2.22.2014

Dərs prosesinə yeni baxış müəllim istedadından xəbər verir

Müəllimin peşə qabiliyyətləri sırasında akademik - didaktik, ünsiyyət, konstruktiv təşkilatçılıq və iradi-emosianal qabiliyyətlər mühüm yer tutur. Bütün bu sadalanan keyfiyyətləri, qabiliyyətləri cəm halında özündə birləşdirən müəllimin şübhəsiz ki, uğurları, fəaliyyəti boyunca əsl müəllim adına layiq bir şəxs olduğu istər onu əhatə edən kollektivin, istərsə də cəmiyyətin diqqətini cəlb edir. Geniş və dərin biliyə malik olmaqla, elmin son nailiyyətlərini şagirdlərinə çatdırmaqla, pedaqoji-metodik ustalığıyla, demokratik-işgüzar üslubuyla, fərdi yanaşma bacarığıyla və s. keyfiyyətli təlimi şərtləndirən amilləri, keyfiyyətləri özündə cəm etməklə müəllim öz müqəddəs adının müdafiəçisi, öz müqəddəs peşəsinin icraçısıdır.

Bu gün haqqında söhbət açacağımız, gücümüz çatan qədər fəaliyyəti ilə oxucularımızı tanış etməyə çalışacağımız müəllim qəhrəmanımız Sumqayıt şəhəri Y.Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin tarix müəllimi Şirinov Raqif Vaqif oğludur. Raqif müəllim 1981-ci ildə Azərbaycanımızın dilbər guşələrindən olan Cəbrayıl rayonunun Kənd Mahmudlu kəndində anadan olub. Ali təhsilini 1998-ci ildə daxil olduğu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində alıb. 2002-ci ildə ali təhsilini başa vuran Raqif müəllim, elə həmin ildən də peşə fəaliyyətinə başlayıb. 2013-cü ildən Sumqayıt şəhəri Y.Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbində tarix müəllimi işləyən Raqif müəllim peşə fəaliyyəti illərində bir çox uğurlara nail olmuşdur ki, bu uğurları ancaq, gərgin əməyin, öz müqəddəs peşəsinə vurğunluğun, təmiz vicdanla gələcəyə layiqli şəxsiyyət yetişdirməyə səy göstərmənin sayəsində qazanmaq mümkündür. Bu məqamda başda məktəb direktoru Əhmədova Xanım Xanbaba qızı olmaqla, işlədiyi orta məktəb kollektivinin dərin hörmət və ehtiramını qazanmış Raqif müəllimin müxtəlif vaxtlarda layiq görüldüyü fəxri fərman və sertifikatlara nəzər yetirməyin əsl vaxtı olduğu qənaətindəyəm. Belə ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 2007-ci ildə Raqif müəllimi fəxri fərmanla təltif etmişdir. Raqif müəllim özünün də söylədiyi kimi, layiq görüldüyü hər bir mükafatı, qazanmış olduğu hər bir uğuru təkcə özünün yox birlikdə çiyin-çiyinə çalışdığı mehriban, səmimi, işgüzar kollektin uğuru, nailiyyəti hesab edir. Bu cür yüksək keyfiyyətlərə sahib olan bir kollektivdə çalışmağın özünü bir böyük xoşbəxtlik hesab edir. Çünki, qazanılan hər bir uğurda ürəkaçan mühitin, səmimi və işgüzar kollektiv amilinin rolu danılmazdır. Mütəmadi olaraq müxtəlif təlimlərdə (Qırmızı Xaç cəmiyyətinin keçirdiyi insan hüquqları və müasir təhsilin öyrədilməsi təlimi, (2006), XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi MMC adlı təlim (2012) və s.) iştirak edən Raqif müəllimin 2012-ci ildə XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi MMC adlı təlimdə iştirakı yüksək qiymətləndirilmiş və I dərəcəli sertifikata layiq görülmüşdür. Müasir təlim metodlarından və İKT-dən istifadə dərs mühitində yeniliklərə yol açır və müəllimlə şagirdin arasında, eləcə də, şagirdlərin öz aralarında və məktəblə ailə arasında baş verən qarşılıqlı əlaqələr qurmağa imkan verir. Dərslərinin təşkilində Raqif müəllim zamanın tələbinə uyğun olaraq fəal təlim metodlarından istifadəni özü üçün əsas hesab edir və bütünlüklə dərsi bu metodların tələblərinə uyğun şəkildə təkil edir. Fəal təlim üsullarından əqli hücum, söz asossasiyalları, rollar üzrə oyun, modelləşdirmə, diskussiya və akvarium üsullarının tətbiqi, debatların təşkili onun da dərsinin əsasını təşkil edir. Bu üsulların tətbiqi ilə təşkil olunmuş dərsin keyfiyyəti köhnə təlim metodlarından daha məhsuldardır. Bu üsullar öz növbəsində müasir texniki avadanlıqlardan istifadəni də zəruri edir. İnformasiya əsrində şagirdlərin yeni kommunikativ avadanlıqlara marağını nəzərə alaraq bu avadanlıqlardan istifadəni genişləndirmək və dolayısı ilə bu vasitələrdən istifadə etməklə dərslərin canlılığını təmin etmək mümkündür. Raqif müllimin açıq dərslərində valideynlər və məktəb kollektivi də maraqla iştirak edir və müşahidələr apararaq dərs haqqında müsbət fikirlər bildirirlər. Belə dərslərdən birində - 23 dekabr 2013-cü il tarixində “Ağqoyunu dövlətinin xarici siyasəti” mövzusunda açıq dərsində Sumqayıt şəhər Təhsil şöbəsinin nümayəndələri də iştirak edərək, dərsin gedişatından razılıq ifadə etmişlər. Fənnin tədrisində müasir təlim metodlarından istifadəni yüksək qiymətləndirmişlər.
İntiqam YAŞAR

No comments:

Post a Comment