7.16.2014

AKADEMİK ƏYYUB BƏŞİROVDAN TÖVSİYƏLƏR

Heyvandarlıq fiziologiyası sahəsində dünyada məşhur alim akademik Əyyub Bəşirov son illərdə insanın uzunömürlülüyü problemi üzrə araşdırmalar aparır. O, artıq bir sıra əməli nəticələr almışdır. Qənaətlərini birinci növbədə öz üzərində tətbiq edir.
Akademik 1 ildir ki, sağlamlıq eksperimenti məqsədi ilə Bodrumda yaşayır. Ürəyi 2 dəfə əməliyyata məruz qalmış professor Əjdər Ağayevə böyük rəğbət bəsləyən alim ona vaxtaşırı məsləhətlər verir. Çoxları üçün maraqlı olacağını nəzərə alaraq, Onun bu günlərdə mobil telefonla verdiyi məsləhəti oxucuların diqqətinə çatdırırıq: - Salam Əjdər müəllim! Əyyubdur Türkiyədən. Necəsən, qardaş? Səsin xoşuma gəldi. Deyəsən, Allaha şükür yaxşısan. Tövsiyələrimi yadından çıxartma. Hər gün eyni vaxtda ye, yeməyin keyfiyyətli olsun, həblərini eyni vaxtda qəbul elə, 9 saat gecə, 1 saat gündüz yat, istirahət elə, hər gün bacardığın qədər (mümkünsə 10-11 km.) piyada gəz, atıl-düş dabanların yerə dəysin – beyninə qan yaxşı işləsin...
Sağlam, xoş həyat tərzi yaşa. Səni sevənlər çoxdur, qarşılarını alma. Yeri gəlmişkən, sabah Milli Sevgililər günüdür, məhəbbətli ol. Toya get, oyna, sağlıq de; yasa get, ağsaqqallıq elə, söz söylə. Aktiv ol. Sənin hər hansı yerdə görünməyin, söz deməyin tərbiyədir, örnəkdir, onu əskik eləmə. Əlisəfa müəllim mənə telefon eləmişdi. Yadındadırmı, Xolqarabucaq kənd orta məktəbində dərs dediyiniz şagirdləriniz məzun olmalarının 50 illiyinə məni də (mən o məktəbin 1943-cü il məzunuyam) dəvət etmişdilər. Çox xoş görüş oldu. Sənin keçmiş şagirdin, indi müəllim işləyən Əlisəfa mənimlə əminəvəsidir. O, dedi ki, arabir həmin görüşün videoyazısına baxırıq, zövq alırıq. Söhbətlərimiz, rəqs etməyimiz onların çox xoşuna gəlib. Əgər o yazı səndə yoxdursa, Əlisəfaya bildirim, sənə göndərsin. Böyükağanın sənin haqqında yazdığı “İşıq” sənədli romanı masaüstü kitabımdır. Çox xoşuma gəlir. Gözəl yazıb. Uzunömürlülüyün sirri və həyatın mənası mövzusunda kitab yazıram. 90 yaşım tamam olandan sonra nəşr etdirəcəyəm, inşAAllah. O zamana az qalıb. Sənə demişəm, baldan hər gün istifadə elə. Göyərti, meyvə ye, ağartını kəsmə. Çox yeməkdən qaç. Həmişə nikbin ol, gül-danış, əylən, şux görün. Əsas odur ki, evdə də gərək belə mühit olsun. Bilirəm, qardaşım balaları (Ə.Ağayevin qızlarını nəzərdə tutur – “Təhsil və zaman”) sənə yaxşı baxırlar. Özün də özünə gərək diqqətli olasan. Hər kəsin həkimi birinci növbədə özüdür... Salamat ol, hələlik... Əyyub Bəşirov, Türkiyə, Bodrum 29.06.2014 “Təhsil və zaman

No comments:

Post a Comment