Azərbaycan
respublikası öz tarixi müstəqilliyinə qovuşandan bəri böyük inkişaf yolunu
keçmişdir. Arxada qoyduğumuz bu 24 ildə çox uğurlara nail olmuşuq:
dövlətçiliyimiz möhkəmlənmiş, bölgənin ən güclü iqtisadiyyatını qurmuşuq, dünya
arenasında nufuz qazanmışıq. Dünya daim dəyişir, inkişaf edir. Dünya dəyişdikcə
qarşıda duran məqsədlər, hədəflər də dəyişir. Ölkəmiz dünyanın bir parçası
olaraq hər keçən gün muasirləşir, dünyaya daha sıx inteqrasiya edir. Bütün bu dəyişiklər fonunda dünyanın aparıcı
ölkələrində təhsil sahəsinə diqqət getdikcə genişlənir və dövlət siyasətinin
əsas prioretetinə çevrilir. Azərbaycan Respublikasının Prezidenti cənab İ.
Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır: “Ən inkişaf etmiş ölkələrin
təcrübəsinə baxsaq görərik ki, o ölkələrin inkişafında ən aparıcı rol oynayan
neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır.” Bu
baxımdan dünyanın aparıcı ölkələrinin təhsil sistemləri ilə tanış olmaq çox
maraqlıdır.
Son
illərdə beynəlxalq təcrübədə təhsilin keyfiyyətini ölçmək məqsədi ilə müxtəlif
məzmunlu qiymətləndirmə proqramlarının nəticələrindən istifadə olunur.
Hazırda dünyada şagirdlərin təhsil nəticələrini qiymətləndirilməsi üzrə ən
nufuzlu proqram PİSA hesab olunur. PİSA - mənzil-qərargahı Parisdə yerləşən
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (Organisation for Economic
Co-operation and Development - OECD) 2000-ci ildən başlayaraq həyata keçirdiyi bir
proqramdır. Devizi “Yaşamaq üçün öyrənmək!” olan və hər üç ildən bir keçirilən
bu proqramın əsas hədəfi ayrı-ayrı ölkələrdə 15 yaşlı şagirdlərin bilik və
bacarıqlarını qiymətləndirməkdir. PİSA bu yaşda olan uşaqların riyaziyyat, oxu
savadı və təbiət fənləri üzrə bilgilərini müəyyənləşdirir. Proqramın ciddiliyi
onunla müəyyənləşdirmək olar ki, müxtəlif illərdə bu qiymətləndirmənin
nəticələrindən sonra Almaniya, Türkiyə kimi ölkələrdə təhsil nazirləri istefaya
göndərilib. PİSA-nın nəticələrinə görə hazırda dünyanın qabaqcıl təhsil
sistemləri Asiya qitəsində Cənubi Koreya, Honkonq, Yaponiya, Çin, Sinqapur,
Avropada isə Finlandiya, Lixtenşteyn, İsveçrə, Hollandiya, Estoniya, İngiltərə,
Almaniya ölkələridir.
Mütamadi
olaraq yüksək nəticə göstərən və dünyada ən çox öyrənilən Finlandiya
təhsilidir. Dünyada Fin təhsilindən 2000-ci ildən sonra danışmağa başladılar.
Hər dəfə PİSA qiymətləndirməsindən sonra Fin 15 yaşlıları birinci yerlərdən
birini tuturdular, halbu ki şagirdlərin məktəbdə keçirdikləri vaxta görə bu
ölkə aparıcı təhsil ölkələri olan ABŞ, Almaniya, Rusiya, İngiltərə kimi
nəhənglərlə müqayisədə son yerlərdən birini tutur. Kiçik şimal ölkəsi
necə oldu ki, təhsil sahəsində dünya lideri oldu?
Fin
təhsilinin uğur formulu nədədir?
Finladiyada
təhsil islahatları 1970-ci ildən başlayıb və indiyə kimi davam edir. Burada
ümumorta məktəblərdə tədris ili avqustin ortalarından başlayır və iyunun
əvvəlinə qədər davam edir. Məktəbə 7 yaşı tamam olmuş uşaqlar qəbul olunurlar.
