9.09.2014

Təhsil Şurası İmişlidə elmi-təcrübi konfrans keçirdi

Konfransda Bakıdan və respublikanın ayrı-ayrı bölgələrindən qabaqcıl müəllimlər, məktəb rəhbərləri iştirak edirdilər.
Sentyabrın 6-da İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbycan Təhsil Şurası İmişli Rayon Təhsil Şöbəsi ilə birgə təcrübə mübadiləsi məqsədilə “Təlim keyfiyyətinin yüksəldilməsi problemi” mövzusunda elmi-təcrübi konfrans keçirdi. Qeyd edim ki, Azərbaycan Təhsil Şurası bu mövzuda konfransı ötən dərs ilinin əvvəlində Şirvan şəhərində keçirmiş və müəllimlərin geniş marağına səbəb olmuşdu. Konfransda Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, İmişlı rayon Təhsil Şösəsinin müdiri Ramiz Əmirov, şöbənin müdir müavini Vahid Tağıyev, Təhsil Şurası idarə heyətinin üzvü, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı, idarə heyətinin üzvləri, Bakının Nizami rayonundakı 129 nömrəli tam orta məktəbin direktoru Samir Mehdizadə, Şirvan şəhərindəki 9 nömrəli tam orta məktəbin müəllimi Sevinc Niftiyeva, eləcə də Təhsil Şurasının Saatlı, Sabirabad, Şamaxı, Salyan, Neftçala, Hacıqabul rayonlarından olan üzvləri, qabaqcıl müəllimlər, təhsil işçiləri, İmişli rayonunun müəllimləri, təhsil işçiləri, məktəb rəhbərləri iştirak edirdilər.
Konfransı giriş sözü ilə İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov açaraq tədbirin təhsilimiz üçün mühüm əhəmiyyətli bir mövzuya – təlim keyfiyyətinin yüksəldilməsi mövzusuna həsr edilməsinin və bunun İmişli rayonunda keçirilməsinin rayon müəllimləri üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Konfransın rayonun pedaqoji ictimaiyyəti tərəfindən maraqla qarşlandığını, hər bir təhsil işçisinin bu tədbirdə iştirak etməyə həvəs göstərdiyini söylədi. O, belə bir tədbirin İmişlidə təşkil olunduğu üçün Təhsil Şurasının sədri professor Əjdər Ağayevə minnətdarlığını dilə gətirdi. Konfransın işinə uğurlar dilədi. Təhsil Şurasının sədri professor Əjdər Ağayev “Təlim keyfiyyətinin yüksəldilməsi: nailiyyətlər, problemlər” mövzusunda məruzə ilə çıxış etdi. Söylədi ki, İmişlinin təhsil sahəsində ənənələri var. Konfransın məhz İmişlidə keçirilməsi həm də bu ənənələrlə bağlıdır. Bugünkü İmişli özünün sosial-iqtisadi inkişafı baxımından da diqqəti cəlb edir. O, tədbirin Heydər Əliyev mərkəzində keçirilməsinin də mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Vurğuladı ki, ulu öndər Heydər Əliyev Təhsil Şurasının yaradıcısı və fəaliyyətinin ideya müəllifidir. Əjdər Ağayev vurğuladı ki, Təhsil Şurası ayrı-ayrı vaxtlarda “Təlim keyfiyyətinin yüksəldilməsi problemi” mövzusunda elmi-təcrübi konfranslar keçirmişdir. Adından da göründüyü kimi bu tədbirlərin bir qayəsi olmuşdur: təlim keyfiyyətinin yüksəldilməsinə dəstək olmaq, müəllimlərin, məktəblərin iş təcrübəsini öyrənmək və yaymaq. Sevindirici haldır ki, respublikamızın qabaqcıl müəllimləri Təhsil Şurasının bu qayəsini rəğbətlə qarşılamışlar. Ə.Ağayev söylədi ki, son bir ildə ölkəmizdə təhsil quruculuğu sahəsəndə mühüm işlər görülmüşdür. Təhsildə həyata keçirilən hər bir işin önündə, şübhə yoxdur ki, müəllim dayanır. O şagird xoşbəxtdir ki, yaxşı müəllimdən dərs alıb. Təlimin keyfiyyətinin yüksəldilməsinin ən mühüm amillərindən biri pedaqoji kadrdır. Biz müəllimlər bilirik ki, pedaqoji işdə vacib olan əsas şərtlərdən biri öz