2.10.2015

Xəlil Rza Ulutürkün publisistikasına dair

Milli  ədəbiyyatımızın   tərkib  hissələrindən  biri  kimi  publisistikanın  da  özünəməxsus  cəhətləri  vardır. Geniş  mənada  ifadə  etsək, siyasi    ictimai  həyat  məsələlərini  işıqlandıran  ədəbiyyat  növü  kimi  publisistika  eyni zamanda  cəmiyyətin  həyatına  həsr  olunan  kəskin, mübariz  ruhlu  ictimai – siyasi    elmi ədəbiyyatdır.

      Tarixi  proseslər  göstərir  ki, publisistika  sosial  təkamülün  mühüm  mərhələsində  (inqilablar, azadlıq  mübarizəsi, milli  istiqlaliyyət  uğrunda  mübarizə  və s.)  daha  da  inkişaf  edir. Çünki  belə  hallarda  xalqın  siyasi  mübarizəyə  ruhlandırılması  ön  plana  keçir, vətəndaşlıq  və  vətənpərvərlik  ruhu  daha  da  güclənir. Ədəbi  janr  kimi  XIX  əsrin  ortalarında  inkişafa  başlayan  milli  publisistikamızın  yaranması  M.F.Axundovun  adı  ilə  bağlıdır. ``Əkinçi``  və  ``Molla Nəsrəddin``  kimi  jurnalların  səhifələrində, H.B.Zərdabi,  C.Məmmədquluzadə, N.Nərimanov, F.B.Köçərli, M.S.Ordubadi  kimi  ədiblərin, daha  sonralar  C.Cabbarlı, S.Vurğun, R.Rza  və  digər  bu  kimi  şair  və  yazıçıların  ədəbi  yazılarında  kəskin  və  mübariz  ruhlu  fikirlərə  daha  çox  təsadüf  olunmuşdur.
       Xalq  şairi  S.Vurğun  yazırdı:``M.F.Axundovdan  və  H.B.Zərdabidən  başlayan  Azərbaycan  publisistikası  ictimai  fikrin  inkişafı  tarixində  böyük  rol  oynamışdır.``  Diqqəti  cəlb  edən  cəhət  budur  ki, publisistika  formasında  yazılmış  əsərlərdə  real  və  xarakterik  faktlar  bədii  şəkildə  ümumiləşdirilir  və  siyasi  cəhətdən  mənalandırılır. Publisistikaya  məqalə, oçerk, ədəbi  məktublar, xatirlələr, gündəliklər, qeydlər  və  s. daxildir.
       Çağdaş    ədəbiyyatımızda  publisistika  bir  çox  şair  və  yazıçıların  əsərlərində  daha  da  inkişaf  etdirilmiş, mübariz, döyüşkən  və  cəsarətli   fikirlərlə  zənginləşdirilmişdir.
    Xalq  şairi  Xəlil  Rza  Ulutürkün  yaradıcılığında  da  bədii  publisistika  ədibin  yüksək  bəşəri  idealları  ilə  həmahəng  səslənir, siaysi  və  ictimai  məsələlər  xalqımızın  milli - mənəvi  dəyərləri, milli  müstəqilliyi, azadlıq  uğrunda  mübarizəsilə  yanaşı  şəkildə  oxucuya  çatdırılır. O, hələ  1960 – cı ildə  qələmə  aldığı ``Afrikanın  səsi`` şeirində  yazırdı:
Azadlığı  istəmirəm  zərrə - zərrə, qram – qram,
Qolumdakı  zəncirləri  qıram  gərək, qıram, qram!
Azadlığı istəmirəm  bir  həb kimi, dərman  kimi,
İstəyirəm  səma  kimi, günəş kimi, cahan kimi!
Çəkil, çəkil, ey  qəsbkar, mən  bu  elin  gur səsiyəm,
Gərək  deyil  sısqa  bulaq, mən  ümmanlar teşnəsiyəm!

