9.04.2014

Müəllim peşəsini sevərsə...

Yaqut Ələsgərova biologiya müəllimidir. Eyni zamanda poeziyanın, ədəbiyyatın vurğunudur. Elə buna görə də onun dərslərində təbiətin poetik səsini dinləmək mümkündür. Bu səs müəllimin öz səsi ilə qovuşanda, şübhəsiz ki, daha da, cazibədar, cəlbedici səslənir. Yaqut müəllimin təbiətə, poeziyaya vurğunluğu təsadüfü deyil. Axı o, Azərbycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri salyanlı Aşıq Bəylərin övladıdır. Görkəmli aşığın ailəsində Yaqut hələ uşaq yaşlarından poeziyaya vurğun olub. Ailə mühiti ona ədəbiyyat, mənəvi dəyərlər, eləcə də xeyirxahlıq duyğuları aşılayıb. Aşıq Bəylər xeyirxah insan olub. Bunu Salyanda onu tanıyanların hər biri təsdiq edə bilər. Həm də aşığın bu xeyirxahlığı heç vaxt özünü xeyriyyəçi kimi tanıtmaq məqsədi daşımayıb. Ötən əsrin 60-70 – ci illərində Salyanda belə bir tendensiya var imiş. İmkanlı adamlar gecələr ərzaq dolu çantaları kasıb ailələrin qapısı ağzına qoydurarmışlar. Heç kəs də bilməzmiş ki, bu payı kim göndərib. Belə xeyriyyəçilərdən biri də Aşıq Bəylər olub. Yaqut Ələsgərovanın böyüdüyü ailə mühitinin özəlliklərindən biri də ailədə həmişə yaradıcı insanların tez-tez qonaq olması olub.
Hüseyn Arif, Nahid Hacızadə, Əjdər Ağayev, Əminə Yusifqızı kimi ziyalılar aşıq Bəylərin dostu kimi mütəmadi olaraq onun Salyandakı evinin qonağı olublar. Hətta Yaqut hələ dünyaya gəlməzdən öncə Səməd Vurğun da bu evin qonaqları sırasında olub. Yaqut hələ balaca ikən bu elm-sənət adamlarının söhbətlərini dinləyib, bu söhbətləri qətrə-qətrə beyninə, düşüncələrinə yazıb. Zaman keçdikcə atasının söhbətləri, tövsiyələri ilə onları müqayisə edib. Gələcək ömür yolunun müəyyənləşməsində bu söhbətlər müstəsna rol oynayıb.
Yaqutun ailədə, atasında müşahidə etdiyi cəhətlərdən biri də məktəbə, müəllimliyə olan ehtiram idi. Lakin o, müəllimliyin ağır mənəvi şərtlərinə özünü hələ tam hazır hesab etmirdi. Odur ki, atasının tövsiyələrinə baxmayaraq müəllimlik peşəsini seçmədi. Məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Tibb Universitetinə verdi. Sonuncu imtahandan keçə bilmədi. Bunu da taleyin bir qisməti kimi qəbul eləmək olar. Həyat onu həkimliyə deyil, müəllimliyə hazırlayırdı. Atasının sözləri hər zaman qulaqlarında cingildəyirdi: Sən gəl, müəllim ol. Müəllimlik el-oba içində ehtiram olunan bir peşədir. Görürsən ki, mənim də müəllimlərə nə qədər hörmətim var. Yaqut atasının sözlərini dinlədikcə bütün məktəb illəri, müəllimləri, qazandığı uğurlar gözləri önündən gəlib keçirdi. Hər an, hər bir epizod qəlbində müəllimlik peşəsinə məhəbbəti daha da artırırdı. Məktəbdə çox fəal, içtimaiyyətçi şagird olmuşdu. Məktəb pioner, komsomol təşkilatlarına rəhbərlik etmişdi. Yadındaydı, atası kəndlərə toya gedəndə onun üçün müxtəlif böcəkləri, qurdları, kiçik balıqları yığdırıb gətirərdi. O da bunları qurudar, onlardan kolleksiya düzəldər, məktəbə aparar, müəllimlərinə, şagird dostlarına həvəslə göstərərdi. Biologiya müəllimi Zəhra Şahtaxtinskaya Yaqutun əl işinə heyran qalardı. Sonra digər biologiya müəllimi, Salyanın məşhur Ağabəyovlar nəslinin nümayəndəsi Şərqiyə Ağabəyovanı, Həcər Mehdiyevanı, riyaziyyat müəllimi Ağaməmməd müəllimi, dil-ədəbiyyat müəllimi Fazil Məhərrəmovu xatırladı. Onların hər birini ciddi, tələbkar müəllim kimi tanıyırdı. Yaqutun qəlbində onların sayəsində müəllimlik peşəsinə məhəbbət oyandı. Atasının tövsiyyələri bu sevginin boy verməsinə yardımçı oldu. Nəhayət növbəti il – 1972 – ci ildə sənədlərini Azərbaycan Pedaqoji İnstitutunun