Nəsimi rayonundakı 240 saylı tam orta məktəbin müəllimi Pəri Qasımova haqqında olan bu yazı “Təhsil və zaman” qəzetində dərc olunub...
Hər bir fəaliyyətin əsasında ideya, hər bir ideyanın əsasında isə yenilik dayanır. Fəaliyyət o zaman özünün müsbət nəticəsini verir ki, yeniliklərlə müşaiyət olunsun, müasirliyə söykənsin. Təhsil elə bir sahədir ki, burada qabaqcıl ənənələrə, yeniliklərə istinad etmədən fəaliyyəti günün tələbləri səviyyəsində qurmaq mümkün deyil. Mən uzunmüddətli müşahidələrim nəticəsində yenilikçi fəaliyyəti özünün iş prinsipinə çevirən çox müəllimlər tanımışam. Və təqdirəlayiq hal hesab edərəm ki, yenilikçi kimi tanıdığım müəllimlərin hər birinin digərindən fərqli olan cəhətlərini müşahidə etmişəm. Hər birində digərinə bənzməyən məqamların şahidi olmuşam. Pəri müəllimi tanıyanda onun necə bir müəllim olması haqqında heç bir məlumatım yox idi. İçtimai fəallığı, təlim kurslarında mütəmadi olaraq iştirakı, qəzetlərdə çıxış etdiyi
məqalələrlə diqqətimi cəlb etmişdi. Elə bu məqamlar da məni onunla yaxından tanış olmağa sövq etdi. Və bir gün Pəri müəllimin 3-cülərlə birgə təşkil etdiyi tədbirə qatıldım. Abduləzizov Əli, Abdulrəhimli Hüseyn, Abdulzadə Rəhimə, Ağayev Elman, Cəfərov Nurlan, Dadaşzadə Əsmər, Dadaşov Malik, Eyvazlı Nicat, Fərzəliyev Elnur, Həzərxanlı Həsənxan, Qafarova Röya, İsmayilzadə Səbinə, Məhərrəmov İbrahim, Məhərrəmli Vüsalə, Mirzəxanova Xanım, Muradov İbrahim, Nuriyev Tofiq, Ocaqlı Türkan, Paşayev Nihad, Pirverdi Reyhan, Səmədzadə Murad, Tanrıverdiyeva Nəzrinin məharətli çıxışları hər bir iştirakçının qəlbini fəth etdi. Elə bununla da həm Pəri müəllim, həm də onun yetirmələri ilə aramızda səmimi ünsiyyət yarandı. Qeyd etdiyim tədbir Heydər Əliyevin 91 illiyinə həsr olunmuşdu. Onlar tədbirə maraqlı ad seçmişdilər: “Çağla, Heydər dühası”. Tədbir vətənpərvərlik duyğularının şagirdlərə aşılanması prinsipi üzərində qurulmuşdu. Onlar qısa müddət ərzində vətənpərvərlik hisslərinə sahib olduqlarını nümayiş etdirməklə yanaşı, həm də özlərinin ahəngdar nitqləri, səhnə mədəniyyətləri, kollektiv çıxış etmə bacarıqları ilə diqqət mərkəzində dayandılar, müəllimlərinin etimadını doğrultdular. Əslində 3-cü sinif səviyyəsində bu mühüm mövzuda tədbir təşkil etmək müəllimdən ikiqat məsuliyyət tələb edir. Müəllim birincisi meydana qoyduğu mövzuya şagirdlərində maraq və məhəbbət oyatmalı, sonra isə şeir, mahnı əzbərlətməli, uşaqları çıxış etməyə hazırlamalıdır. Pəri müəllim buna nail ola bilmişdi.Pəri müəllimin dərslərini də onun təşkil etdiyi tədbirlər kimi rəngarəng gördüm. Bu bir aksiomadır ki, müəllimin təlimdə əldə etdiyi uğurun əsasında birinci növbədə tədris etdiyi fənnə və özünə qarşı məhəbbət oyada bilmək bacarığı dayanır. Mən bu məhəbbəti şagirdlərin baxışlarından elə ilk andaca hiss etmişdim. Müəllim sinifdə bir günəş olmalıdır ki, hər bir şagirdinin qəlbini isidə, orada elm, mərifət odunu alovlandıra bilə. Pəri müəllimin şəxsində müşahidə etdiyim ən mühüm cəhət bu idi desəm, yanılmaram. Bu cəhəti bütün dərs boyu müşahidə etməyim müəllimin şagirdlərinin təliminə nə qədər önəm verdiyini deməyə əsas verir. O, sanki hər bir şagirdinin qəlbinə onların gələcək arzularının rəsmini həkk edirdi.
