Təhsil Şurasının həyata keçirdiyi təlimlərin müəllimlərin metodiki bacarıqlarının inkişafında rolu
Texnologiya əsri olan XXI əsrin müəllimi yenilikçi və yaradıcı olmalıdır. Bunun üçün müəllim təhsildə olan ənənəvi nailiyyətlərə istinad edib ondan bəhrələnməli, öz üzərində işləməli, yeniliklərə nail olmalıdır. Qloballaşan, yeniliyə can atan dünyamız, bu gün ən müasir informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı Azərbaycanda da İKT-nin inkişafı və istifadəsi üçün ümummilli strategiyanın hazırlanması və qəbul edilməsini zəruri etdi. Təhsilin informasiyalaşdırılması haqqında Dövlət Proqramı da bu zərurətdən qaynaqlanmışdır. Proqramın ən mühüm vəzifəsi İKT-nin bütün sferalarda tətbiqi işinin yüksək səviyyədə həyata keçirilməsindən ibarətdir. "Məktəb-informatika layihəsi"də bu Proqramın tətbiqinə xidmət edən layihələrdən biridir. Bu layihə İKT-dən tədris prosesində daha geniş istifadəni nəzərdə tutur. Proqramın ikinci bir layihəsi "Müəllimlərin təhsili" adlanır. Layihədə təkcə məktəb rəhbərləri, informatika müəllimlərini deyil, bütün müəllimlərin iştirak etməsi nəzərdə tutulur.
Kompyuterlərin təhsil sahəsində uğurlu tətbiqi yalnız onların əldə edilməsindən deyil, eyni zamanda, istifadəçilərin onlarla nə dərəcədə tanış olmalarından asılıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il tarixində təsdiq etdiyi "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" ölkəmizdə bu prosesə həm start, həm də təkan verdi. Bundan sonra 10 iyun 2008-ci il tarixində ölkə başçısı tərəfindən qəbul edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" isə İKT-dən istifadə etməklə ölkəmizdə beynəlxalq standartlara uyğun keyfiyyətcə yeni təhsil modelinin qurulmasını, vahid elektron təhsil məkanının yaradılmasını və təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya etdirilməsini əsas məqsəd kimi qarşıya qoyub. "Müəllim - şagird - dərslik" tədris modelinə kompyuterin də əlavə edilməsi uşağın dərsə marağını və istəyini stimullaşdırmağa imkan verir. Multimedia vasitələri, kompyuter tədris proqramları, animasiya qrafikası, rəngarəng illüstrasiyalar uşaqların idrak aktivliyinə müsbət təsir göstərir. İnteraktiv lövhədən istifadə edilməsi dərsin əsas prinsiplərindən birini, onun əyaniliyini təmin edir. Dövlət Proqramının əsas məqsədi təhsilin bütün pillələrində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılmasına nail olmaq və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarını yaratmaqdır. Bu gün artıq nəticəyönümlü təhsilin müsbət tərəfləri özünü göstərir. Hər bir müəllim təqdim olunmuş üsulların tətbiqinə yaradıcılıqla yanaşmaqdadır. Ölkədə aparılan təhsil islahatı və fənn kurikulumlarının tətbiqi, İKT-dən istifadə, İnteraktiv təlimdə hafizənin deyil, təfəkkürün inkişafınana şərait yaradır. Bütün bunların hamısının həyata keçirilməsi üçün üçün bu gün müəllimin bu texnologiyalardan istifadə etmək bacarığına yiyələnməsi və şəxsi təhsili ön sıradadır. Bu yolda müəllimlərə hansı təşkilatlar yardımçıdır? Bu gün Təhsil Şurasının həyata keçirdiyi təlimlərin müəllimlərin metodiki bacarıqlarının inkişafında böyük rolu vardır. Səriştəli, peşəkar müəllim olmaq üçün daim oxumaq, öyrənmək lazımdır. Şəxsi təhsil yolu ilə yaxşı mütəxəssis olmaq olar. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 14 dekabr 2011-ci il 2052 N-li 2 saylı qərarına əsasən tədris prosesində interaktiv alətlərdən istifadəyə qərar verilmişdir. Müəllimlərin İKT-dən istifadə imkanlarının təkmilləşdirilməsi vəzifə olaraq qarşıya qoyulmuşdur. Azərbaycan Təhsil Şurasının həyata keçirdiyi “Elektron Tədris Resurslarının öyrədilməsi və tətbiqi qaydaları” üzrə təlim kursları da müəllimlərin İKT bacarıqlarını inkişaf etdirməklə, ondan dərs prosesində səmərəli istifadəyə yönəldilmişdir. Qeyd edim ki, pedaqoji kadrların elmi –nəzəri və təcrübi hazırlığının təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilən, “Öyrədənlərin öyrədilməsi” layihəsi çərçivəsində təşkil olunan bu təlim kurslarında mən də iştirak etmişəm.