Finlandiyada icbari məktəb təhsili 9 il davam edir. Ümumtəhsil rəsmən pillələrə
ayrılmasada, faktiki iki pillədən ibarətdir: 1-6-aşağı ümumtəhsil
məktəbi, 7-9-yuxarı ümumtəhsil məktəbi hesab olunur. Ibtidai siniflərdə bütün
dərsləri bir müəllim tədris edir, yuxarı siniflərdə isə fənləri ixtisas
müəllimləri keçir. Əsas təhsili bitirdikdən sonra uşağın qarşısında iki
yol var: texniki peşə məktəbinə daxil olub bir peşəyə yiyələnmək və ya
gələcəkdə ali təhsil almaq üçün təhsilini liseydə davam etdirmək. Əsas təhsili bitirdikdən
sonra şagirdlər imtahan vermirlər. Liseyə və ya texniki peşə məktəbinə
uşagı topladığı ballar əsasında qəbul edirlər. Liseydə şagird 10-12-ci
siniflərdə oxuyur. Orta məktəbdə müəllim şagird nisbəti 1-15, liseydə isə
1-18-dir. Beş günlük iş həftəsi tətbiq olunur. Şənbə günləri şagird müxtəlif
dərnəklərdə məşğul olur. Dərslər 45 dəqiqə davam edir. Finlandiyada
istənilən təhsil pulsuzdur, o cümlədən əsas təhsil. Buraya kitab, dəftər, digər
dəftərxana ləvazimatları, tibbi xidmət, yeməklə təminat və əgər ehtiyac varsa
taksi xidməti də daxildir. Liseydə təhsil almaq pulsuz olsada şagirdlər artıq
pulsuz dərslik və yeməklə təmin olunmaq imtiyazlarından istifadə edə
bilmirlər. Finlandiyada təhsil “biliyi özün əldə et” prinsipi əsasında
qorulub. Bu o deməkdir ki, müəllimlər şagirdlərə biliyi özü kitabxanadan və ya
internet resurslarından istifadə etməklə müstəqil olaraq axtarıb tapmaq və onu
analiz etməyi öyrədirlər. Uşağa aşılanır ki, dərsə gəlmək, bilik qazanmaq,
nəticə əldə etmək məsuliyyəti məhz onun üzərindədir. Nəticələrə görə fin
müəllimləri məhz bu cür düşünən şagirdi tərbiyə etmək kimi çətin işin
öhdəsindən gəlirlər. Müəllimlər çalışırlar ki, uşaqlar məktəbdə məmuniyyətlə
oxusunlar. Ona görə də şagirdləri gün ərzində nə çoxlu dəslərlə, nə də ki, ev
tapşırıqları ilə yükləmirlər. Şagird gün ərzində ev tapşırıqlarının yerinə
yetirilməsinə yarım saatdan çox vaxt sərf etmir. Dərs zamanı sinifdə müəllimdən
başqa tərbiyyəçi, müəllimin köməkçisi də iştirak edir. Siniflərdə şagirdlərin
sayı 20 nəfəri keçmir. Uşaqlar biliyi yazı taxtası arxasında deyil, kiçik
qruplarda alırlar, şagirdlər biri digərini öyrədir. Müəllim sadəcə olaraq
ümümi istiqamətləri göstərir, ondan sonra sinifdə partalar arasında gəzişməyə
başlayır və müşahidə aparır. 1-6-cı siniflərdə ümumiyyətlə qiymətləndirmə
aparılmır. Burada məktəbli kitabçalarından isifadə olunmur, ayda bir dəfə
sinfin kuratoru (sinif rəhbəri) şagirdin fəaliyyətinin qiymətləndirildiyi
vərəqi uşağın valideyninə göndərir. Fin məktəblərində qeyri-standart
qiymətlərində sistemindən istifadə olunur-4 dən 10 qədər. 4 qeyri məqbul qiymət
hesab olunur. Uşaqlar ilk və yeganə imtahanı liseyi bitirdikdən sonra verirlər.
Lakin imtahanın nəticələri lisey məzununun ali təhsil müəssisələrinə qəbuluna
çox az təsir edir. Sadəcə olaraq dövlətin bu imtahanı keçirməkdə əsas məqsədi
ölkədə təhsilin səviyyəsi haqqında məlumat əldə etmək və buna uyğun inkişaf
istiqamətlərini müəyyən etməkdir. Müəllim peşəsi Finlandiyada ən prestijli
peşələrdən biridir. Müəllimə qarşı olan tələb də çox yüksəkdir. Məktəblərdə
yalnız ali təhsilli və maqistr dərəcəsi olan müəllimlər dərs demək hüququna
malikdirlər. Bəzilərinin hətta professor adı var. Müəllim gün ərzində məktəbdə
4 saatdan artıq dərs demir. Dərsdən sonra 2 saat müəllim valideynlə söhbətə və
şagirdin sabahkı dərsə hazırlaşmasına sərf edir. Həftədə 2 saat o biliyini
artırmağa və təkmilləşdirməyə sərf edir. Tədris ili bitdikdən sonra bütün
müəllimləri işdən azad edirlər. Yeni tədris ilində müəllimlər işə konkurs
əsasında qəbul olunurlar və onlarla 1 illiyə yeni əmək müqaviləsi bağlanılır.
Kənd və şəhər məktəblərində eyni təhsil verilir, finlər məktəblərin
reytinqinə görə bölünməsini tanımırlar. Burada elit məktəblər anlayışı yoxdur.
