2.01.2014

Epistemologiya - məlumatın fəlsəfəsi

Epistemologiya - məlumatın fəlsəfəsi Antik alimlərdən bu günümüzün elm adamlarına qədər metafizika ilə maraqlananların məlumatla bağlı düşüncələri - mümkün ola bilməyəcək məlumat, məlumatı təkzib, inkar edən məlumat və s. problemlər məlumatın fəlsəfəsini meydana gətirdi. Bilik nədir sualından qaynaqlanıb fəlsəfənin bir qolu hesab edilən "Epistemologiya" elmi yarandı. Qədim Yunan dilində "epistemo"- bilik, "loqos-elm" sözlərinin birləşməsi olan elm - epistemologiya, fəlsəfənin bir qolu kimi elmi -məntiqi araşdırma sahəsi olaraq bu gün də aktuallığını qoruyur.
Epistemologiyaya mətbuatımızda çox az rast gəlsək də əslində günümüzdə ən vacib sayılan elmdir. İnsanları maraqlandıran, öz elmi sübutunu tapmamış bir çox sahələr var ki, əslində çox böyük maraq əhatəsi olaraq mətbuata, sosial şəbəkələrə nüfuz etmişdir. Məsələn, parapsixologiya, paralel dünya, başqa planetlilər anlayışları və s. digər maraq yaradan mövzular əlbəttə birmənalı qarşılanmayan məlumatlardır. Ağıla sığmayan mövzular, ölüm və axirət, fövqəlbəşəri varlıqlar və digər mistika saydığımız mövzular əslində bəşər tarixinin heç bir dönəmində insanın etinasız qalmadığı mövzulardır. Hər hansısa sahədə əldə etdiyimiz və ya edə bilmədiyimiz məlumatlar və onların doğru olub olmadığı şübhəsi daim cəmiyyətdə maraq dairəsi yaradıb. Heç şübhəsiz ki, məlumatlar hər zaman eyni münasibətlə qarşılanmır. Təbiidir ki, şübhələr olur, təkzib olur. Nəticədə məlumatın ağılla çəkişməsində məntiqə yol aça bilən fəlsəfə- "Epistemologiya" elmə hakim qüvvə kimi nüfuz edir. Epistemologiya məlumatın xarakteri, əhatə dairəsi və qaynağı ilə maraqlanan fəlsəfi düşüncələri özündə əks etdirən bir elm sahəsidir. Kainatın təməl maddəsinin nədən ibarət olması kimi fikirlər bir çox alimləri düşündürdüyü, fərqli fikirlərin yarandığı, elmi mübahisələrin, həqiqətin nədən ibarət olduğunu düşünən alimlərin fikirləri epistemoloji fikir ayrılıqları yaratdı, elmi çəkişmələrə səbəb oldu və epistemologiyaya müxtəlif arqumentlərlə baxış formalaşdırdı. Məsələn, "Sofizm", Rasionalizm"(ağıl), "Emprizm"(təcrübələr), "Analitik fəlsəfə", "Məntiq fəlsəfəsi" və s. Bildiyimizi nə qədər bilə bilərik. Yəni məlumatın sərhədləri hara qədər ola bilər. İnsan hər hansı məlumatı nə qədər öyrənə bilər. Hər hansı bildiyimiz məlumatı bildiyimizdən nə qədər əmin ola bilərik və bu məlumatı bildiyimizi hardan bilirik. Yaranan bu kimi suallar məlumatı fəlsəfiləşdirdi. Məlumatın doğru ya səhv olması ona müxtəlif fəlsəfi yönlərin baxışlarını yaratdı. Məlumatın fəlsəfəsi, yəni epistemologiyanın doğruluq, həqiqət, təməl, məntiq kimi vacib keyfiyyətləri vardır. Məsələn, məlumat mifik dediyimiz təsəvvürlərə əsaslanırsa, yəni biz belə fikirləşiriksə və bu baxımından araşdırırıqsa, onda ortaya atılan problem isbat edilməyəcək kimi qalır. Məlumata münasibətimizi dəyişdiyimiz zaman isə bir çox sübutlar, bəlkə də kəşflər meydana gələ bilər. Bu bizim məsələyə ciddi və yaxud səthi yanaşmamızdan birbşa asılıdır. Məlumatlara maraq insana aid olan vacib xüsusiyyətdir. Həmçinin məlumata münasibət. Lakin əgər məlumatlara "mümkün deyil", "ola bilməz", kimi şübhələrlə yanaşsaq o zaman məlumatdan uzaqlaşıb daha da məlumatsızlığı seçirik. Maraq göstərib, fikrimizi yönəldib öyrənməyə çalışdığımızda isə mütləq hər hansı nətisələr əldə etmək şansı olur. Ona görə də ağlasığmaz dediyimiz məlumatları belə epistemoloji cəhətdən vacib sayaraq araşdırmaq lazımdır. İnsanlar yarandıqları gündən bəri məlumatlar əhatəsindədirlər. Yaşadığımız zamanı isə məlumatsız heç təsəvvür etmək mümkün deyil. Hər bir insanın