Təlimlərdə iştirak etməklə yenilikləri öyrənmək günün vacib tələblərindəndir. Bu baxımdan rus musiqişünası və pedaqoqu Anton Rubinşteynin fikirləri çox maraqlıdır: "Əgər bircə gün öyrənmirəmsə - bunu özüm hiss edirəm, əgər iki gün öyrənmirəmsə, bunu mənə yaxın olanlar hiss edirlər, əgər üç gün öyrənmirəmsə - bunu hamı hiss edir."
Pedaqoji kadrların elmi –nəzəri və təcrübi hazırlığının təkmilləşdirilməsi məqsədi ilə Təhsil Şurasının keçirdiyi təlimlərdə zəhməti olan hər kəsə təşəkkür edirəm.
Nübar QAYIBLI,
Bakı Şəhəri, Səbail rayonu T.Məmmədov adına 239 saylı tam orta məktəbin biologiya müəllimi.
“Ən yaxşı məqalə müsabiqəsi” üçün.
Ədəbiyyat dərslərində dram əsərlərinin tədrisi üsulu
Hazırda təhsil sahəsində uğurla həyata keçirilən islahatlar, qəbul edilmiş qanunlar təhsilimizin dünya standartlarının tələblərinə cavab verməsi üçün yönəlmişdir. Bu baxımdan bir müəllim kimi qarşımızda duran məsuliyyətli işi başa düşürəm. Cünki gənc nəslin düzgün yetişdirilməsi məhz müəllimlərdən asılıdır. Düşünürəm ki, bunun üçün qarşımızda duran ilk amil pedaqoji ünsiyyətdir. Pedaqoji ünsiyyət zamanı müəllim-şagird münasibətləri şagird şəxsiyyətinin formalaşmasına şərait yaradır.
Bu ünsiyyət formasının hansı növündən istifadə edilməsindən asılı olmayaraq, müəllim şagird kollektivi ilə məhsuldar ünsiyyət prosesi təşkil edə bilməsə, pedaqoji fəaliyyətində müsbət nəticələr əldə edə bilməz. Eyni zamanda müəllim və şagird vəhdəti dərsin daha maraqlı keçməsinə şərait yaradır. Yeni mövzunu təkcə müəllim deyil, şagirdlər də araşdırmalı və birlikdə müzakirə etməlidirlər. Bu da əldə edilmiş yeni məlumatın daha da yaddaqalan olmasına, hər kəs tərəfindən mənimsənilməsinə gətirib çıxarar.Cünki şagirdin yaradıcı təfəkkürünü formalaşdıran əsas amil onun öz təcrübəsidir. Buna görə də şagirdin gördüyü işə yüksək qiymət verirəm. Şagirdlər məlumatı əldə etməklə yanaşı, onu sözlə ifadə edə bilmək, gördükləri işlər haqqında danışmaq, əldə etdikləri məlumatı təqdim etmək bacarığına da malik olmalıdırar. İnteraktiv təlim metodları mənim bələdçiliyim ilə şagirdlərin fərqli informasiya mənbələri hesabına bilik əldə etmələrinə imkan verir. Bu yolla əldə edilən bilik daha da yaddaqalan olur. Mən müasir tələblərə cavab verən dərs hazırlamaq üçün İKT-nin imkanlarından səmərəli istifadə etməyə çalışıram. Bu məqsədlə elektron sinif otağı hazırlamışam. Sinif otağı kompyuter, elektron lövhə, internet və proyektorla təchiz olunub. Nəticədə lazım olan məlumatı vaxtında təqdim etmək imkanı əldə edirəm. Bu, şagirdlərdə dərsə maraq oyadır, dərsin daha maraqlı, canlı olmasına gətirib çıxarır. Ədəbiyyat dərslərində İKT-nin imkanlarından daha çox istifadə edirəm. Ədiblərin canlı səsini dinlətməklə, onların haqqında olan sənədli filmlərdən, əsərlərə çəkilən kinofilmlərdən kiçik parçalar göstərməklə dərsin daha maraqlı keçməsinə şərait yaradıram. Dram əsərlərinin tədrisi isə daha da maraqlı və fərqlidir. Axı, dram əsərləri həyatı obrazlı şəkildə əks etdirir. Bu, dramatik