Hər bir müəllim
sinifdə elə bir mühit yaratmağa çalışır ki, şagirdlər həmin mühitdə nə isə
öyrənməyə cəhd etsin, aparılan müzakirələrdə fəal iştirak edə bilsin. Müəllim şagird üçün
bir dərs – 45 dəqiqə ərzində sirli-sözlü, söhbətli bir aləm yaradır. Əgər bütün
şagirdlər bu aləmə qoşulubsa, bu, 45 dəqiqə ərzində müəllimin yaratdığı bir
möcüzədir, əslində. Belə bir möcüzəli – maraqlı dərslərdən biri də Şirvan şəhər
9 saylı tam orta məktəbin müəllimi Qəmbərova Zemfiranın XIa sinfində apardığı
dərs oldu.
Qeyd edim ki, Qəmbərova Zemfira məktəbin qabaqcıl rus dili
müəllimidir. Dərs apardığı siniflərdə şagirdlərə rus dilini öyrətməklə yanaşı,
onlara yeri gəldikcə tanınmışların, məşhurların həyat və yaradıcılıqlarını
təhlil etməklə onların Azərbaycanla bir başa əlaqələrini də müzakirəyə cəlb
etdirir. Zemfira müəllimin məktəbdə təşkil etdiyi bir nümunəvi dərsi dinləməli
oldum. Əvvəldən mövzunun adını öyrənmişdim. Marağıma səbəb olmuşdu ki,
müəllim
dərsində bu mövzuya necə yanaşacaq? Mözvu “Nobellərin həyatı” idi. Marağıma
səbəb olan məqam o idi ki, Zemfira müəllim bu dərsi məhz 11-ci sinifdə
keçirməklə öz məqsədinə nail ola biləcəkmi? Nobelləri tanıda, Azərbaycanla
hansı əlaqələrinin olduğunu tam açıqlaya biləcəkmi? Müəllim dərsə video görüntü
ilə başladı. Rus dilində səslənən videoya diqqətlə qulaq asan şagidrlər sonra
göstərilən videonu təhlil etdilər. Müəllim bu video görüntü ilə çox maraqlı
motivasiya yaratdı. Şagirdlər sərbəst olaraq öz fikirlərini söyləməyə
çalışırdılar. Zemfira müəllim “Nobellər Azərbaycana nə verib və Azərbaycanın
Nobellərin həyatında nə kimi rolu olub?” tədqiqat sualı ilə bu müzakirəni
qruplaşdırdı. Şagirdlər 3 qrupa bölünmüşdü. Çox maraqlı hal idi ki, qruplarda
notbuklar var idi ki, şagirdlər verilən tapşırıqları internet vasitəsilə də
hazırlaya bilidilər.
Eyni zamanda müəllim qruplara Nobel qardaşları haqqında
geniş mətnlər də paylamışdı. Qruplara konkret tapşırıqlar verilmişdi: 1.
Nobellərin Azərbaycan nefti ilə əlaqəsi. 2. Nobellərin Azərbaycan
mədəniyyətinin inkişafında rolu. 3. Nobellərin ekologiya üzrə əlaqələri. Tələb
olunan vaxt ərzində şagirdlər yetərincə maraqlı məlumatlar topladılar.
Diqqətimi çəkən hallardan biri də o oldu ki, şagirdlər öz fikirlərini rus
dilində sərbəst ifadə edirdilər. Nobellərin Azərbaycanın neft sənayesində hansı
rolu olduğu, teatrların, pulsuz xəstəxanaların tikdirilməsi, yaxşı oxuyan
tələbələrə, ixtiraçılara mükafatların verilməsi, fəhlələrin savadlanmasına
şəraitin yaradılması, yaşıllaşdırma, seysmik stansiyaların tikilməsi və s.
mövzularda şagirdlərin araşdırdığı məlumatlar çox zəngin idi. Nobelin öz kəşfi olan-dinamitin kəşfindən müəllim
geniş məlumat verdi. Və şagirdlərə “Nobel dahidir, yoxsa cinayətkar?” sualı ilə
müraciət edərək maraqlı, mübahisəli mühit yaratdı. Müəllimin bu mübahisəli
müzakirəni yaratmaqda məqsədi şagirdlərinin rus dilində sərbəst olaraq
danışmalarına şərait yaratmaq idi. Şagirdlərin hamısı “Nobel dahidir.” fikri
ilə razılaşdılar, fikirlərini əsaslandırdılar. Lakin şagirdlərdən biri Ayşə
Pirişova “Nobel cinayətkardır. O, dinamiti kəşf etməklə dünyada ölüm, kədər,
ağrı yaratdı. Dinamitin ilk eksperimenti zamanı hətta Nobelin öz qardsaşı ilə
yanaşı, 8 fəhlə də partlayışda həlak olmuşdu. Nobel dahi olsa da, o
cinayətkardır.” deyə fikrini açıqladı. Bu təzadlı fikri müəllim elə bir
məharətlə aradan qaldırdı ki, dərsin sonunda Ayşə “Nobel dahidir” fikri ilə
razılaşdı. Şagirdlərdən Leyla Qəmbərova, Humay Pirişova, Ayşə Pirişova, Rövşən
Əhmədov, Mənsumə İsmayılova, Cavid Rzayev, Qubaxanım Cabbarova, Kənan
Abdullayev, Mehparə Mustafayeva, Nadirli Nicat, Pəri Abdullayeva öz
fəallıqları, rus dilində sərbəst danışıqları, fikirlərini sərbəst ifadə edə
bilmələri ilə fərqlənirdilər. Ümumiyyətlə, dərs konstruktiv dərs idi. Müəllim
motivasiya, nəticə və ümumiləşdirmə zamanı təqdim etdiyi videolar, resurslar və
slaydlar vasitəsilə 45 dəqiqə müddətində şagirdləri tədqiqat sualı qarşısında
sərbəst çalışdıraraq məqsədinə nail oldu. Qeyd edim ki, dərsi mənimlə yanaşı,
məktəbin dərs hissə müdiri Baxışova Mətanət, məktəbin psixoloqu Səmədova Leyla,
rus dili müəllimlərindən Bağırova Mətanət, Mirzəliyeva Amaliya, fizika müəllimi
Ağayeva Sona dinləyirdi. Müəllim dərs boyu bir möcüzə yaratmışdı. Şagirdlərlə
yanaşı, biz müəllimlər də bu möcüzənin sehrində idik.
Sevinc NİFTİYEVA, Şirvan şəhər 9 saylı tam orta
məktəbin müəllimi, “Təhsil və zaman” qəzetinin xüsusi müxbiri
No comments:
Post a Comment