İyunun 4-də Şirvan şəhərindəki Azərbaycanın Milli Qəhrəmanı
Nofəl Quliyev adına 9 nömrəli tam orta məktəbdə bu təhsil ocağına 34 il rəhbərlik
etmiş mərhum Xavər xanım Sayılovayanın həyat və pedaqoji fəaliyyətinə həsr olunmuş “Ruhunun əbədi məskəni məktəb”
kitabının təqdimatı və mərhumun anım mərasimi keçirildi. Azərbaycan Təhsil
Şurası İdarə Heyətinin qərarı ilə çap olunan kitabın ideya müəllifi və
redaktoru pedaqoji elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər
Akademiyasının akademiki Əjdər Ağayev, tərtibçi “Təhsil və zaman” qəzetinin
redaktoru, yazıçı-publisist Böyükağa Mikayıllıdır. Tədbirdə Azərbaycan Təhsil
Şurasının sədri, professor Əjdər Ağayev, mərhum Xavər Sayılovanın qardaşı,
veteran sovet-partiya işçısi, yazıçı, tarix üzrə fəlsəfə doktoru Sahib Sayılov,
bacısı, veteran müəllim Zəkiyyə Sayılova, tarix üzrə fəlsəfə doktoru Ülviyyə
İbrahimova, Xavər Sayılovanın digər ailə üzvləri, 9 nömrəli tam orta məktəbin,
eləcə də Şirvan şəhərinin digər məktəblərinin pedaqoji kollektivlərinin üzvləri,
Xavər Sayılovanın vaxtilə dərs dedyi şagirdləri, onunla çiyin-çiyinə çalışmış
müəllim yoldaşları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan professor Əjdər Ağayev
söylədi ki, həyatını gənc nəslin təlimi və tərbiyəsinə, xeyirxahlığa, humanizmə
həsr edənlər, ədaləti, sağlam əqidəni, vətənə xidməti, ləyaqəti, insanlara
faydalılığı uca tutanlar dünyalarını dəyşib əbədiyyətə qovuşsalarda mənəvi cəhətdən
ölmürlər, qəlblərdə əbədi yaşamaq hüququ qazanırlar. Xavər Sayılova da belə
insanlardan olub. Xavər xanımın dünyasını dəyişməsindən bir ildən artıq vaxt
ötür. Amma biz, onu tanıyan yüzlərlə insan onun aramızda olmadağını hiss etmirik.
Sanki hər gün onunla həmsöhbət olur, bu istedadlı müəllimin, məktəb rəhbərinin
iş üslubundan, direktorluq fəaliyyətindən, ziyalılığından, mədəniyyətindən,
insanpərvərliyindən söhbət açırıq. Əjdər Ağayev Xavər Sayılova ilə tanışlığının
tarixindən bəhs etdi. Qeyd etdi ki, Xavər xanımı hələ Lənkəran Pedaqoji
Texnikumunda oxuduğu illərdən tanıyıb. Həmin illərdə Salyan rayonundakı Çuxanlı
kənd orta məktəbində dərs hissə müdiri və dil-ədəbiyat müəllim işlədiyini deyən
Ə.Ağayev Xavər xanımın pedaqoji təcrübə keçmək üçün həmin məktəbə gəldiyini, təcrübə
dövrünü uğurla başa vurduğunu söylədi.
Əjdər Ağayev söylədi ki. Xavər Sayılova özünün yüksək
insani və peşəkarlıq məziyyətləri ilə yalnız Şirvanda deyil, respublikada
tanınıb sevilirdi. Ona həm öz işinin mahir bilicisi olan məktəb rəhbəri kimi, həm
də fəal ictimaiyyətçi kimi ehtiram olunurdu. Təsadüfü deyil ki, ölkə başçısı cənab
İlham Əliyev Şirvanda səfərdə olarkən şəhərin baş planının ona təqdim olunması
məhz Xavər Sayılovaya həvalə edilmişdi. Şirvan şəhər bələdiyyəsinin üzvü,
Respublika Qadınlar Cəmiyyətinin Şirvan şəhər təşkilatının sədri kimi apardığı
ictimai işlərdə qadın hüquqlarının müdafiəçisi kimi çıxış edir, əməlləri ilə
insanların qəlbində xeyirxahlıq mücəssəməsi kimi yüksəlirdi.