1.16.2014

HƏR BİR ANI BİR MƏNAYA ÇEVİRMƏYİ BACARAN MÜƏLLİM

HƏR BİR ANI BİR MƏNAYA ÇEVİRMƏYİ BACARAN MÜƏLLİM
Bu yazı Bakı şəhərindəki 318 saylı tam orta məktəbin və Bakı Modern Məktəbin kimya-biologiya müəllimi Şirin Məmmədovanın pedaqoji fəaliyyətinə həsr olunub. 
Hər bir dərs müəllimin yaradıcı əsəridir, deyirlər. Doğrudur. Amma müəllim yaradıcı dərsin ərəsəyə gətirilməsi üçün yaradıcılıq potensialına malik olmalı, şagird qəlbinin incəliklərini, onun arzu və istəklərini duymalı, ürəyi dərsin hər bir anı ilə döyünməli, hər məqamı bir mənaya çevirməyi bacarmalıdır. Əldən verilən an bir daha geri qayıtmayacaqdır. Məhz həmin anların dəyərini bilən, dəqiqələri, saniyələri belə öyrənmək üçün mühüm amilə çevirən müəllim təlimdə nailiyyətlər əldə etməyə qadir ola bilər.
Müəllimin yaradıcılıq imkanları dərsi yüksək öyrədicilik səviyyəsində qurmağa imkan verir. Şagirdin yalnız keçilən mövzunun mənimsəməsinə deyil, eyni zamanda mövzu ətrafında maraqlı məlumatlar əldə etməsinə də imkan yaradır. Bakının Suraxanı rayonundakı 318 saylı tam orta məktəbin kimya-biologiya müəllimi Şirin Məmmədova da belə müəllimlərdəndir. Onu bir müddətdir ki, tanıyıram. Qəzetimizə “Kimyadan ümumiləşdirici dərs nümunəsi:Mendeleyevin dövri qanunu və kimyəvi elementlərin dövri sistemi” adlı məqalə təqdim etmişdi. Məqalə ilk baxışdan diqqətimi cəlb etdiyi üçün dərc etdik. Şirin müəllimlə redaksiyada şəxsən tanış olub, ətraflı söhbət edəndən sonra isə təcrübəli müəlimin iş təcrübəsi haqqında yazı hazırlamağı qərara aldım. Onunla söhbət edərkən qarşında həqiqi mənada bir müəllimin dayandığına əmin olursan. Bəs bu əminlik nədən yaranır? Müasir düşüncəlidir, eyni zamanda ənənəviliyə, mənəvi dəyərlərə qəlbən bağlı olan bir insandır. Geniş mütaliəsi var. Rəssamlıq qabiliyyətinə malikdir. İngilis və rus dillərində sərbəst danışır. Fəal texnologiyalardan bacarıqla istifadə edir. Müxtəlif ekoloji layihələrə qoşulur. Kimya-biologiya elminin inkişaf tendensiyalarını, dünyada bu fənnin tədrisi təcrübəsini izləyir və onları öz dərsinə ustalıqla tətbiq edə bilir...Bunu onun dərsində də, eləcə də dərsdən sonrakı söhbətimizdə də qətiləşdirə bildim. Onu da qətiləşdirə bildim ki, peşəsini sevən və onu dərindən bilən müəllim necə olursa-olsun şagirdi öyrədəcək. Yəni müəllimin təlim nailiyyətinin əldə olunmasının əsasında məhz peşəyə sevgi və öyrətmə istedadı dayanır. Müşahidə eydiyim dərs “Kimyəvi hadisələrin əlamətləri” mövzusunda idi. Məlumdur ki, istənlən bir fənnin mükəmməl mənimsədilməsi onun ibtidaidən yüksək səviyyədə tədrisindən asılıdır. Müəllim ilk dərslərdən başlayaraq şagirddə bu fənnə maraq da oyada bilər, onda ikrah hissi də yarada bilər. Şirin müəllimin tutduğu yol birinci yoldur. 