Şairin  ictimai – siyasi  məzmunlu  və  vətənpərvər  şeirlərinə  yaxşı  bələd  olan  xalq  şairi  Bəxtiyar  Vahabzadə  yazmışdır:`` Əgər  məndən  soruşsalar  ki, Xəlil  Rza  sənin  üçün  kimdir? Onda  mən  böyük  iftixarla  deyərdim: - O, xalqımızın  vətənpərvər  oğlu, istiqlal  mücahididir. Bu  mənada  Xəlilin  şeirləri  həmişə  məni  düşündürmüşdür. Mənə  elə  gəlir ki, sənətkarın  qəlbinə  od, əlinə  fırça, ya  qələm  verən, onun  beynində  ocaq   qalayan  fikirləri, onu  narahat  edən  duyğuları, onu  qanadlandıran, yaratmağa  çağıran  diləkləridir. Bu  zaman  o özünü  yox, fikrini, amalını  görür, qəlbindəkiləri  eşidir. `` 
     Xəlil  Rza  Ulutürkün  milli  ruhla, ictimai – siyasi  proseslərlə  sıx  bağlı  olan  əsərləri  çoxdur. 80 – ci  illərin  sonlarında  xalq  azadlıq  hərəkatı  genişləndiyi  zaman  Xəlil  Rzanın  gur  səsi    Azərbaycanın  əksər  regionlarında  eşidilirdi. O, bütün  varlığı  ilə  xalq  hərəkatına  qoşulmuşdu  və  hər  yerdə  rus  şovinist  siyasətini, Dağlıq  Qarabağ  torpağına  təcavüz  edən  erməni  daşnaklarını  odlu – alovlu  çıxışları  ilə  ifşa  edirdi:
Biz  Türküstan  elləriyik,
Qeyrət, qüdrət  selləriyik.
Daşnakları qovan  bizik,
Dar  gözləri  ovan  bizik.
Şölə  versin  bu  ləl, mərcan,
Ermənisiz, Azərbaycan!
Şairin  ictimai – siyasi  mövqeyi, vətəndaşlıq  ideyaları  ən  çətin  anlarda  belə  onu  düzgün  əqidəsindən  döndərə  bilməmişdir. Hətta  8  ay  13  gün  keçmiş  SSRİ  DTK – nın  Lefortovo  təcridxanasında  saxlanılması  da   onun  mənəviyyatını  sarsıtmamış, əksinə, şair  istiqlal  mücahidi  kimi  milli  Manifestini  elan  etmiş, haqqın  təntənəsinə, millətinin  xoşbəxt  gələcəyinə  inamını  itirməmişdir. Onun  qələmə  aldığı `` Lefortovo  gündəliyi`` müasir  publisistikamızın  ən  nadir  incilərindəndir.
   Xəlil  Rza  Ulutürk irsinin  tədqiqatçısı, Azərbaycan  Milli  Elmlər  Akademiyası  Ədəbiyyat  institutunun  aparıcı  elmi  işçisi, dosent  Əlizadə  Əsgərlinin  şairin  yaradıcılığı  ilə  bağlı  söylədiyi fikirləri  bir  daha  xatırlatmaq  yerinə  düşər: `` Şair, filosof, mütəfəkkir  şəxsiyyət, milli  mücahid  Xəlil  Rza  Ulutürk  mənalı  həyatını  Azərbaycan  xalqının  milli – məfkurəvi  şüur  və  özünüdərkinin  inkişafına  sərf  etmiş, çətin  mübarizə  şəraitində  29  bədii  kitab  çap  etdirə  bilmişdir. O, tükənməz  enerji  ilə  lirik  şeirlər, poemalar, poetik  tərcümələr,  çoxcildli   gündəliklər, ədəbi – tənqidi  məqalə  və  monoqrafiyalar  yazaraq, filoloji  - publisistik  irsimizi  xeyli  zənginləşdirmişdir. Xəlil  Rza  Ulutürk 80 – cı  illərə  qədərki əsərlərində  ictimai  quruluşa, əsasən  lirik – epik  üsluba  diqqət  yetirirdisə, sonrakı  əsərlərində  cəmiyyətə  qarşı  üsyankar, inkarçı  şair  mövqeyinə  görə  həmin  üslub  güclü  publisistika  xüsusiyyətləri  və  patetik  intonasiya  doğurub. Şairin ictimai  etirazları  80 – cı  illərin  poeziyasında, əsasən  bir  məqama  tuşlanıb: Rus  sovet  imperiyası  və  beynəlxalq  imperializmin  ifşası.
  Xəlil  Rza  Ulutürkün  ``Davam  edir  37``, ``Vətən, ya  ölüm!``, ``Mən  şərqəm``, ``And  içirəm``, ``Mən  Azərbaycanam``, ``Kişi  bətni``, ``Məndən  başlanır  Vətən``, ``Qalx  ayağa, Azərbaycan``, ``Azadlıq  meydanı``, ``Silahlan!``, ``Azadlığım``, ``Firəngizin  məktubu,``  `` Azərbaycan  türkçəsi``,  ``Əlvida, Lefortova`` və  digər  şeirlərində  şairin  zəngin  publisistik  fikirlərlə  öz  ifadəsini  tapır.
   Xəlil  Rzanın  ömür – gün  yoldaşı, sədaqət, fədakarlıq  və  cəsarət  mücəssəməsi  Firəngiz  xanım  qeyd  edir: ``Şairin  şeirləri  başdan – ayağa  mübariz  şeirlərdir. Şairin  vəfatından  sonra  onun  50 – dək  kitabı  mənim  köməyimlə  işıq  üzü  görüb. Onun  hər  kitabını  vərəqlədikcə,  hər  şeirini  təkrar  oxuduqca  adam  dəhşətə  gəlir, çünki  Xəlilin  poeziyası  bir  xəzinədir.  Mən  cəsarətlə  deyə  bilərəm  ki, şairin  mübariz  ruhlu, alovlu  şeirləri  onun  publisistik  fəaliyyətinin  qızıl   xəttini  təşkil  edir.``
       Xəlil  Rza  Ulutürkün  özünün  ictimai – siyasi  məqalələrində, oçerklərində, qeydlərində, gündəliklərində, hətta  Azadlıq  meydanında   xalq  qarşısındakı  çıxışlarında  belə  yüksək  və  bəşəri  ideallar  uğrunda, öz  xalqının səadəti  naminə  canından  keçməyə  hazır  olan  bir  döyüşçü  kimi  mübariz  ruhlu  fikirləri  ilə  milli  publisistikamızı  daha da  inkişaf  etdirmiş  və  onu  zənginləşdirmişdir.
  Şair  öz  humanist  duyğularının  reallığına  olan  böyük  inamında    bunu  bir  daha  təsdiq  edir:

                               Nəbi İBRAHİMLİ,

   Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı- publisist   

No comments:

Post a Comment