növə daxil olan komediya, faciə və dram janrının hər birinə aiddir. Dramatik əsərlərdə hadisələr, surətlərin xarakteri daha çox dialoqların köməyi ilə üzə çıxır. Hərəkət, fəaliyyət mənasını ifadə edən dram əsərlərini şagirdlər kor-koranə oxuyub tanış olmur, hətta bunun canlı iştirakçısına çevrilirlər. Dram əsərlərinin mənimsənilməsi üçün müxtəlif metod və üsulları tətbiq etməyə çalışıram. Bu da şagirdləri axtarışa sövq edir. Bu cür dərsləri üç mərhələdə qururam. 1. Məlumatın fərdi olaraq araşdırılması 2. Əldə edilmiş məlumatın çatdırılması 3. Əldə edilmiş məlumatın tətbiqi 1-ci mərhələdə şagirdlər keçiləcək yeni mövzu haqqında əvvəlcədən mənim tərə-fimdən məlumatlandırılır. İKT-nin imknlarından istifadə etməyi bacaran şagirdlər axtarışa cəlb edilir. 2-ci mərhələdə şagirdlər əldə etdikləri məlumatı yeni dərsdə digər yoldaşlarına da çatdırır və bu mövzuda sinifdə müzakirələr aparırlar. 3-cü mərhələdə şagirdlər artıq dərslikdəki məlumatla da yüklənərək əsəri müzakirə edir, düşündürücü suallar verir, mövzunu daha geniş dairədə mənimsəyirlər. Bu mərhələlərin yerinə yetirilməsi şagirdlərdə yaradıcı təfəkkürün inkişafına şərait yaradır. Dram əsərini tədris edərkən əvvəlcə müəllifin həyat və yaradıcılığı haqqında məlumatı maraqlı qururam ki, şagirdlərdə keçilən mövzuya maraq daha da artsın. Buna nümunə olaraq Azərbaycan dramaturgiyasının və realist nəsrimizin banisi Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı əsasında hazırladığım dərsə nəzər salaq. Əldə edilmiş məlumatları daha da möhkəmləndirmək üçün müəllifin həyatını əhatə edən slaydları təqdim edirəm. Slayddakı sualları şagirdlər cavablandırırlar. Müəllifin dramaturgiyasına müraciət etməmişdən əvvəl Axundzadənin dramaturgiyanın komediya janrına üstünlük vermə səbəblərini açıqlayıram. Dramaturqun 1850-1855-ci illərdə yazdığı altı komediyanı slaydda xronoloji ardıcıllığına riayət etmədən təqdim edirəm. Şagirdlər bu mərhələdə düşünərək doğru ardıcıllıgı birlikdə tapırlar. Sonra ardıcıllığı düzərək qeyd edirlər. Onlar cavabın doğruluğunu növbəti slaydla yoxlayırlar. Bu üsulla əsərlərin ardıcıllığı daha da yaddaqalan olur. Hər bir komediya haqqında isə bir slayd hazırlayıram. Slaydları təqdim etdikcə şagirdlər komedyanın əsas qəhrəmanları və mövzusu haqqında konkret məlumat verirlər. Həmin slaydlarda əsərlərə aid tamaşalardan parçalar yerləşdirməklə o dövr haqqında şagirdlərdə təsəvvür yaradıram. Eyni zamanda əsərlər, onların haqqında verilən məlumatlar, əldə edilmiş araşdırmalar və şagirdlər tərəfindən aparılmış tədqiqat işləri birlikdə müzakirə edilir. M.F.Axundzadə əsərlərində dövrünü, dövrün tarixi xüsusiyyətlərini daha aydın şəkildə əks etdirdiyi üçün, tarix fənni ilə blok dərs daha da maraqlıdır. Çünki çar höküməti dövründə Azərbaycan bəylərinin, kəndlilərinin vəziyyəti, naçalnikin çar hö-kümətinin həyata keçirdiyi “ali silk” (bəy, xan, ağa və s.)haqqında siyasəti, 1848-ci il inqlabına işarə və s. hadisələr buna zəmin yaradır. Belə blok dərs vasitəsi ilə