Müsahibimiz dahi pedaqoq Anton
Semyonoviç Makarenko nəslinin nümayəndəsi Pavel Makarenkodur.
Onunla görüşümüzün baş tutacağına o
qədər də inamım yox idi. Məlumdur ki, Ukrayna müharibə şəraitində yaşayır.
Ölkənin böyük bir ərazisində adamlar səhəri top, güllə səsləri ilə açır,
axşamlar səksəkəli yatırlar. Böyük pedaqoq Anton Semyonoviç Makarenkonun da
ailəsi ölkəsinin taleyi ilə yaşayır. Bir zamanlar Anton Semyonoviçin Luqanskda
yaşadığı tarixi bina da dağıdılıb. Elə Pavel Makarenko – Anton Semyonoviç
Makarenkonun nəticəsi ilə görüşümüzün də bu səbəbdən baş tutmayacağını güman
edirdim. Amma Pavelin də cəhdləri görüşün alınmasına yardımçı oldu. Bəri başdan
bu görüşün təşkil olunmasında əməyi keçən Kiyevdə yaşayan soydaşımız Elxan
müəllimə, eləcə də gənc həkim, neyro-cərrah, Əslən Tovuzdan olan həmyerlimiz
Musa Musayevə dərin təşəkkürümü bildirirəm. Pavel qohumlarının ailəsini
Luqanskdan gətirib Xarkovda yerləşdirən kimi, mənimlə görüşmək üçün Kiyevə
gəldi. Mən də Lvovdan Kiyevə qatarla yola düşdüm. Pavel hüquqşünasdır. Xarkovda
hüquq şirkətlərindən birində vəkil, eyni zamanda Xarkov Mədəniyyət
Akademiyasında müəllim işləyir. O, bu il Ukraynada keçiriləcək Radanın deputatı
seçkilərinə qatılacaq. Elə bu səbəbdən də vaxtı məhdud idi. Bununla belə görüşə
xeyli zaman ayırmışdı. Azərbaycan pedaqoji ictimaiyyəti üçün maraq doğuracağını
nəzərə alıb, Pavelə suallarım əhatəli oldu.
“İnsan şəxsiyyətinə çox hörmət
bəslənməli və ondan çox tələb etməli.”
- Pavel Dmitriyeviç, Azərbaycanda
Anton Semyonoviç Makarenkonu gözəl tanıyırlar. Onun əsərləri müəllimlərin,
pedaqoqların, pedaqoji elm tədqiqatçılarının stolüstü kitabıdır. Makarenko
irsinin tədqiqi sahəsində xeyli iş görülmüşdür. Bir neçə faktı qeyd edim.
Pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev Makarenkonun iki cildlik
əsərlərini tərtib edib. Professor M.Muradxanov A.S.Makarenkonun pedaqoji irsinə
aid bir sıra irihəcmli kitablar yazıb. Makarenkonun adını daşıyan məktəb var.
Ukraynada Makarenko irsinə, Makarenko şəxsiyyətinə münasibət necədir? -
Makarenkonun həm irsi, həm də şəxsiyyəti Ukrayna üçün həmişə aktuallıq kəsb
edib. O, həmişə bəşəri mahiyyət daşıyıb. Fikrimcə, Makarenko bu gün
bəşəriyyətə, eləcə də Ukraynaya daha çox lazımdır. Ukraynada həmişə Makarenko
şəxsiyyətinə, irsinə ehtiram olub. Anton Semyonoviş haqqında çoxsaylı əsərlər
dərc olunub. Onun elmi-pedaqoji irsi fundamental şəkildə tədqiq edilib.
“Pedaqoji poema” adlı bədii film çox böyük maraq doğurub. Ukraynada Makarenko
adına ali təhsil müəssisələri, orta məktəblər, küçələr, xiyabanlar var.
Fikrimcə, bütün bunlar deməyə əsas verir ki, Anton Semyonoviç Makarenkonun həm
irsinə, həm də şəxsiyyətinə Ukraynada münasibət birmənalı olaraq müsbət olub. -
Anton Semyonoviç Makarenko özünün pedaqoji sistemini bir cümlə ilə belə ifadə
edir: “İnsan şəxsiyyətinə çox hörmət bəslənməli və ondan çox tələb
etməli.”Sizin məlumatınız varmı?, o, ailədə də belə tələbkar olmuşdurmu? -
Makarenko öz yoluna inanan adam olmuşdur. O, nə etmişdirsə, hansı addımı
atmışdırsa, onunla bağlı mükəmməl düşüncələri olmuşdur. Bütün bunları o, öz
əsərlərində də göstərmişdir. Ulu babamın həyatı inqilablar, SSRİ adında böyük
bir dövlətin yaşadığı təbəddülatlar, vətəndaş müharibəsi, eləcə də quruculuq
dövrünə təsadüf etmişdir. Xüsusən də gənclik və uşaqlıq dövründə baş verənlər
insanın yadından çıxmır. Onun formalaşmasına təsir göstərir. O, da bu
hadisələri öz həyatında hiss etmiş, cəmiyyətin ictimai həyatına fəal şəkildə
qoşulmuşdur. O, öz işini o qədər sevib ki, onunla nəfəs alıb. Mən hüquqşünasam.
