2.22.2014

“Şəxsiyyət və zaman”

Müəllim, alim, ziyalı
AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor, Millim Məclisin deputatı Yaqub Mikayıl oğlu Mahmudovu anadan olmasının 75 illiyi münasibətilə təbrik edir, ona möhkəm gümrahlıq, yeni-yeni uğurlar arzulayırıq.
Azərbaycan Təhsil Şurasının İdarə Heyəti
Hər bir insan həyatının artıq müəyyənləşmiş bir dönəmində bu yerə qədər gəldiyi yola nəzər salır, ona dəstək olmuş insanları xatırlayır, unutmadıqlarını bir daha yada salır. Və təbii ki, xatırlananlar sırasında yaxşılıqları ilə seçilənlər birinci olur. Mən də bu günlərdə birdən-birə indiyə kimi yaşadıqlarımı, yaşantılarımda mənə həmdərd olanları yada saldım və ürəyimdən belə bir hiss keçdi: görəsən, xatırlanan bu insanlar unudulmadıqlarını bilirlərmi?
Bizim ellərdə “insanlara sağlığında dəyər verin” deyimi var, məncə də, bizim cəmiyyətimizin ən böyük çatışmazlıqlarından biri elə budur: insanların qiymətini vaxtında anlamırıq, dəyərləndirmirik, itirəndə isə artıq gec olur. Elə bu baxımdan da cəmiyyəti hərəkətə gətirən qüvvələrlə, yəni ağırlığı çiyninə götürən insanlarla cəmiyyətimizin daha yaxından tanış olması üçün yeni bir rubrikanın - “Ədəbi portretlər” rubrikasının açılmasını təklif etdik. Bu rubrikada cəmiyyətin aparıcı qüvvələrinin - ziyalılarımızın - məşhur alim, müəllim, yazıçı, maarifçilərimizin sözdən yaradılmış portretlərini sizə təqdim edəcəyik. Yaqub Mahmudov haqqında söhbət açmaq o qədər də asan məsələ deyil, çünki Yaqub müəllimin fəaliyyət sahələrindən hamısını bir kitaba belə sığdırammazsan.. Biz bu gün Yaqub müəllimin portretini yaradarkən heç də onun bir alim kimi, müəllim kimi, millət vəkili kimi, yaxud daim məsuliyyətli vəsifələrin sahibi kimi fəaliyyətlərindən deyil, fəalyyətinini əhatə etdiyi sahələrdə qazandığı başarılara nail olma imkanları açan keyfiyyətlərindən danışacağıq. Mən Yaqub müəllimlə şəxsi tanışlığımdan çox-çox əvvəl onun bir tarixçi alim kimi imzasını tanıyırdım, bizim nəsil Azərbaycan tarixinin Avropa ölkələri ilə əlaqəli səhifəsinə Yaqub müəllimin əsərləri ilə bələd olmuşdu. Sonralar da azadlığımıza yenidən qovuşma mərhələsində tariximizlə, milliliyimizlə, tariximizin tədrisi problemlərinin çözümü ilə bağlı məsələlərdə Yaqub müəllimi aparıcı ideya sahibi kimi tanımağa başladıq və artıq Yaqub müəllimi yaxından tanıyan və tanımayan hər kəsin anlamında cəmiyyətimizin aparıcı insanları timsalında bir “Yaqub müəllim” var idi. Nəhayət, günlərin birində atamla birgə Bakı Dövlət Universitetinin akt zalında Yaqub Mahmudovun yubiley (60 yaşı münasibəti ilə) tədbirində iştirak etdim və o zaman bu insana gənclərin coşqulu bir sevgisinin şahidi oldum. Zal ağzınadək dolu idi, hər kəs Yaqub Mahmudov haqqında ürək sözlərini deməyə çalışırdı, ancaq mənim fikrim tədbir başlamazdan əvvəl foyedəki izdihamda idi. Heç zala daxil olmadan bir çox adamın zalın qarşısında var-gəl etdiyini, sevinc dolu təbəssümlə bir-birləri ilə görüşdüklərini görmüşdüm, sonrakı söhbətlərindən anladım ki, bunlar Yaqub müəllimin keçmiş tələbələridirlər və bu gün bura məhz onu görməyə, arzulara qoşulmağa toplaşıblar. Hamısı Yaqub müəllimlə bağlı günlərini – dərsləri, şən zarafatları, ekskursiyaları yada salır, danışıb gülürdülər. İllər keçməsinə, müxtəlif universitetlərin məzunu olmalarına baxmayaraq onları “Yaqub müəllim məktəbi” birləşdirirdi. Mən Yaqub müəllimin tələbəsi olmamışam, amma onun tələbələrinin onun haqqında söylədikləri, ona olan sonsuz məhəbbətləri mənə də öz müəllimlərimi xatırlatdı və bir daha anladım ki, həqiqətən də gənclərin həyatında xüsusi rol oynamağı bacaran tək-tək müəllimlər olur ki, onlar bir ömür boyu unudulmur və nəinki unudulmur, hətta hər dəfə yeri gəldikcə vaxtı ilə verdikləri öyüd-nəsihət yada düşür, kara gəlir. Yaqub Mahmudov da məhz belə müəllimlərdəndir. O zamanlar düşünmüşdüm ki, unudulmaz müəllim olmaq Yaqub müəllimin padaqoji bacarıq və peşəkarlığından irəli gəlir, sonralar artıq mən də Bakı Dövlət Universitetinin tarix fakültəsində Yaqub Mahmudovun fakültə dekanı olduğu illərdə çalışan zaman