şagirdlər əsəri həm ədəbi, həm də tarixi mövqedən görüb təhlil etmək imkanı əldə edirlər. Bir dərsdə bir neçə fənnə inteqrasiya şagirdlərin həyati əhəmiyyətli olan bilik qazanmalarına, şəxsiyyətinin formalaşmasına imkan yaradır. Rollu oyunlar əsərin daha mükəmməl dərk edilməsinə yol açır Dram əsərlərində obrazların xarakterlərini şagirdlər canlandırarkən, obrazların xarakterini, danışıq tərzini, səsini, mimikasını, bədii portretini diqqət mərkəzinə çəkirəm. Əgər belə olarsa səhnəciklər daha maraqlı olar. Rollu oyunlar əsərin daha mükəmməl dərk edilməsinə yol açır. Məs: 8-ci sinifdə şagirdlər Axundzadənin dram əsərlərindən xəsisliyi mənfi bir xüsusiyyət kimi ifşa edən “Sərgüzəşti-mərdi-xəsis” əsəri ilə yaxından tanış olurlar. Axundzadə bu əsərdə sələflərindən fərqli olaraq yeni və orijinal xəsis surəti yaratmışdır. Bu surət yerli və milli xüsusiyyətləri də özündə cəmləşdirmişdir. Hacıqaranın, Heydər bəyin, Tükəzin, Sonanın və başqa obrazların xüsusiyyəti barədə şagirdlər artıq məlumatlıdırlar. Əsərdə ən çox şagirdlərin diqqətini çəkən Heydər bəyin monoloqu, Heydər bəy və Sona xanımın , bəylər və Hacı Qaranın, Hacı Qara və Tükəzin dialoqu oldu. Şagirdlər “Hacı Qara” filmindən obrazların xüsusiyyətlərini izləyərək əsərlə tanış olmaq imkanı əldə edirlər. Bundan başqa şagirdlər teatr tamaşasına gedərək, əsəri peşəkar aktyorların oyununu izləməklə tanış olurlar. Bu isə onlarda həmin obrazları canlandırmaq həvəsi oyadır. Bunun üçün dərsdən əlavə məşğələlər təyin edirəm. Şagirdlər əsərdən parçalar üzərində işləməklə, rolları canlandırmaqla əsərə başqa mövqedən baxmaq imkanı əldə edirlər. Əslində əsərdəki sarsıdıcı gülüşün insan əxlaqına, mənəviyyatına necə müsbət təsir etdiyini öz rolları vasitəsilə şagirdlər başa düşürlər. Çünki komedyanın qəhrəmanı və əsas surətləri tənqid hədəfi kimi götürülür. Komedyanın əsasını acı gülüş təşkil edir ki, tənqid üsullarından ən qüvvətlisidir. Belə əsərlərdəki “göz yaşları içərisindən keçən” gülüş gələcək nəslin tərbiyəsində, formalaşmasında böyük iş görür. Şagirdlər bu komediyadakı obrazların xüsusiyyətlərini canlandıraraq çox maraqlı səhnəciklər hazırlayırlar. Səhnəciklərin hazırlanması zamanı valideyinlər də tamaşaçı kimi iştirak edirlər. Onlar övladlarını həvəsləndirir, daha həvəslə çalışmağa sövq edir və onlara məlum olmayan qabiliyyətləri ilə də tanış olurlar. Nəticədə müəllimin zəhməti, şagirdlərin səyi nəticəsində şagirdlər yüksək səviyyədə səhnəciklər hazırlayırlar. Beləliklə, Azərbaycan dramaturgiyasının şah əsəri olan “Hacı Qara” şagirdlər tərəfindən səhnələşdirilir və uğurla təqdim olunur. Nəticədə şagirdlər mövzunu fəal şəkildə mənimsəyir, bilik, bacarıq və vərdişlərə yiyələnmə təcrübəsi əldə edirlər. Dram əsərlərinin bu şəkildə tədrisi şagirdlərin ədəbiyyata olan sevgisini artırmaqla yanaşı, onların dünya görüşünün artmasına da kömək edir. Eyni zamanda gələcək nəslin nitqinin inkişafında, onun cəmiyyət işərisində özünü müstəqil şəkildə düzgün ifadə etməsinə yardım edir.
