Bakının Şüvəlan qəsəbəsində yerləşən Fuad Fərhadoğlu
adına 230 nömrəli tam orta məktəblə tanışlığım yeni olsa da, bu təhsil ocağı
haqqında kifayət qədər məlumat əldə edə bilmişəm. Mütəmadi olaraq iştirak
etdiyim rəngarəng tədbirlər, məktəbin direktoru Elşən Qafarovla söhbətlərim, müəllimlərin
dərslərini izləmək imkanlarım məndə məktəb haqqında xeyli təəssürat yaradıb. Bu
təhsil ocağı son iki ildə şagirdlərin dünyagörüşünün, pedaqoji kollektivin peşəkarlıq
səviyyəsinin, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün, əgər belə demək
mümkünsə, sanki bir təcrübə bazasına çevrilib. Atılan hər bir addım həm
yenilikçilik, həm öyrədicilik, həm də tərbiyəedicilik mahiyyəti ilə diqqət mərkəzində
dayanıb.
Şübhəsiz ki, məktəbdə yeni dərs ilinə hazırlıq işləri
hələ köhnə dərs ili başa çatmamışdan aparılmağa başlayır. Məktəbin direktoru
Elşən Qafarov bu mövzuda bəhs edərkən söyləyir ki, hər şeydən öncə pedaqoji
kollektivə yeni dərs ilində qarşıda dayanan vəzifələrlə bağlı məlumatlar
çatdırılır. Pedaqoji kollektivin hər bir üzvü bu vəzifələrin içərisindən öz
payını götürür. Nəzərdə tutulur ki, dərs ili ərzində məktəbdə
informasiya-kommunikasiya texnologiyalarından istifadə, onun tədrisə tətbiqi
işi genişliyi ilə tətbiq olunsun. Bununla paralel olaraq İKT-nin tədrisə tətbiqi
işinin səviyyəsi mütəmadi olaraq öyrənilsin. Elşən Qafarov haqlı olaraq
vurğulayır ki, İKT-nin tətbiqi ilə
keçirilən dərslərin intensivliyini təmin etmək zamanın tələbidir. Pedaqoji
kollektivin hər bir üzvü bu tələblə yanaşı addımlamağı bacarmalıdır. Lakin İKT-nin
tətbiqi də hələ son deyil.
Fəal təlim texnologiyalarının tədris prosesində səmərəli
şəkildə istifadəsi müasir dövr təhsil sisteminin əsas meyarlarından biridir.
Ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanan Təhsil Sahəsinin İnkişafı
üzrə Dövlət Strategiyasında təsbit olunan məsələlərdən biri də məhz budur. Müəllimlərin
peşəkarlıq səviyyəsinin artırılması, bu məqsədlə məktəbdə mütəmadi olaraq həyata
keçirilən təlimlər, disputlar, seminarlar, müzakirələr, dəyirmi masalar
özlüyündə bu məqsədə xidmət etməklə, məktəbdə təlim mühitinin
yaxşılaşdırılmasına yönəlib.
Elşən Qafarov söyləyir ki, dərs ilinin əvvəlindən
qarşıya qoyulan vəzifələrdən biri də valideynlərlə işin səmərəli şəkildə həyata
keçirilməsidir. Məktəbin fəaliyyəti ilə tanış olduqda valideyn-məktəb əməkdaşlığının
məktəbin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu görmək mümkündür. Məktəbdə
valideynlərlə əlaqələr formal olaraq keçirilən iclaslar, görüşlərlə
yekunlaşmır, əksinə məktəbdə artıq bu sahədə müəyyən sistemin yaradılmasına başlanılmışdır.
Bəs bu sistem özündə nələri ehtiva edir? Elşən Qafarovun sözlərindən bəlli olur
ki,dərs ilinin əvvəlində məktəbdə təhsil alan şəhid övladları, valideyn himayəsindən
məhrum olmuş, yaxud valideynlərindən birini itirmiş, eləcə də uğursuz ailələrdən,
köçkün ailələrdən olan şagirdlər müəyyənləşdirilir. Məktəbdə bu sosial
kateqoriyaya aid olan şagirdlərə xüsusi yanaşma mövcuddur. Bu yanaşma özündə
onların təhsil, sosial və psixoloji məsələlərinin
təşkili problemlərini ehtiva edən tədbirlər planını birləşdirməkdədir.
Məktəbin tədbirlər planında önəm verilən məsələlərdən
biri də respublikanın digər təhsil ocaqları ilə əməkdaşlıq əlaqələrinin
yaradılmasıdır. Məlum olduğu kimi, Azərbaycan
Təhsil Şurası ötən ilin yayında “Təhsil müəssisələrinin əməkdaşlıq və təcrübə
mübadiləsi” layihəsini həyata keçirməyə başlayıb. Bu layihə çərçivəsində əməkdaşlığa
qoşulan ilk məktəblərdən biri də məhz 230 nömrəli tam orta məktəb oldu. 129
nömrəli tam orta məktəblə əməkdaşlıq memorandumunun imzalanması mərasimində Azərbaycan
Təhsil Şurasının sədri professor Əjdər Ağayev, Təhsil Şurası İdarə Heyətinin
üzvü, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı, 129 nömrəli tam
orta məktəbin direktoru Samir Mehdizadə, eləcə də 230 nömrəli tam orta məktəbin
pedaqoji kollektivinin üzvləri iştirak edirdilər. Tədbiri goriş sözü ilə açan Təhsil
Şurasının sədri professor Əjdr Ağayev qeyd etdi ki, “Təhsil müəssisələrinin əməkdaşlıq
və təcrübə mübadiləsi layihəsi” təhsilimizin bu günü üçün mühüm olan bir layihədir.
Təhsil müəssisələri arasında əməkdaşlıq layihələri illər öncə mövcud olmuşdur.
Amma son illər bu tendensiya unudulmuşdur. Halbuki, məktəblər, pedaqoji
kollektivlər, şagirdlər əməkdaşlıqdan
çox fayda əldə edə bilərlər. Əjdər Ağayev vurğuladı ki, Təhsil Şurası bu layihəni
mətbuatda elan etdikdən sonra xeyli sayda məktəb əməkdaşlıq üçün müraciət edib.
Belə məktəblərdən ikisi 230 və 129 nömrəli tam orta məktəblər bu gün əməkdaşlıq
haqqında memorandum imzalamaq üçün bir yerə yığışıblar. O, ümidvar olduğunu
bildirdi ki, bu məktəblər arasında imzalanmış əməkdaşlıq memorandumu hər iki təhsil
ocağında təlim keyfiyyətinin yüksəldilməsinə yardımçı olacaq.
Tədbirdə iştirak edən 129 nömrəli tam orta məktəbin
direktoru Samir Mehdizadə də layihənin əhəmiyyətindən bəhs etdi. O, memorandumun
ayrı-ayrı maddələrini iştirakçıların diqqətinə çatdırdı. Qeyd etdi ki, bu,
özlüyündə məktəbin bütün pedaqoji kollektivini, şagirdləri əhatə etməklə, təcrübə,
informasiya mübadiləsi aparmağa, konfransların, seminarların, idman və bilik
yarışlarının keçirilməsinə, elmi müzakirələrin təşkilinə və s. xidmət edir.
Şübhəsiz ki, bu, öz növbəsində təhsil müəssisəsinin hərtərəfli inkişafını
stimullaşdırmağa yönəlib.
