Hələ XIII əsrdə ustad Yunus Əmrə deyirdi ki, ELM – ÖZÜNÜ BİLMƏKDİR. Bu ifadənin çox dərin mənası var. Axı elm öyrənmək təkcə qrammatik qaydaları bilmək, hesablama aparmaq, təbiət qanunlarına bələd olmaq, yaxud tarixi araşdırmaq deyil. Bəli, bunları bilmək vacibdir, lakin elmin təkcə bundan ibarət olduğunu düşünənlər yanılırlar. İnsan – özü bir elmdir. Dünyadakı bütün insanlar biri-birilərinə bənzədikləri qədər də fərqlənirlər. Hər insan bir yeni dünyadır, bir yeni elmdir və kəşf edilməsini gözləyir. Bu dünyanın öz qanunauyğunluqları, xüsusiyyətləri var. Lakin başqa “dünya”ları öyrənməzdən qabaq hər kəs ən əvvəl özünü – iç dünyasını tanımalıdır. Buna kiçik yaşlardan başlamaq məsləhətdir. İnsanı öyrənməyin yolu isə kitablardan keçir.
Tərbiyənin təməli qoyulandan uşaqlarda kitaba, ədəbiyyata maraq oyatmaq lazımdır. Bəzi valideynlər, təəssüf ki, uşaqlarla vaxt keçirməkdən, ünsiyyətdə olmaqdan qaçır, onlara saatlarla televizor, telefon və kompyuterlə vaxt keçirməyə icazə verirlər. Can qurtaran bu üsulla övladlarına əslində pislik etdiklərinin fərqinə varmırlar.
Bəli, indi sürətli internet əsrində yaşayıriq. İnformasiya elə sürətlə təzələnir ki, bir neçə saniyə əvvəlki məlumat artiq köhnəlmiş sayılır. Bu “dar macala” uyduğumuzdan ELM dediyimiz biliyin yalnız zahirinə, qabığına bələd olmağa vaxt tapırıq. Onun özəyinə - İNSANa çatmırıq, onu anlamaqdan və öyrənməkdən uzaq düşürük.
“Vaxt qızıldır.” Bu ifadəni çox eşitmişik. Bir anlıq həyatımızı, ömrümzü pul kimi təsəvvür edək. Orta hesabla, 60-70 illik bir ömür… Onu xərcləyə-xərcləyə gedirik. Bəs biz VAXT adlanan bu “pulu” nəyə xərcləyirik?! Ciddi düşünsək, görərik ki, həqiqətən dəyrli olan çox az şey alırıq bu vaxt-pula. Belə çıxır ki, Tanrının bir lütfü olan ömür payımızla çox israfçı davranırıq, onu dəyərli edəcək çox az iş görürük. Halbuki boşa xərclənən qızıl vaxtı elə qızıla da çevirmək olar… Axı həyat insana bir dəfə verilir. Bizim yaşayıb təcrübə yığmaq və ikinci həyatda bu təcrübədən yararlanmaq kimi bir şansımız yoxdur. Atdığımız addımların nəticələrini əvvəldən görə bilmək, ən azından ehtimal etmək, həyatın qarşımıza çıxardığı çətinlik və təhlükələrdən daha az zərərlə çıxmaq üçün və həyata bələd olmaq üçün bir yol var: Həyatı kitablardan öyrənmək. Fərqli taleləri, müxtəlif xasiyyətli insanları, ayrı-ayrı adət və ənənələri göstərəcək kitablardan…
Albert Eynşteyndən soruşurlar ki, uşaqlarımızı necə daha ağıllı edə bilərik? Onun cavabı sadə və müdrik olur: “Əgər istəyirsinizsə, uşaqlarınız ağıllı olsun, onlara nağıl oxuyun. Əgər onların daha ağıllı olmasını istəyirsinizsə, onlara daha çox nağıl oxuyun.” Sizcə, elm dünyaşının nəhənglərindən olan Eynşteyn niyə belə demişdi?! Çünki nağıllar ədəbiyyatın bağ-bağçası, güllü-çiçəkli çəmənliyidir. Nağıllarda həyat gözəldir, pakdır, ədalətlidir. Və həmişə xeyirin şər üzərində qələbəsidir.
Bir misal çəkim. Oğlumun 3-4 yaşı olanda ailəliklə axşamlar Samanyolu TV-dən kiçik həyat hekayələrindən bəhs edən qısa filmlərə baxırdıq. Oğlum bu kanalı sevmirdi, onu “pis kanal, ağlamaq kanalı” adlandırırdı, bir müddətdən sonra isə ümumiyyətlə baxmaqdan imtina etdi. Mən o zaman anladım ki, körpələri, azyaşlıları ancaq pozitiv və işıqlı hadisələrlə əhatə etmək lazımdır ki, onlar həyatdan qorxmasınlar. Uşaqlara nağıl oxumaqla valıdeynlər onlarda həyatın ədalətli olmağına inam yaratmış olurlar. Uşaqlar inanırlar ki, balaca Cırtdan öz zəkasıyla nəhəng, amma axmaq Divin öhdəsindən gələ bilər. Körpə çəpişləri acgöz canavardan qoruyan tapılacaq. Beləcə onlarda mütaliəyə sevginin ilk pöhrələri cücərmiş olur. Bu məqamda onu da mütləq qeyd edim ki, övladında kitaba məhəbbəti yalnız kitabı sevən valideyn oyada bilər.
