Onu
çoxdandır ki, qiyabi olaraq yaxşı müəllim kimi tanıyıram. Haqqında çalışdığı,
Şirvan şəhər 9 nömrəli tam orta məktəbin müəllimlərindən çox eşitmişəm. Həmişə
də çalışqan, mütaliəni sevən, metodiki hazırlığını daim təkmilləşdirməyə can
atan müəllim kimi xarakterizə olunub Kəmalə Əliyeva. Amma şəxsi tanışlığım yox
idi. Bir də onu bilirdim ki, Kəmalə Əliyeva ömrünün 40 ilə yaxın bir dövrünü
Şirvan şəhərindəki 9 nömrəli tam orta məktəbə rəhbərlik etmiş, Şirvan
ictimaiyyətinin dərin hörmətini qazanmış, iki il əvvəl dünyasını dəyişmiş Xavər
Sayılovanın gəlinidir. Şübhə yoxdur ki, Kəmalənin bir müəllim kimi formalaşması
məhz Xavər xanımın adı ilə bağlıdır.
Onunla
ilk tanışlığımız məktəbdə keçirdiyi açıq dərsə təsadüf etdi.
Kəmalə
Əliyeva dördüncülərlə “Azərbaycan dili” dərsində maraqlı bir dərs qurmuşdu. Bu
dərsdə diqqətimi cəlb edən çox məqamlar oldu. Onların hər biri haqqında yeri
gəldikcə bəhs edəcəm. Amma hiss etdiyim ən mühüm məqam Kəmalə müəllimin
şagirdlərinə ötən 4 il ərzində qəlbən bağlana bilməsi və bu bağlılığın təlim
prosesində özünü biruzə verməsi oldu. Qarşılıqlı anlaşma şəraitində qurulan
dərs sinifdə o qədər səmimi mühit yaratmışdı ki, hər kəs bir-birini necə
deyərlər “işarədən anlayırdı.” Əsl müəllim şagirdini baxışlarından duyan,
onun
arzu və istəklərini, hiss və həyacanını anlayan müəllimdir. Müəllim şagirdini
qəlbən anlaya, duya bilirsə, onun istəklərinə də cavab verə bilir.
İştirak
etdiyim “Azərbaycan dili” dərsinin həmin gün üçün mövzusu Koroğlu - bir az da
dəqiqləşdirsək, “Söz dəyirmandakıdır” idi. Əslində bu mövzunun imkanları çox
genişdir. Şübhəsiz ki, imkanlar nə qədər geniş olsa da, müəllimin onlardan dərs
prosesində istifadə etməsi öz bacarığından asılıdır. Necə ki, Kəmalə müəllim bu
imkanlardan maksimum yararlana bildi. Əslində o, Koroğlunun yaşadığı dövrü,
həmin dövrün sosial-mənəvi, etik problemlərini uşaqların anlaya biləcəyi tərzdə
sinif otağına gətirməklə, müasir dövrlə əlaqələndirməklə, şagirdlərinin gözləri
qarşısında sanki nəhəng bir canlı portret yaratmışdı. Bütün mövzu həmin
portretin üzərinə həkk olunmuşdu. Hamı oradan özünə lazım olanı götürürdü. Mənə
elə gəlirdi ki, Kəmalə müəllim gözləyir ki, dərsin sonuna bu portretin üzərində
heç nə qalmayacaq. Çünki o, ora artıq heç nə qoymamışdı. Hər şey ölçülü-biçili
idi. Uşaqlar qruplarla işləyən zaman “Koroğlu” üverturasını səsləndirməklə
müəllim yalnız musiqiyə inteqrasiya etmədi. Əslində bu inteqrasiya
zamanlararası, məkanlararası, təfəkkür inteqrasiyası idi. Üzeyir Hacıbəyov
musiqisinin yaratdığı emosional mühit şagirdlərin hər birini elə emosional
fəaliyyətə ruhlandırırdı. Musiqi təfəkkürlərə aydınlıq, düşüncələrə güc
verirdi. Kəmalə Əliyeva məni də bir dinləyici kimi dərsin sehrinə salmışdı. Xəyalən
məni uşaqlıq çağlarıma aparmışdı.
Müəllim
şagirdlərinin beyninə həkk edirdi ki, insanın mənəvi sağlamlığı, ruhi saflığı
onun bir şəxsiyyət kimi ən mühüm keyfiyyətidir. İnsan həyatda inamla
yaşamalıdır, amma elə məqamlar var ki, inanmaq üçün gərək qarşındakını
yoxlayasan. Onu sınaqdan keçirəsən. Həyatda qarşımıza elə insanlar çıxa bilər
ki, məqsədləri bizi aldatmaq olar. Necə ki, Koroğlu kimi bir qəhrəmanı da
aldatdılar. Amma o, özünün də dediyi kimi, Koroğlu olduğu üçün düşmənlərinə
qalib gəlib səhvini düzəltdi. Hər kəs
gərək ki, həyatda mübariz olsun, məqsədindən dönməsin, arzusu uğrunda sona
qədər mübarizə aparsın.