Elşən Qafarov da öz növbəsində layihənin əhəmiyyətindən
bəhs etdi. Sonra isə rəhbərlik etdiyi 230 nömrəli tam orta məktəbin ənənələrindən,
nailiyyətlərindən danışdı. Söylədi ki, bu gün məktəbdə zamanın tələbləri səviyyəsində
həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər təhsil ocağını ən yaxşı məktəblər
sırasına çıxarmaqdadır. Sevindirici haldır ki, məktəbin maddi-texniki bazası,
pedaqoji kollektivin intellektual hazırlığı da buna imkan verir. O, ümidvar
olduğunu bildirdi ki, məktəbin qoşulduğu “Təhsil müəssisələrinin əməkdaşlıq və
təcrübə mübadiləsi” layihəsi fəaliyyətində daha yeni istiqamətlərin açılmasına
imkan yaradacaq. Tədbirin sonunda əməkdaşlıq haqqında memorandum imzalandı.
230 nömrəli tam orta məktəb yola saldığımız dərs
ilində Bakının digər təhsil ocaqları ilə də əməkdaşlıq münasibəti qurdu, bilik
yarışlarında, breyn-rinqlərdə iştirak etdi. Belə yarışlardan biri bu günlərdə
keçirildi və Bakının 12 məktəbini əhatə etdi. Məktəbin şagirdləri bu yarışda təhsil
ocağını uğurla təmsil etdilər, qazandıqları bilikləri nümayiş etdirməyi
bacardılar.
Artıq
ikinci ildir ki, məktəbdə ayrı-ayrı fənn metodbirləşmələrinin əvəzində fənn
kafedraları fəaliyyətə başlayıb. 230 nömrəli tam orta məktəb fənn
kafedralarının fəaliyyət göstərdiyi azsaylı təhsil ocaqlarındandır. Elşən
Qafarov fənn kafedralarının yaradılmasını məktəbin həyatında dönüş nöqtəsi hesab
edərək, bunun təlim keyfiyətinin yüksəlməsi, uğurların daha da artacağı ilə
müşaiyət olunacağını vurğulayır. Qeyd edir ki, təhsil prosesi formallıqdan uzaq
olmalıdır. Formallıq məktəbin inkişafını zəiflədən ən ciddi amillərdəndir. Fənn
kafedralarını yaratmaqda da əsas məqsəd elə fənn metodbirləşmələrinin formal
fəaliyyətinə son qoymaq olub. Elşən Qafarov vurğulayır ki, məktəbin kafedral
idarəolunması təhsil ocağının həyatında sözün həqiq mənasında canlanma yaradıb.
Kafedralar sanki bir-biriləri ilə yarışa giriblər. Hər bir fənn kafedrası həmin
fənn üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə sistemli tədbirlər
keçirir. Bu tədbirlərdə istər şagirdlər, istərsə də müəllimlər fəal iştirak
edirlər. Elşən Qafarov vurğulayır ki, fənn kafedraları şagirdlərin bilik və bacarıqlarının aşkara çıxarılması, onların
yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli mühit yaradır. Söhbət
əsnasında o, nümunə kimi təbiət elmləri kafedrasının fəaliyyətinə toxundu. Qeyd
etdi ki, kafedranın fəaliyyəti çərçivəsində vaxtaşırı olaraq fizika, kimya,
biologiya və coğrafiya müəllimlərinin birgə toplantısı keçirilir. Toplantıda
görüləcək işlər haqqında, görülən işlərin nəticəsi və əhəmiyyəti haqqında
söhbətlər aparılır. Müvafiq plana əsasən şagirdlər müxtəlif mövzularda referatlar
yazır, divar qəzetləri hazırlayır, əl işlərini nümayiş etdirirlər. Şagirdlərin
əldə etdiyi biliyin yoxlanması məqsədi ilə test sorğuları aparılır. Təbiət
fənləri kafedrasının fəaliyyətinin yekunu olaraq bu il məktəbdə 28 aprel
tarixində “Sehrli Dünya” adlı maraqlı tədbir keçirildi. Bundan əlavə
2014/2015-ci il tədris ilinin fəaliyyət planına əsasən məktəbdə aprel ayı
“Təbiət elmləri” aylığı elan olunmuşdur. Ay ərzində rəhbərlik tədrisə nəzarət
və şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə kimya, biologiya,
fizika, coğrafiya fənnləri üzrə monitorinqlər keçirdi, dərs dinləmələrdə
iştirak etdi və açıq dərslər təşkil olundu. Şagirdlər “Gənc kimyaçı”, “Gənc
fizik”, “Coğrafiya”, “Ekologiya”, “Gənc bioloq” adlı divar qəzetləri
hazırladılar, müxtəlif sərbəst işlər, referatlar yazdılar. Həmçinin kimya
müəllimi Dilarə Məmmədovanın “Kimya məktəbdə” jurnalının 2015-ci il aprel ayı
buraxılışında məqaləsi nəşr olunub. “Təbiət elmləri” aylığı 28.04.2015-ci il
tarixində keçirilmiş ədəbi-bədii tədbirlə sona çatdırılıb. Tədbirdə “Suni
vulkan”, “ Əldə alov”, “ Qələvi metalların su ilə qarşılıqlı təsiri”, “Ağırlıq
qüvvəsi” və s. kimi maraqlı təcrübələr nümayiş etdirildi. Şagirdlərin ifasında
“Elektrik dövrəsi”, “Kimyəvi elementlərin bəhsi”, 7 “A” və Cəbiş müəllim”, “N.Gəncəvi və
fizika-kimya elmləri”, “Fənnlərin bəhsi” adlı səhnəciklər səsləşdirildi,
“Məzəli mahnı” və “Orqanik kimya” musiqisi ifa olundu. IX sinif şagirdi Emin
Zeynalovun hazırladığı Robot hamının marağına səbəb oldu. Sonda tədbir
iştirakçıları rəhbərlik tərəfindən “Təşəkkürnamə” və hədiyyələrlə təltif olundular.
Məktəbdə bu günlərdə keçirilən “32 hərfin möcüzəsi”
adlı ədəbi-bədii kompozisiya ibtidai sinif şagirdlərinin ifasında məktəbin
pedaqoji kollektivinə təqdim olundu. İbtidailərin təqdim etdikləri bu
kompozisiya onların gələcəkdə təlimdə böyük uğurlar əldə edəcəklərinə bir işarə
idi. İbtidailərin nümayiş etdirdikləri kompozisiya ümid verirdi ki, onların
kövrək addımları möhkəm təməllər üzərində qurulur və bu təməl onların parlaq
gələcəklərini təmin edəcəkdir.
Biz sadalanan bu tədbirlərlə məktəbdə fəaliyyət
göstərən bir kafedranın fəaliyyətini izlədik və gördük ki, şagirdlərin təlimə,
təbiət elmlərinə, ictimai işlərə marağının artmasında kafedra nə qədər mühüm
rol oynadı. Şübhə yeri qalmır ki, biz yaxın gələcəkdə kafedral fəaliyyətin daha
geniş uğurları ilə üzləşəcəyik. Məktəbdə
digər fənn kafedralarının da fəaliyyəti diqqətəlayiq işlərlə müşaiyət olunur. Onu
da qeyd edək ki, fənn kafedraları lazımı səviyyədə metodiki vəsaitlərlə təchiz
olunmuşlar.