Onun üçün hər bir mövzu, hər bir dərs həyatın bir anı anlamındadır. Hər bir mövzunu, hər bir mövzunun içindəki bir məqamı hansısa mühüm bir həyat hadisəsi ilə əlaqələndirmyi bacarır Pəri müəllim. Məsələn, “Təqvim” mövzusunun tədrisində mövzunun verdiyi imkanlardan istifadə etməklə, müəllim təqvimimizdəki əlamətdar günlərlə bağlı uşaqlara suallar verdi. Bununla da uşaqların diqqətini Azərbaycan tarixinin əlamətdar günlərinə, eyni zamanda yaşadığımız faciəvi zamanlara yönəltdi. Həmin tarixlər haqqında qısa da olsa məlumat verməklə riyaziyyat dərsində inteqrativ öyrənmə mühiti yaratdı. Daha sonra isə şagirdlər qruplarla işə clb olundular. Hər bir qrupun təqdimatı maraqlı epizodlarla yadda qaldı. Müəllimin məqsədi təqvim, tarix, zaman anlayışlarının şagirdlərin yaddaşında mexaniki olaraq saxlanılmasına deyil, onların mənəvi dünyasına təsiri imkanlarının genişləndirilməsinə yönəlmişdi. Hər bir uşaq nəticə olaraq anlayıdı ki, vaxtını düzgün nizamlamalı, qənaət etməyi bacarmalı, həyatının hər bir anından səmərəli istifadə etməyə alışmalıdır. Qrupların təqdimatı həm də şagirdlərin özlərinin qurduqları və digər qruplara ünvanladıqları məsələlərlə də yadda qaldı. Bu məsələlər elə tərtib olunmuşdu ki, həm mövzunun mənimsənilməsinə, həm də bilikərin möhkəmləndirilməsinə əsaslı olaraq xidmət edir, dərsin əvvəlində yaradılmış motivasiyanın izlənməsini təmin edirdi. Bəzən mənə el gəlirdi ki, riyaziyyat dərsində deyiləm, həyat həqiqətləri ilə sintez olunmuş, rəqəmlərin dil açdığı, qeyri-adi səslərin hekayət söylədiyi maraqlı bir tamaşanı seyr edirəm. Bu, növbəti dərsdə- Azərbaycan dili dərsində də beləcə davam etdi. Əslində Azərbaycan dili dərsinə başlayanda Pəri müəllimin ana dilinə məhəbbət hisslərini necə qoyacağı məsələsi məni çox maraqlandırırdı. Həmişə ana dili dərslərində buna xüsusi diqqət yetirirəm. Pəri müəllimin dil dərsinə xüsusi əhəmiyyət verdiyini əslində iştirak etdiyim tədbirdə sezmişdim. Bu barədə yuxarıda bəhs etmişəm. İndi onu deyə bilərəm ki, bu dərsdə sualların qoyuluşu cavabların məntiqi əsaslı olmasını təmin etməklə dilin təfəkkürə yazılmasına hesablanırdı. Doğrudur, hər kəs öz ana dilində daha yaxşı danışır, daha yaxşı düşünür. Amma uşaqlıqdan ana dilinin mənəviyyatın, dilin inkişafıetdiriciliyi aspektində təlqin olunması təkcə dilin mükəmməl qavranılmasına deyil, onun ruha nüfuz etməsinə şərait yaradır. Dilin bu səviyyədə qavranılması ümumən bütün fənlərin daha mükəmməl dərkinə yol açır. Odur ki, ana dili dərslərinin mükəmməl tədrisi bütün elmlərin dərk olunmasının fövqündə dayanır. Şagirdlərin cavabları müstəqil olaraq, məntiqlə cavablandırması da dediklərimə sübut ola bilər. Qeyd edim ki, Pəri müəllimin sinfində ingilis dili dərsini də müşahidə etdim. Vəfa Həsənovanın apardığı dərsdə yaratdığı əməkdaşlıq mühiti, vahid ideya ətrafında birgə işləmək bacarıqları xarici dilin tədrisində mühüm amil kimi diqqəti cəlb edir. Sinif bütünlüklə mövzu ətrafında fəaliyyətə cəlb olunmuşdu. Əslində bu sinifdəki şagird fəallığının əsasında həm də fənn müəllimlərinin birgə işinin nəticəsinin də dayandığını söyləmək olar. Bu dərsdə də inteqrasiya, mükəmməl əməkdaşlıq mühiti, fərdi yanaşma, sərbəst fikir söyləmək bacarığı, yaradıcı yanaşma, təhliletmə qabailiyyətini müşahidə etdim. Və belə qənaətə gəldim ki, müəllimilərin birgə fəaliyyəti, sinifin ümumi vəziyyətini birgə dəyərləndirib qərar qəbul etməsi şagirdlərin bütün fənlərə eyni dərəcədə maraq göstərməsinə zəmin yaradır. Qısaca desək, sinfin bütün şagirdlərinin bütün fənlərə eyni dərəcədə marağı təmin olunub.