hər gün ən azı iki- üç saatı məlumatlar əldə olunmasına sərf olunur. Bəzi insanların isə daha çox. Demək olar ki, məlumat bizim üçün aldığımız nəfəs kimi vacib olmuşdur. Daha çox bilik, məlumat əldə etməyə maraqlı olan insanlar heç zaman məlumatdan doymaz, özünü həmişə məlumatsız hesab edər. Bu səbəbdən də elmlə məşğul olan insanlar daim öyrənmək, məlumatlanmaq kimi müsbət keyfiyyətə malikdirlər. Bizim üçün məlumatlar, əldə olunan bilik həyatımızın vacib şərtidir. Məlumatlar xarakterik xüsusiyyətlərlə aşağıdakı kimi bölmələrə ayrılır. Gündəlik məlumatlar (hər gün raslaşdığımız və təkrar olan), texniki məlumatlar (məsələn, dairənin 360; üçbucağın 180 dərəcə olması kimi ), dini məlumatlar (müqəddəs kitablarda yazılanlar), fəlsəfi biliklər (kainatı, varlığı, insanı, dəyəri məntiqi cəhətdən və kompleks anlamaq, dərin dərk edib idraki-fəlsəfi izahı olan üstün bir biliklər) və s. Bizim hər gördüyümüz əşyalar, rastlaşdığımız hadisələr, hər an üzləşdiyimiz nə varsa onları bizim üçün məlumata çevirən düşüncələrimizin məhsulu olan bilikdir. Gördüklərimiz, hiss etdiklərimiz o zaman məlumatımıza çevrilir ki, fikirlərimiz onlara sərf olunur və beyin məhsulu yaranır. Deməli insan üçün məlumata çevrilən nə varsa onun diqqətini çəkməlidir. Əsl “beyin həmləsi” yaratmalıdır. Məlumatın doğruluğu da nisbətlə ölçülə biləndir. Məsələn, güclü hesab etdiyimizdən daha güclüsü vardır, yaxud zəif hesab olunandan daha zəifi vardır. Çətin hesab etdiyimiz kiməsə asan gələ bilər və məlumatımız etibarsız sayılar. Gözəl hesab etdiyimiz bizə görə gözəl ola bilər və s. Məlumatın doğruluğu keçərli olmaya bilər. Məsələn, bizim yerlərin iqliminə görə yağıntılar əsasən qış aylarında düşür və bu ərazinin sakinləri üçün bu məlumat keçərlidirsə subekvatorial iqlimə və ya musson iqlimə görə yağışlar yayda düşdüyü üçün “yağıntı əsasən qışda düşür” məlumatı doğru deyil və s. Məlumatın yaranmasında öyrənən ilə öyrənilən arasında düşünmə, anlama, açıqlama, qiymətləndirmə və s. kimi vacib elementlər əldə olunan məlumatı emal etməyə çalışmalı və məlumatın aktları çıxarılmalıdır. Aktı olmayan məlumatlar mövhumat, cəhalətlə əlaqələndirdiyimiz məlumatlardır. Məsələn, səbr gətirməklə işlərin düzəlməsi, stolun küncündə oturmağın ziyanı və s. Belə xalq arasında olan deyimlərin hər hansı elmi əsası yoxdur. Lakin epistemoloji olaraq bu məlumatların da fəlsəfəsi ola bilər. Bu da məlumatın araşdırılmasına bağlıdır. Elmin bir çox nailiyyətləri ağlasığmaz, təəccüb doğuran, heyrətə gətirən məlumatları əldə etməkdədir. Kosmosda nəhəng teleskoplarla müşahidə olunan qara dəliklər tədqiq olunduqca ortaya çıxan elmi kəşflərin, kvant fizikasının inkişafı ilə bağlı paralel dünyaların ola biləcəyi haqqında düşüncələrin, gözəgörünməzliyin, nanotexnologiyanın inkişafının xərçəngi belə müalicə etməsinin mümkünlüyü artıq absurt deyil, izahı olan tədqiqat sahələridir. Bu, məlumatlara epistemoloji baxımdan yanaşılması ilə əldə olunan biliklərdən doğan daha çox fikirlərin meydana gəlməsi ilə, yeni- yeni kəşflərin yaranması ilə nəticələnir. Məlumat bolluğu yaradan əsas vasitələrin internet resursları, sosial şəbəkələr olduğunu bilirik və gənclərimizin daha çox istifadəsinin də şahidiyik. Hər an şagirdlərimizin epistemoloji - fəlsəfi məlumatlarla bağlı sualları ilə üz- üzə qalmaq kimi bir vəziyyəti düşünəndə zəmanəsinin insanı olmaq, məlumatlar xəzinəsinin açarını əldə etməyə çalışmaq kimi keyfiyyətin birinci olaraq təhsil sahəsində çalışanlarda formalaşması vacibliyinin qaçılmaz olduğunu görürük. Natavan MƏHƏRRƏMLİ, Bakı şəhəri 157 saylı tam orta məktəbin müəllimi

No comments:

Post a Comment