318 saylı tam orta məktəbdə təchizatlı kimya kabineti, laboratoriya olmasa da Şirin müəllim istənilən mövzunun tədrisinə əyani-texniki baxımdan hazır vəziyyətdə gəlir. O, lazım gəldikdə özünün şəxsi vəsaiti hesabına əldə etdiyi reaktivlər və avadanlıqlar vasitəsi ilə dərsin öyrədicilik mahiyyətini yüksək səviyyəyə qaldıra bilir. Lazımi avadanlıqlar olmadıqda isə onların məişətdəki əvəzedicilərindən istifadə edir. Məsələn: elektriklə təcrübə aparmaq üçün sadə qurğunu batareya və naqillərdən istifadə etməklə qurur, indiqatorlar olmadıqda, müəyyən rəngli bitkilərdən istifadə edərək (qırmızı kələm, otaq bənövşəsi) - indiqator əldə edir. Hələ bir neçə ay bundan əvvəl də Şirin müəllimin dərsində olduğu kimi canlı, öyrədici kimya dərsi müşahidə etmişdim. Respublikanın əməkdar müəllimi Həqiqə Məmmədovanın verdiyi ustad dərsi həqiqi mənada böyük marağa səsəb olmuşdu. Amma fərqli cəhət burasındadır ki, Həqiqə müəllim təqdim etdiyi dərsi əyani-texniki vəsaitlərlə zəngin olan kabinetdə aparmışdı. Şirin Məmmədovanın dərsində diqqət çəkən, maraq doğuran məqamlar çox idi. Birinci məqam o idi ki, o, dərsi indi dövrümüz üçün mütərəqqi sayılan, təlim keyfiyyətinin yüksəldilməsinə, şagirdin diqqətini dərs prosesinə cəlb edən, eyni zamanda müəllimin yaradıcı işləməsinə, mənimsəmə faizinin yüksəlməsinə yol açan MİMİO lövhəsində aparırdı. Şirin müəllimlə dərsdən əvvəl aramızda olan qısa söhbəti xatırladım. O, deyirdi ki: “Şagirdlərdə yaranmış yüksək maraq fənnin sonralarda mənimsənmə keyfiyyətini xeyli artırır. Kimyanın tədrisinin əvvəlindən çox vacibdir ki, uşaqlar yeni öyrəndikləri elmin yalnız nəzəri bilikləri təsviredici tərzdə onlara çatdıran elm kimi yox, kimyanın - eksperimental, laboratoriya və ya məişət səviyyəsində aparılan onlarca çevrilmələr əsasında tədris olunan bir elm olduğunu görsünlər. Şagirdlərə bu elmin maraqlı, çətin və eyni zamanda əyləncəli olduğu izah olunmalı və bu məqamda müəllimin ilk dərslərdən müxtəlif təcrübə və eksperimentlər nümayiş etdirməsi məqsədəuyğundur.” Əslində Şirin Məmmədovanın bu fikriləri təlim keyfiyyətinin yüksəldilməsinə yönəlmiş fikirlərdir və dərs prosesində də bunun əyani şahidi oldum. Müəllim qeyd etdi ki çevrilmələrin iki növü var. Fiziki və kimyəvi çevrilmələr. Müəllimin bununla əlaqədar təqdim etdiyi sxem motivasiya üçün şərait yaratdı. – Uşaqlar, biz yağış yağacagını qabaqcadan təxmin edə bilərik?,-deyə sinfə sual etdi. Şagirdlər: - Göyün üzərini qara buludlar örtürsə, havada nəmişliyin faizi artırsa, hava soyuyursa, ildırım çaxarsa, qaranquşlar torpağa yaxınlaşaraq uçarsa və s. - cavablarını səsləndirdilər. - Doğrudur, bəs bütün bu sadaladıqlarınıza nə ad vermək olar? Onları necə adlandırmaq olar? - Əlamətlər – deyə şagirdlər yerbəyerdən dilləndilər. Müəllimin üzündə razılıq ifadəsi oxundu. Bu məqamda dərsin tədqiqat sualı formalaşdırılır: Bəs kimyəvi çevrilmələrin (yəni kimyəvi hadisə və ya reaksiyanın) baş verdiyini hansı əlamətlər bildirir? Dərsin sonrakı mərhələsində şagirdlər bu suala cavab vermək üçün dörd qrupa bölündülər.