biologiya fakültəsinə verib qəbul oldu. Qiyabi təhsil almaqla yanaşı, Salyan şəhərindəki 7 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başladı. O illərdə 7 nömrəli tam orta məktəbə Salyanda istedadlı məktəbşünas kimi tanınan Əvəz Məmmədov rəhbərlik edirdi. Əvəz müəllimin dövrün tələbləri səviyyəsində qurduğu idarəetmə, sənədləşdirmə, dərsdinləmə texnologiyası o vaxtlar rayon təhsili üçün bir nümunə idi. Bu, öz növbəsində müəllimlərin formalaşmasına, öz işlərini dövrün tələbləri səviyyəsində qurmalarına da təsirini göstərirdi. O, mütəmadi olaraq müəllimlərin dərsini dinləyir, amma fikirlərini dərhal ifadə eləmirdi. Götür-qoy edir, dərsin müsbət və mənfi cəhətlərini özü üçün aydınlaşdırır, bir neçə gündən sonra fikrini müəllimə bildirirdi. Şübhəsiz ki, Əvəz Məmmədov Yaqut müəllim üçün də bir nümunə, məktəb idi. Əvəz müəllim də öz növbəsində Yaqut müəllimin təşkilatçılıq və müəllimlik bacarığını görür, onu dəyərləndirirdi. 1970-illərdə Azərbaycanin Maarif Nazirliyi sistemində belə bir qayda var idi. Məktəb rəhbərliyi ən yaxşı müəllimlərin arasından ehtiyat direktor seçib Maarif nazirliyinə təqdim etməli idi. Əvəz Məmmədov Yaqut Əlsəgərovanın adını nazirliyə təqdim etmişdi. İllər keçəcəkdi. Yaqut müəllim ona etimad bəsləyənlərin, ilk növbədə atasının, daha sonra müəllimlərinin, eləcə də Əvəz Məmmədovun ümidlərini doğruldacaqdı, ən yaxşı müəllim, təşkilatçı kimi tanınacaqdı. Yaqut müəllimin ömür yoluna nəzər salmaqla fikrimizi əsaslandıraq. O, müəllimliyə böyük ruh yksəkliyi ilə başladı. 70-80-90-cı illərdə həyata keçirdiyi tədbirlər bu gün üçün də aktual olmaqla, yaddaşlardan silinməmişdir. Yaqut Ələsgərovanın 4 il təşkil etdiyi “Çörək bayramı” yalnız Salyanda deyil, respublikada marağa səbəb olmuşdu. Bu tədbiri təşkil etmək üçün istedadlı müəllim Salyanın bütün kəndlərini qarış-qarış gəzərək, müxtəlif dövləri əhatə edən çörəkbişirmə alətlərini toplamış, çorək növləri haqqında məlumat əldə etmiş, maraqlı bir sərgi düzənləmişdi. Bu sərginin ekspontları Böyük Vətən Müharibəsi illərini belə əhatə edirdi. “Çörək bayramı” yalnız məlumatvericilik, öyrədicilik mahiyyəti ilə diqqəti cəlb etmirdi. Həm də bu qiymətli nemətin mənəvi əhəmiyyətini gənc nəslin beyninə həkk edirdi. Yaqut Ələsgərova dərs prosesini təbiətin qoynuna köçürməyi, eləcə də milli-mənəvi dəyərləri dərs prosesinə tətbiq etməyi ustalıqla bacarmışdı. O, hələ uşaqlıqdan atasının təbiətdən yığdırıb gətirdiyi canlıları nə qədər maraqla qarşılayıb, təbiətdən öyrənməyin əhəmiyyətini nə qədər dərk etmişdisə, öz şagirdlərinə də bu yolla öyrətməyi əhəmiyyətli saymışdı. Təbiəti özünə fənn kabineti seçəndən şagirdlərinin də nailiyyətlərinin nə qədər artdığını görmüş, təbiət sevgisini yetirmələrinin düşüncəsinə həkk etməklə, bu sevgini onların baxışlarından duymuşdu. Bu, bir müəllim kimi onun ən böyük uğuru idi. Şübhəsiz, əgər müəllim öz fənninə sevgi yarada bilirsə, demək ki, öyrədə də biləcək... Elə bu sevginin nəticəsi idi ki, şagirdləri müəllimlərindən onları uşaq evinə, qocalar evlərinə aparmalarını rica edirdilər. Ekskursiyaların növbəti ünvanı məhz bu məkanlar olurdu. Yaqut Ələsgərova düşünürdü ki, şagirdlərin mənəvi tərbiyəsini onların elmi biliklərə yiyələnməsi ilə eyni zamanda aparmaq lazımdır. İnsanlara məhəbbət hissinin aşılanmasında yubanmaq olmaz. Müəllim hər bir işi vaxtında görməyi bacarmalıdır. Təsadüfü deyil ki, Yaqut müəllimin yetirmələri də onun etimadı doğruldaraq ölkənin nüfuzlu ali məktəblərində təhsil almış, mötəbər vəzifələr daşımaqdadırlar. Yaqut Ələsgərovanın istər məktəbdə, istərsə də məktəbdənkənar həyata keçirdiyi tədbirlər, şagirdlərin təlimində əldə uğurlar pedaqoji fəaliyyətinin ilk on ili ərzində rayon, eləcə də respublikanın pedaqoji ictimaiyyətinə tədriclə bəlli olurdu. 