10.15.2014

Həqiqətlə addımlayanların yolu heç də həmişə hamar olmasa da, bu yolu içində daşıyanların qəlbi rahatlıqla döyünür. Həqiqət insana mənəvi rahatlıq, güc verir.

Əjdər müəllim Mehdi Mehdizadə irsini mükəmməl bilirdi. Bu da təsadüfi deyildi. Uzun illər yaxın əməkdaşlıq şəraitində fəaliyyət göstərmələri, Mehdi müəllimin ümumiyyətlə, novator fikirlərə açıq olması, istedadlı tədqiqatçılara, tədqiqatlara yol açması, onları dəyərləndirməsi Əjdər müəllimlə də aralarında səmimi münasibətin yaranmasına səbəb olmuşdu. Əjdər müəllim Mehdizadə haqqında bir neçə dəfə məqalə ilə çıxış etmişdi. Əvvəllərdə də qeyd etdiyimiz kimi, Mehdi müəllim özü də bunu arzulamışdı. O, bu məqalələrdə Mehdi müəllimin elmi-nəzəri, təcrübi araşdırmalarını təhlil etmiş, həmçinin onun doğulub böyüdüyü kənd mühitindən də bəhs etmişdi. Mehdi müəllimin doğulub böyüdüyü, ilk təhsil aldığı kənd mühiti haqqında mənbələrdə yanlış məlumat verildiyi üçün Əjdər də yazılarının birində sonra aradan qaldıracağı fakt yanlışlığına yol vermişdi. Bunu da Əjdərə Mehdi müəllim deyil, qardaşı Zəkəriyyə Mehdizadə
söyləmişdi: - Mehdi Mehdizadə haqqında yazdığınız məqaləni oxudum. Alimin elmi irsinin meydana qoyulması baxımından çox dəyərli məqalədir. Amma orada bir səhvə yol verilib. Mehdi müəllimin doğulduğu Cəbray;l rayonunun Daşkəsən kəndini geridə qalmış kənd kimi xarakterizə edirsiz. Əslində isə belə olmayıb. Mehdi müəllimin doğulduğu Daşkəsən kəndində o zaman dəmir filizi çıxarılırdı. Sənaye istehsalı, şaxtalar var idi. Kənddə rus dilli məktəb fəaliyyət göstərirdi. Dünyada gedən proseslərdən baş çıxaran adamlar, Şərq mədəniyyətini, elmini bilənlər çox idi. Atamız dünyəvi elmləri, Şərqi, Quranı mükəmməl bilirdi. Çox yaxşı olardı ki, bunları gələcək yazılarınızda nəzərə alasınız. Əjdər cavab verir ki, məqaləni yazarkən mənbələrə istinad edib. - Sən o yazılanlara, mənbələrə inanma, Zəkəriyyə müəllim söyləmişdi. Əjdər bir müddət sonra Mehdi müəllim haqqında yazdığı sonrakı məqalələrdə həmin səhvi düzəltmişdi. Mehdizadənin doğulduğu kənd mühitini mükəmməl öyrənəndən sonra aydınlaşdırmışdı ki o, həqiqətən ziyalı mühiti olan bir kənddə dünyaya göz açıb. Mehdi müəllim təlim rus dilində olan məktəbdə oxuyub. 1918-ci ildən sonra təhsilini Azərbaycan dilində davam etdirib. Mehdi müəllim sovet dövrünün naziri, alimi səviyyəsinə yüksəlsə də, böyüdüyü, təhsil aldığı mühit onu şərq müdriki ruhunda formalaşdırıb. Mehdi müəllim həqiqətən də klassik Şərq alimlərinin davranış, təfəkkür, baxış tərzinə yiyələnib. Bu adamda Şərq elm məktəbinin təsiri hiss olunub hər zaman. Hansı ki, o məktəb özündə şərq fəlsəfəsini, şərq ədəbiyyatını, mənəvi dəyərlərini ehtiva edir. Amma Mehdi müəllim bunlar haqqında bir kəlmə də olsun danışmamışdı. Əslində onun hərəkəti, təmkini mədəniyyəti, ünsiyyəti, məntiqi bütün bunları göstərirdi. Bütün bunlar onun simasında yazılmışdı. Bunu ariflər duya bilərdilər. Bir məsələni qeyd etməyə bilmərəm. Əjdər müəllimin Mehdizadə haqqında danışıqlarından belə bir qənaətə gəlmişəm ki, Mehdi müəllim nazir vəzifəsinə tamamən yeni bir imic bəxş edibmiş. Yəni nazir sıravi bir müəllimlə, alimlə, şagirdlə görüşə, onunla həmsöhbət ola, qayğıları ilə maraqlana, problemlərini öyrənə və onu aradan qaldıra... Yəni vəzifə bağlı qapı deyil, körpü rolunu oynaya. Mən digər belə bir nazir təsəvvür etmirəm... Əjdər müəllim Mehdizadə ilə ömrünün gənclik çağlarında əməkdaşlıq ünsiyyətində olub. Deyə bilərəm ki, ömrünün bu mərhələsində məhz Mehdi Mehdizadə ilə ünsiyyətdə olması Əjdər üçün çox böyük uğur idi. Elə təhsilimiz, pedaqoji elmimiz üçün də... Çünki bu ünsiyyət böyük bir alimin doğulmasına yol açırdı...
