Bu yazı Bakı şəhəri 162 nömrəli tam orta
məktəbin kimya müəllimi Mahirə Nuriyevanın iş təcrübəsindən bəhs edir.
Kimya qarşımızda dünyanın minbir rəngli,
möcüzəli aləminin qapılarını açır. Kimya şagirdlərə birgə mübarizə aparmaq,
birlikdə nəticəyə gəlmək, kollektiv fikrə ehtiramla yanaşmaq hisslərini
aşılayır. Kimya şagirdlərdə özünəinam, güc hissləri, dramatik vəziyyətlərdə
davranmaq bacarığı və nə qədər dramatik olsa da, əldə olunan qələbənin bəxş
etdiyi lirik duyğuların yaranmasına yol açır. Bakının Səbael rayonundakı 162
nömrəli tam orta məktəbin kimya müəllimi Mahirə Nuriyevanın 7-ci sinifdə apardığı
“Yanma, yanacaqların səmərəli yandırılması” mövzusunda dərs məndə bu müstəsna
elm haqqında bu fikirlərin yaranmasına yol açdı. Mahirə Nuriyevanın izlədiyim
dərsərində bu istedadlı müəllimin nəzəriyyə və təcrübədən yaratdığı bir aləm
gözlərim önündə canlanırdı. Onun şagirdlərinin təsəvvüründə formalaşdırdığı
“Kimya şəhəri”, “Kimya aləmi”, “Kimya dünyası”nın hər birinin öz sakinləri var
idi. O, şagirdlərinin düşüncəsində kimyanın ecazkar sirlərindən yaratdığı bu
aləmdə bu elmə bir sevgi imarəti ucalda bilmişdi. Şagirdləri, dərsləri
izlədikcə bunu müşahidə etmək mümkün idi. Onun dərslərində kimyanın ən müasir
nailiyyətləri də, illərin, əsrlərin yaddaşından süzülüb gələn, kimyanı
zənginləşdirən elmi nailiyyətlər də yeni texnologiyaların tətbiqi fonunda həyata
keçirilir, bu elmi nailiyyətlərlə bərabər, dediyimiz kimi, dünyanın da minbir
rəngi canlanırdı. Bəli, məhz canlanırdı.