Şagirdlərin dünyagörüşünün, mənəvi-əxlaqi
davranışlarınn formalaşdırılması, elmə, təhsilə marağının artırılması,
tariximizin, görkəmli şəxsiyyətlərimizin, ayrı-ayrı bölgələrimizin öyrəilməsi,
tanıdılması bu gün məktəbin rəhbərliyini əsas vəzifələrdən biri kimi
düşündürür. Bütün bunların dərs prosesində şagirdlərə öyrədilməsi, şübhəsiz ki,
mümkün deyildir. Odur ki, məktəbin rəhbərliyi illik iş planına müvafiq olaraq
maraqlı sinifdənxaric, məktəbdənkənar tədbirlər həyata keçirməklə, şagirdlərin
də belə tədbirlərdə həm fəal təşkilatçılıqlarını, həm də iştiraklarını təmin
edirlər. 15 may 2015-ci il tarixdə Heydər Əliyevin anadan olmasının 92-ci
ildönümü münasibəti ilə keçirilən və Bakının 12 məktəbinin iştirak etdiyi
breyn-rinq yarışması da bu qəbildən idi. Qeyd edək ki, yarışın birinci mərhələsi Bakı
şəhərindəki 245 nömrəli tam orta məktəbdə, final mərhələsi isə 230 nömrəli
məktəbdə keçirildi. 7 nömrəli tam orta məktəb yarışın qalibi elan olundu. 230
nömrəli tam orta məktəbin şagirdləri də yarışda fəəl iştirak etdilər.
Məktəbdə
mütəmədi olaraq təşkil olunan görüşlər, Təhsil naziri cənab Mikayıl Cabbarovun
şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi istiqamətində imzaladığı
əmrdən irəli gələrək həyata keçirilən tədbirlər də uşaq və gənclərin şəxsiyyət
kimi yetişməsində mühüm rola malikdir. Bu aspektdə keçirilən silsilə tədbirlərə
nəzər salsaq görərik ki, bunların hər birinin mahiyyətində inkişafetdiricilik,
tərbiyəedicilik dayanmaqdadır. İkinci Dünya Müharibəsində faşizm üzərində
qələbənin 70 illiyinə həsr olunmuş tədbir də bu qəbildən idi. Tədbirdə iştirak
edən şagirdlər, müəllimlər iki dəfə
Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova həsr olunmuş “Mən sizi dünyalar
qədər sevirdim” filminin yaradıcı heyəti və baş rolunun ifaçısı, Xalq artisti Ramiz Novruz və bir qrup
müharibə veteranı ilə təmasda oldular. Bu filmə dəfələrlə baxmışam. Amma etiraf
edim ki, filmə bu dəfəki baxışım məndə tamamilə başqa hisslər yaratdı. Xalq
artisti Ramiz Novruzun, yaradıcı heyət üzvlərinin filmin çəklişi ilə bağlı
xatirələri, mülahizələri, üzləşdikləri problemləri dilə gətirmələri
tamaşaçıları sanki filmin cərəyan etdiyi illərə çəkib aparır, qəhrəman
həmyerlimiz Həzi Aslanovun özü ilə görüşdürürdü. Tədbir boyunca şagirdlərin
ünvanladığı sulları cavablandıran Ramiz Novruz çox maraqlı məqamlara aydınlıq
gətirirdi. Bu məqamlarda İkinci Dünya Müharibəsinin çoxlarına bəlli olmayan
tərəfləri də var idi. Məktəbdə keçirilən bu görüşün şagirdlərin xatirəsində
həmişəlik iz buraxacağı şübhəsizdir.
Məktəbdə
belə görüşlərdən biri də Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər
doktoru professor Əjdər Ağayevlə keçirildi. Bu görüşün əks-sədası Bakının digər
məktəblərinə də çatmışdı. Məktəbin qarşısında duz-çörək, gül-çiçəklə qarşılanan
fəxri qonaq öncə təhsil müəssisəsinin foyesində şagirdlərin əl işlərindən
ibarət sərgiyə tamaşa etdi. Tədbirdə Əjdər Ağayevin həyat və fəaliyyətinin bəzi
məqamlarını əks etdirən “İşığa gedən yol” adlı elektron çarx nümayiş olundu. Sonra məktəbdə fəaliyyət göstərən fənn
kafedraları Əjdər Ağayevin əsərləri əsasında hazırladıqları məruzələri təqdim
etdilər. Qeyd edim ki, professor Əjdər Ağayevin ayrı-ayrı əsərləri fənn
kafedralarında müzakirə edilmiş və məruzələr hazırlanmışdır. Bunun nəticəsi
olaraq məktəbin ingilis dili müəllimi Firuzə İsayeva “Ümumtəhsil məktəbi
şagirdlərinin təhsilə, tərbiyəyə və əməyə hazırlanması”, Azərbaycan dili və
ədəbiyyat müəllimi Gülnar Rəhimli “Əjdər Ağayevin pedaqoji görüşləri və
şəxsiyyətin formalaşmasında ədəbiyyatın rolu”, Rus dili müəllimləri Sevil
Həsənova və Natella Şəfizadə “Əjdər Ağayevin pedaqoji tədqiqatları”, Azərbaycan dili və ədəbiyyat müəllimi Hüseyn
Məmmədov “Azərbaycan ictimai pedaqoji fikrində şəxsiyyətin formalaşması
problemi”, İbtidai sinif müəllimi Sevinc Səfərova “Təməldən əmələ”, Kifayət
Allahverənova “Əməyin tərbiyədə rolu”, Tünzalə Əmirova “Güney Qafqaz
xalqlarının pedaqoji əlaqələri tarixindən” mövzusunda çıxış etdilər. Onlar
Əjdər Ağayevin əsərlərinin elmi-pedaqoji, metodiki, sosial-pedaqoji,
əxlaqi-mənəvi mahiyyətindən bəhs etdilər, Əjdər Ağayevin elmi, publisistik,
jurnalistik, bədii yaradıcılığını böyüyən nəslin mənəvi tərbiyəsində dəyərli
mənbə adlandırdılar. Tədbirdə çıxış edən professor Əjdər Ağayev müəllimlərin
tədqiqat xarakterli çıxışlarını yüksək qiymətləndirdi. Söylədi ki, 230 nömrəli
tam orta məktəb yüksək yaradıcılıq potensialına malik müəllimlərin çalışdığı,
innovasiyaların, müasir texnologiyaların tətbiq olunduğu, şagird, müəllim
nailiyyətlərinin getdikcə artdığı bir təhsil ocağıdır. Məktəb rəhbərliyinin və
müəllim heyətinin təlim-tərbiyə işinə yanaşmasındakı novator möqve bu təhsil
ocağının yaxşı perspektivindən soraq verir. Əjdər Ağayev söhbətində müəllimlik peşəsinin
xüsusiyyətlərindən, bu peşənin şərəfli, çətin cəhətlərindən bəhs etdi.
Vurğuladı ki, müəllimlik fədakarlıq sevən bir peşədir. Bu peşəni seçənlər bunu
nəzərə almalıdırlar. O, özünün müəllimlik fəaliyyətindən, elm, həyat yollarında
mübarizəsindən, daim öz həyat amallarına sədaqətindən, eləcə də müasir
təhsilimizin uğurlarından, problemlərindən bəhs etdi. Söylədi ki, bugünün
müəlliminin üzərinə çox vacib məsələlər düşür. Onlardan ən əhəmiyyətlisi müasir
düşüncəli, savadlı, milli-mənəvi dəyərlərə sahib gənc nəsil formalaşdırmaqdır.