Əjdər müəllim Mehdi Mehdizadəni xarakterizə edərkən söyləyir ki, onda heç vaxt formallıq olmayıb. Əməli ilə işi vəhdət təşkil edib. Bir siması, bir mövqeyi olub. Həqiqəti müdafiə edib. Bir zamanlar “Azərbaycan məktəbi” jurnalının məsələsi Maarif Nazirliyinin kollegiyasında müzakirə olunarkan da Əjdər müəllim Mehdizadənin müdrikanə mövqeyinin şahidi olmuşdu. Onu heç bir qüvvə tutduğu, əmin olduğu həqiqət yolundan döndərə bilməzdi. Həqiqətlə addımlayanların yolu heç də həmişə hamar olmasa da, bu yolu içində daşıyanların qəlbi rahatlıqla döyünür. Həqiqət insana mənəvi rahatlıq, güc verir. İnsanın böyüklüyü onun əməllərində üzə çıxır. Əjdər müəllim “Azərbaycan pedaqoji fikir tarixi antologiyası”nın çapı ərəfəsində Mehdi müəllimlə Mirzə Kazım bəy haqqında aralarında olan söhbəti tez-tez xatırlayırdı. Mehdi müəllimin Şərqə olan məhəbbətinin kökündə hansı amilin dayandığını düşünürdü. Bunu doğulduğu, böyüdüyü mühitlə əlaqələndirsə də, yenə də ürəyindəki suallara tam cavab ala bilmirdi. Bir gün yenə də onun köməyinə Mehdi müəllimin qardaşı Zəkəriyyə Mehdizadə gəldi. “Azərbaycan pedaqoji fikir tarixi antologiyası”nın tərtibi zamanı Mehdi müəllimlə aralarında Mirzə Kazım bəy ətrafında olan söhbəti Zəkəriyyə müəllimə danışdı. Zəkəriyyə müəllim gülümsəyib dedi: Bizim atamız axund olub. Mollalıq eləməyib, amma şərq dəyərlərini, klassik ədəbiyyatı, fəlsəfəni bilib. Atamız bizə hər gün mənəvi dəyərlərimiz haqqında danışar, amma bunu içimizdə gizli saxlamağı tapşırardı. Biz Atatürkün, Əlibəy Hüseynzadənin, Məmmədəmin Rəsulzadənin kim olduğunu, hansı ideya uğrunda döyüşdüyünü bilirdik. Amma bunu qəlbimizdə saxlayırdıq. Atamızın fikirləri, söhbətləri bizim ruhumuzu əslində cəmiyyətin ümumi qəlibindən çıxarır, nəhəng dəryada üzməyə sövq edirdi. Amma biz bu dəryada tənha üzürdük. Qəlbimizdəkiləri cəmiyyətdən gizli saxlayırdıq. Bunlar elə məsələlər idi ki, onları açıb-ağartmaq olmazdı. Nə qədər aydınımız bu sirlərlə dünyadan köçdü. Amma elə bilirəm ki, bir zaman gələcək bu sirlər arxivlərdən, ürəklərdən çıxıb cəmiyyətimizi aydınladacaq. Həqiqi mənəviyyət tariximiz ürəyimizdə sirr dağarcığı kimi qalıb qübar bağlamayacaq. Bilirsiniz ki, Mehdi müəllimi bir dəfə həbs etmişdilər. Sonradan həqiqət üzə çıxdı, azad etdilər. Yenidən rektor təyin etdilər. O, bunları gördüyü üçün ürəyində bəzi məsələləri gizli saxlayırdı. Əjdər Zəkəriyyə Mehdizadəni dinlədikcə Mehdi müəllimin şərq mənəviyyatına malik ailə mühiti onun üçün daha da aydılaşırdı. Mehdi müəllimlə bağlı Zəkəriyyə Mehdizadədən öyrəndiyi bu məsələlər Əjdər Ağayev üçün yeni idi. Amma o, bilirdi ki, Mehdi müəllim Azərbaycandakı rus məktəblərinin inkişaf tarixi ilə bağlı məqalələr yazıb. İndi ona aydın olurdu ki, Mehdizadə özü rus məktəbinin şagirdi olduğu üçün Azərbaycandakı rus məktəblərinin tarixi onu maraqlandırıb. Mehdi müəllim qanının qaynadığı, içində olduğu, təcrübəsini bildiyi məsələlərdən yazırdı. Ona görə də pedaqoji sahənin zirvəsində dayanırdı. Elmində də, təcrübəsində də, sistemin qurulmasında da...
Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutundada yenidən fəaliyyətə qayıdan Əjdər Ağayev ilk növbədə aktual elmi pedaqoji problemləri tədqiqata cəlb etmək barədə düşünürdü. Onu da düşünürdü ki, bu sahədə tədqiqat imkanları geniş olduğu qədər də, spesifik çətinlikləri də vardır. Maraqlıdır ki, çətinliyi əsasən tədqiqat mövzusu ilə deyil, tədqiqatçılarla bağlayırdı. O, haqlı olaraq hesab edirdi ki, hər adam hər mövzunu işləyə, müdafiə edə bilməz. Mövzu seçimi tədqiqatçının elmi hazırlıq səviyyəsi ilə yanaşı, mənəvi, ruhi hazırlığından daha çox asılıdır. Tədqiqatçı işləyəcəyi mövzunun üfüqlərini görməyi bacarmalı, seçdiyi mövzunun ruhunu duymalıdır. Ruhla yazılanı ruhsuz açmaq, təhlil etmək mümkün deyil. Elm təmənnasızları sevir. Eynşteyin yazır ki, elm məbədi mürəkkəb quruluşa malikdir. Buraya gələn adamlar da, onları bura gətirən mənəvi qüvvələr də müxtəlifdir. Bəziləri elmlə intellektual üstünlük hissinin təsiri ilə məşğul olurlar. Bu mənada elm idman kimidir, üstünlüyün üzə çıxmasına-şöhrətə xidmət edir. Başqaları isə öz fikirlərinin məhsulunu utilitar məqsədlərə həsr edirlər. Əgər Allahın göndərdiyi mələk hər iki kateqoriyaya mənsub adamları məbəddən uzaqlaşdırsaydı, onda məbəd kəskin şəkildə boşalmış olardı. Lakin burada yenə də tək-tük adamlar qalardı, onlarsız elm məbədi mövcud yüksəkliyə qalxa bilməzdi. Onlar maddi dünyanın cari qayğılarından uzaqlaşaraq elm məbədinə tam təmənnasız gələnlərdir. Elmi də tam təmənnasızlar inkişaf etdirə bilərlər. Elmə yiyələnə bilərsən, amma təmənnalısansa deməli elm adamı deyilsən. 1983-cü ıldə SSRİ Maarif Nazirinin müavni Panaçin Azərbaycanın Maarif nazirliyinin müraciətinə cavab olaraq əmr imzaladı ki, pedaqoji elmlər namizədi Əjdər Ağayev aspirant və dissertantlara elmi rəhbərlik işini həyata keçirə bilər. Onun ilk elmi rəhbərlik etdiyi adamların arasında Vidadi Bəşirov, Rəsul Abdulov, Nübar Muxtarova, Akif Abbasov və başqaları var idi. Əjdər düşündüyü kimi, bu tədqiqatçıların hər birinə pedaqoji fikir tarixi üçün aktual olan mövzular təqdim etdi. O, hesab edirdi ki, vətəndaş hazırlığında hüquqi biliklərə yiyələnmə, hüquqi tərbiyə, mədəniyyət vacib şərtlərdəndir. İnsanı vətəndaş kimi yetişdiririksə o, hüquqlarını bilməli, hüquqi mədəniyyətə sahib olmalıdır. Odur ki, bu istiqamətdə məqalələr yazır, tədqiqat işlərinin də məzmununda hüquqi məsələlərə yer ayrılmasını tövsiyyə edirdi. O, bu məqalələrində xüsusən şagirdlərin qanunpozmalarını aradan qaldırmaq yollarını araşdırırdı. Bu da təsadüfü deyildi. 1980-ci illərdə SSRİ-də gənclərin narkonamiyaya, digər zərərli vərdişlərə, cinayətkarlığa meyli artmışdı. Şübhəsiz ki, bu fakt ölkə rəhbərliyini narahat edir, çıxış yolları araşdırılırdı. Problemin aradan qaldırılması istiqamətində müxtəlif tədbirlər təşkil olunur, ümumittifaq yığıncaqları keçirilirdi. Əjdərin gənclərin hüquqi maariflənməsi, mənəvi tərbiyəsi sahəsində yazdığı məqalələr Daxili İşlər Nazirliyinin diqqətini cəlb etdiyi üçün onu da belə tədbirlərə dəvət edirdilər. Bir dəfə bu mövzuda ümumiittifaq müşavirəsinə Azərbaycandan nümayəndə kimi göndərilmişdi. Həmin müşavirədə SSRİ-nin məşhur hüquqşünasları iştirak edirdilər. Əjdər Ağayev gənclərin hüquqi biliklərə yiyələnməsinin elmi əsaslarının araşdırılmasını bu problemin aradan qaldırılmasında başlıca vasitələrdən hesab edirdi. Odur ki, bu sahədə tədqiqat apara biləcək aspirantlarını nəzərdən keçirir, daha çox hüquqi təfəkkürü olanları bu mövzuya cəlb etmək istəyirdi. İlkin olaraq diqqətini cəlb edənlərdən biri Akif Abbasov oldu.

Ardı var.

No comments:

Post a Comment