2.10.2015

Anlamanı yoxlamağın ən sadə üsulları (Ways to check for student understanding)

 Hər bir müəllimin bildiyi kimi, təlimin son məqsədi şagirdin anlaması
, başadüşməsi,qavramasıdır. Öyrətmə  prosesində dəfələrlə şahidi olmuşuq ki, təlimi  şagirdlərlə söhbət, səmimi   ünsiyyət şəraitində aparanda nəticə daha qənaətbəxş olur. Bəzən böyük bir materialı qısa zaman kəsiyinə sığışdırmaq məcburiyyətində qalırıq. Hər dəfə də ümid edirik  ki,  şagirdlərimiz, yəqin ki, başa düşdü, qavaradı. Bölmənin yekununda apardığımız test yoxlamalarının nəticəsi kafi olduqda  isə bu ümid əminliyə çevrilir və biz öz işimizi görülmüş hesab edirik. Düşünürük ki, bu tapşırıqlar şagird dərk etməsinin, qavaramasının səviyyəsini   müəyyən etməyə yetəcək. Nəticə bizi qane etdikdə isə mövzunu tədris edilmiş hesab edirik. Bu tip yoxlamalardan sonra isə çox vaxt zəif cəhətləri  üzə çıxartmaq üçün, yaxud da qaranlıq tərəfləri müəyyən etmək üçün  vaxt qalmır. Əgər qalarsa belə qiymətləndirilmiş bir şagird üçün öz səhvlərini analiz etmək, bilmədiyini öyrənmək maraqsız olur. Bunun ücün də ən optimal yol qiymətləndirməni gündəlik dərslərimizdə müxtəlif strategiya və üsullarla həyata keçirməkdir. Bu üsullar şagird üçün maraqlı və orjinal olmalıdır və qiymət xətrinə aparılmamalıdır. Düşünürəm ki, aşağıdakı sadə qiymətləndirmə yolları və metodları  bizə təlimdə daha fəal,  planlaşdırmada daha səmərəli olmağa kömək edə bilər. Əsasən də, xarici dil fənninin tədrisində keyfiyyətin yüksəldilməsinə  istiqamət verər.
1. Açıq tipli suallar (An open ended  questions). Dərs prosesində açıq tipli suallardan istifadə edərək şagirdləri düşünməyə, bir-biri ilə söhbət etməyə və yazmağa sövq edə bilərik. Bu cür sualları tərtib edərkən cavabı “bəli” və “xeyr” olan suallardan istifadə etməmək məsləhətdir. Məsələn: Düzgün qidalanmaq lazımdırmı?  “Bəli” və ya “Xeyr”. Təbii ki, bu tip suallara şagirdlər çox vaxt “bəli” deyə cavab verirlər. Dərsdən sonra onlar özləri də çox vaxt etiraf edirlər  ki, çox zaman verilən sualların mahiyyətinin fərqində olmurlar. Bunun üçün də bu tip sualları elə tərtib etmək lazımdır ki, şagirdlər düşünmək, araşdırmaq, yazmaq, fikirlərini ən azı  2-3 cümlə ilə ifadə etmək zərurətini duysunlar.
2. Refleksiya  aparmaq. (Ask students to reflect). Dərsin son 5 dəqiqəsi ərzində şagirdlərdən xahiş edək ki, dərs prosesində nəyi öyrəndiklərini, hansı bacarıq və vərdişlərə yiyələndikləri barədə fikirlərini 3-4 cümlə ilə yazılı şəkildə ifadə etsinlər. Eləcə də bu nəzəri  biliklərdən  və həyati  bacarıqlardan  hansı şəkildə istifadə edəcəkləri barədə mülahizələrini irəli sürsünlər.
3. Viktorinalar (Quizzes). Dərsin sonunda mövzu ilə əlaqəli maraqlı və əyləncəli suallardan ibarət viktorina keçirərək anlama səviyyəsinin müəyyən etmək olar.