Tərbiyənin əsası, təbii ki, ailədə qoyulur. Valideynlərin uşaqların özülünə, bünövrəsinə qoyduqları ilk “daşlar” çox önəmlidir, axı təməli əyri qoyulmuş binadan gələcəkdə yaxşı bir şey gözləmək olmaz. Bu zaman şəxsi nümünəni də yaddan çıxarmayaq, çünki uşaqlar ilk yaşlarında valideynlərini, demək olar ki, təqlid edirlər. Ona görə də valideynlər çöx diqqətli olmalı, nəzərə almalıdırlar ki, uşaqlardan tələb etdiklərinə özləri əməl etmədikdə bu mənzərə çox acınacaqlı görünür.
Fikrimcə, tərbiyə prosesində uşaqlara ilk aşılanmalı olan hiss ədalət və vicdan duyğusudur. Valideynlər evdə böyüklərlə hörmət, kiçiklərlə mərhəmət və ədalətlə davransalar, bu, uşaqların da yaddaşında belə qalar. Görkəmli rus pedaqoqu Suxomlinski deyirdi ki, yeniyetmələrin əxlaqi siması uşaqlıq illərində necə tərbiyə olunmasından, anadan olandan 10-11 yaşına kimi onun qəlbinə nə qoyulmasından asılıdır. Bax elə bu dövrdən də uşaqların ədəbiyyatla müntəzəm əlaqəsini formalaşdırmaq lazımdır. Əgər valideyn övladının təlim-tərbiyəsinə önəm verirsə onun elm, bilik dünyasına, zəngin həyat təcrübəsi aləmi olan ədəbiyyata gedən yolunda ilk bələdçisi olmalıdır. Bu, ona görə vacibdir ki, valideynin yanında olmadığı vaxtlarda onun övladından, sözün əsl mənasında, kitablar muğayat olacaq, məsləhətə ehtiyacı olanda yardımına kitablar yetişəcək.
Kitabların, bədii ədəbiyyatın uşaqların təlim-tərbiyəsində rolu əvəzsizdir. Şifahi ədəbiyyatdan yazılı ədəbiyyata qədər nəhəng bədii sərvəti “ƏXLAQ XƏZİNƏSİ” də adlandıra bilərik. Hörmət, mərhəmət, məhəbbət, sədaqət, xeyirxahlıq, ədalət, ləyaqət və s. kimi insani dəyərlərin təbliğatçısı olan ədəbiyyat həqiqətən xəzinədir. Bu xəzinənin ən qiymətli mücəffəri isə MİLLİ ƏXLAQ və MİLLİ RUHdur.
Dahi M.F.Axundzadəyə görə də, xalqda milli şüuru inkişaf etdirmədən, milli ləyaqət və vətənpərvərlik hissi aşılamadan onu mədəniyyət yoluna çıxarmaq olmaz. Bu, çox doğru fikirdir, çünki hər xalqın, millətin dünyaya fərqli baxış bucağı var. Bizim balalar ən əvvəl milli dəyərlərə sahiblənməli, sonra dünya mədəniyyəti ilə tanış olmalıdırlar.
İstər məktəbdə, istər ailədə mütaliəni təbliğ edərkən uşaqlara deyək:
“Ədəbiyyat sizi heç vaxt olmadığınız yerlərə apara bilər. Orada yaxşılar və pislər, zalımlar və mərhəmətlilər var. Qəhrəmanların yanında güclü olacaq, haqq və ədalət uğrunda döyüşəcəksiniz. Xəyallarınıza qovuşacaq, dünyanı addım-addım gəzəcək, sevinəcək, kədərlənəcək, sevəcək, nifrət edəcəksiniz. Bəzən həyatınız kitabdakından solğun görünəcək, bəzən isə yaşıdlarınızın necə faciələrdən keçdiklərini görüb yaşadığınız həyata daha artıq dəyər verəcəksiniz. Ən mühümü, yaşamağı öyrənəcəksiniz. İç dünyanıza enəcək, həyatdan nə gözlədiyinizə qərar verəcəksiniz. Enişli-yoxuşlu yollarda daha inamla addımlayacaq, ozlüyündə bir mübarizə meydanı olan həyata hazırlanacaqsınız. “
Uşaqlara təlqin etmək lazımdır ki, mütaliəyə sərf olunan vaxt onlara verilmiş cəza saatı deyil, əksinə, bir istirahət zövqüdür. Kitablar keçmişə və gələcəyə qapıdır. Bu qapılardan keçmədən kamilləşmək olmaz. İlk mərhələlərdə mütaliə zövqünü formalaşdıranadək üşaqların böyüklərlə - müəllimləri və valideynləri ilə məsləhətləşməsi gərəkdir. Bu, vərdiş halını aldıqdan sonra onları bir qədər sərbəst buraxmaq olar. Vaxtaşırı nitq və təhlil qabiliyyətlərində müsbət dəyişikliklərin olmasını, söz ehtiyatlarının artmasını, fikirlərini daha sərbəst ifadə etdiklərini uşaqların diqqətinə çatdirmaq onları daha da həvəsləndirəcək.
Uşaqlar bizim gələcəyimizdir. Çalışaq oxusunlar, həm də çox oxusunlar ki, kitablar onlardan milli ruhlu, vətənpərvər, saf niyyətli, qürurlu, savadlı şəxsiyyətlər yoğursun!
Təhminə ƏSGƏRLİ
Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ədəbiyyat müəllimi
No comments:
Post a Comment