Hazırda təhsil sahəsində uğurla həyata keçirilən islahatlar, qəbul edilmiş qanunlar təhsilimizin dünya standartlarının tələblərinə cavab verməsi üçün yönəlmişdir. Bu baxımdan bir müəllim kimi qarşımızda duran məsuliyyətli işi başa düşürəm. Cünki gənc nəslin düzgün yetişdirilməsi məhz müəllimlərdən asılıdır. Düşünürəm ki, bunun üçün qarşımızda duran ilk amil pedaqoji ünsiyyətdir. Pedaqoji ünsiyyət zamanı müəllim-şagird münasibətləri şagird şəxsiyyətinin formalaşmasına şərait yaradır.
Cünki şagirdin yaradıcı təfəkkürünü formalaşdıran əsas amil onun öz təcrübəsidir. Buna görə də şagirdin gördüyü işə yüksək qiymət verirəm. Şagirdlər məlumatı əldə etməklə yanaşı, onu sözlə ifadə edə bilmək, gördükləri işlər haqqında danışmaq, əldə etdikləri məlumatı təqdim etmək bacarığına da malik olmalıdırar. İnteraktiv təlim metodları mənim bələdçiliyim ilə şagirdlərin fərqli informasiya mənbələri hesabına bilik əldə etmələrinə imkan verir. Bu yolla əldə edilən bilik daha da yaddaqalan olur. Mən müasir tələblərə cavab verən dərs hazırlamaq üçün İKT-nin imkanlarından səmərəli istifadə etməyə çalışıram. Bu məqsədlə elektron sinif otağı hazırlamışam. Sinif otağı kompyuter, elektron lövhə, internet və proyektorla təchiz olunub. Nəticədə lazım olan məlumatı vaxtında təqdim etmək imkanı əldə edirəm. Bu, şagirdlərdə dərsə maraq oyadır, dərsin daha maraqlı, canlı olmasına gətirib çıxarır. Ədəbiyyat dərslərində İKT-nin imkanlarından daha çox istifadə edirəm. Ədiblərin canlı səsini dinlətməklə, onların haqqında olan sənədli filmlərdən, əsərlərə çəkilən kinofilmlərdən kiçik parçalar göstərməklə dərsin daha maraqlı keçməsinə şərait yaradıram. Dram əsərlərinin tədrisi isə daha da maraqlı və fərqlidir. Axı, dram əsərləri həyatı obrazlı şəkildə əks etdirir. Bu, dramatik növə daxil olan komediya, faciə və dram janrının hər birinə aiddir. Dramatik əsərlərdə hadisələr, surətlərin xarakteri daha çox dialoqların köməyi ilə üzə çıxır. Hərəkət, fəaliyyət mənasını ifadə edən dram əsərlərini şagirdlər kor-koranə oxuyub tanış olmur, hətta bunun canlı iştirakçısına çevrilirlər. Dram əsərlərinin mənimsənilməsi üçün müxtəlif metod və üsulları tətbiq etməyə çalışıram. Bu da şagirdləri axtarışa sövq edir. Bu cür dərsləri üç mərhələdə qururam. 1. Məlumatın fərdi olaraq araşdırılması 2. Əldə edilmiş məlumatın çatdırılması 3. Əldə edilmiş məlumatın tətbiqi 1-ci mərhələdə şagirdlər keçiləcək yeni mövzu haqqında əvvəlcədən mənim tərə-fimdən məlumatlandırılır. İKT-nin imknlarından istifadə etməyi bacaran şagirdlər axtarışa cəlb edilir. 2-ci mərhələdə şagirdlər əldə etdikləri məlumatı yeni dərsdə digər yoldaşlarına da çatdırır və bu mövzuda sinifdə müzakirələr aparırlar. 3-cü mərhələdə şagirdlər artıq dərslikdəki məlumatla da yüklənərək əsəri müzakirə edir, düşündürücü suallar verir, mövzunu daha geniş dairədə mənimsəyirlər. Bu mərhələlərin yerinə yetirilməsi şagirdlərdə yaradıcı təfəkkürün inkişafına şərait yaradır. Dram əsərini tədris edərkən əvvəlcə müəllifin həyat və yaradıcılığı haqqında məlumatı maraqlı qururam ki, şagirdlərdə keçilən mövzuya maraq daha da artsın. Buna nümunə olaraq Azərbaycan dramaturgiyasının və realist nəsrimizin banisi Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı əsasında hazırladığım dərsə nəzər salaq. Əldə edilmiş məlumatları daha da möhkəmləndirmək üçün müəllifin həyatını əhatə edən slaydları təqdim edirəm. Slayddakı sualları şagirdlər cavablandırırlar. Müəllifin dramaturgiyasına müraciət etməmişdən əvvəl Axundzadənin dramaturgiyanın komediya janrına üstünlük vermə səbəblərini açıqlayıram. Dramaturqun 1850-1855-ci illərdə yazdığı altı komediyanı slaydda xronoloji ardıcıllığına riayət etmədən təqdim edirəm. Şagirdlər bu mərhələdə düşünərək doğru ardıcıllıgı birlikdə tapırlar. Sonra ardıcıllığı düzərək qeyd edirlər. Onlar cavabın doğruluğunu növbəti slaydla yoxlayırlar. Bu üsulla əsərlərin ardıcıllığı daha da yaddaqalan olur. Hər bir komediya haqqında isə bir