“Ən yaxşı məqalə” müsabiqəsi üçün İlahə MEHDİZADƏ, Bakı şəhəri 264 saylı məktəb-liseyin müəllimi.
- “ƏN YAXŞI MƏQALƏ MÜSABİQƏSİ” ÜÇÜN
- Təhsil Şurası İdarə heyətinin genişləndirilmiş iclası keçirildi
- Mayın 29-da Bakının Nizami rayonundakı 129 nömrəli tam orta məktəbdə Azərbaycan Təhsil Şurası İdarə Heyətinin genişləndirilmiş iclası keçirildi. İclasda Şuranın idarə heyətinin, “Təhsil və zaman” qəzetinin redaksiya şurasının üzvləri, rayon nümayəndəliklərinin rəhbərləri, ayrı-ayrı məktəblərdən qabaqcıl müəllimlər iştirak edirdilər. İclası giriş sözü ilə Şuranın sədri professor Əjdər Ağayev açaraq gündəlikdə dayanan məsələlər haqqında məlumat verdi. Bildirdi ki, Şuranın bugünkü iclasında Bakı şəhəri Nizami rayonu 129 nömrəli tam orta məktəbin iş təcrübəsinin öyrənilməsi və müzakirəsi nəzərdə tutulub. Bundan sonra Təhsil Şurasının sədri Ümumi hesabat yığıncağından keçən dövr ərzində görülmüş işlər haqqında məlumat verəcək. Sonda isə Təhsil Şurasının “Təhsil və zaman” qəzeti ilə birgə keçirdiyi “Ən yaxşı məqalə” müsabiqəsinin qalibləri elan olunacaq və qaliblər rəğbətləndiriləcək. Qeyd edim ki, iclasdan öncə Təhsil Şurasının üzvləri məktəbin ayrı-ayrı müəllimlərinin dərslərini dinlədilər. Sonra iclas öz işinə başladı. Öncə məktəbin direktoru Samir Mehdizadə rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyətindən genişliyi ilə söhbət açdı. Son iki ildə görülmüş işləri xarakterizə etdi. Qeyd etdi ki, məktəbdə fəaliyyətə başladığı ilk gündən kimin hansı elmi, intellektual potensila malik olduğunu müəyyənləşdirmək üçün pedaqoji kollektivlə tanışlıq aparıldı. Ayrı-ayrı müəllimlərin bacarıqları müəyyənləşdirildikdən sonra kollektivin fəaliyyət istiqamətini də yönəltmək olardı.Məktəbin simasını onun pedaqoji kollektivi təşkil edir və əldə olunan nailiyyətlərin təməlində kollektivin elmi-nəzəri, metodiki hazırlığı dayanır. S.Mehdizadə vurğuladı ki, bütün bunları müəyyənləşdirmək üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının da iştirak etdiyi sistemli olaraq dərsdinləmələrə başlanıldı. Dərslərdəki müsbət və mənfi cəhətlər aşkara çıxarıldı. Çatışmazlıqları aradan qaldırmaq üçün metodbirləşmələrin fəaliyyəti nizama salındı. Hər bir fənn metodbirləşməsi qarşısında ciddi tələblər qoyuldu. Dərslərin müasir dövrün tələbləri səviyyəsində qurulması, müəllimlərin işə ciddi münasibətinin təmin olunması bir nömrəli vəzifə kimi irəli sürüldü. O, vurğuladı ki, paralel olaraq məktəbin maddi-texniki bazasının mövcud durumu öyrənildi. Məlum oldu ki, pedaqoji