Tərbiyə prosesi ziddiyyətli və uzun sürən
prosesdir. O, məktəbəqədər dövrdən başlanır və əmək fəaliyyəti prosesində davam edir. Yeniyetməlik
dövründən insan özünütərbiyə ilə məşğul olmağa başlayır. İnsanda olan
qüsurların tərbiyə yolu ilə aradan qaldırılması yenidəntərbiyə adlanır. Məktəbdə
tərbiyə prosesini xarakterizə etmək üçün “yumşaq” meyarlar tətbiq olunur. Onlar
müəllimlərə tərbiyə prosesinin gedişi və nəticələri haqqında ümumi təsəvvürlər
almağa kömək edir. Bu meyarlar şəxsiyyətin bütün keyfiyyətlərini kompleks halda
öyrənmək üçün deyil, ancaq ayrı-ayrı keyfiyyətlərini (əxlaqi, əmək, estetik və
s.) öyrənmək üçün nəzərdə tutulur. Şəxsiyyət bütöv bir varlıqdır, onun bütün
keyfiyyətlərini və əlamətlərini kompleks halda öyrənmək lazımdır.
Söz ilə əməl arasındakı ziddiyyətlər tərbiyə işində
bir çox çətinliklərin və nöqsanların yaranmasına səbəb olur. Pedaqoqlar xarici
təsirlərlə məktəblilərin daxili meylləri arasındakı ziddiyyətlərə münasibətdə
xüsusilə diqqətli olmalıdırlar.. Uşağın hərəkətinin daxili məzmununa diqqətsizlik
pedaqoqun fəaliyyətini uğursuz edə bilər.
Tərbiyə prosesi mürəkkəb dinamik sistemdir. Bu
sistemin hər bir komponenti öz növbəsində bir sistem hesab edilə bilər, çünki
onun da öz komponentləri vardır. Tərbiyə prosesinin dinamikliyini öyrənmək onun nə vaxt meydana gəldiyini, təşəkkülünü
və inkişaf yollarını müəyyənləşdirmək deməkdir.
Tərbiyə prosesindəki sistemləri ayırmaq və təhlil
etmək üçün çoxlu meyarlar vardır. Tərbiyə prosesi sisteminin modeli aşağıdakı
meyarlara əsasən qurulmuşdur :
-
məqsədlər və
vəzifələr meyarı ;
-
tərbiyə
prosesinin məzmunu , prosesin baş verdiyi şərait meyarı;
-
tərbiyəçilərlə
tərbiyə olunanların qarşılıqlı təsir meyarı;
-
tətbiq olunan
metodlar meyarı;
-
tərbiyə
fəaliyyətinin formaları meyarı;
-
zaman
kəsiyində prosesin inkişaf mərhələləri meyarı və s.
Sinif-dərs sistemindəki bütün fəaliyyət növləri təhsilləndirici,
tərbiyəedici və inkişafetdirici funksiyaları yerinə yetirdiyi kimi, dərsdənkənar
(sinifdənkənar və məktəbdənkənar) şəraitdə həyata keçirilən bütün növ işlər də
öyrədici, tərbiyəedici və inkişafetdirici vəzifələri yerinə yetirir. Məktəbdə
vahid pedaqoji prosesin mahiyyəti bundan ibarətdir. Sinifdənxaric və məktəbdənkənar
təlim və təhsil – tərbiyə şəxsiyyətin məqsədyönlü formalaşması prosesidir. Bu
proses qarşıda qoyulmuş ümumi məqsədə çatmaq üçün müəllim və məktəblilərin
qarşılıqlı əməkdaşlığıdır. Bu prosesin aşağıdakı xüsusiyyətlərini qeyd etmək
olar:
-
Tərbiyə
prosesi məqsədyönlü prosesdir.
-
Tətbiyə
prosesi çoxamilli prosesdir.
-
Tərbiyə
prosesi mürəkkəb prosesdir.
-
Tərbiyə
prosesi uzun sürən prosesdir.
-
Tərbiyə
prosesi fasiləli prosesidir.
-
Tərbiyə
prosesi kompleks prosesidir.
-
Tərbiyə
prosesi dəyişkən,qeyri-müəyyən prosesdir.
-
Tərbiyə
prosesi ikitərəfli prosesdir.
Tərbiyənin məzmununa
baxsaq, biliklər, əqidələr, şəxsiyyətin keyfiyyətləri, əlamətləri və sabit
davranış vərdişləri sistemi başa düşülür. Məktəblilər bunlara qarşıda qoyulan məqsədlərə
və vəzifələrə uyğun olaraq yiyələnməlidirlər. Vahid pedaqoji prosesdə birləşən əqli,
fiziki, estetik, əmək və əxlaq tərbiyəsi şəxsiyyətin hərtərəfli və ahəngdar
inkişafının ən mühüm şərtidir.