4.Ümumiləşdirmə. (Ask students to summarize). Tədqiqatdan sonra əsas məqsədə çatmaq üçün olardan xahiş et ki, dərsi yekunlaşdıraraq əldə edilmiş yeni biliyi müəyyənləşdirsinlər. Yəni  yekulaşdırmanı özləri həyata keçirsinlər. Bu şifahi, vizual, yaxud da başqa bir yolla həyata keçirilə bilər.
5. Əl siqnalları (Hand signals). Əl siqnalları vasitəsi ilə dərs boyunca şagirdlərin konsepti  anlama dərəcəsini qiymətləndirmək olar. Dərsin bütün mərhələlərində şagirdlər əlləri vasitəsi ilə müəllimə anlama səviyyələrini  göstərmək üçün işarələr verə bilərlər. 5 barmaq ən yüksək dərəcə,1 barmaq isə ən aşağı dərəcə hesab olunur. Bu  üsulla qiymətləndirmədə bütün şagirdlər iştirak edirlər və müəllim bütün dərs boyunca hətta böyük bir qrupla işlədiyi zaman belə sürətli qiymətləndirmə apara bilər.
6. Cavab kartları (Respond cards). Vaxtdan səmərəli  istifadə və şagirdlərin hamısının eyni vaxtda qiymətləndirilməsi  ücün əlverişli metoddur. Müəllimin yaratdığı problemli vəziyyətə münasibət göstərmək, yaxud da verilmiş suala cavab vermək üçün  bütün şagirdlər eyni vaxtda  işarəli və ya rəngli kartlardan və lövhələrdən istifadə edirlər. Bu üsulla müəllim şagirdlərin individual öyrənməsini  vaxtdan optimal  istifadə etməklə müəyyənləşdirə bilir.
7. Dörd künc (Four corners). Bu, öyrənmənin səviyyəsini  müəyyən edən ən maraqlı və orjinal üsuldur. Bu üsulla şagird 45 dəqiqə daim oturaq vəziyyətdə qalmaqdan xilas olur və müəllimin monitorluğu altinda dərs prosesi boyunca hərəkət etmək şansı qazanır. Sinfin 4 küncü müəllim tərəfindən işarələnir. 1-ci künc “razıyam”, 2-ci künc “razı deyiləm”, 3-cü künc “qismən razıyam”, 4 -cü künc isə “əmin  deyiləm” adlanır. Müəllim hər hansı bir fikir yürüdür və ya irəli sürülmüş mülahizəyə öz münasibətini bildirir. Şagirlər isə dərhal sinfin künclərinə dogru hərəkət edir və seçdikləri küncə görə  müəllimin söylədiklərinə   münasibət bildirirlər. Beləliklə, müəllim şagirdlərin dərk etməsini əyləncəli və maraqlı şəkildə üzə çıxarır.
8. Düşün-cütləş-bölüş. (Think-pair –share). Şagirdlər qoyulmuş problem üzərində bir neçə dəqiqə düşünürlər. Daha sonra müəyyənləşdirdikləri bir şagirdlə cütləşib öz fikirlərini sinfə elan etməmişdən qabaq  öz aralarında müqayisə edirlər.
9. Xorla oxu. (Choral reading). Şagirdlər əsas  ideyanı və ahəngi müəyyən etmək üçün mətndən bir parça seçirlər. Sonra seçilmiş parçanı müəllimlə birlikdə ucadan oxuyurlar. Bu startegiya onlara cəld oxu vərdişlərini aşılamağa, sual və ya nəqli cümlələrin oxunuşu arasındakı fərqi ayırd etməyə, bəzi frazalrı, dialoqları və digər nitq etiketlərini düzgün tələffüz etməyə  kömək edir. 
10. Bir suallı viktorina.(One question quiz). Müəllim xüsusi bir məqsədlə bir sual tərtib edir. Elə bir sual ki, bir və ya iki dəqiqə ərzində cavablandırmaq mümkün olsun. Şagirdlər sualı cavablandırdıqdan sonra müəllim cəld və asan   şəkildə yazılı cavablara baxaraq qiymətləndirmə apara bilər. 
11.nSokrat seminarı (Socratic seminar). Şagirdlər bir- birinə təməl sual, qoyulmuş problem və ya seçilmiş mətn əsasında suallar verirlər. Bu suallar şagirdlər arasında geniş bir müzakirə yaradır. Müzakirə yeni-yeni suallar doğurur və bu sualları cavablandırmaq zərurəti yaranır. Bu üsul şagirdlərdə sual vermək, müzakirəni mövzuya dogru istiqamətləndirmək, bir- biri ilə ünsiyyət yaratmaq və yeni bilikləri aşkarlamaq vərdişləri aşılayır.
12.  3-2-1. Uşaqlar özləri dərsin sonunda cəld bir şəkildə 3 istiqamətdə tərtib olunmuş suallara cavab verərək öyrəndiklərini nəzərdən keçirirlər:
1. Dərsdən öyrəndiklərim
2. Öyrənmək istədiklərim
3.  Bizi maraqlandıran suallar