“Həyat bilgisi” dərsini dinləyərkən də bunun şahidi oldum. Pəri müəllim riyaziyyat və Azərbaycan dilindən öyrətdiklərini sanki həyat bilgisinin həyat dərsləri ilə tamamlayırdı. O, sanki öyrədirdi ki, riyaziyyatı da, ana dilini də, ingilis dilini də mükəmməl öyrənmək olar. Amma bu biliklər o zaman özünün səmərli nəticəsini verər ki, insan daxilində vətənpərvərlik duyğuları ilə yaşasın, vətənini, dilini, mədəniyyətini, adət-ənənələrini sevsin, insanlara rəğbətlə yanaşsın, dostluğa, halallığa ehtiram bəsləsin, yurdunun layiqli vətəndaşı səviyyəsində yetişə bilsin.
Pəri müəllimin dörd dərsini müşahidə etdim. Əlbəttə ki, bir müəllimin dərsi haqqında fikir yürütmək üçün bu kifayət deyil. Amma hər halda Pəri müəllim bu dörd dərsində həyatın bir modelini yaratmağa nail oldu. Həm də kiçik modelini yox, özündə böyük məna ifadə edən modelini yaratdı. Bu model müasir Azərbaycan müəlliminin təqdim edə biləcəyi bir model idi. Orada bəşəri duyğular doğma vətənə məhəbbətlə təlqin olunurdu. Orada mənə aydın oldu ki, bir müəllim öz şagirdinə ən ali duyğuları, ən dərin bilikləri aşılaya bilər. Yetər ki, buna daxili istək olsun. Pəri müəllimdə olduğu kimi...
Böyükağa MİKAYILLI
Pəri Qasımovanın ömür yolundan sətirlər...
O, 1979-cu il avqust ayının 15-də Qərbi Azərbaycanın Alaverdi rayonunda qulluqçu ailəsində anadan olub. 1996-cı ildə Nəsimi rayonu 19 saylı tam orta məktəbi əla qiymətlərlə bitirib. 1997-ci ildə Naxçıvan Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə qəbul olub. 2001-ci ildə həmin universiteti bakalavr pilləsi üzrə başa vurub. Elə həmin il müsabiqə yolu ilə Nəsimi rayonundakı 240 saylı tam orta məktəbə ibtidai sinif müəllimi təyin olunub. İşlədiyi müddətdə məktəb rəhbərliyinin, Nəsimi rayon İH-nin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin, həmkarlar komitəsinin təşəkkür və tərifnamələrini alıb.
Kurikulum mərkəzində riyaziyyat fənni üzrə işçi qrupunun üzvüdür. Riyaziyyat fənni üzrə Məktəb kurikulumunun hazırlanmasında iştirak edib. “Kurikulum” jurnalında, “Təhsil və zaman”, “Bakı təhsili”, “Azərbaycan müəllimi” qəzetlərində məqalələr, dərs nümunələri ilə çıxış edib.
Elektron dərs nümunələri Təhsil Nazirliyinin musabiqe.edu.az və edu.mimio.az saytlarında yerləşdirilib. 2011-2012-ci tədris ilində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi seçilib.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm” yazı müsabiqəsində diploma layiq görülüb.
Pəri müəllimin atası Qasımov Vaqif Bakı şəhəri Nəsimi rayonu 111 saylı tam orta məktəbin qabaqcıl coğrafiya müəllimi, eyni zamanda Nəsimi rayonunda Dairə Seçki Komissiyasının sədridir. Anası Qasimova Ülkər Bakı şəhəri 19 saylı tam orta məktəbin ibtidai sinif müəllimidir.
Kurikulum mərkəzində riyaziyyat fənni üzrə işçi qrupunun üzvüdür. Riyaziyyat fənni üzrə Məktəb kurikulumunun hazırlanmasında iştirak edib. “Kurikulum” jurnalında, “Təhsil və zaman”, “Bakı təhsili”, “Azərbaycan müəllimi” qəzetlərində məqalələr, dərs nümunələri ilə çıxış edib.
Elektron dərs nümunələri Təhsil Nazirliyinin musabiqe.edu.az və edu.mimio.az saytlarında yerləşdirilib. 2011-2012-ci tədris ilində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi seçilib.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm” yazı müsabiqəsində diploma layiq görülüb.
Pəri müəllimin atası Qasımov Vaqif Bakı şəhəri Nəsimi rayonu 111 saylı tam orta məktəbin qabaqcıl coğrafiya müəllimi, eyni zamanda Nəsimi rayonunda Dairə Seçki Komissiyasının sədridir. Anası Qasimova Ülkər Bakı şəhəri 19 saylı tam orta məktəbin ibtidai sinif müəllimidir.
Çox sağ olun Teşekkürler. Var olun!
ReplyDeleteDeyerli insanlara derin teşekkürler
ReplyDelete