Əjdər Ağayev daha sonra müəllimlərin çoxsaylı suallarını cavablandırdı, öz
tövsiyyələrini verdi.
Yola
salınan dərs ilində maraqlı görüşərdən biri də aprelin 16-da reallaşdı. Həmin
gün məktəbin qonaqları ABŞ-ın San Dieqo Dövlət Universitetinin Gürcüstan üzrə
nümayəndəsi professor-doktor Halil Güven və professor-doktor Oya Güven idi.
Qonaqlar məktəbin müəllim və şagird heyəti üçün “Liderlik” mövzusunda
seminar apardılar. Seminar iştirakçılarına təlimdə, həyatda uğur qazanmağın
yollarından bəhs etdilər. Bununla yanaşı, Halil Guven San Dieqo Dövlət
Universitetinin STEM proqramı barəsində də seminar iştirakçılarına məlumat
verdi. Qonaqlar, eyni zamanda, dərs prosesi ilə də tanış oldular.
Milli-mənəvi dəyərlərimizin gənc nəslə çatdırılması
istiqamətində görülən işlər də məktəbdə müvafiq təlim-tərbiyə mühitinin
formalaşdırılmasında müstəsna rola malikdir. Əxlaqi dəyərlərə hörmətin hökm
sürdüyü mühitdə böyüyən nəslin elə bu dəyərlər ruhunda formalaşacağına da inam
böyük olur. Maraqlıdır ki, 230 nömrəli tam orta məktəbdə mənəvi dəyərlərin gənclərə
aşılanması bir sistem halında reallaşdırılır. Yəni, burada mənəviyyatın
formalaşması, şəxsi-mənəvi dəyərlərin aşılanması üçün nəyi, necə, nə zaman etmək
lazım olduğunu çox gözəl dərk edirlər. İbtidaidən ustalıqla qoyulan tələb
yuxarı siniflərə qalxdıqca uğurla davam etdirilir. Yeri gəlmişkən şagirdlərin
uğurlarının bir qisminə də nəzər salmaq yerinə
düşərdi: Cavidan Yarıyev hal- hazırda məktəbin
10-cu sinfində təhsil alır. 2007-ci ildən idmanın müxtəlif növləri ilə məşğul
olur. 2014-cü ildən ağır atletika ilə məşğuldur. Bir il ərzində müxtəlif
yarışlarda iştirak edib. "Spartak" KBTİCRŞ-nın açıq birinciliyində II
yerə, Təhsil RİM-nin Respublika birinciliyində I yerə layiq görülüb.
Hal-hazırda məktəbdə təhsilini davam etdirməklə yanaşı idmanla da məşğul olur.
Elmar
Atakişiyev beş yaşından şahmatla məşğul olur, 2 dəfə - 8 və 12 yaşlı uşaqlar
arasında Bakı şəhəri üzrə keçirilən şəhər birinciliyində uğur qazanaraq, Azərbaycan
Şahmat Çempionatına vəsiqə qazanıb. 2014-cü ildə şahmat üzrə Avropa kuboku
mükafatına layiq görülüb. 2014-cü ildə oğlanlar arasında açıq turnirdə 1-ci
yeri qazanıb. Birləşmiş Ərəb Əmirliyi
(Dubay), Gürcüstan və Çexiyada keçirilən Avropa və Dünya Çempionatlarında
iştirak edib. Şahmat üzrə Milli reytinq 2000 xal dərəcəsi və Beynəlxalq reytinq
1654 xal dərəcəsi qazanıb. Elmar Atakişiyev Şahmat üzrə Beynəlxalq Qrossmeyster
Fərid Abbasovun yetirməsidir.
Röya
Hacıyeva 3 ildir ki, Taekvando idman növü ilə
məşğul olur. Bu zaman ərzində çoxlu sayda uğurları olub. 4 dəfə Azərbaycan
Milli komandasına düşüb. Hal-hazırda gənclərdən ibarət milli komandanın
üzvüdür. Lənkəranda keçirilmiş Respublika birinciliyində III yerə layiq
görülüb. Bu yarışdan sonra yeniyetmələrin Respublika birinciliyində də bu uğuru
təkrarlayıb. Şağan MOK-da keçirilən yarışda II yerə layiq görülüb. Röya
Tehranda keçirilən beynəlxalq yarışda birincilik qazanıb. Azərbaycanda
keçirilən gənclərin Azərbaycan çempionatında II yerə layiq görülüb. Gənclərdən
ibarət milli komandaya cəlb edilib. Daha sonra Türkiyənin Ankara şəhərində olan
yoldaşlıq görüşündə I yeri tutub. Həmin yarışdan sonra Türkiyənin Kırıkkala
şəhərində keçirilən yarışda bir daha birincilik əldə edib. Gənclər arasında Azərbaycan birinciliyinin qalibi olub. Röya
Azərbaycan milli komandasının üzvüdür.
Məktəbin 6-cı sinif şagirdi Nailə Əlizadənin
rəsmləri, əl işləri öz rəngarəngliyi ilə seçilir. Onun, eləcə də məktəbin digər
şagirdlərinin Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata
keçirilən “Gül bayramı”nda nümayiş olunan əl işləri iştirakçıların sonsuz
marağı ilə qarşılanıb.
Yuxarıda qeyd etdiyim kimi, məktəbdə milli-mənəvi
dəyərlərin aşılanması istiqamətində həyata keçirilən tədbirlər barədə bəhs
etmək istərdim. Bu il aprel ayının 31-də Heydər Əliyevin anadan olmasının 92-ci
ildönümünə həsr olunmuş “Muğam-milli-mənəvi irsimiz” adlı muğam gecəsi məhz
gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması istiqamətində həyata
keçirilən tədbirlər silsiləsindən idi. Tədbirdə çıxış edən Elşən Qafarov
Azərbaycan muğam sənətinin UNESKO-nun qeyri-maddi irs siyahısına daxil
edilməsinin Azərbaycan üçün qürurverici hadisə olduğunu vurğulayıb. Məktəbin
şagirdlərinin Bəxtiyar Vahabzadənin “Muğam” poemasından səsləndirdikləri parçalar
ürəkləri riqqətə gətirib. Binə Musiqi Məktəbinin muğam müəllimləri, tanınmış
muğam ifaçıları Arif İsmayıloğlu, Hüseyn Məlikov və gənc ifaçılar böyük
məharətlə ifa etdikləri muğam partiyaları ilə qəlbləri oxşadılar. Ümumiyyətlə,
qiymətli incilərimizdən hesab olunan muğamla bərabər, şagirdlərin
maddi-mədəniyyət nümunələrini, tarixi abidələri öyrənmələri də diqqət
mərkəzində dayanır. Məlum olduğu kimi, hər il aprel ayının 18-i Respublikamızda
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Həmin günə 230
nömrəli tam orta məktəbin kollektivi də xüsusi hazırlaşır. Pedaqoji kollektiv
və şagirdlər həmin gün Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda təşkil olunan
“İrs günləri” festivalında iştirak edirlər. Şagirdlər açıq səma altında təşkil
olunmuş muzeyin ərazisini gəzir, real tarixi eksponatlarla tanış olur,
keçmişimizə səyahət edirlər. Şübhəsiz ki, məktəbdə mütəmadi olaraq təşkil
olunan bu kimi gəzintilər şagirdlərin dünyagörüşünü artırmaqla bərabər,
tariximizə, mənəvi dəyərlərimizə onlarda məhəbbət hissi formalaşdırır. Məktəbdə
yaradılmış “Şəms” klubu da buna nail olmağı qarşısına məqsəd kimi qoyub. Kluba
məktəbin əmək-texnologiya müəllimi İncixanım Abbasova rəhbərlik edir. Klubun
məqsədi məktəbli qızlara evdarlığın sirlərini, təmizlik və gigiyena qaydalarını
öyrətmək, gələcək həyata hazırlamaqdır. 230 nömrəli tam orta məktəbdə həyata
vəsiqə alan bu kimi vacib layihələri müşahidə etdikcə düşünürəm, nə yaxşı ki,
məktəbin gələcək üçün layiqli vətəndaş hazırlığı prinsiplərinə əməl edən
məktəblərimiz var. Onu da qeyd edim ki,
Uşaq Birliyi Təşkilatı tərəfindən uşaqların da iştirakı ilə hazırlanaraq
buraxılan “Milli mədəni irsimizi qoruyaq” adlı bülleten də şagirdlərin mənəvi
dəyərlərimiz haqqında məlumatlarının genişlənməsinə istiqamətlənib.