Məktəblərdə inspektor yoxlaması aparılmır. Məktəb rəhbərləri müəllimin dərsində
iştirak edib dərsi dinləmirlər. Burada hər şey müəllimin şəxsiyyətinə və
savadına etimad üzərində qorulmuşdur. Məktəbə nəzarətdə valideynin rolu
böyükdür. Hər həftənin 3-cü günü məktəbdə valideynlər günüdür. Valideynlər
məktəb haqqında öz rəylərini bildirə bilirlər. Finlandiyada təhsil
müəssisəsinin və yerli təhsili idarəetmə qurumlarının böyük muxtariyyatı
vardır. Dövlət sadəcə olaraq təhsil sahəsindəki tələbləri, yəni standartları
müəyyənləşdirib. Ali təhsil müəssisələrində müəllimlik ixtisasına daxil
olmaq çox çətindir. Burada böyük rəqabət var. Qəbul zamanı abiturienlərin
biliyi yoxlanılsada, onlarla müsahibə təşkil olunur və əsas diqqət abiturientin
psixoloji göstəricilərinə yönəldilir-o müəllim işləyə bilər yoxsa yox.
PİSA-nın
nəticələrinə görə Britaniya məktəbliləri son 15 ildə mənfi dinamika
göstərirlər. Hər üç ildən bir keçirilən qiymətləndirmədən sonra ölkənin
nəticələri pisləşir. Buna baxmayaraq Britaniya orta məktəbi-Qərbi Avropada ən
özünəməxsus təhsil sistemidir, PİSA-nin qiymətləndirməsindən asılı
olmayaraq ən prestijlidir. Britaniya təhsil sistemi dünyada bir etalon kimi
qəbul edilib və digər təhsil sistemlərini onunla müqayisə edirlər. Bütün
dünyadan buraya təhsil almaq üçün axışırlar. “Çoxları təhsil verir, biz isə
centlemenlər (savadlı, tərbiyəli, mötəbər) yetişdiririk,”-bu sözləri britaniya
məktəb direktorlarından birinə aid edirlər. Böyük Britaniya təhsilinin
attestatı bütün dünyada tanınır. Bu attestat vasitəsilə bu ölkənin və eləcədə
dünyanın digər istənilən ən nufuzlu ali təhsil müəssisələrinə qəbul olunmaq
mümkündür. Böyük Britaniya universitetlərinin diplomları isə məzunlar üçün
dünyanın məşhur kompaniyalarının və korparasiyalarının qapılarını açan “qızıl
açardır.” Məhz bu ölkədə təhsil almaq təmiz ingilis dilində danışmaq və yazmaq
imkanı verir. Təmiz ingilis dilini bilmək XXI əsrdə dünyaya inteqrasiya
olunmaq baxımından ən vacib şərtlərdən birinə çevrilmişdir. Artıq
əsrlərdir ki, bu ölkədə dünyanın siyasi və iqtisadi elitasının övladları
formalaşır. Məhz buna görədir ki, heç bir qiymətləndirmənin, olimpiadanın
nəticələri Britaniya təhsilinin imicinə təsir etmir.
Böyük
Britaniyada hazırda bir biri ilə asan şəkildə uzlaşan iki təhsil sistemləri
fəaliyyət göstərir, biri İngiltərə, Uels və Şimali İrlandiyada, digəri isə
Şotlandiyada fəaliyyət göstərir. Böyük Britaniyada orta məktəblərinin iki
tipi var; dövlət və özəl. Dövlət təhsil müəssisələrində Britaniya
vətəndaşlarının övladları və eləcədə bu ölkədə daimi yaşayış icazəsi olan
əcnəbi valideynlərin uşaqları təhsil ala bilərlər. Dövlət təhsil
müəssisələrində təhsil, o cümlədən kitablar və digər məktəb ləvazimatları da
pulsuzdur. Özəl təhsil müəssisələrində təhsil xərcləri çox bahadır. Özəl və
dövlət təhsil müəssisələri arasında qəbul qaydaları, təhsil haqqları, tədris
planı və dərs ilinin müddətində fərqlər ola bilər, lakin imtahan qaydaları və
təhsil alanların hazırlıq səviyyələrini dövlət müəyyənləşdirib və bütün növ
məktəblər üçün eynidir. Bu ölkədə ənənəvi məktəblərdən başqa
məktəb-pansionatlar da fəaliyyət göstərir. Əgər ənənəvi məktəblərdə şagird
dərslərdən sonra evə qayıdırsa, pansionatlarda uşaq il boyu yaşayır və yalnız
tətil günlərində evinə qayıdır. Müasir Britaniya təhsil sistemi 4
