «Müridizm və Şamil», «Bab və babilər», «İslamın tarixi», «Şərayül-əl-islam»
və bir çox fundamental elmi əsərlər yazır. Bu əsərlər bir çox Qərb dilləri ilə
yanaşı şərq dillərinə də tərcümə olunur. Mirzə Kazım bəy dünyanın bir sıra
nüfuzlu elm ocaqlarının və cəmiyyətlərinin, o cümlədən Rusiya İmperator Elmlər
Akademiyasının müxbir, Böyük Britaniya Kral Asiya Cəmiyyətinin, Paris Asiya Şərqşünaslıq
cəmiyyətinin, Bostan Şərqşünaslıq cəmiyyətinin, Amerika Birləşmiş Ştatları
Akademiyasının həqiqi üzvü, Kazan və Peterburq universitetlərinin fəxri üzvü,
Peterburq arxeologiya-numizmatika cəmiyyətinin müxbir üzvü, Rusiya Coğrafiya Cəmiyyətinin
həqiqi üzvü və Kazan Vətən Dilləri Cəmiyyətinin üzvü seçilmişdir. Əjdər daha
sonra Mirzə Kazım bəyin Şeyx Şamillə olan görüşlərindən, Şamilə böyük dəyər
verməsindənbəhs etdi. Həm də bu barədə danışarkən “Şamil və müridiz” əsərinin bəzi
məqamlarına, Şamil hərəkanının incəliklərinə toxundu. Burada yeni olan çox məsələlər
var idi. Əjdər müəllim Mirzə Kazım bəyin həyatına, yaradıcılığına bələd
olduğundan onun nə qədər zəngin pedaqoji irsə malik olduğunu bilirdi. Odur ki,
onun antologiyada yer almasını bütün qəlbi ilə arzulayırdı. Mən elə hesab edirəm
ki, deyə Əjdər Kazım bəylə fikirlərini bu sözlərlə bitirdi: Mirzə Kazım bəyin
sinəsində vətəninə, millətinə böyük məhəbbət bəsləyən bir ürək çırpınırdı. Elə
bir məhəbbət ki, qarşısında hər bir maneəni əritmək gücünə malikdir. Ən böyük əsərlər
ən böyük məhəbbət var deyə yaranır. Həqiqəti susqun rəsmdə yox, danışan sətirlərdə
axtarsaq daha doğru olar. Əjdərin izahatından sonra Mehdi müəllimin də fikri
tamam dəyişmişdi. Mən etiraz etmirəm, Mehdi müəllim, dedi. Beləliklə, dünya
şöhrətli Azərbaycanlı alim antologiyada öz yerini tapdı. Bununla da bu əsər öz
mənəvi çəkisini daha da artırdı. Düşünürəm ki, hər bir işin əsasında məntiqi
ardıcıllıq dayanarsa o iş elə məntiqlə də tamamlanar. Hər bir sahədə məntiqi
yanaşma əsasdır. Yalnız bu zaman görülən işin uğurlu nəticəsini əldə etmək
mümkündür. Əgər bu gün də on illər öncə işıq üzü görmüş bir əsər öz
aktuallığını qoruyub saxlayırsa, deməli onun yaradıcıları bu işə ötəri bir iş
kimi yanaşmayıblar. Ona ürəklərini veriblər. Elə buna görə də on illərdən sonra
da orada onların ürək döyüntülərini eşitmək mümkündür.
Böyükağa MİKAYILLI
No comments:
Post a Comment