Məktəbdə fəaliyyət göstərən “Düşüncə” klubunun
fəaliyyət istiqaməti isə bir qədər fərqlidir. Burada şagairdlərin daha çox elmi
və həyati bacarıqlarını aşkara çıxarmaq, onların bu istiqamətdə
dünyagörüşlərini formalaşdırmaq qarşıya məqsəd kimi qoyulub. “Düşüncə” klubu
məktəbdə fəaliyyət göstərən şagird özünüidarə orqanı olan “Şagird parlamenti”,
“İstedad bankı”, eləcə də “Şəms” klubu ilə qarşılıqlı əməkdaşlıq şəraitində
fəaliyyət göstərməkdədir. Şagirdlərdən təşkil olunan bu birliklər ümumilikdə
məktəbin ictimai işlərində yaxından iştirak edir. Məktəbin həyatını onlarsız
təsəvvür etmək mümkün deyil. Elə bu dərs ilində reallaşan tədbirlərin
əksəriyyətində onların fəal iştirakı diqqəti cəlb etdi. Belə tədbirlərin biri
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun döyüş yolundan bəhs edirdi.
Şagirdlər qəhrəman döyüşçüyə həsr etdikləri tədbiri qəhrəmanın adına layiq
hazırlayıb təqdim etməklə, həm də özlərinin vətənpərvərlik ruhlarını, vətənin
müdafiəsinə hazır olduqlarını nümayiş etdirdilər. Məktəbin şagirdi Aytən Məmmədova
qahrəmanın xatirəsinə həsr olunmuş inşa müsabiqəsinin final mərhələsinə uğurla
vəsiqə əldə etmişdir. Əslində vətənpərvərlik ruhunu məktəbin hər bir şagirdində
görmək mümkündür. Təmasda olduğum bir neçə ay ərzində şagirdləri belə bir
ruhda, məktəbin rəhbərliyini, müəllimləri isə işinə məsuliyyətli, uğur həvəsli,
gələcəyə inamlı gördüm…
Bakının Şüvəlan qəsəbəsində yerləşən 230 nömrəli
tam orta məktəbin əsası 1953-cü ildə qoyulub. Məktəb 1975-ci ildə hazırda
yerləşdiyi binaya köçürülüb. 1176 şagird üçün nəzərdə tutulan məktəb 2006 – cı
ildə Heydər Əliyev Fondu tərəfindən müasir standartlara cavab verə biləcək
şəkildə təmir olunub. Məktəbdə tədris emalatxanası, idman zalı, idman
meydançası, kitabxana, akt zalı, tədris və təcrübə otaqları, tibb otağı və bufet
var. Məktəbdə radio qovşağı fəaliyyət göstərir. Məktəbdə fizika, biologiya,
kimya kabinetləri vardır. Məktəbdə tədris prosesi təcrübəli və peşəkar
müəllimlər tərəfindən aparılır. Bir neçə sinifdə elektron lövhələr
quraşdırılmış və tədris prosesində istifadə olunur. Əksər qəsəbə sakinləri
demək olar ki, bu məktəbin məzunları olmuş, hal-hazırda da həmin məktəbin
müəllim kollektivinin əksəriyyəti bu məktəbin məzunlarıdırlar. Məktəbdə tarixən
yüksək səviyyəli tədbirlər təşkil olunub və hal-hazırda da bu ənənə davam
etdirilməkdədir. Respuplikada tanınmış şəxslər və ziyalılar məktəbin qonağı
olmuş və şagirdlərlə görüş keçirmişlər.
Təhsil Şurasının məktəbdə genişləndirilmiş iclası
Məktəbdə maraqlı tədbirlərdən biri də 2015-ci il
iyunun 11-dəbaş tutdu. Həmim gün məktəbdə Azərbaycan Təhsil Şurası İdarə Heyətinin
genişləndirilmiş iclası keçirildi. İclasda Təhsil Şurasının sədri professor Əjdər
Ağayev, idarə heyətinin üzvləri professor Nazim Kazımov, professor Asəf
Zamanov, dosent Şaiq Əsgərov, Aliyə Təmasib, Həqiqə Məmmədova, Böyükağa
Mikayıllı, İslam Baxşıyev, Samir Mehdizadə, Şuranın üzvləri Sevinc Abbasova,
Nübar Qayıblı, Türkiyəli təhsil mütəxəssisi Erdem Söylemez, eləcə də 230 nömrəli
tam orta məktəbin rəhbərliyi, pedaqoji kollektivinin üzvləri, Xəzər rayonunun
qabaqcıl müəllimləri iştirak edirdilər.
İclası giriş sözü ilə açan Təhsil Şurasının sədri
professor Əjdər Ağayev gündəlik barəsində məlumat verdi. Qeyd etdi ki, bu günkü
iclasda Bakı Musiqi Kollecinin direktoru, Təhsil Şurası İdarə Heyətinin üzvü,
professor Nazim Kazımov 65 illik yubileyi münasibətilə, eyni zamanda Azərbaycanda
musiqi təhsilinin inkişafındakı xidmətlərinə, geniş yaradıcılıq fəaliyyətinə
görə Şuranın “Kamillik” diplomu ilə təltif
ediləcək. Ölkədə sabahdan keçirilməyə başlayacaq Birinci Avropa Oyunlarına həmrəylik
bildiriləcək. Nəhayət, Xəzər rayonu 230 nömrəli tam orta məktəbin iş təcrübəsi
müzakirə olunacaq, məktəbin iş təcrübəsinin öyrənilib yayılması məsələsinə baxılacaq.
Əjdər Ağayev iclasın gündəliyində dayanan ikinci məsələyə
də münasibət bildirdi. Söylədi ki,
dünyada Azərbaycanın tanınmasında idman oyunları müstəsna rola malikdir.
Birinci Avropa Oyunları da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Azərbaycanın
belə möhtəşəm bir yarışa ev sahibliyi etməsi dövlətimizin imicinin
formalaşması, idmanın inkişafı baxımından da təqdirəlayiqdir. Biz bu tədbiri
alqışlayırıq.