pillədən ibarətdir: ibtidai, orta, peşəkar və ali. Ibtidai təhsil dövlət təhsil
müəssisələrində 5 yaşdan başlayaraq 11-12 yaşlı uşaqları, özəl təhsil
müəssisələrində isə 7-13 yaşlı uşaqları əhatə edir. Ibtidai təhsildən sonra
uşaq 16 yaşa qədər orta təhsil alır. Qanunvericilikdə 16 yaşa qədər pulsuz
icbari təhsil nəzərdə tutulmuşdur. Orta məktəbin məzunları buraxılış
imtahanları verirlər və orta təhsil haqqında sertifikat alırlar. Bu sertifikat
müstəqil əmək fəaliyyətinə başlamaq üçün kifayyətdir, lakin ali təhsil
müəssisələrinə daxil olmaq hüququ vermir. Universitetdə təhsil almaq istəyənlər
daha iki il məktəbdə oxuduqdan sonra buraxılış imtahanlarını verirlər. Bu
Imtahanların nəticələrini universitetlər eyni zaamnda qəbul imtahanları
kimi dəyərləndirirlər. Rəsmi olaraq ölkədə tədris ili sentyabrın 1 başlayır və
iyunun 30-da başa çatır. Başqa sözlə tədris ili 38 həftə davam sdir. Lakin bəzi
məktəblərdə dərs ilinin başlanma və bitmə tarixlərində fərqlər ola bilər və bu
qanunda nəzərdə tutulub. Dövlət təhsil müəssisələrində dərslər həftədə 5 gün
davam edir, özəldə isə 6 günlük rejim tətbiq olunur. Dərslər səhər saat 9 00-da
başlayır və 15-30-da başa çatır. Dərs saatının müddəti uşaqların yaşından,
dərsin tipindən asılı olaraq 25-45 dəqiqə arası dəyişir. Bu ölkədə sözlü
qiymətləndirmə sistemi tətbiq olunur (formativ qiymətləndirmə kimi). Bundan
əlavə şagirdlərin biliyini qiymətləndirmək üçün 6 ballıq A-F arası hərf sistemi
də tətbiq olunur. A ən yüksək F ən kiçik qiymət hesab olunur. Böyük Britaniyada
tarixən qızların və oğlanların ayrı-ayrı məktəblərdə və ya korpuslarda
oxumasına ciddi əməl olunur. İndinin özündədə də qızların və oğlanların
ayrı-ayrı məktəblərdə oxuması ənənəsi qorunub saxlanılr. İngiltərə ibtidai və
orta təhsil sistemlərində yalnız 1970-ci ildə qızların və oğlanların
birgə oxumasına icazə verilmişdir. Burada hazırda hər üç tipdən olan təhsil
ocaqları vardır. Bu üç məktəb tiplərindən başqa Britaniya təhsilində
saysız-hesabsız başqa tipdən olan məktəblər fəaliyyət göstərir. Məsələn, dini
təhsil almaq istəyənlər, əcnəbilər, müxtəlif yaş qruplarına aid uşaqlar,
humanitar, texniki, idman, müsiqi profili üzrə hazırlaşanlar üçün
və sairə tipli məktəblər. Siniflərə şagirdlərin təyin olunması da fərqlidir.
Məsələn birinci sinifdə 5-7, ikinci sinifdə 8-11 yaş arası uşaqları görmək
mümkündür. Erkən yaşlarından başlayaraq uşaqların meyl və maraqlarına və hətta
bacarıq səviyyələrinə uygun siniflərə bölünməsi qaydası də tətbiq olunur. Böyük
Britaniya məktəblərini digərlərindən fərqləndirən cəhətlərdən ən birincisi
məktəblərdə dəmir qayda-qanunların tətbiq olunmasıdır. Bir çox əcnəbi uşaqlar yüksək
tələbkarlığa dözməyərək hətta təhsilini yarımçıq qoyaraq evlərinə qayıtmalı
olurlar. Təhsilalanlar mütləq məktəbli formaları geyməlidirlər (formanı
təhsilalanlar özləri alırlar). Müəllimə qarşı kobudluq etmək, məktəbin
ərazisini icazəsiz tərk etmək, siqaret və ya spirtli içki qəbul etmək, dərsə
gecikmək və ya dərsdən yayınmaq olmaz. Belə hallara qarşı məktəblərdə ciddi
cəzalar tətbiq olunur. Hətta uşaq məktəbdən xaric edilə bilər. Britaniya
məktəblərində məktəblilərin fiziki cəzalandırılması yaxın zamanlara qədər
qanunvericiliklə icazə verilirdi. Yalnız 1987-ci ildə Avropa məhkəməsinin
təzyiqi ilə bu ölkədə belə cəza tədbirləri aradan qaldırıldı. Özəl məktəblərdə
isə daha sonra, 1999-cu ildə fiziki cəza qadağan olundu.