1983-cü ildə Salyan Rayon Təhsil Şöbəsi istedadlı müəllimin iş təcrübəsinin yayılması haqqında qərar qəbul etdi. Yaqut müəllimin tətbiq etdiyi texnologiyalar müəllimlər tərəfindən rəğbətlə, maraqlı qarşılandı. Ondan bir neçə il sonra isə əyani vəsaitlərlə zəngin olan “Biologiya” fənn kabineti respublika müsabiqəsində birinci yerə layiq görüldü. Qısa zaman ərzində ardıcıllar, ondan öyrənmək arzusunda olanlar yarandı. Metodist, Ali kateqoriyalı müəllim adı aldı. Bunlar Yaqut Ələsgərovanın yolunu daha böyük nailiyyətlərə açırdı. Bu nailiyyətlərin bir neçəsi də mənim gözlərim qarşısında qazanılıb. Yadımdadır. 2000-ci illərin əvvələrində Təhsil Nazirliyinin xətti ilə keçirilən “Pedaqoji mühazirə”lər, “İlin ən yaxşı müəllimi” müsbiqələri müəllimlərin marağına səbəb olur, geniş rəqabət yaradırdı. Belə müsabiqələrdə mən də jurnalist olaraq iştirak edir, müəllimlərin çıxışlarını dinləyir, qalib gələn müəllimlər haqqında dəftərçəmə qeydlər edir, onların adlarını məqalələrimdə göstərirdim. Yaqut müəllim də bir qabaqcıl biologiya müəllimi kimi diqqətimi cəlb etmişdi. O, 2001-ci ildə Respublika pedaqoji mühazirələrində əyani vəsaitlərin köməyi ilə “Fotosintez hadisəsi” mövzusunda dərs nümayiş etdirərək, müsabiqənin qalibi olmuş, “İlin ən yaxşı müəllimi” adına layiq görülmüşdür. Yadımdadır ki, həmin müsabiqədə pedaqoji elmlər doktoru, professor Vidadi Xəlilov bölmə rəhbəri kimi, Yaqut müəllimin işini yüksək səviyyədə dəyərləndirmişdi. Doğrudur, o zaman Yaqut Ələsgərovanı şəxsən tanımırdım, amma nailiyyətlərinə sevinir, yaxşı müəllim kimi ona pərəstiş edirdim. 2007-ci ildə Yaqut Ələsgərovanın daha bir uğurunu eşitdim. Bu məni çox sevindirdi. Yaqut Ələsgərova ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə “Respublikanın əməkdar müəllimi” fəxri adına layiq görülmüşdü. Əslində Yaqut müəllim bu ad üçün çalışmamışdı, fəaliyyətinin məntiqi nəticəsi özü onu bu ada yüksəltmişdi. Bu adı el-obadan, Salyanın pedaqoji ictimaiyyətindən əslində çoxdan almışdı Yaqut müəllim... Bu yazıda Yaqut müəllimi qabaqcıl müəllim kimi xarakterizə etməyə çalışdım. Amma Yaqut Ələsgərovanın fəaliyyəti yalnız müəllimlikə yekunlaşmamışdır. Bir müəllim kimi, Salyan ictimaiyyətinin rəğbətini nə qədər qazana bilibsə, Yaqut müəllim ictimai fəaliyyəti ilə də dərin hörmət sahibidir. O, 2001-ci ildən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Şalyan rayon şöbəsinin rəhbəridir. Komitədə “Gender bərabərliyi” komissiyasının üzvüdür. Respublika Qadınlar Cəmiyyəti Salyan rayon şöbəsinin sədri, “Sevil” Qadınlar şurasının sədr müavini, Rayon Ağsaqqalar Şurasının üzvüdür. O, həmkarlar komitəsi tərəfindən “Həmkarların işində fərqləndiyinə görə” medalı ilə təltif olunub. Salyanda neçə-neçə imkansız ailə, qayğıya ehtiyacı olanlar Yaqut müəllimin xeyirxahlığından minnətdarlıq duyğusu ilə bəhs edir. Yaqut Ələsgərova Azərbaycan Müəllimlərinin, Azərbaycan Qadınlarının Ali məcləslərində, Həmkarlar təşkilatının xətti ilə beynəlxalq tədbirlərdə mütəmadi olaraq iştirak edir. Həyatda yaxşı adam adı qazanmaq hər kəsə nəsib olmur. Yaqut Ələsgərova bu adı nəslindən ərmağan alıb, nəslinin gələcək davamçılarına ləyaqətlə təqdim edib. Bu adın yolu daim şərəfli olar inşaallah...
Böyükağa MİKAYILLI

No comments:

Post a Comment