Məktəb yeniliklərin astanasında
O, iclasın gündəliyində dayanan üçüncü məsələ ilə əlaqədar
çıxış etmək üçün sözü 230 nömrəli tam orta məktəbin direktoru Elşən Qafarova
verdi. Elşən Qafarov çıxışında söylədi ki, Təhsil Şurası İdarə heyətinin üzvü,
“Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı artıq iki aydır ki, məktəbimizdə
keçirilən tədbirlədə iştirak edir, dərsləri dinləyir, müəllimlərin, məktəbin fəaliyyəti ilə ümumilikdə yaxından tanış
olur. Biz hesab edirik ki, bu tanışlıqdan yaranan təəssürat “Təhsil və zaman” qəzetində
məktəbimiz haqqında geniş yazıların dərc olunması ilə müşaiyət olunacaq. Elşən Qafaov söylədi ki, rəhbərlik etdiyi təhsil
ocağı 1975-ci ildə tikilərək istifadəyə verilib. 2006-cı ildə məktəb Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən
əsaslı təmir edilərək müəllim və şagirdlərin istifadəsinə verilib. 230 nömrəli
tam orta məktəb bütün dövlərdə yeniliyə, yeni təlim texnologiyalarının tətbiqinə
fəal yanaşan, novator ənənələri dəstəkləyən
bir kollektiv olub. Çıxışına davam edən E.Qafarov dedi ki, 2012-ci ildə
o, bura rəhbər təyin olunduqdan sonra təlim-tərbiyə işinin keyfiyyətini yüksəltmək
məqsədilə pedaqoji kollektivin iştirakı ilə xüsusi fəaliyyət planı
hazırlayıblar. Fəaliyyət planında nəzərdə tutulan əsas məsələ təlim-tərbiyə
prosesində ədalət prinspinin qorunması idi. Əgər məktəb rəhbərliyi ədalətli
mövqe tutarsa, iş bölgüsü ədalətli şəkildə aparılarsa, o zaman məktəbdə müasir
layihələr həyata keçirmək, təlimin keyfiyyətini yüksəltmək, yüksək nəticələrə,
şəffaflığa nail olmaq mümkündür. Həmin
vaxtdan etibarən məktəb-icma, məktəb-şagird, məktəb-valideyn münasibətlərinin
müasir tələblər səviyyəsində təşkil olunması üçün müəyyən addımlar atılmağa
başlandı. E.Qafarov söylədi ki, kurikulum təlimi tətbiq edilməyə başlayandan məktəblərin
heç bir təchizatı olmadığı üçün ən azından summativlərin keçirilməsi üçün müəllimlərin
üzərinə böyük yük düşdü. Çap vasitələrinin, kağızın olmaması az maaş alan müəllimin
problemlərini artırırdı. Müəllim də məcbur olub bu problemi valideynlərin dəstəyi ilə aradan qaldırırdı.
Bu da təbii ki, narazılıq, neqativlik yardırdı. Biz bu problemi aradan
qaldırmaq üçün imkanlı valideynləri məktəbə cəlb etməklə məktəbdə mini-mətbəə
yaratdıq. Onların imkanlarından istifadə edərək 11 çap maşını aldıq. Mətbəə
üçün bir otaq ayırdıq. Bundan sonra məktəbdə müəllimə lazım olan bütün çap işləri
həmin mətbəədə həyata keçirilməyə başladı. Mətbəənin işinə ciddi nəzarət
olunur. Bundan sonra valideynlər daha bu işə cəlb olunmadı.
Elşən Qafarov söylədi ki, valideyn-məktəb əlaqələri
ümumilikdə, onları daim düşündürən məsələlərdən olub. “Valideynləri məktəbə cəlb
etmək üçün sorğular, açıq qapı günləri keçirdik. Biz bununla qarşılıqlı olaraq
şagirdlərin fəaliyyətinə nəzarəti təmin edə bildik. Bu da öz nəticəsini verməyə
başladı. Son 20 ildə təhsilimizdə olan problemlərdən biri də ailə başçılarının
– ataların məktəbə o qədər də diqqət göstərməməsi, daha çox anaların uşaqların
məktəbdəki qayğıları ilə maraqlanmasıdır. Bunun səbəblərini araşdırdıq. Məlum
oldu ki, bu problemin əsasında sosial vəziyyət dayanır. Yaşadığımız ərazidə
valideynlərin böyük qismi tikinti sektorunda çalışır. Bu insanlar arasında təbliğat
qurub ataları məktəbə dəvət etdik. Bu gün artıq ataların böyük qisminin məktəblə
sistemli əlaqə saxlamasına nail olmuşuq.”
Metodbirləşmələr əvəzinə fənn kafedraları
Elşən Qafarov çıxışında daha sonra vurğuladı ki, məktəbin
fəaliyyətində kollegial orqanların işi müstəsna əhəmiyyətə malikdir. İlk növbədə
direktoryanı şuraların fəaliyyətini formallıqdan çıxardıq. Yerli həmkarlar
komitəsinin işini fəallaşdırdıq. Məkətəbdə metodbirləşmələr əvəzinə fənn
kafedraları yaratdıq. Məktəb rəhbərliyi olaraq müəllimlərin gündəlik yazmasını
ləğv etmək haqqında qərar qəbul etdik. Əslində bu, formal xarakter daşıyırdı.
Bundan sonra müəllimin hazırlığının yoxlanılmasının digər bir yolunu tapdıq.
Formal olaraq açıq dərslərin keçirilməsi əslində məktəbdə təlimin gedişinə mənfi
təsir göstərir. Ümumi ahəngi pozur. Düşündük ki, fənn aylıqları keçirək və bu
aylıqlar çərçivəsində məktəb rəhbərliyi kafedra ilə birlikdə dərsləri dinləsin.
Dərsdinləmələr zamanı məlum oldu ki, bəzi müəllimlər ancaq bu zaman dərslərini
yaxşı qururlar. Amma sonra yenə də dərsə ciddi yanaşmırlar. Nəticə zəif idi.
Düşündük ki, əgər təhsilimizdə nəticəyönümlülükdən söhbət gedirsə, ilk növbədə
elə bir layihə həyata keçirməliyik ki, həm nəticəni müəyyənləşdirə, həm də onu
yüksəldə bilək. Buna görə də ilk dəfə olaraq məktəbdə monitoriq keçirdik. Müəllimlərə
elan olundu ki, monitoriqlər aparılacaq və bu, il boyu davam edəcək. İlkin
monitorinqin nəticələri əksər siniflərdə aşağı oldu. Nəticə aşağı olan siniflərdə
yenidən monitorinq apardıq. Nəticələr direktoryanı şuralarda slaydlaşdırılıb təqdim
olundu. Amma aybaay aparılan monitoriqlərin nəticələrini müşahidə etdikdə
görürük ki, irəliləyişlər var. Deməli, həm müəllimlər həm də şagirdlər üzərlərində
işləyirlər.
Elşən Qafarov məktəbdə keçirilən tədbirlərindən də
danışdı. Qeyd etdi ki, bu tədbirləri bir
neçə qrupa bölmək olar. İdman, vətənpərvərlik, fənn aylıqları və tanınmış
insanlarla görüşlər. Elşən müəllim bu tədbirlər haqqında geniş məlumat verdi.
Ulu öndər Heydər Əliyevin “Təhsilin qarşımızda qoyduğu ən vacib məsələ vətənə
layiqli vətəndaşlar yetişdirməkdir” fikrini diqqətə çatdıran natiq bu, bizim
üçün fəaliyyət amalıdır, deyə vurğuladı. Təsadüfü deyil ki, son 5 ildə 230 nömrəli
məkəbin bir şagirdi hərbi xidmətdən yayınmayıb. Ailələrə hərbi xidmətdə olan
övladları haqqında minnətdalıq məktubları gəlib. Ali məktəblərə qəbul olanları
sayı 2009-cu ildən bu yana ən azı 5 dəfə artıb.