Müasir tərbiyə
işinin əsasında aşağıdakı ideyalar durur.
1. Tərbiyə məqsədlərində realizm. İnsanın hərtərəfli
inkişafı onun qabiliyyətlərinə və istedadına əsaslanmalıdır. Tərbiyənin
məzmununun mərkəzi anlayışı şəxsiyyətin “baza mədəniyyəti” anlayışıdır ki, bu
mədəniyyətə iqtisadi və əmək mədəniyyəti; siyasi; demokratik və hüquqi
mədəniyyəti; əxlaqi, ekoloji, bədii və fiziki mədəniyyəti; ailə münasibətləri
mədəniyyəti daxildir.
2. Özünütəyinetmə.
İnkişafetdirici tərbiyə möhkəm əqidələrə, demokratik baxışlara və həyati
mövqelərə malik şəxsiyyət formalaşdırmağı nəzərdə tutur. Tərbiyənin məzmununun
mühüm elementlərindən biri insanın öz həyatını təyinetmə mədəniyyətidir. Bu,
insanı öz həyatının və şəxsi xoşbəxtliyinin subyekti kimi xarakterizə edir.
İnsanın özünü vətəndaş, peşə sahibi və
əxlaqlı adam kimi dərk etməsi harmoniya halında baş verməlidir. Tərbiyə işinin
mərkəzində proqramlar, tədbirlər, forma və metodlar deyil, hər şeydən əvvəl
uşaq, yeniyetmə, gənc durmalıdır. Onların fərdiyyətini, maraqlarını,
özünəməxsus xarakterlərini, şəxsi ləyaqət hisslərini inkişaf etdirmək lazımdır.
Məktəblilər üçün yaxın maraqlardan
yüksək mənəvi tələbatların inkişafına
doğru hərəkət tərbiyə prosesinin məqsədi olmalıdır.
3. Uşaqlarla böyüklərin birgə fəaliyyəti. Birgə iş prosesində mənəvi mədəniyyətin,
fəaliyyət mədəniyyətinin ən yaxşı nümunələrini axtarmaq, onların əsasında
özünün şəxsi dəyərlərini, həyat normalarını və qanunlarını yaratmaq, tərbiyə
prosesində məktəblinin fəal şəxsi mövqeyini təmin etmək müəllimin tərbiyə
işinin məzmununu təşkil edir.
4. Könüllülük.
Məktəblilərin şəxsi istək və arzusu olmasa, tərbiyənin başlıca
ideyalarını həyata keçirmək olmaz. Məktəbli kollektivinə şəxsiyyətin mənəvi,
əxlaqi qüvvələrinin inkişafına mane olan intizam vasitəsi kimi baxmaq doğru
deyil.
Şəxsiyyətin
daxili mövqeyi onun davranışında aşkara çıxır. İnsan necə tərbiyə olunubsa, elə
də hərəkət edir. Metodik tövsiyyələrə riayət olunması yüksək nəticələr
qazanmağa gedən yolu asanlaşdırır.
1. İşin effektliyi zəruri şərtdir. Məktəblilərə fikir
zorla qəbul etdirilməməlidir;
onlar qərar qəbul etməyin vacibliyinə
inandırılmalıdır; elə etmək lazımdır ki, onlar o qərarı öz qərarları kimi başa
düşsünlər;
2. Fəal yanaşma
məktəblilərin canlı, yaradıcı fəaaliyyətini tələb edir. Kompleks yanaşma isə
müəllimə bir işdən çoxlu səmərə əldə etməyə imkan verir.
3. Hər bir tərbiyəvi işin vəzifələri və həyata
keçirilmə şəraiti ilə əlaqədar olaraq onun məzmununu müəyyənləşdirmək olduqca
vacibdir. Müəllim məktəblilərin maraq və həvəslərinə istinad etməklə onların
düzgün istiqamətini inkişaf
etdirməlidir.
4. Tərbiyə işləri şablon sevmir, çeviklik və manevrin
genişliyi onları fərqləndirən əlamətlərdir.
5. Tərbiyə işləri rəngarəng olmalıdır. Məktəblilər
maraqlı işləri uzun müddət unutmurlar.
Düzgün təşkil olunmuş tərbiyə insanı ləyaqətli vətəndaş,
yaxşı işçi, ailə başçısı, humanist, insanpərvər, xeyirxah, ədalətli şəxsiyyət
olmağa hazırlamalıdır.
Almas
ƏSƏDOVA,
Sumqayıt şəhəri
28 №li tam orta məktəbin
ibtidai sinif müəllimi
No comments:
Post a Comment