9.10.2014

TƏHSİL ŞURASININ LAYİHƏSİ UĞURLA TƏTBİQ OLUNMAQDADIR

129 nömrəli tam orta məktəblə 230 nömrəli tam orta məktəb arasında əməkdaşlıq müqaviləsi imzalandı. Xəbər verdiyimiz kimi, Təhsil Şurası “Təhsil müəssisələrinin əməkdaşlıq və təcrübə mübadiləsi” layihəsi həyata keçirir. Bu layihə çərçivəsində Bakının Nizami rayonundakı 129 nömrəli tam orta məktəb daha yüksək aktivlik nümayiş etdirir. Belə ki, bu ilin iyun ayında 129 nömrəli tam orta məktəblə Şirvan şəhərindəki 1 nömrəli məktəb-lisey arasında əməkdaşlıq haqqında memorandum imzalanmış, tədbirlər planı hazırlanmışdır. Bu günlərdə qeyd olunan layihə çərçivəsində daha bir müqavilə imzalandı. Bu dəfə bu layihəyə Bakının Xəzər rayonundakı 230 nömrəli tam orta məktəb də qoşuldu. Əməkdaşlıq müqaviləsi 230 nömrəli tam orta məktəbdə bu təhsil ocağı ilə 129 nömrəli məktəb arasında imzalandı. 
Memorandumun imzalanması mərasimində Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, Şuranın mətbuat xidmətinin rəhbəri, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı, eləcə də 129 nömrəli tam orta məktəbin direktoru Samir Mehdizadə, 230 nömrəli tam orta məktəbin direktoru Elşən Qafarov, məktəbin pedaqoji kollektivi iştirak edirdi. Tədbiri giriş sözü ilə açan professor Əjdər Ağayev Təhsil Şurasının son vaxtlar həyata keçirdiyi tədbirlərdən bəhs etdi. Bildirdi ki, “Təhsil müəssisələrinin əməkdaşlıq və təcrübə mübadiləsi layihəsi” təhsilimizin bu günü üçün mühüm olan bir layihədir.

 Təhsil müəssisələri arasında əməkdaşlıq layihələri illər öncə mövcud olmuşdur. Amma son illər bu tendensiya unudulmuşdur. Halbuki, məktəblər
əməkdaşlıqdan çox fayda əldə edə bilərlər. Əjdər Ağayev vurğuladı ki, Təhsil Şurası bu layihəni mətbuatda elan etdikdən sonra xeyli sayda məktəb əməkdaşlıq üçün müraciət edib. Dərs ili başladıqdan sonra bu layihənin daha geniş dairədə reallaşmasına başlanacaq. 129 nömrəli tam orta məktəbin direktoru Samir Mehdizadə də layihənin əhəmiyyətindən bəhs etdi. Memorandumun ayrı-ayrı maddələrini iştirakçıların diqqətinə çatdırdı. Qeyd etdi ki, bu, özlüyündə məktəbin bütün pedaqoji kollektivini, şagirdləri əhatə etməklə, təcrübə, informasiya mübadiləsi aparmağa, konfransların, seminarların, idman və bilik yarışlarının keçirilməsinə, elmi müzakirələrin təşkilinə və s. xidmət edir. Şübhəsiz ki, bu, öz növbəsində təhsil müəssisəsinin hərtərəfli inkişafını stimullaşdırmağa yönəlib. 230 nömrəli tam orta məktəbin direktoru Elşən Qafarov rəhbərlik etdiyi məktəbin ənənələrindən, nailiyyətlərindən danışdı. Söylədi ki, bu gün məktəbdə zamanın tələbləri səviyyəsində tədbirlər həyata keçirilir. Sevindirici haldır ki, məktəbin maddi-texniki bazası, pedaqoji kollektivin intellektual hazırlığı da buna imkan verir. O, ümidvar olduğunu bildirdi ki, 129 nömrəli tam orta məktəblə əməkdaşlıq məktəbin fəaliyyətində daha yeni istiqamətlərin açılmasına imkan yaradacaq. Tədbirin sonunda əməkdaşlıq haqqında memorandum imzalandı.

 Təhsil Şurasının Mətbuat və İctimaiyyətlə Əlaqə Mərkəzi





No comments:

Post a Comment