13. Çıxış bileti (Ticket out the door). Dərsin sonunda şagirdlər hərəsi bir vərəq götürür və öyrənilən mövzu barədə bir cümlə olmaqla  bir fikir  yazırlar. Fikirləri oxuyan müəllim şagirdin mövzunu nə dərəcədə qavradığını müəyyən edir.
14. Düşüncələr jurnalı (Journal reflections). Şagirdlər özləri üçün bir qeyd dəftəri tuturlar. Dərs boyunca  əldə etdikləri məlumatları, onlara qaranlıq qalan hissələri, özləri üçün müvafiq, yardımçı hesab etdikləri strategiyaları, eləcə də mövzu ilə əlaqəli digər nüansları orda qeyd edirlər. Hər bir dərsdən sonra müəllim şagirdlərin refleksiya jurnalını oxuyaraq onların  müvəffəq ola bildikləri və ya ola bilmədikləri bilik və bacarıqları müəyyən edir.
15. Qələm+kağız (pencil+paper). Şagird öz əldə etdiyi bilik və bacarıqları qiymətləndirmək üçün qələm +kağız üsulundan istifadə edir. Müəllim qabaqcadan vərəq üzərində  fərqli suallar tərtib edir. Şagird öz vərəqini və bir qələm götürüb sualları cavablandırır. Müəllim qiymətləndirmədən sonra şagirdin individual inkişafını izləmək şansı əldə edir və təlim prosesinin gələcək istiqamətlərini müəyyən edir. Həm şagird, həm də müəllim qarşıya qoyulmuş məqsədə hansı dərəcədə çatdığını özü üçün müəyyən edir. Bu formativ qiymətləndirmə üsulu olduğu  üçün şagirdləri qruplaşdırmaq və ya nailiyyət dərəcəsinə görə seçim aparmaq vacib deyil.
16. Qəsdən yanlış yönəltmə (Misconception check). Müəllim tədris edəcəyi mövzunu yanlış bir şəkildə  ifadə etməklə  şagirdlərə təqdim edir. Onların ifadə etdiyi fikirlə razı olub olmadıqlarını soruşur və şagirdlərdən cavablarını əsaslandırmaqlarını xahiş edir. Məsələn: Mövzu “Qidalanma”. Müəllim sinfə üz tutaraq dərsi belə başlayır: Məncə gündə 3 dəfə  qidalanmaq vacibdir. Amma nə yeyəcəyimizin heç bir əhəmiyyəti yoxdur. Siz necə düşünürsünüz? və s. Fikirlə razılaşmayan şagirdlər düşüncələrini əsaslandırmalı olurlar.
17. Analoji fikirvermə (Analogy prompt). Dərsin müxtəlif mərhələlərində, əsasən də tədqiqat zamanı müəllim şagirdləri istiqamətləndirmək üçün bəzi analoji ideyalar verə bilər. Məsələn: “Bitkilər susuz yaşaya bilməz, cünki ----------------  “Şagird bu analogiya əsasında fikirlərini sistemləşdirə bilər. 
18.Yaşıdını təlimatlandırma (Peer instruction). Dərs prosesində anlamanın səviyyəsini müəyyən etməyin ən optimal üsullarından biri də bu metoddur. Hər bir şagirddən  yanındakı yoldaşına dərsdən öyrəndiyi yeni biliyi öyrətməsini istə. Bu prosesdə əgər şagird konsepti düzgün qavrayıbsa, onu yoldaşına öyrətməyi bacaracaq.  
19. Edə bildiklərini və edə bilmədiklərini ayır. (Separate what you do or  dont do). Dərs prosesinin sonunda şagirdlərdən diaqram qurmaqla, yaxud da   dərsin konseptini əks etdirən xəritə çəkməklə dərs boyunca nəyi etdiklərini və eyni zamanda nəyi edə bilmədiklərini ayırmağı istə. Bu heç də səsləndiyi qədər asan bir proses deyil. Şagirdlər bəzən, həqiqətən də, nəyi bilib, nəyi bilmədiklərinin fərqində belə olmurlar. Bu strategiya şagirdlərdə özlərini tanıma və müəyyənləşdirmə bacarıqlarını formalaşdırır. Müəllim beləliklə onların özlərinin iştirakı ilə şagirdlərinin  zəif və güclü tərəflərini müəyyən edir.  
20. Yararlı et (Make it useful). Dərs prosesində aparılan yoxlama test vasitəsi ilə dərsin gedişini tənzimləmək olar. Bu yoxlama nəticəsində siz informasiyanın ötürülməsinin davam etdirilib-etdirlməməsinə, dayanıb yenidən başlamaq, yaxud da şagirdləri 3 dəqiqəlik əlavə izahata cəlb etmək kimi məsələləri müəyyənləşdirə bilərsiniz.
Qiymətləndirmə dərsin ən vacib ünsürlərindəndir. Bunu dərs prosesində ən azı 3 dəfə olmaqla cəld və maraqlı şəkildə həyata keçirməyi bacarmaq lazımdır. Müəllim dərs prosesində yaradıcı olmalıdır. Qiymətləndirmə apararkən bir üsuldan təkrarən istifadə etməməlidir. Müxtəlifliyə riayət etmək lazımdır. Qiymətləndirmə üsul və vasitələri şagirlər üçün maraqsız və yorucu olmamalıdır.     
Mehriban MƏMMƏDOVA,
Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi 

No comments:

Post a Comment