anladım ki, Yaqub müəllim fəaliyyət göstərdiyi hər bir sahəyə peşəkarcasına yanaşır və öz idarəetmə işini elə qurur ki, bu mexanizmin hər bir detalı səmərəli fəaliyyət göstərsin. Yaqub müəllimin kadrların düzgün seçimi sahəsində fitri istedadı var. Demək olar ki, tarix fakültəsinin cavan, savadlı müəllimlərinin hamısı Yaqub Mahmudovun dekan olduğu müddətdə Moskva, Leninqrad kimi o zamanın daha məşhur universitetlərində təhsil almaq üçün göndərilmiş və orada alimlik dərəcəsi almış gənclərdən müəyyən edilmişdi. Fakültənin ən yaxşı tələbələrini seçərək daha mükəmməl oxumaq üçün göndərərkən artıq Bakı Dövlət Universitetinin bu gün üçün kadrlarının yetişdirilməsinə başlanmışdı. Yaqub müəllimlə yaxından tanışlığım Azərbaycan tarixi kafedrasında baş laborant işlədiyim vaxtlara təsadüf edir. Kafedranın bütün sənədləşmə işləri laborantlar tərəfindən hazırlanırdı. Onu da deyım ki, Yaqub müəllim səhv tapmaq işində də ustadır. Bütün sənədləri bir də diqqətlə yoxlayardıq ki, heç bir qrammatik səhv getməsin və guya tam qüsursuz bir yazını aparıb verirdik Yaqub müəllimə, Yaqub müəllim sənədə bircə dəfə nəzər salan kimi üç səhvi elə çıxarırdı ki, az qalırdıq xəcalətimizdən yerə girək, necə olub ki, belə sadə bir şeyi gözdən qaçırmışıq?! Çox da zarafatcıl adamdır Yaqub müəllim, bəlkə də Şəki torpagından aldığı bir qüdrətdir ki, sözü ustalıqla, incə yumorla elə çatdırırdı ki, heç ruhun da incimirdi, gülmək tuturdu adamı, özünün isə heç dodağı da qaçmırdı. İşində çox səbirli və məsuliyyətli adamdır Yaqub müəllim. Heç yadımdan çıxmaz. Bizim kafedramız altıncı mərtəbədə yerləşirdi, dekanlıq isə yeddinci mərtəbədə. Bir dəfə aprelin 1-i idi,( gülüş və zarafat günü kimi tanınır) dekan müavini zəng etdi ki, səni Yaqub müəllim təcili çağırır, əvvəl qalxdım ayağa, sonra fikirləşdim ki, yəqin zarafat edirlər, mən dekanlığa gedən kimi məsxərəyə qoyacaqlar. Bir az gözlədim, sonra ürəyim dözmədi, dedim bir çıxıb baxım, elə təzəcə pillələrin başına çatmışdım, Yaqub müəllimlə üz-üzə gəldim. Məni görən kimi “elə bildim birinci mərtəbədən gəlirsən” deyib dərhal mətləbə keçdi. Əslində mənim üçün başqa sözə heç ehtiyac da yox idi... Yaqub müəllim öz kadrlarının arxasında həmişə möhkəm dayanardı. Hər dəfə rektorun qəbulunda dərs yükləri təsdiq olunarkən fakültənin istər müəllimlərinə, istər laborantlarına elə tərif verirdi ki, az qala söhbətin bizdən getdiyinə özümüz təəccüb edirdik. Həmişə kasıb ailədən olanlara, yetim böyüyənlərə diqqətini artıq edərdi, hamıya da tapşırardı ki, hər işdə belə şeyləri nəzərə alsınlar, “əl tutmaq Əlidən qalıb” deyərdi. Yaqub müəllim fakültə dekanlığından getdikdın sonra da bu kimi ənənələr davam etməkdədir. İndi AMEA-nın Tarix İnstitunun fəaliyyətinə nəzər yetirmək kifayətdir ki, Yaqub Mahmudovun dəsti-xəttini görəsən – işgüzarlıq, məhsuldarlıq, cavan kadrları və keyfiyyətli mütəxəssisləri işə cəlb etmək, dövlətin milli siyasətinə layiqincə xidmət və s. Bir birinin ardınca qısa bir müddətdə Azərbaycan tarixi üçün önəmli sənədlərin toplum halında nəşr edilməsi, milli dirçəlişimizə xidmət edən kitabların yazılaraq çap olunması Yaqub Mahmudov keyfiyyətinin göstəricisidir. Onu da xatırladım ki, Yaqub Mahmudov millət vəkili olarkən də həmişə öz seçicilərinin etibarını doğruldan bir insan kimi yadda qalıb. Elə ki, o bölgələrdə bir təbii fəlakət, ya ciddi bir problem olardı bütün televiziya kanallarında Yaqub Mahmudov eşidilərdi, xalqın səsini o çatdırardı. Yadımdadır ki, hətta biz zarafatla öz aramızda Yaqub müəllimi “bölgə müxbiri” adlandırardıq. Yaqub Mahmudov haqqında deyilənlər və yazılanlar o qədərdir ki, təkrarlanmaqdan ehtiyat etdiyim üçün ümumi bir bilgini verən bu kiçicik yazıda millətinə xidmət edən bir ziyalının – alimin, müəllimin, millət vəkilinin və təhsil bilicisinin portretini yarada biləcək ştrixləri əhatə etməyə çalışdım. Bu ədəbi portret Yaqub Mahmudovun yubileyi ərəfəsində yazıldığından yubilyara can sağlığı, mənalı və uzun ömür, yeni uğurlar arzulayırıq!

Ülviyyə Əjdər qızı,Tarix üzrə fəlsəfə doktoru

No comments:

Post a Comment