Əvvəlcə təhlükəsizlik qaydalarına əməl etmək şagirdlərin yadına salındı. Daha sonra hər qrupa bir təcrübənin aparılması həvalə olunaraq, kimyəvi reaksiyanın baş verdiyini bildirən əlamətin aşkarlanması tapşırıldı. Birinci qrup qurğuşun nitrat və kalium yodid arasında gedən reaksiyanı apardı. Nəticədə sarı çöküntünün alınması yeni maddənin əmələ gəlməsinə dəlalət etdi. İkinci qrupda şagirdlər ammonium xloridi və kalsium hidroksidi qarışdırıqdan sonra bir az qızdırdılar. Təhlükəsizlik qaydalarına əməl edərək sınaq süsəsindəki maddələr iylənildi. Xüsusi iy hiss olundu. Üçüncü qrup əvvəcə çay sodası və xlorid turşusu arasında gedən reaksiyanı apardı. Reaksiya nəticəsində sürətlə yaranan köpük, qazın əmələ gəldiyinə dəlalət etdi. Sonra isə şagird tərəfindən stəkandakı şəffaf əhəng suyundan nəfəs (karbon qazı) verilərkən, əhəng suyunun bulanması müşahidə olundu ki - bu da kimyəvi hadisənin baş verməsini bildirirdi. Dördüncü qrup isə müəllimin nəzarəti altında ammonium bixromat duzunu yandırdı və baş verən " vulkan" reaksiyası şagirdlərin böyük marağına səbəb oldu. Reaksiya gedişində onlar rəng dəyişməsi, alov və işığın görsənməsi, istiliyin ayrılması kimi əlamətləri müşahidə etdilər. Qruplar təcrübələrini ardıcıl olaraq nümayiş masasında icra edir və beləliklə, öz təcrübələrindən əlavə digər qrupların işini də izləyərək əlavə əlamətləri öz iş vərəqlərində qeyd edirdilər. Nümayişlər bitdikdən sonra yazılmış iş vərəqləri təqdim edildi və müəllimin iştirakı ilə müzakirə aparıldı, ümumiləşdirilib nəticələr çıxarıldı. Müəyyən olundu ki, kimyəvi reaksiyanın baş verməsini bildirən əlamətlər bunlardı: 1. Rəngin dəyişməsi 2. Çöküntünün alınması 3. Qazın əmələ gəlməsi 4. İyin çıxması 5. İstiliyin (işığın, alovun) ayrılması və ya istiliyin udulması. Müəllim yaradıcı tətbiqetmə üçün sonrakı mərhələdə şagirdlərə krossvord verdi: • 1.Mis məftili bir müddət alovda qızdırdıqda nə dəyişir? • 2. O – bəzi şəffaf məhlulları bir-birilə qarışdırdıqda yarana, daha sonra digər maddə təsirindən yox ola bilər. Söhbət nədən gedir? • 3. Tabaşiri turşuya atdıqda və limonadın butılkasını açdıqda oxşar nə baş verir? • 4. Bəzi maddələrin saxlandığı qabın ağzını açdıqda, o - «otaqda yayılır». • 5. Biz onu almaqdan ötrü evdə metan qazını, odunu, kömürü istifadə edirik. O nədir? • 6. Soyuducunun iş prinsipi, nanəli saqqız və ammonium nitratın suda həll edilməsi – sadalananların hamısında hansı eyni hadisə baş verir? • 7. Vulkan reaksiyası zamanı kimyəvi reaksiya baş verdiyini hansı əlamətlər bildirir? Sonda yaradıcı tətbiqetmə tapşırığının nəticələri ekranda qeyd olundu. Müəllim bütün mərhələləri nəzərə alaraq lövhədə asılan qiymətləndirmə meyarlarına əsasən şagirdlərin biliklərini qiymətləndirdi. Ev tapşırığı kimi, istənilən reaksiya əlaməti haqda animasiya və ya şəkillər, sxemlər vasitəsi ilə dərs resursu hazırlamaq tapşırıldı. Ümumiyyətlə dərs boyunca sinifdəki əməkdaşlıq mühiti, müəllim-şagird münasibətlərində hiss olunan qarşılıqlı ehtiram öz-özlüyündə təlim prosesinə müsbət təsir göstərirdi. Bu isə Şirin Məmmədovanın pedaqoji ustalığını səciyyələndirən xüsusiyyətlərdəndir. Bu təcrübəli gənc müəllim hələ pedaqoji fəaliyyətinin ilk çağlarından görkəmli pedaqoq Suxomlinskinin bu fikirlərini özü üçün həyat amalına çevirmiş, təlimə, tədrisə olan münasibətini xarakterizə etmişdir: “Təlim biliklərin müəllim tərəfindən şagirdə mexaniki ötürülməsi deyil, təlim ilk olaraq insani münasibətlərdir.” Haqlı yanaşmadır. Doğrudan