Elşən Qafarov qeyd etdi ki, Peşə məktəblərinə təşkil
edilən ekskursiyalar şagirdləri peşə seçimində də müstəsna rola malikdir.
O, məktəbdə şagirdlərin iştirakı ilə keçirilən vətənpərvərlik
mövzusunda tədbirlərdən də bəhs etdi. Bildirdi ki, Bakı şəhəri üzrə Təhsil idarəsinin
razılığı ilə şəhərin bir neçə məktəbinin min nəfərdən artıq şagirdi ilə birlikdə
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun məzarına yürüş təşkil olunub.
Hər il məktəbin adını daşıdığı Fuad Fərhadoğlunun xatirəsi anılır, 20 yanvar şəhidləri,
Xocalı faciəsinin qurbanları yad olunur. 230 nömrəli tam orta məktəb Milli Qəhrəman
Mübariz İbrahimovun oxuduğu Biləsuvar rayonu Əliabad kənd tam orta məktəbi ilə əməkdaşlıq
edir. Mütəmadi olaraq o məktəbdə olur, Mübariz İbrahimovun yaşadığı evi ziyarət
edirik. 3 ildir ki, ardıcıl olaraq Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş
müxtəlif tədbirlər təşkil olunur. Çalışırıq ki, qonşu məktəblər də bu tədbirlərdə
iştirak etsin. Mübariz İbrahimova həsr olunmuş bilik yarışında rayonun 9 məktəbi
iştirak etdi. Mübariz İbrahimovun ailəsi, oxuduğu məktəbin kollektivi tez-tez
qonağımız olur. Biz torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş
digər şəhidlərimizin də xatirəsinə həsr olunmuş tədbirlər keçiririk. Görkəmli şəxsiyyətlərlə keçirilən görüşlər də şagirdlərin
dünyagörüşünün formalaşmasında mühüm ro oynayır. Dünyada tanınan təhsil mütəxəssisi,
professor Xəlil Güvən, professor Oya Güvənlə, Ərdəm Söyləməzlə, professor Əjdər
Ağayevlə, xalq artisti Ramiz Novruzla keçirilən görüş, akademik Həsən Əliyevin
105 illiyinə həsr olunmuş tədbir unudulmaz xatirəyə çevrilmişdir. Məktəbdə
şagirdlərin əməyə alışdırılması qarşıya qoyulan mühüm məqsədlərdən biridir. Bu
məqsədlə yaradılmış “Şəms” klubu şagirdlərə evdarlığı, ailə-məişət prinsiplərini
öyrədir. Son bir il ərzində məktəbin həyətində 700-ə yaxın ağac əkilib.
Məktəbaxili təlimlər davam edir
Elşən Qafarov məktəbdə müəllimlərin peşəkarlıq səviyyəsinin
artırılması ilə bağlı keçirilən tədbirlərdən də bəhs etdi. Söylədi ki,
kurikulumla bağlı keçirilən 10 günlük təlimlər müəllimlərin onu tam olaraq mənimsəməsinə
gətirib çıxarmır. Düşünürük ki, rəhbərlik iş tələb edirsə işin təkmilləşməsi
qayğısına da qalmalıdır. Buna görə də ötən dərs ilindən məktəbdaxili təlimlərə
başladıq. Əvvəlcə monitoriq apardıq ki, müəllimlər əsasən hansı sahədə çətinlik
çəkirlər. Müəyyən oldu ki, müəllimlər daha çox kurikulumun, İKT-nin təlimə tətbiqi,
valideynlərlə əlaqələrin təşkilində çətinliklər
çəkirlər. İlkin olaraq kurikulum təlimini yaxşı məmimsəyən müəllimlər ayrılmış
qruplarda təlimlərə başladılar. Daha sonra İKT bacarıqlarına görə müəllimləri
bir neçə qrupa ayırıb təlimlər keçdik. Daha sonra məktəbin psixoloqu
ayrı-ayrı istiqamətlər üzrə müəllimlərlə
psixoloji iş apardı. Biz ötən dərs ilində Təhsil nazirliyinin apardığı
diaqnostik sınaq qiymətləndirilməsində müəllimlərimizin yaxşı nəticələr əldə
etməsinin bir səbəbini də məktəbdaxili təlimlərin keçirilməsində görürük. Bu iş
bu il də davam etdirilir. “Həmkara dəstək” adı ilə keçirilən bu təlimlər müəllimlər
arasında səmimi mühitin daha da yüksəlməsinə imkan yaradır. Müəllimlərimizin
özü-özünü öyrətməsi çox yaxşı nəticələr verir. Müəllimlər bu təlimlərə böyük həvəslə
qatılırlar. Düşünürük ki, növbəti illərdə
qonşu məktəbləri də bu təlimlərə cəlb edək. Müəllimlərimiz onlara da təlim
keçsinlər. Təlimlərdə keçirilən materialları toplayıb “Həmkara dəstək” kitabı
çap edib respublikaya yaydıq. Bu, müəllilərə çox faydalı vəsait kimi
qarşılandı. İnanıram ki, gördüyümüz işlər bizi daha böyük nailiyyətlərə
qovuşduracaq.
Təhsil Şurası İdarə Heyətinin üzvü Şaiq Əsgərov
söylədi ki, məktəbin ədalət prinsipləri ilə işləməsi çox yaxşı haldır. Bu gün bəzi
məktəblərdə dərs bölgüsünun düzgün aparılmaması ilə əlaqədar bizə məktublar
daxil olur. Bu kimi halların qarşısının alınması vacibdir. O, qeyd etdi ki, bəzən
açıq dərslər məktəbdə dərs rejimini pozur. Amma açıq dərslərin əhəmiyyəti də
var. Açıq dərslər müəllimin gələcək fəaliyyətinin dəyərləndirilməsi üçün də
mühümdür. Müəllimin dərsi hər zaman açıq olmalıdır. O, daha sonra vurğuladı ki,
İqtisad universitetinin prorektoru olarkən o zamankı rektor Əli Abbasov göstəriş
vermişdi ki, prorektorlar ay ərzində ən azı 30 dərsdə iştirak edib fikirlərini
bildirsinlər. Sonra bu dərslər müzakirə olunurdu. Şaiq Əsgərov təklif etdi ki,
gələcəkdə Təhsil Nazirliyinin nümayəndələri də bizim belə iclaslarımızda
iştirak edib burada qaldırılan, xüsusən də kurikulumla bağlı məsələlərə fikir
bildirsə yaxşı olardı. Şaiq Əsgərov bildirdi ki, məktəbdə görülən işlər təhsilin
inkişafına xidmət baxımından çox yaxşıdır. O, məktəbin peşə təhsili müəssisələri
ilə əlaqələrini yaxşı təcrübə kimi dəyərləndirdi. Şagirdlərin peşə məktəblərinə
istiqamətləndirlməsinin yaxşı hal olduğunu diqqətə çatdırdı. O, məktəbdə həyata
keçirilən işlərin yayılmağa layiq olduğunu bildirdi.