biliyini ötürə bilmək bacarığıdır. Müasir dövr texnologiyaların inkişaf etdiyi dövrdir. Bu günün müəllimi texnologiyalardan istifadə etməyi bacarmalıdır. Amma müəllim texnologiyları təlim prosesinə elə tətbiq etməlidir ki, şagirdində həyati bacarıqlar formalaşdıra bilsin, şagirdini inkişaf etdirə bilsin. Təkcə intellektual baxımdan deyil, eyni zamanda, şagirdinin mənəvi inkişafına, onun bir insan olaraq kamilləşməsinə nail ola bilsin. Texnologiya nə qədər inkişaf edirsə etsin, onu düzgün istiqamətə yönəldən müəllim yoxdursa, uğur əldə etmək çətin olacaqdır. Professor Əjdər Ağayev daha sonra son illər ölkəmizdə təlimin keyfiyyətinin yüksəldilməsi sahəsi atılan addımlardan bəhs etdi və bütün bunların tezliklə öz bəhrəsini verəcəyinə inandığını söylədi. Elmi-təcrübi konfransda daha sonra “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı “Qabaqcıl təcrübə “Təhsil və zaman” qəzetinin səhifələrində”, Bakı şəhəri Nizami rayonu 129 nömrəli tam orta məktəbin direktoru Samir Mehdizadə “Təhsil Şurasının “Təhsil müəssisələrinin əməkdaşlıq və təcrübə mübadiləsi” layihəsinin təlim keyfiyyətinin yüksəldilməsinə təsiri”, Şirvan şəhərindəki 9 nömrəli tam orta məktəbin müəllimi Sevinc Niftiyeva “Açıq dərslərin sistemli təşkili təlim keyfiyyətinin yüksəldilməsində mühüm vasitələrdən biri kimi”, Salyan şəhər 1 nömrəli Humanitar Təmayüllü Məktəb Liseyin müəllimi, əmkdar müəllim, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Zabul Əhmədov “İKT-dən səmərəli istifadənin təlim keyfiyyətinin artırılmasında rolu”, Bakı şəhəri Nizami rayonu 129 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Hüsniyə Əkbərova “Yaz” mövzusunda açıq dərs”, həmin məktəbin coğrafiya müəllimi Sevil Quliyeva “Təlim keyfiyyətinin yüksəldilməsində ekskursiyaların rolu”, Şirvan şəhər 9 nömrəli tam orta məktəbin direktor müavini Mətanət Baxışova “Təlim keyfiyyətinin yüksəldilməsində valideyn-məktəb əməkdaşlığının rolu”, Neftçala rayon Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbin müəllimi, əməkdar müəllim, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Seyran Səfərov “İstedadlı şagirdlərlə işin təşkili təcrübəsindən”, İmişli rayon Təhsil Şöbəsinin müdir müavini Vahid Tağıyev rayonun təhsil müəssisələrində təlim keyfiyyətinin yüksəldilməsi istiqamətində həyta keçirilən tədbirlərdən bəhs etdilər. Elmi-təcrübi konfransın sonunda yeni dərs ili qarşısında Azərbaycan müəllimlərinə müraciət qəbul olundu. Müraciəti səsləndirən professor Əjdər Ağayev söylədi ki, bu gün ölkə başçısı cənab İlham Əliyevin sərəncamları, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsilimizdə fundamental işlər həyata keçirilir. Azərbaycan təhsili dünya təhsil arenasında tanınmağa başlayır. Ölkəmizdə hərtərəfli diqqətçəkən inkişaf göz önündədir. Təhsil sahəsində də yeniliklər çoxdur. O, Azərbaycanın bütün müəllimlərini təhsilimizdə həyata keçirilən yenilikləri, texnologiyaları mükəmməl şəkildə mənimsəməyə, onu təlim prosesinə daha uğurla tətbiq etməyə, bununla da daha böyük nailiyyətlər əldə etməyə səslədi. Sonda tədbirdə çıxış edən müəllimlərə sertifikatlar təqdim olundu.
Azərbaycan Təhsil Şurası Mətbuat və İctimaiyyətlə əlaqə Mərkəzi



                            

                    




         


  




 



 

 






No comments:

Post a Comment