5.04.2014

“İşıq” haqqında düşüncələr... Zabil Pərviz, şair, yazıçı-publisist.

MÜASİR PEDAQOJİ ROMAN 

Öncə “İşıq” sənədli romanı mənə dahi Qazax yazıçısı Muxtar Auezovun “Abay” romanını, daha sonra pərəstiş etdiyim A.S. Makarenkonun “Pedaqoji poema” əsərini xatırlatdı. Əgər Makarenko “Pedaqoji poema yaratmışdısa, Böyükağa Mikayıllı pedaqoji roman yaratmağa müvəffəq olmuşdur.
Stolumun üstündə yeni çap olunmuş qalın, lakin nazik cildli 462 səhifəlik bir kitab var. Bilirəm məndən başqa kimlərə göndərilib, amma bir nüxsəni də mənə göndəriblər, özü də deyəsən ünvanına düz gəlib. Cavan publisist-jurnalist Böyükağa Mikayıllının “İşıq” adlandırdığı bu kitab oxuculara sənədli roman kimi təqdim olunur. Bəri başdan qeyd edim ki, sözü gedən bu kitab həmyerlimiz, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevin həyat və yaradıcılığının birinci dövründən bəhs edir. Əvvəlcə elə bildim ki, bu kitab da öz “müasir”ləri kimi quru, xatirələr xatirinə, kitab olsun naminə yazılmışdır, indiki ithaf “kitab”ları kimi yenə ikrah doğuracaqdır. İndi heç kəs kəsin kitabını oxumasa da, (hər iki mənada !) mən bu kitabı oxumağa başladım və nəhayət, az qala təəccübləndim: “Bu aləmdə səslər müxtəlifdir və çoxdur. Amma bu səslər ona doğmadır. Biri nağıl danışır, biri bayatı söyləyir, biri muğam oxuyur, biri onun ürəyində döyünür.” Elə bu məqama çatanda dedim ki, hə, bu kitabı oxumağa dəyər. Həm ona görə ki, respublikamızda tanınmış əsl pedaqoq alim, istər sovet dönəmində, istərsə də bu gün gündəmdə olan, həmişə müasir, yeni qalan, zamanla ayaqlaşan, onu qabaqlayan görməkli Azərbaycan pedaqoqu, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayevi oxuculara yaxından tanıtdırır. Açıq etiraf edək ki, bu günkü Azərbaycan pedaqoji iqlimində bütün sferalarda Əjdər Ağayevdən fəal, yaşına görə hətta cavanlardan da yenilikçi, yamyaşıl düşüncə və tezislərə malik olan ikinci milli Azərbaycan pedaqoqu görünmür. Mən bu cümlənin altından ikiqat xətt çəkir və təkrar imza atıram. Və heç bir vaxt özünü reklam etməyən, heç kəsdən tərif və təltif ummayan, əslində heç onlara ehtiyacı olmayan əfsanəvi Azərbaycan pedaqoqu Əjdər Ağayevin heç bu kitaba ehtiyacı da yox idi! Amma kitabın müəllifi, gənc həmkarım Böyükağa Mikayıllıya telefonla müraciətimdə fikrimi belə bildirdim: “Salam, Böyük müəllim, Sənə indiyə kimi Böyük müəllim deyən olubmu?” Böyükağa müəllim bu sualımdan heyrətləndi, çaşdı, söz tapa bilmədi. Bu müraciətim səbəbsiz deyildi. Bu publisistik əsər son dərəcə səlis və bədii təsir quvvəsinə malik bir nəsr nümunəsidir. Öncə “İşıq” sənədli romanı mənə dahi Qazax yazıçısı Muxtar Auezovun “Abay” romanını, daha sonra pərəstiş etdiyim A.S. Makarenkonun “Pedaqoji poema” əsərini xatırlatdı. Əgər Makarenko “Pedaqoji poema yaratmışdısa, Böyükağa Mikayılli pedaqoji roman yaratmağa müvəffəq olmuşdur. Özü də bu romanın bədii dili və bədii siqləti Muxtar Auezovun “Abay” romanı ilə müqyisə edilməyə layiqdir.
Vaxtilə Xarabakənd adlanan ucqar bir aran kəndindən (sonra sovetləşmə dövründə o kəndin adını Qırmızıkənd adlandıran gənc kolxoz sədri, at belində şor çörək yeyən, 21 yaşında xalq düşməni kimi güllələnən Böyükkişi Cəbrayılovun ruhuna ilk dəfə olaraq mətbuatdan salavat deyək.) yeniyetmə Əjdər Ağayevin ağır uşaqlıq və gənclik illəri, ulduzlu gecələrdə qatar yarımstansiyasına uzanan yolları, rayon mərkəzində ən nüfuzlu orta məktəbdə təhsil aldığı illər, fəhlə tələbə həyatı, xam torpaqlarda yaşanan ömür səhifələri, musiqili, şeirli, fəlsəfi gənclik, “Azərbaycan məktəbi” jurnalı...Bu kitabda yüksək bədii dil ilə öz əksini tapmışdır. Və bir də məni heyrətləndirən o oldu ki, kitabın 72-ci səhifəsində “Abay Kunanbayev haqqında düşüncələr”ə rast gəldim. Halbuki, bu kitab əvvəldən mənə M.Auezovun “Abay” romanını xatırlatmışdı.
Mən bu kiçik qəzet məqaləsində, əlbəttə, “İşıq” sənədli romanı haqqında geniş fikir deyə bilmərəm, amma məsələn, deyə bilərəm ki, professor Əjdər Ağayev sözün əsl mənasında indi Azərbaycan milli pedaqogikasının Makarenkosu deyil, əksinə Makarenko bəzi parametrləri ilə Əjdər Ağayevlə müqayisə oluna bilər. Əjdər müəllim bu gün milli təhsilimizin ən güclü təməl daşlarından, sütunlarından biri olaraq qalmaqdadır və canlı, addımlayan, özü də sabaha addımlayan milli pedaqoji akademiyadır, gənc nəslimizin milli sərvətidir.
\ O ki qaldı gənc qələmdaşım Böyükağa Böyükaga Mikayıllı
ıya, ona doğrudan da böyük təşəkkür düşür. Birincisi ona görə ki, özünün bəzi həmkərları kimi istedadını və biliyini böyük Şəhriyar demişkən, hər içi boş mövzulara sərf etmir, yüzlərlə mediya mənsublarından fərqli olaraq yaşarı, yaşıl mövzulara öz tutur və öz imzasına hörmət edir. İkincisi isə ona görə ki, zülmətbazlara “İşıq”la cavab verməyi bacarır.
“İşıq” kitabı sözün əsl mənasında oxunmağa layiq kitabdır. Onu kim oxunmağa başlasa, mütləq axıra qədər oxuyacaq, yarımçıq qoymayacaq, amma köhnə tənqidçilər kimi, axırda bir iradımı bildirməyi özümə borc bilirəm. Təəssüf edirəm ki, bu qalın kitabın cildi, üz qabığı çox nazikdir. Dedilər ki, maddi vəsait olmadı, ona görə belə oldu. Eyb etməz. Üstü bəzək olanlar onsuz da çoxdur, qoy birinin də içi bəzək olsun...
“Gündoğar” qəzeti, 12 mart 2014cü il №7-8(6516)

No comments:

Post a Comment