Müsahibimiz dahi pedaqoq Anton
Semyonoviç Makarenko nəslinin nümayəndəsi Pavel Makarenkodur.
Onunla görüşümüzün baş tutacağına o
qədər də inamım yox idi. Məlumdur ki, Ukrayna müharibə şəraitində yaşayır.
Ölkənin böyük bir ərazisində adamlar səhəri top, güllə səsləri ilə açır,
axşamlar səksəkəli yatırlar. Böyük pedaqoq Anton Semyonoviç Makarenkonun da
ailəsi ölkəsinin taleyi ilə yaşayır. Bir zamanlar Anton Semyonoviçin Luqanskda
yaşadığı tarixi bina da dağıdılıb. Elə Pavel Makarenko – Anton Semyonoviç
Makarenkonun nəticəsi ilə görüşümüzün də bu səbəbdən baş tutmayacağını güman
edirdim. Amma Pavelin də cəhdləri görüşün alınmasına yardımçı oldu. Bəri başdan
bu görüşün təşkil olunmasında əməyi keçən Kiyevdə yaşayan soydaşımız Elxan
müəllimə, eləcə də gənc həkim, neyro-cərrah, Əslən Tovuzdan olan həmyerlimiz
Musa Musayevə dərin təşəkkürümü bildirirəm. Pavel qohumlarının ailəsini
Luqanskdan gətirib Xarkovda yerləşdirən kimi, mənimlə görüşmək üçün Kiyevə
gəldi. Mən də Lvovdan Kiyevə qatarla yola düşdüm. Pavel hüquqşünasdır. Xarkovda
hüquq şirkətlərindən birində vəkil, eyni zamanda Xarkov Mədəniyyət
Akademiyasında müəllim işləyir. O, bu il Ukraynada keçiriləcək Radanın deputatı
seçkilərinə qatılacaq. Elə bu səbəbdən də vaxtı məhdud idi. Bununla belə görüşə
xeyli zaman ayırmışdı. Azərbaycan pedaqoji ictimaiyyəti üçün maraq doğuracağını
nəzərə alıb, Pavelə suallarım əhatəli oldu.