da, təlimdə o zaman səmərəli nəticə almaq mümkündür ki, müəllim tədris etdiyi fənlə bərabər şagird qəlbinin bir parçasına çevrilə bilsin. Bəlkə də sizə təəccüblü görünəcək. Amma Şirin müəllim pedaqoji fəaliyyətinin ilk çağında bu nəticəyə nail ola bilib. Gəlin, bununla birlikdə tanış olaq. Bu gün əldə olunan nailiyyətlərin əslində hansı təməldən su içdiyini birlikdə izləyək: Şirin Məmmədova ( Sultanova ) 1974-ci il iyun ayının 24-də İsmayıllı şəhərində ziyalı ailəsində anadan olub. Atasını erkən yaşlarında itirən Şirin ixtisasca müəllim olan anasının himayəsində böyüyüb. Anasının hərtərəfli qayğısı altında orta məktəbi medalla bitirən Şirin, eyni zamanda musiqi məktəbini də başa vurub. 1992-ci ildə Bakı Dövlət Universitetinin kimya-biologiya fakültəsinə qəbul olub. Hələ tələbə ikən bitirdiyi İsmayıllı şəhər 1 saylı tam orta məktəbin Azərbaycan və rus bölməsində pedaqoji fəaliyyətə başlayıb. Məncə, Şirin Məmmədovanın müəllimliyə həvəsinin oyanmasında ailə mühiti, anası hansı rolu oynayıbsa, əsl müəllim kimi püxtələşməsində də İsmayıllı şəhər 1 saylı tam orta məktəbi həmin mahiyyəti daşıyıb. Qeyd edim ki, bu məktəb respublikanın pedaqoji ictimaiyyətinə yaxşı tanışdır. Bəlkə də şablon səslənər desəm ki, Şirin müəllim ilk gündən pedaqoji kollektivin və şagirdlərin dərin rəğbətini qazanıb. Amma fikrimi əsaslandırmaq üçün əlimdə tutarlı faktlar var. Birinci fakt ondan ibarətdir ki, məktəbə gəldiyi ilk gündən onu demək olar ki, hamı tərəfindən sanki "atılmış" , əsasən kasıb ailələrdən uşaqların oxuduğu, eyni zamanda təlimə laqeyd şagirdləri olan sinfə rəhbər təyin edirlər. Şirin müəllim sinfi böyük məmnuniyyətlə qəbul edir. Düşünür ki, özünün həyat prinsiplərinə sadiq qalmaqla bu sinifdə yüksək nəticələr əldə etmək mümkündür. Bu prinsip isə qeyd etdiyim kimi, təlimdə humanizm prinsiplərinin yüksək səviyyədə təmin olunmasıdır. Elə Şirin Məmmədovanın ilk rəhbəri olduğu sinifdə şagirdlərin biri ilə baş vermiş hadisə də müəllimin öz yetirmələrinə olan humanist münasibətin nəticəsi kimi dəyərləndirilə bilər. Təsadüfi deyildir ki, o, qısa bir zaman ərzində öhdəsinə götürdüyü sinfin göstəricilərini yüksəltməyə nail olub. Bu sinfin şagirdləri respublikanın nüfuzlu ali məktəblərinə qəbul olublar. Onlardan biri də Elşad Hacıyev idi. Elşad kasıb ailənin övladı idi. Hətta dərslikləri almağa, kitab-dəftərlərini yerləşdirməyə çanta almaq üçün pulları belə olmurmuş. Şirin müəllim Elşadın savadlı bir şagird olduğunu hiss edir, onun dərsliklər əldə etməsinə, dərsdən sonra hazırlaşmasına nail olur. Elşad müəlliminin etimadını doğruldur. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsinə qəbul olur. Lakin Elşad dünyadan nakam köçür. Bir müddətdən sonra bunu eşidən Şirin müəllim sarsılır. Sonralar məlum olur ki, Elşad həm də şeir yazırmış. Ölümündən sonra oxuduğu İsmayıllı şəhər 1 saylı tam orta məktəbdə nakam gəncin “Nakam şairin şeirləri” kitabının təqdimatı keçirilir. Təqdimatda çıxış edən Elşadın atasının sözləri hamını təsirləndirir. O, çıxışını Şirin müəllimə minnətdarlıq üzərində qurur və deyir