Böyük
Britaniyada imtahanların nəticələrinə görə reytinq cədvəli tərtib olunur. Ona
görə də yüksək nəticə göstərib, yüksək reytinq qazanmaq uğrunda məktəblər
arasında ciddi rəqabət var. Yüksəq reytinq-yüksək nufuz və yüksək təhsil
haqqları deməkdir. Məktəblərdə yüksək nəticə əldə etmək üçün daima
təkmilləşdirilən müxtəlif tədris metodikalarından istifadə olunur. Britaniya
məktəblərinin əsas prinsipləri möhkəm iradəli, fiziki cəhətcə sağlam, müstəqil
düşünməyi bacaran, hərtərəfli inkişaf etmiş insan yetişdirməkdir. Buna görə də
burada tipindən asılı olmayaraq bütün məktəblərdə fiziki tərbiyə dərslərinə
böyük diqqət yetirilir. Məktəblərdə tez-tez müxtəlif xarakterli
turnirlər, yarışlar, müsabiqələr və s. təşkil olunur. Tədrisdə əsas diqqət
uşağın müstəqil biliklər almaq və onları praktikada tətbiq etmək bacarığının
formalaşdırılmasına yönəldilir. Ona görə də dərslər tez-tez bilavasitə
laborotoriyada, istehsal müəssisələrində təşkil olunur. Əksər özəl
məktəblərdə siniflərdə şagirdlərin sayı 5-15 nəfər olur. Beləliklə müəllim hər
bir uşağa fərdi yanaşmaq imkanı əldə edir. Siniflərdə şagirdlər yaş və ya
bacarıqlarına uyğun qruplara bölünürlər və müəllimin verdiyi tapşırıqları
yerinə yetirirlər. Dərslərdən əlavə təhsilalanlar eyni zamanda ev
tapşırıqlarını da yerinə yetirməlidirlər, təqdimatlar hazırlamalıdırlar.
Yaponiya 2-ci dünya müharibəsindən məğlub dövlət kimi çıxdı. Iqtisadiyyat,
infrastruktur dağılmış, büdcədə isə 1 qəpik pul yoxdur. 2013-cü ilin
statistikasına görə 2-ci dünya müharibəsindən sonra dünyanın ən böyük
iqtisadiyyatı olan ABŞ artıq liderliyi Çinə təhvil vermişdir. Dünyanın ən böyük
üçüncü iqtisadiyyatına isə Yaponiya dövləti malikdir. Dünyada yapon “iqtisadi
möcüzəsi” adı ilə tanınan belə inkişafı şətləndirən səbəblər bunlardır. 1.
Müharibədən sonra ABŞ dövlətinin Yaponiyaya siyasi və iqtisadi dəstəyi. 2.
Ənənəvi yapon qənaətçilliyi. 3. Ənənəvi yapon zəhmətsevərliyi. 4. Güclü təhsil
sisteminin qurulması.
Artıq
aksioma kimi qəbul olunur ki, ölkədə təhsilin səviyyəsi yüksək olduqca onun
iqtisadiyyatı da yaxşı inkişaf edir, işsizlərin sayı az, uzunömürlulərin sayı
isə çox olur. Yaponiyada çox əsrlər boyu var-dövlət insan ləyaqətinin
qiymətləndirilməsinin meyarı olmamışdır. Onu vicdanlı əmək və bilik kimi
dəyərlər əvəz etmişdir. Bu ölkədə qrup maraqları hər bir insanın şəxsi maraqlarından
həmişə üstün olmuşdur. Təhsil müəssisələrində artıq uşaq yaşlarından
təlqin olunur ki, qrup maraqları şəxsi maraqlardan üstündür. Qrup-yəni ailə,
ölkə, işlədiyin müəssisə, oxuduğun məktəb və s. Məhz bu ideoloqiyanın təsiridir
ki, keyfiyyətli olduğuna görə dünyada yaponiya mallarına tələbat günü-gündən
artır, Yaponiya ən az boşanma halları olan ölkələr sırasında yer tutur. Müasir
yaponiya təhsili indiki halına gələnə qədər çox dəyişiklərə uğrayıb.
1971-ci ildə dünyaca məşhur Sony korporosiyasının banisi Masaru İbuki “Üç
yaşdan sonra artıq gecdir” adlı kitab yazdı. Bu kitab yapon pedaqoqikasında
inqlab etdi. Bu kitab nəinki Yaponiyada, eləcədə dünyanın bir çox
ölkələrində insanların süuruna güclü təsir etdi. Bu kitabı hətta “Əsrin kitabı”
adlandırdılar. Kitabda irəli sürülən əsas fikir ondan ibarətdir ki, məhz ilk üç
yaşında uşağın təhsil almaq üçün ən böyük potensialı olur. Məhz bu yaşında
insanda gələcək şəxsiyyətin təməli qoyulur.