Öz peşəmdən çıxış edərək deyə bilərəm ki, təcrübi, bir də nəzəri hüquqşünaslar
var. Nəzəriyyə ilə məşğul olanlar təcrübi hüquqşünasların işini görməkdə
çətinlik çəkirlər. Makarenko isə təcrübə, həm də nəzəriyyə ilə məşğul olub.
Onun fəaliyyəti həyatın, zamanın zərurətindən doğurdu. O, həm nəzəriyyəçi, həm
də təcrübəçi idi. Ailəmdən eşitdiklərimə görə ulu babam işində nə qədər
tələbkar olmuşdusa, ailədə də buna o dərəcədə əməl etmişdir. Makarenko novator
olmuşdur. Novatorları isə heç də
həmişə asanlıqla qəbul eləmirlər. Onun
pedaqoji ideyalarına, metodlarına zamanında çox adamlar qarşı çıxmışlar. Bəzi
hallarda ona qarşı mübarizə sistemli hala çevrilib. Bəzi hallarda babamın
fəaliyyətinə Ukrayna Xalq Maarif Komissarlığı müdaxilələr edib. Hətta bir ara
onun tərbiyə sistemini sovet ideologiyasına zidd hesab edərək onu Kuryajdakı
Koloniyanın rəhbərliyindən uzaqlaşdırıblar. Amma babam öz yolunun doğruluğu ilə
onlara çox şeyi sübut etməyi bacarmışdır. Təsəvvür edin ki, onun rəhbərlik
etdiyi kolonoyanın ən azı 3000 sakini olub. Bildiyimiz kimi də, bunların hamısı
azyaşlı cinayətkalar idi. Amma Anton Semyonoviç bu cinayətkarları gələcəkdə
mühəndis, müəllim, hərbi həkim, aktyor, rəssam, hüquqşünas və jurnalist etməyi
bacarmışdır. Makarenko uşaqları hədsiz dərəcədə çox sevmişdir. - Mənim
məlumatıma görə Makarenko nəslindən onun yolunu davam etdirənlər var... -
Əlbəttə. Məsələn mənim anam Taras Şevçenko adına Luqansk Milli Universitetinin
müəllimidir. Mən özüm də Xarkov Mədəniyyət Akademiyasının müəllimiyəm. Mən
orada hüquq intizamını tədris edirəm. Onu da deyə bilərəm ki, ulu babamın
ailədə yaratdığı mühit bu ailədə müəllimliyə daimi bir ehtiram bərqərar
etmişdir. Ailədə müəllimlik peşəsinə həmişə hörmət olub.
Makarenkonun pedaqoji sisteminin
əsasını inam təşkil edib
- Deməli Makarenkonun öz ailəsi onun
elmi-pedaqoji sistemində irəli sürdüyü təlbələrə cavab vermişdir... - Anton
Semyonoviç Makarenkonun pedaqoji fəaliyyətində əsas yerlərdən birini şəxsi
nümunə təşkil edir. Doğrudan da, o özü nümunəvi bir şəxsiyyət olmasaydı
tamamilə pozulmuş, cəmiyyətin qəbul etmədiyi insanların arasında yaşaya, onları
tərbiyə edə və bu çətin bir şəraitdə özünün elmi-pedaqoji sistemini yarada
bilməzdi. O, öz yolunun doğruluğuna əmin olub və bu əminlik ən çətin məqamlarda
belə onun köməyinə çatıb. İnam onun pedaqoji sisteminin də əsasını təşkil edib.
Məhz bu inamı sayəsində o, koloniyada uğur qazana bilib. 1920-ci ildə Poltava
Quberniyası Xalq Təhsil Şöbəsi ona həddi-buluğa çatmayan qanunpozanlar üçün
koloniya yaratmağı və ona rəhbərlik etməyi tapşıranda Anton Semyonoviç bu işə
xeyli düşündükdən sonra razılıq verib. Çox-çox sonralar babam yazacaqdı: “Əgər
məni qarşıda necə çətin öhdəlik gözlədiyini bilsəydim, yəqin ki qorxub, imtina
edərdim.” Deməliyəm ki, belə bir koloniyanı yaratmaq və ona rəhbərlik etmək
ancaq Anton Semyonoviç kimi, insanların mənəvi aləminə dərindən bələd olan
şəxsiyyətlərə nəsib ola bilərdi. Təsəvvür edin ki, o, burada keçmişin
cinayətkarları, nizam-intizamdan xəbəri olmayan yeniyetmə və gənclərlə işləməli
idi. Bu bizə bu günün özündə də nə qədər çətin və məşəqqətli görünür. Amma
babam öz işinə inandığı kimi, kolonistlərə də inanırdı. Bu inam həm babamı, həm
də kolonistləri düşdüyü ağır şəraitdən xilas edirdi. Onun həyat prinspi əsl
vətəndaş hazırlığına xidmət etməsi idi. Buna rəğmən yazırdı: "Bizim
vətəndaş necə olmalıdır? Bunu biz bilirik. Biz yeni adamın nə demək olduğunu,
onun hansı sifətlərlə fərqlənməli olduğunu yaxşı bilməliyik. Biz yaxşı
bilməliyik ki, onun səciyyəsi, əqidə sistemi, təhsili, iş qabiliyyəti, əmək
qabiliyyəti necə olmalıdır, bizim yeni ... adamımız nə ilə fərqlənməli, nə ilə
fəxr etməlidir". Biz, ümumiyyətlə, insan deyil, "vətəndaşı tərbiyə etməliyik".
