5.08.2014

RUHUMU DİLLƏNDİRƏN ŞEİRLƏR VƏ YA NAMİQ HACIHEYDƏRLİ POEZİYASI HAQQINDA DÜŞÜNCƏLƏRİM...


…Onun şeirləri daxili yaşantılarının, ruhi-mənəvi dünyasının sonsuzluğundan soraq verir. Onlar nə qədər sonsuzdurlarsa, şeirlərdə duyduğum məna rəngləri də elə sonsuzdur.
…Onun şeirləri böyük bir qövmün ruhunu ehtiva edir. Göy Tanrının cismimizə üfürdüyü ruhu.
…Onun şeirləri Tanrının nəfəsi ilə isinən göy tarla misallıdır. Eşq istisi ilə cücərən tarla.
…Onun şeirləri yerlə göy arasında İnsan adlı bir sirrin göylərə ucalan sədasıdır, səsidir.
…Onun şeirləri İnsan adlı bir sirrin Dünya adlı bir sirrin içində oduğunu deyil, DÜNYA adlı bir sirrin İnsan adlı bir sirrin içində olduğunu bəyan edir. 

…Onun şeirlərindəki Eşq Tanrıya tapınıb özünü ruhda tapan Eşqdir. … Onun misralarında inanırsan ki, içində tapdığın İlahi Eşq “Yeri titrədər, işığı şeytanın şərini dağıdar “.
Bu Eşq bütün var-dövləti, ləl-cəvahiratı yandırıb kül etmək qüdrətindədir. 
O, dünyanın fövqündə dayanan İlahi Eşqin aşiqidir. Bu Eşqə varmaq üçün o, yanmaq arzusundadır. Təki Cahan Nurlansın.
…Onun misralarından insan düşüncələrindən göylərə açılan bir yol görünür. Atəşlərdən, alovlardan keçən bu yolun pərvəriş tapdığı son məkan da İnsanın tapındığı İlahi Eşq məkanı olan qəlbdir.
…Onun üçün ən ülvi sığınacaq təmiz qəlbdir. “Hər gün sözdə bitmək” arzusu da elə həmin saf qəlbdə cücərib sözdə təzahür etmək istəyindən yaranır.
…Onun şeirlərindən Böyük Türk dünyasının sasılmaz mənəvi keçmişi boylanır. Bu mənəvi keçmişdən ruhumuza, qəlbimizə, varlığımıza bir qəhrəmanlıq nərəsi hayqırır. Bu nərə bəzən bir nəğmə kimi səslənir: “Yurd nəgməsi” kimi…Bu nəğmə onun şeirlərində keçmişin mənəvi mirasını yaşadan bir səda təsiri bağışlayır.
…Onun şeirlərində bu gün yaranan qəhrəmanlıq dastanlarının tarixi keçmişimiz üzərində boy verib cücərdiyi bəyan olunur:
Torpağa çəkilən sinə dağından,
Üçrəngli, yenilməz yurd bayrağından,
İslam saflığından, Türk əxlaqından,
Əxlaqının qeyrətindən yarandın.
… Onun şeirləri nəzərlərimizdə Vətən anlamını bütövləşdirir. Mənəvi birlik bütün sərhədləri aşaraq bir canda təzahür edir:
Bir ömür yaşadıq biz iki canda
Sən mənim, mən sənin canınam daha.
… Onun şeirlərində əcdadlarımızın “Türkəm”! - hayqırtısını dinlədim… … Onun şeirlərində Тürkün ulu məkanının həqiqi sərhədlərini gördüm. … Onun şeirlərində Türkün Türkə məhəbbətinin şahidi oldum. Bu məhəbbətə çağırış səsini eşitdim.
…Onun şeirlərini şeirimizin Ürfan xəzinəsini zənginləşdirən bir mənəvi varlıq kimi andım.
…Onun şeirlərində bir oxucu kimi axtardığım mənəvi həqiqəti tapdım. Misra-misra qəlbimə köçən bu həqiqətlər hər bir insanın sorağında olduğu həqiqətlərdir, sandım. Bəzən ruhumun coşduğunu, bəzən kədərə, qəmə qərq olduğunu duydum. Ruhuma mənəvi güc verən bu misraları dönə-dönə oxudum. Hər dəfə ona qayıdanda bir məna, bir hikmət sezdim... Yeni sözün, dərin hikmətin, təmiz qəlbdən axan, mənəvi saflığa çağıran şeirlərin, düşüncələrin mübarək olsun, əziz qardaşım, Namiq Hacıheydərli!
Böyükağa Mikayıllı, “Təhsil və zaman “ qəzetinin redaktoru
.

No comments:

Post a Comment