129 nömrəli tam orta məktəbin direktrou Samir
Mehdizadə qeyd etdi ki, məktəbdə məktəbdaxili monitorinqlərin, təlimlərin
keçirilməsi, müxtəlif tədbirlərin təşkil olunması çox yaxşı haldır. Biz il ərzində
məktəbin fəaliyyətini sosial şəbəkələrdən, mətbuatdan izləmişik və bu təhsil
ocağında təqdirəlayiq işlərin həyata keçirilməsinin şahidi olmuşuq. 230 nömrəli
tam orta məktəbin öyrənilməli işləri çoxdur.
Təhsilin keyfiyyəti müəllimin biliyindən asılıdır
Professor Asəf Zamanov söylədi ki, bu məktəbdə
xeyli iş görüldüyünün şahidi olduq. Həyata keçirilən məktəbdaxili təlimlər müəllimlərin
peşəkar baxımdan təkmilləşməsi üçün təqdirəlayiq haldır. Biz də İxtisasartırma
institutu olaraq məktəbə dəstək verməyə hazırıq. Təhsilin keyfiyyəti müəllimin
biliyindən asılıdır. Bu məktəbdə də bu iş görülür. Biz burada 3 il əvvəlki
nailiyyətlərlə bu ilki nailiyyətlərin müqayisəsini görəndə nə qədər böyük irəliləyişin
olduğunun şahidi oluruq. Bu çox yaxşı haldır. Bu məktəbdə əsaslı işlər görülür
və bu, öz bəhrəsini verir. Onu da nəzərə almaq lazımdır ki, bu məktəb mərkəzdən
kənarda yerləşir. Yaxşı müəllimlər uzaq məktəblərə gəlmirlər. Mövcud reallığı nəzərə
alıb deyə bilərik ki, burada çox iş görülüb. Yaxşı haldır ki, Təhsil Şurası
ucqar məktəbə təşrif gətirir, bu məktəblərin işini tanıdır, onların fəaliyyətini
cəmiyyətə təqdim edir.
Əjdər Ağayev qeyd etdi ki, Təhsil Şurasının iki əvvəl
keçirilmiş Ümumi Hesabat Yığıncağının qərarı ilə Şuranın nəzdində “Təhsil Sahəsinin
İnkişafı üzrə Dövlət Strategiyası”na Dəstək Proqramı” yaradıldı. Həmin Proqrama
Şuranın İdarə Heyətinin üzvü, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa
Mikayıllı rəhbərlik edir. Həmin Proqram çərçivəsində ictimai əsaslarla həyata keçirilən “Qabaqcıl müəllimlərin iş təcrübəsinin
öyrənilməsi və yayılması”, “Qabaqcıl məktəblərin iş təcrübəsinin öyrənilmsi və
yayılması” layihəsi öz ətrafında xeyli sayda müəllim cəlb etmişdir. O, bu barədə
danışmaq üçün sözü Proqramın rəhbəri Böyükağa Mikayıllıya verdi. Böyükağa
Mikayıllı qeyd etdi ki, ötən iki il ərzində layihə çərçivəsində qırx nəfərə
yaxın müəllimin iş təcrübəsi öyrənilib. Bu məqsədlə həmin müəllimlərin dərsi dinlənilib,
sinifdənxaric, məktəbdənkənar fəaliyyətləri izlənilib, müəllimlərin ictimai
nüfuzu öyrənilib. İş təcrübəsi ilə bağlı əldə olunan nəticələr ümumiləşdirilərək
məqalə halında “Təhsil və zaman” qəzetində dərc olunaraq respublikaya yayılıb.
O, bu iclasda iş təcrübəsi öyrənilərək yayılmış müəllimlərdən Bakı şəhəri Binəqədi
rayonu 284 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Sevinc Abbasovanın, Səbael
rayonu 239 nömrəli tam orta məktəbin biologiya müəllimi Nübar Qayıblının da
iştirak etdiyini diqqətə çatdırdı. Vurğuladı ki, müəllimlərin pedaqoji fəaliyyəti
öyrənilərkən onların İnformasiya-kommunikasiya texnologiyalarından, fəal təlim
metodlarından, müasir təhsilin irəli sürdüyü tələblərdən, şagirdlərin mənəvi tərbiyəsinin
formalaşdırılması istiqamətində metodoloji yanaşmalardan, dünyanın, eləcə də
ölkəmizin qabaqcıl təhsil ənənələrindən
istifadə imkanlarından nə dərəcədə yararlanıb tətbiq etdiklərinə önəm verilir.
Onların vətəndaş hazırlığına töhfə vermək bacarıqları dəyərləndirilir.
B.Mikayıllı qeyd etdi ki, qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilib
yayılması layihəsi çərçivəsində Gədəbəyin Soyuqbulaq, Gərgər, Gəncənin 25 nömrəli
tam orta məktəbinin də müəllimlərinin dərsləri dinlənilib. Bu layihə çərçivəsində
gələn ay çap olunacaq kitabda həmin müəllimlər haqqında qəzetdə dərc olunmuş məqalələr
yer alacaq. O, qeyd etdi ki, Bakının Nizami rayonundakı 129 nömrəli tam orta məktəbin
fəaliyyəti də “Qabaqcıl məktəblərin iş təcrübəsinin öyrənilməsi və yayılması”
layihəsinə cəlb edilmişdir.
B.Mikayıllı 230 nömrəli tam orta məktəbin fəaliyyəti
ilə iki aya yaxın bir vaxtda mütəmadi olaraq tanış olduğunu, burada zamanın tələbləri
səviyysində həyata keçirilən tədbirlərin yüksək nəticələr verdiyinin şahidi
olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, məktəbdə həyata keçirilən bütün tədbirlərin
mahiyyətində öyrədicilik, tərbiyəediciliklə yanaşı, həm də məntiqi ardıcıllıq
dayanır. O, vurğuladı ki, 230 nömrəli tam orta məktəbdə iş təcrübəsinin öyrənilib
yayılmasına layiq olan xeyli müəllimlər çalışırlar. Onlar gələcəkdə bu layihələrin
iştirakçısı olacaqlar. B.Mikayıllı onu da vurğuladı ki, 230 nömrəli tam orta məktəbin
fəaliyyətinin yayılması ölkənin digər təhsil ocaqları üçün də maraqlı və
faydalı olar. Çünki burada öyrənilməli cəhətlər çoxdur.
Professor Nazim Kazımov da 230 nömrəli tam orta məktəbin
fəaliyyətini yüksək dəyərləndirdi. Qeyd etdi ki, məktəbin maddi-texniki bazası
da onun inkişafına stimul yaradacaq. Bu məktəbin gələcəyi var. Çünki onun rəhbərliyi
də öz işini bilir, idarəetməni bacarır.
Tədbirin sonunda çıxış edən professor Əjdər Ağayev
230 nömrəli tam orta məktəbin iş təcrübəsinin yayılmasının gərəkli olduğunu
diqqətə çatdırdı. Məktəb haqqında xüsusi buraxılışın hazırlanmasını “Təhsil və
zaman” qəzetinin redaktoru, Şuranın Mətbuat və İctimaiyyətlə Əlaqə Mərkəzinin rəhbəri
Böyükağa Mikayıllıya həvalə etdi.
Genişləndirilmiş iclasın sonunda 230 nömrəli tam
orta məktəbin direktoru Elşən Qafarov “Təhsil və zaman” qəzetinin redaksiya
şurasına üzv qəbul olundu.
Böyükağa MİKAYILLI
No comments:
Post a Comment