ki, o, bir ata kimi oğlunu ya ədəbiyyatçı, ya da riyaziyyatçı kimi görürmüş, Şirin müəllimin kimya-biologiyaya oyatdığı maraq Elşadın həkimlik peşəsini seçməsinə səbəb olur. Amma Şirin müəllim Elşadda və həmin sinfin digər şagirdlərində yalnız müxtəlif peşələrə maraq oyatmaqla kifayətlənmişdimi? Yox. O, həmin sinifdə əsl insani dəyərlərə malik olan şəxsiyyət hazırlamağa nail olmuşdur. Biz başqaları deyil, ancaq Elşad haqqında danışırıq. Elşad şeirlərindən birini də sevimli müəlliməsinə həsr edibmiş. Amma həmin şeir onun əlyazmaları arasından tapılmır. Şirin müəllim Elşadın atasının bu sözlərini göz yaşları ilə dinləyir. Sevimli şagirdinin acı taleyindən mütəəssir olur. Şirin müəllim üçün dərs həmişə həyatın özü olub. Əgər o, kimya-biologiya müəllimi deyil, ədəbiyyat, fizika, rəsm müəllimi də olsaydı, bu prinsipinə sadiq qalacaqdı. O, dərsin verdiyi imkanlardan, özünün həyat təcrübəsindən çıxış edərək həyat reallıqlarını sinifə, sinfi isə həyatın qoynuna daşımağı bacarır və bu vəhdətdə elə həyatın özünə bənzəyən, həyatdan su içməyə nail olan dərs qura bilir. Şirin müəllim gəncdir, enerjilidir. Biz hələ çox nailiyyətlərini eşitmək ümidindəyik. Tərcümeyi haldan sətirlər... Şirin müəllim İsmayıllı şəhər 1 saylı tam orta məktəbdə fəaliyyətinin ilk vaxtlarından mütəmadi olaraq kimya- biologiya gecələri, ekskursiyalar təşkil edib. 2002 -2003 dərs ilində, məktəb İKT ilə təhciz olunduğu vaxtda, İsmayillı rayon təhsil şöbəsinin göndərişi ilə Azərbaycan Müəllimlər İnstitutunda 1 illik kursdan keçərək, o vaxt üçün yeni olan komputer texnologiyaları ilə dərs qurmaq bacarığına yiyələnib. Bir müddət sonra ailə qurması ilə əlaqədar Bakıya gələn Şirin müəllim fəaliyyətini XXI əsr Ümumi məktəb və bağça kompleksində və Bakı Türk Dəyanət Vəqfi liseyində davam etdirib. AMEA-nın Botanika institutunun biokimya kafedrasının dissertanturasına qəbul olunub elmi iş üzərində tədqiqat aparıb. 2007 -ci ildən eyni zamanda 318 saylı tam orta məktəbdə işləlməyə başlayıb. 2010- cu ildə “Ekologiya ili” çərçivəsində 318 sayli məktəbdə təşkil etdiyi "Ekologiya ilində hər kəsdən təbiətə bir töhvə" adlı elmi - yaradıcılıq gecəsinə görə Təhsil Nazirliyinin diplomu ilə təltif olunub. Şirin müəllim analıq məzunuyyətində olduğu vaxtlarda da təhsildə baş verən bütün yenilikləri izləyir, öz peşəkar inkşafı barədə düşünürdü. Nəticədə 2012- ci ildə Təhsil nazirliyinin keçirdiyi Elektron təhsil musabiqəsinin "İKT vasitəsi ilə qurulan ən yaxşı dərs metodikası" nominasiyasinda " Virtual kimya laboratoriyasindan istifadə - kimya fənninin effektiv tədris üsuludur" adlı işi ilə qaliblərdən biri olub. Elə həmin ildən etibarən Şirin müəllim işə qayıdıb və bir çox təlimlərdə iştirak edib. “Başqalarını öyrədərək ustalaşıram” prinsipi ilə fənn kurikulunlarının tətbiqi üzrə təlimçiliyə başlayıb. Mətbuatda metodiki yazılarla çıxış edir. Şagirdləri ilə birlikdə respublika və beynəlxalq səviyyəli layihələrdə iştirak edir. Hazırda Bakı Modern Məktəbin və 318 saylı tam orta məktəbin kimya- biologiya müəllimidir.
Böyükağa MİKAYILLI

No comments:

Post a Comment