Hazırda
Yaponiyada 12 illik təhsil sistemidir. Tədris ili 1 apreldə başlayır və növbəti
il 25 marta qədər davam edir. Bir həftədən sonra uşaq yenidən məktəbə gedir,
lakin indi artıq bir sinif yuxarıda oxuyur. Burada tədris ili üç rüba bölünür:
aprel-iyul, sentyabr-dekabr və yanvar-mart. Tətillərin qrafiki məktəb, bagça və
ali təhsil müəssisələri üçün eynidir. Ən uzun tətil yay tətilidir və təqribən
bir ay davam edir. Yaponiyada məktəb üç pilləyə bölünür: 1. Ibtidai məktəb (1-6
siniflər). 2. Orta məktəblər (7-9 siniflər). 3. Böyük məktəblər (10-12
siniflər). Məktəbə 6 yaşı tamam olmuş uşaqlar qəbul olunurlar. Dərslər
məktəbdən asılı olaraq həftədə 5 və ya 6 gün davam edir. Siniflərdə şagirdlərin
sayı 35-40 nəfər olur. Şagirdlərin biliyinin qiymətləndirilməsində faizlı
qiymətləndirmə sistemi tətbiq olunur, 100 bal ən yüksək hesab olunur. Bundan
əlavə sözlü qiymətləndirmə də tətbiq olunur. Yaponiya təhsil sistemini
fərqləndirən cəhətlərdən biri də ondan ibarətdir ki, siniflərdə şagirdlərin
tərkibi daima dəyişir. Bu imkan verir ki, şagirdin bir sinifdə yoldaşları ilə
münüsibətləri alınmadıqda, növbəti ildə başqa sinifdə daha yaxşı münasibətlər
qura bilsin. Sinfin müəllimi də hər il dəyişir. Bu da müəllimlə şagirdlərin
münüsibətlərində yaranan mənfi effekti aradan qaldırmağa yönəlmişdir. Dərslər
adətən 8-30-da başlayır. Əsas dərslərdən sonra dərnəklər yapon məktəbinin
ayrılmaz tərkib hissəsidir. Adətən bu dərnəklər idman və ya incəsənətlə bağlı
olur. Ona görə dərs günü ibtidai məktəblərdə 15-00-da, böyük məktəblərdə isə
17-00-da başa çatır. Dərslər ibtidai məktəblərdə 45, böyük məktəblərdə isə 50
dəqiqə davam edir. Dərslər arasında tənəffüslər 5-10 dəqiqə davam edir. Ibtidai
məktəblərdə təsadüfi hallarda 4-dən artıq dərs saatları olur. Evə tapşırıqlar
verilmir Bu səviyyədə zəng vurulmur. Vaxtı müəllim idarə edir və bilir ki, 13-30-da
dərslər bitməlidir. Yuxarı səviyyələrdə gün ərzində dərslərin sayı 6-dır. Hər
sinfin öz otağı var. Məktəblərdə xadimə ştatı yoxdur, dərslərdən sonra
şagirdlər məktəbdə hər yeri təmizləyirlər. Yaponiyada özəl məktəblər var, lakin
onlar çox azdırlar. Məktəbin ilk iki pilləsi pulsuzdur. Ibtidai təhsil
icbaridir və 100% uşaqları əhatə edir. Orta təhsilin ikinci pilləsi icbari
deyil, lakin 97% uşaqlar ikinci piiləni başa vururlar. Burada sinfin bütün
uşaqları növbəti sinfə keçirlər; sinifdə saxlama halları yoxdur. Böyük
məktəblərə (10-12 siniflər) keçid çətin imtahanlardan sonra olur. Imtahanlarda
yaxşı nəticə göstərmiş uşaqlar bahalı, lakin prestijli məktəblərdə oxumaq şansı
qazanırlar. Imtahanlarda aşağı nəticə göstərmiş uşaqlar isə dövlət məktəblərdə təhsillərini
davam etdirirlər, burada təhsil haqqları aşağıdır. Yaponiyada hər rübün
sonunda şagirdlər imtahan verirlər. Imtahanlar yazılı test formasında
keçirilir.
Hər
gün dərslərdən sonra uşaqlar yenidən oxumağa yollanırlar, amma artıq icbari
olmayan başqa məktəbə, orta məktəbdə növbəti səviyyəyə keçid və
universitetə daxil olmaq üçün çox vacib olan məktəbə. Bu məktəblər “dzyuku”,
tərcümədə “ustalıq məktəbi” daha dəqiq desək “repititor məktəbi” adlanırlar.
Repititorluq Yaponiyada qədim dövrlərdən mövcüddür və təhsilin ayrılmaz
hissəsidir. Burada şagirdlər repititorun yanında axşam saat 6-dan 9-a kimi
məşğul olurlar. “Dzyuku” məktəblərində 3-18 yaş arası şagirdlər məşğul olurlar.