prosesi müasir tələblər səviyyəsində təşkil etmək üçün məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsinə ciddi ehtiyac duyulur. Məktəbin istilik sistemi yox dərəcəsində idi. İdman zalından istifadə etmək mümkün deyildi. Elə bu məqsədlə də Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət olundu. Bunun ardınca əmək intizamının möhkəmləndirilməsi, işə davamiyyətin yoxlanılması üçün jurnallar hazırlandı, müəllimlər üçün məktəbdə kompüter kursları təşkil olundu. Müəllimlərin dərs zamanı istifadə etmələri üçün sinif otaqlarına internet xətti çəkildi. Məktəb həmkarlar komitəsi ilə razılaşdırılaraq dərs yükünün bərabər və ədalətli şəkildə bölünməsi təmin olundu. Bakı şəhəri üzrə Təhsil İdarəsindən “Kimya”, “Fizika”, “Biologiya” fənninin tədrisi üçün lazım olan əyani vəsaitlər, eləcə də kompyüterlər, proyektor, printer, elektron yazı lövhələri, idman ləvazimatları alınıb gətirildi. Məktəbin yüksək səviyyədə, nümunəvi təxliyyə planı hazırlanıb, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsi tərəfindən təsdiq olundu. Nəhayət 2012-2013-cü dərs ilinin sonunda məktəbdə həyata keçirilən bütün tədbirlər nəfis tərtibatda dərc olunmuş məktəbin “İllik hesabat” jurnalında öz əksini tapdı. Samir Mehdizadə daha sonra məktəbdə sistemli olaraq keçirilən açıq dərslərdən, ölkə başçısı cənab İlham Əliyevin sərəncamları ilə keçirilən görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığını əks etdirən ədəbi-bədii gecələrdən, əlamətdar günlər, tarixi hadisələrdən bəhs edən tədbirlərdən, məktəb-valideyn, məktəb-ictimai təşkilat, məktəb-elm əlaqələrindən genişliyi ilə söhbət açdı. Bütün bunlarla o, rəhbərlik etdiyi təhsil müəssisəsinin qabaqcıllığını şərtləndirən meyarları meydana qoydu. Məktəb rəhbərinin çıxışı slaydlarla müşaiyət olundu.
Təhsil Şurasının idarə heyətinin üzvü, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanma İnstitutunun direktoru professor Asəf Zamanov, Bakı Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov, Pespublikanın əməkdar müəllimi Həqiqə Məmmədova, 164 saylı tam orta məktəbin direktoru Kəmalə Qədirova, “Təhsil və zaman” qəzetinin redaksiya Şurasının üzvü, Respublikanın əməkdar müəllimi Mayıl İsmayılov çıxış edərək 129 saylı tam orta məktəbin direktoru Samir Mehdizadənin məruzəsinə münasibət bildirdilər. Qeyd etdilər ki, 129 saylı tam orta məktəbin fəaliyyətində nümunəvi nüanslar çoxdur və bunlar istər məktəbin direktorunun məruzəsində, istərsə də “Təhsil və zaman” qəzetinin xüsusi buraxılışında ətraflı şəkildə yer alıb.