slayd hazırlayıram. Slaydları təqdim etdikcə şagirdlər komedyanın əsas qəhrəmanları və mövzusu haqqında konkret məlumat verirlər. Həmin slaydlarda əsərlərə aid tamaşalardan parçalar yerləşdirməklə o dövr haqqında şagirdlərdə təsəvvür yaradıram. Eyni zamanda əsərlər, onların haqqında verilən məlumatlar, əldə edilmiş araşdırmalar və şagirdlər tərəfindən aparılmış tədqiqat işləri birlikdə müzakirə edilir. M.F.Axundzadə əsərlərində dövrünü, dövrün tarixi xüsusiyyətlərini daha aydın şəkildə əks etdirdiyi üçün, tarix fənni ilə blok dərs daha da maraqlıdır. Çünki çar höküməti dövründə Azərbaycan bəylərinin, kəndlilərinin vəziyyəti, naçalnikin çar hö-kümətinin həyata keçirdiyi “ali silk” (bəy, xan, ağa və s.)haqqında siyasəti, 1848-ci il inqlabına işarə və s. hadisələr buna zəmin yaradır. Belə blok dərs vasitəsi ilə şagirdlər əsəri həm ədəbi, həm də tarixi mövqedən görüb təhlil etmək imkanı əldə edirlər. Bir dərsdə bir neçə fənnə inteqrasiya şagirdlərin həyati əhəmiyyətli olan bilik qazanmalarına, şəxsiyyətinin formalaşmasına imkan yaradır. Rollu oyunlar əsərin daha mükəmməl dərk edilməsinə yol açır Dram əsərlərində obrazların xarakterlərini şagirdlər canlandırarkən, obrazların xarakterini, danışıq tərzini, səsini, mimikasını, bədii portretini diqqət mərkəzinə çəkirəm. Əgər belə olarsa səhnəciklər daha maraqlı olar. Rollu oyunlar əsərin daha mükəmməl dərk edilməsinə yol açır. Məs: 8-ci sinifdə şagirdlər Axundzadənin dram əsərlərindən xəsisliyi mənfi bir xüsusiyyət kimi ifşa edən “Sərgüzəşti-mərdi-xəsis” əsəri ilə yaxından tanış olurlar. Axundzadə bu əsərdə sələflərindən fərqli olaraq yeni və orijinal xəsis surəti yaratmışdır. Bu surət yerli və milli xüsusiyyətləri də özündə cəmləşdirmişdir. Hacıqaranın, Heydər bəyin, Tükəzin, Sonanın və başqa obrazların xüsusiyyəti barədə şagirdlər artıq məlumatlıdırlar. Əsərdə ən çox şagirdlərin diqqətini çəkən Heydər bəyin monoloqu, Heydər bəy və Sona xanımın , bəylər və Hacı Qaranın, Hacı Qara və Tükəzin dialoqu oldu. Şagirdlər “Hacı Qara” filmindən obrazların xüsusiyyətlərini izləyərək əsərlə tanış olmaq imkanı əldə edirlər. Bundan başqa şagirdlər teatr tamaşasına gedərək, əsəri peşəkar aktyorların oyununu izləməklə tanış olurlar. Bu isə onlarda həmin obrazları canlandırmaq həvəsi oyadır. Bunun üçün dərsdən əlavə məşğələlər təyin edirəm. Şagirdlər əsərdən parçalar üzərində işləməklə, rolları canlandırmaqla əsərə başqa mövqedən baxmaq imkanı əldə edirlər. Əslində əsərdəki sarsıdıcı gülüşün insan əxlaqına, mənəviyyatına necə müsbət təsir etdiyini öz rolları vasitəsilə şagirdlər başa düşürlər. Çünki komedyanın qəhrəmanı və əsas surətləri tənqid hədəfi kimi götürülür. Komedyanın əsasını acı gülüş təşkil edir ki, tənqid üsullarından ən qüvvətlisidir. Belə əsərlərdəki “göz yaşları içərisindən keçən” gülüş gələcək nəslin tərbiyəsində, formalaşmasında böyük iş görür. Şagirdlər bu komediyadakı obrazların xüsusiyyətlərini canlandıraraq çox maraqlı səhnəciklər hazırlayırlar. Səhnəciklərin hazırlanması zamanı valideyinlər də tamaşaçı kimi iştirak edirlər. Onlar övladlarını həvəsləndirir, daha həvəslə çalışmağa sövq edir və onlara məlum olmayan qabiliyyətləri ilə də tanış olurlar. Nəticədə müəllimin zəhməti, şagirdlərin səyi nəticəsində şagirdlər yüksək səviyyədə səhnəciklər hazırlayırlar. Beləliklə, Azərbaycan dramaturgiyasının şah əsəri olan “Hacı Qara” şagirdlər tərəfindən səhnələşdirilir və uğurla təqdim olunur. Nəticədə şagirdlər mövzunu fəal şəkildə mənimsəyir, bilik, bacarıq və vərdişlərə yiyələnmə təcrübəsi əldə edirlər. Dram əsərlərinin bu şəkildə tədrisi şagirdlərin ədəbiyyata olan sevgisini artırmaqla yanaşı, onların dünya görüşünün artmasına da kömək edir. Eyni zamanda gələcək nəslin nitqinin inkişafında, onun cəmiyyət işərisində özünü müstəqil şəkildə düzgün ifadə etməsinə yardım edir.
“Ən yaxşı məqalə” müsabiqəsi üçün İlahə MEHDİZADƏ, Bakı şəhəri 264 saylı
məktəb-liseyin müəllimi.
No comments:
Post a Comment