O, öz ailəsində də bunu təlqin edib. Onun ailə ardıcılları o, necə düşünürdüsə,
elə də oldu. - Ümumiyyətlə, Makarenko irsinin müasir dövrdə öyrənilməsi
səviyyəsi sizi qane edirmi? - Vaxtilə Makarenkonun irsinə çox müraciət olunub.
Onun araşdırılması istiqamətində çox işlər görülüb. Bu, daha çox sovet dönəminə
aiddir. Bu sahədə Rusiya Federasiyasının əməkdar müəllimi M.Kropaçayevanın
əməyini xüsusi qeyd etməliyəm. O, səhv eləmirəmsə, 1940-cı ildə
"Pravda" qəzetində dərc edilmiş "İstifadəsiz irs" adlı
məqaləsi ilə Anton Semyonoviçin elmi-pedaqoji və bədii yaradıcılığına diqqət
yönəldib. Bunun ardınca SSRİ miqyasında Makarenko irsinin tədqiqi istiqamətində
fundamental xarakterli işlər görülməyə başlanıb. Tez bir zamanda bu tədqiqatlar
öz hüdudlarını aşaraq İngiltərəni, Hollandiyanı, İtaliyanı, Danimarkanı
Finlandiyanı, Yaponiyanı və digər ölkələri əhatə edib. Bildiyimə görə,
Azərbycanda da Makarenkoya böyük rəğbət var. Ailəmizdə üç nəfər Azərbaycanlı
məşhurun adını tez-tez eşitmişəm. Mehdi Mehdizadə, Əjdər Ağayev, Zahid Şöyübov.
Bilirəm ki, onlar təhsil adamlarıdır. Ailəmizdə Azərbaycana həmişə böyük
ehtiram olub. Amma müasir zamanda Makarenko irsinin öyrənilməsi və təbliği işi
məni qane etmir. Bunu ona görə demirəm ki, mən onun varisiyəm. Ona görə deyirəm
ki, Makarenko irsi cəmiyyətimiz üçün gərəklidir. Halbuki onun bir sözüdən bir
dissertasiya müdafiə eləmək mümkündür. Sanki cəmiyyətdə elə bir tendensiya hökm
sürür ki, bu, Makarenko kimi şəxsiyyətlərin unudulmasına xidmət edir. . - Yeri
gəlmişkən söyləyim ki, Anton Semyonoviç Makarenko Bakıda da olub... - Bu barədə
eşitmişəm. Bu o vaxta təsadüf edib ki, babam Xarkovda yaradılmış F.E.Dzerjinski
adına kommunaya rəhbərlik edirmiş. Bu həmin kommunadır ki, SSRİ-də məşhur olan
FED fotoaparatlarının istehsal edirdi. - Bu gün Ukraynada Makarenkonun
təfəkkür, ideya ardıcılları varmı? Müasir Ukrayna gənclərinin Makarenkonun
əsərlərinə münasibəti necədir? - Təəssüflər olsun ki, yoxdur. Çünki Ukraynanın
təhsil idarəediciləri bu barədə düşünmürlər. Amma Ukrayna gəncləri Makarenkonu
tanıyır. Bu, sevindiricidir. Hətta bizdə savadlı uşaqlara bəzən belə deyirlər:
“Makarenko olmayacaqsan ki!”. - Makarenko deyir: “İnsana xoşbəxt olmağı
öyrətmək olmaz. Amma onu elə tərbiyə etmək olar ki, o, xoşbəxtliyə nail olsun”.
Bu gün Ukraynada belə bir tərbiyə sistemi varmı? - Makarenkonun bu fikrini öz
zamanında söyləyib. Amma düşünürəm ki, bu fikri 2014-cü ilə şamil etsək,
görərik ki, necə də aktualdır. Ukraynada bu fikrə əməl edən pedaqoqlar təbii
ki, var. Amma bunu hamıya aid etmək olmaz. - Yazıçı Valentina Postavalova
yazır: “Makarenkonu biz hamımız bilməliyik.” Bu gün Ukrayna Makarenkonu
bilirmi? - Makarenkonu hamı tanıyır. İndi buradan çıxıb, küçədə kimdən
soruşsanız ki, Makarenko kimdir? – Ukrayna xalqının dahi oğlu, “Pedaqoji poema”nın
müəllifi cavabını eşidəcəksiniz. Bu da təbii ki, Makarenko ideyalarının
yaşayacağı ümidini verir.
Böyükağa MİKAYILLI, Bakı-Kiyev-Bakı.
No comments:
Post a Comment