Təhsil Şurasının sədri professor Əjdər Ağayev İclasın gündəliyindəki ikinci məsələ - Təhsil Şurasının ümumi hesabat yığıncağından sonrakı dövr ərzinə görülmüş işlər haqqında – məlumat verdi. O, qeyd etdi ki, son vaxtlar Təhsil Şurasının həyata keçirdiyi tədbirlərin sırası genişlənmişdir. Məlum olduğu kimi, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə “Təhsilin sahəsinin İnkişafı üzrə Dövlət Strategiyası” təsdiq olunmuşdur. Təhsil Şurası nizamnaməsinə uyğun olaraq “Təhsil sahəsinin inkişafı üzrə Dövlət Strategiyası”na Dəstək” Proqramı hazırlamışdır. Proqramda nəzərdə tutulanlanlar üzrə müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, İsmayıllıda, Şirvanda, Lerikdə, İmişlidə ucqar məktəblərin problemləri, eləcə də qabaqcıl məktəblərin iş təcrübəsi öyrənilmiş, “Təhsil və zaman” qəzetində dərc olunaraq Respublikaya yayılmışdır. Qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilməsi istiqamətində də xeyli iş görülmüşdür. Bu, daha çox Bakı məktəblərinin müəllimlərini əhatə etmişdir. Ə.Ağayev iş təcrübəsi öyrənilərək yayılan müəllimlərdən Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi Şəcahan Ramazanovnın, 318 saylı tam orta məktəbin kimya-biologiya müəllimi Şirin Məmmədovanın, 164 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Qafilə Əliyevanın, 240 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Pəri Qasımovanın, 239 saylı tam orta məktəbin biologiya müəllimi Nübar Qayıblının, Şuşa şəhər Təhsil Şöbəsinin metodisti Əyyub Şirlanlının adlarını qeyd etdi. Söylədi ki, müəllimlərin və məktəblərin iş təcrübəsinin öyrənilməsi sahəsindəki fəaliyyət davam etdirilir.
Əjdər Ağayev daha sonra qeyd etdi ki, Təhsil Şurasının əməkdaşları Şuranın “Region məktəbləri ilə tanışlıq” layihəsi çərçivəsində Lerik, İmişli, Hacıqabul, Bərdə rayonlarının, Şirvan, Şuşa şəhərlərinin məktəblərində təlim-tərbiyə işinin mövcud vəziyyəti ilə tanış olmuşlar. Bundan başqa döyüş bölgəsində yerləşən bir sıra məktəblərin fəaliyyəti öyrənilmiş və qəzetin səhifələrində işıqlandırılmışdır.
Ə.Ağayev Təhsil Şurasının müəllimlərin elmi-nəzəri, metodiki hazırlıqlarını yüksəltmək məqsədilə “Elektron Tədris Resurslarının hazırlanması və tətbiqi qaydaları” mövzusunda keçdiyi təlimlər barəsində də bəhs etdi. Vurğuladı ki, bu təlimlərdə müəllimlər həvəslə iştirak etmiş, təlimlərin öyrədicilik mahiyyətindən razılıqlarını bildirmişlər.
İclasın gündəliyindəki sonuncu məsələ Təhsil Şurasının “Təhsil və zaman” qəzeti ilə birgə keçirdiyi “Ən yaxşı məqalə” müsabiqəsi qaliblərinin rəğbətləndirilməsi oldu. Müsabiqənin nəticələri ilə bağlı məlumat verən Əjdər Ağayev bildirdi ki, müəllimlər bu müsabiqəyə maraq göstərmiş və qəzetin səhifələrində diqqətçəkən məqalələrlə çıxış etmişlər. Lakin təqdim olunan məqalələrin əksəriyyəti müsabiqənin şərtlərinə cavab verməmişdir. O, müsabiqədə qalib gəlmiş Bakı şəhəri 264 saylı məktəb-liseyin müəllimi İlahə Mehdizadəni, 30 saylı tam orta məktəbin müəllimi Şəhla Mirzəyevanı, Cəbrayıl rayon 6 saylı tam orta məktəbin müəllimi Raqif Şirinovu, Cəlilabad şəhər 8 saylı məktəb-liseyin müəllimi Ülviyyə Əliyevanı, Kürdəmir şəhər 3 saylı tam orta məktəbin müəllimi Günəş Xudiyevanı, Şəki şəhər 11 saylı tam orta məktəbin müəllimi Fizuli Adışırinovu diplomla təltif etdi.
Təhsil Şurasının Mətbuat və İctimaiyyətlə Əlaqə Mərkəzi
No comments:
Post a Comment