Ibtidai məktəblilərin altıda biri, orta sinif məktəblilərin yarısı, yuxarı sinif
şagirdlərin isə hamısı “repititor məktəbləri”ndə oxuyurlar. “Dzyuku”
məktəblərində təhsil pulludur və çox bahadır. Evə qayıtdıqdan sonra
uşaq hələ gərək saatlarla sinif və repititor müəlliminin ev tapşırıqlarını
yerinə yetirsin. Belə gərgin rejimə dözməyənlər də olur. Hazırda Yaponiya
şagirdlər arasında özünəqəsdlərin sayına görə dünyada ilk yerlərdən birini
tutur. Belə ağır dərs qrafikinin olmasına baxmayaraq yapon uşaqları bunun
öhdəsindən gəlirlər və uğur qazanırlar. Yaponiya cəmiyyətində hər bir insan
üçün uğur qazanmağın yolu böyük zəhmətdən və yüksək təhsildən keçir. Bu ölkədə
yüksək təhsil-yüksək həyat səviyyəsi deməkdir. Hər bir yapon ailəsi uşağının
təhsili üçün, repititor xərcləri də daxil olmaqla, büdcəsinin təqribən 4/1
hissəsini xərcləyir. Yaponiyada Avropada və Amerikada analoqu olmayan “ömürlük
muzd” adlanan əmək müqaviləsinin forması vardır. “Mazda”, “Honda” və s. kimi
nəhəng korporasiyalar prestijli universitetlərdə oxuyan istedadlı gənclərlə
hələ tələbə vaxtlarından əmək münasibətləri qururlar. Bu münasibətlər insanın
ömrünün sonuna qədər davam edir. Müəssisənin satışları, gəlirləri azala bilər,
lakin o heç vaxt işçi ilə bağlanmış müqaviləni puzmur. Beləliklə insan ömür
boyu iş və yüksək əmək haqqı ilə təmin olunur.
Yapon
təhsilinin uğurları sırasına şübhəsiz ki, valideynlərin, xüsusən də anaların,
tədris prosesinə cəlb olunmasını da daxil etmək lazımdır. Ananın təhsil
səviyyəsi yüksəkdir, və o əmindir ki, övladlarını da yüksək təhsil səviyyəsi
ilə təmin etmək valideynlərin burcudur. Məhz ana ilk dəfə uşağına oxumağı və
yazmağı öyrədir. Əgər uşaq xəstələnibsə, ana məktəbdə parta arxasında onu əvəz
edir, dərsləri dinləyir və evdə uşağına öyrədir. Çox vaxtı ibtidai məktəblərdə
təhsil alan uşaqların anaları işləmirlər.
Müəllimlik
sənəti Yaponiyada prestijlidir. Müəllim cəmiyyətdə avtoritetli simadır və onun
əməyi layiqincə ödənilir. Lakin bu ölkədə müəllim olmaq çox çətindir. Bunun
üçün əlində müəllim diplomu olmaq azdır. Müəllimliyə yararlılığı müəyyən edən
xüsusi imtahandan keçmək lazımdar. Müəllim müvafiq lisenziyanı əldə etdikdən
sonra onu digər müvafiq sənədləri ilə birgə vakansiya elanı vermiş profekturaya
göndərir. Profektura öz imtahanını təşkil edir. . Bir vakant yerə 20-30 namizəd
ola bilər. Uğurlu nəticə əldə etmək üçün müəllim nəinki öz ixtisasını, eyni
zamanda filosofiyanı, pedaqoqikanın nəzəriyyəsini və praktikasını, və başqa
sahələri də bilməlidir. Müəllim hətta mənəviyyatdan imtahan verir, axı ona
ölkənin ən böyük sərvəti-uşaqlar etibar olunur. Ona görə müəllim saf mənəviyyata
malik olmalıdır. Imtahanda müsbət nəticə əldə etmiş müəllimlə müəllimlik
fəaliyyəti müddətinə (ən azı 15 il), və ya təqaüdə çıxana qədər müqavilə
bağlanılır. Yaponiyada müəllim qulluqçudur, məktəbin adi işçisi deyil. Müəllim
yapon təhsil sisteminin uğurunun təminatçısıdır.
Azərbaycan öz
müstəqilliyini əldə edəndən sonra digər sahələrdə olduğu kimi təhsildə də köklü
islahatlar zərurəti ortaya çıxdı. Sovet təhsil sistemindən modern və dünya
standartlarına uyğun təhsil sisteminə keçid prosesinin başlaması ötən əsrin
90-cı illərinin ortalarına təsadüf edir. 1999-cu ildə «Azərbaycan
Respublikasının təhsil sahəsində İslahat Proqramı» təsdiq olunduqdan sonra
bütün təhsil sistemində, o cümlədən ümumtəhsil pilləsində də islahatlara
start verildi. Son illərdə isə bu sahədə problemlərin aradan qaldırılması,
inkişafın daha da sürətləndirilməsi istiqamətində işlər daha da
intensivləşmişdir. Təkcə son iki ildə atılan addımları sadalamaqla
görülən işlərin nə qədər sistemli və məqsədəmüvafiq olduğunu müşahidə etmək
olar.
Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq
olunmuş “Azərbaycan 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkəmizin
təhsil sistemi ən çox yer ayrılan sahələrdən biridir. Burada konkret tədbirlər
və icra müddəti təyin olunub. 24 oktyabr 2013-cü ildə “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və bu Strategiyada
nəzərdə tutulan tədbirlər üzrə Fəaliyyət Planı 2015-ci 19 yanvar
tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olundu.
Ölkədə səriştəli və bacarıqlı
təhsilverənlərin formalaşdırılması istiqamətində kompleks işlər həyata
keçirilir. Təhsil naziri cənab M. Cabbarov Azərbaycan müəllimlərinin XIV
qurultayında məruzəsində bu məsələyə diqqəti çəkərkən qeyd etmişdir: “ ....ali
təhsil müəssisələrinə mövcüd qəbul qaydaları müəllim peşəsi üçün ən aşagı bal
ilə qəbul olunmaq imkanı yaratdığı üçün çox aşağı bilik səviyyəli insanların bu
ixtisasa axınını stimullaşdırır.” Vəziyyəti
kökündən dəyişmək üçün Təhsil Nazirliyi bu istiqamətdə ciddi addımlar atır.
Təhsil Nazirliyi 21 aprel 2014-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə
liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların
yerdəyişməsi və işə qəbulu Qaydaları”, “Müsabiqə yolu ilə müəllimlərin
yerdəyişməsi və işə qəbulu qaydalarının tətbiqini tənzimləyən sənədlər toplusu”
və digər müvafiq sənədlər təsdiq edilib. Bu istiqamətdə atılan digər vacib
addım kimi yeni tədris ilindən
müəllimlik ixtisaslarını öz arzusu ilə seçən və yüksək balla qəbul olunan
gənclərə xüsusi imtiyazlar tətbiq edilməsini göstərmək olar.. İlk dəfə
olaraq Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik
və səriştəsinin sınaq qiymətləndirilməsi keçirildi. Yaxın zamanlarda eyni
tədbirin rayonlarda keçirilməsinə hazırlıq gedir. Sınaq qiymətləndirilməsinin
keçirilməsi ölkədə müəllim korpusunun təkmilləşdirilməsinə xidmət etməklə
yanaşı, gələcəkdə müəllimlərin yekun attestasiyasını problemsiz həyata
keçirtmək üçün münbit zəmin yaradır. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16 2015-ci il tarixində
"Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və
əməkhaqqının artırılması haqqında" sərəncamı ölkədə müəllim peşəsinin və
konkret olaraq müəllimin nufuzunun qaldırılmasına yönəlmişdir. Təhsil
Nazirliyinin gündəmində olan vacib məsələlərdən biri də keyfiyyətsiz dərslik
problemidir. Dərslik müəlliflərinin kurikulumun mahiyyətinin daha dərindən
qavramalarını təmin etmək məqsədilə onlar üçün təlimlər təşkil olunur.
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən böyük lahiyyələrdən biri də direktor və
gələcəkdə bu vəzifədə çalışmaq istəyənlər üçün müasir peşə standartları
əsasında təlimlər təşkil olunaraq həyata keçirilməsidir. Ölkədə paralel olaraq
təhsil infrastrukturunun yeniləşməsi və müasirləşməsi istiqamətində hər
il milyonlarla büdcə və digər mənbələrdən vəsaitlər xərclənir. Növbəti
ildən dərs ilinin uzadılması qərarının verilməsi təhsil sistemimizdə qabaqcıl
dünya təcrübəsinin tətbiqi məqsədinə xidmət edir. Paralel olaraq Təhsil
Nazirliyi təhsilin normativ-hüquqi bazası təkmilləşdirilməsi istiqamətində
əməli addımlar atır, bir çox tənzimləyici
sənədlər qəbul olunmuşdur, təlim-tərbiyə işinin məzmununun yeniləşməsi, təlimin
keyfiyətinin yüksəlməsi, təlimdə və qiymətləndirmədə yeni metodların,
texnologiyaların tətbiqi, müəllimin peşə hazırlığı səviyəsinin artırılması,
idarəetmə strukturunun təkmiləşdirilməsi, yeni nəzarət sisteminin yaradılması
və digər məsələləri üzrə proqramlar həyata keçirir.
Mais
QULİYEV,
Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi
No comments:
Post a Comment