Müəllimlərinin
bu tövsiyyələri və “Koroğlu” üvertürasının mənəvi təsiri altında tapşırıqları
cavablandıran “Koroğlu”, “Cavanşir”, “Babək”, “Qacaq Nəbi” qruplarının hər biri
kifayət qədər fəal idi. Sanki hərə bir lider idi. “Koroğlu” mövzusunun fonunda
bu, daha da təsirli görünürdü. Ümumiyyətlə, Kəmalə Əliyevanın da dərsində
müşahidə etdiyim mühüm məqamlardan biri müəllimin mövzunu həyatla əlaqələndirə
bilməsi idi. Atalar sözləri, məsəllərlə fikrini dərinləşdirib, necə deyərlər
“hazır məhsul kimi” şagirdinə təqdim edən müəllim həm də vaxt bölgüsünü
səmərəli şəkildə qururdu. Monitorda nümayiş etdirilən şəkillər də müəllimin
yaratdığı “canlı portretin” tərkib hissəsi kimi onu tamamlayırdı. Müəllimin
söylədiyi atalar sözləri, məsəllər şagirdlərin həmin mövzudakı atalar sözləri,
məsəllərlə sonuclanırdı. Ümumən, müəllimlə şagirdlərin əməkdaşlıq şəraitində
işləmələri sinifdə ahəngdar mühit yaradırdı. Bu bir aksiomadır ki, müəllimin
mükəmməl öyrətməsi üçün vacib olan məqamlardan biri öyrətmə mühitinin
yaradılması və şagirdlərdə təlimə maraq oyatmaq bacarığıdır. Əslində bunlar
bir-birilərini tamamlayan məqamlardır. Əgər bunlardan biri olmasa, digəri öz
mahiyyətini itirəcək. Kəmalə Əliyeva bu pedaqoji prinsipləri gözləməklə,
əslində dinamik inkişağa zəmin yaratmışdı. Bəzən müəllimlər dərsdə müəyyən
nüanslara, xırdadır deyib, əhəmiyyət vermirlər. Mənim fikrimcə, dərs prosesində
kiçik məqam deyilən anlayış yoxdur. Təlim-tərbiyə prosesində hər bir məqam
əhəmiyyətlidir. Müəllimin bir sözü və ya bir baxışı şagird qəlbini yaralaya da,
müəllimi onun gözündən sala da, yaxud müəllimi şagird qəlbinin baş tacına da
çevirə bilər. Müəllimin seçdiyi takt yalnız onun özünün bir müəllim kimi,
dəyərləndirilməsi deyil, eyni zamanda tədris etdiyi tarixi şəxsiyyətlərə də
şagirdin qəlbində rəğbət ya formalaşdıra ya da formalaşdırmaya bilər. Məsələn,
Kəmalə Əliyeva Koroğlunu elə təqdim edirdi ki, ona qarşı rəğbətin yaranmaması
mümkün deyildi.
Kəmalə
Əliyev dərsi maraqlı sonluqla bitirdi. Burada da şəxsən mənim üçün gözlənilməz
məqamlar oldu. Koroğlunu müasir dövrdə kiminlə müqayisə etmək olar? deyə sualla
sinfə müraciət etdi. Yerbəyerdən səslər ucaldı: Mübariz İbrahimov, Nofəl
Quliyev (Nofəl Quliyev Şirvan şəhər 9
nömrəli tam orta məktəbin məzunu olub. Məktəb hal-hazırda qəhrəman şəhidin
adını daşıyır.) və digər qəhrəmanların adları səsləndi. Deməli, Azərbaycan
xalqının Koroğlu kimi igid oğulları olub və bu gün də onların davamçıları var.
Azərbaycanın igid oğulları işğal altında olan torpaqlarımızı son qarışına qədər
düşmən tapdağından azad edəcəkdir. Elə müəllimin də məqsədi, fikrimcə,
şagirdlərdə bu inamı formalaşdırmaq idi. O, bu məqsədə uğurla nail ola bildi
desəm, yanılmaram. Onu da deməyi vacib hesab edirəm ki, Kəmalə Əliyeva dərsin
əvvəlində “Koroğlu” filmindəki Keçəl Həmzə səhnəsi ilə yaratdığı motivasiya ilə dərsi davam etdirməklə, sona
qədər sinifdə eyni əhval ruhiyyəni qoruya bildi.
O,
növbəti – riyaziyyat dərsini də orijinal motivasiya ilə başladı. Şagirdlər
motivasiyanı özləri qurdular. Kəmalə Əliyevanın şagirdlərini “Azərbaycan dili”
dərsində çox fəal görmüşdüm. Amma mənimlə dərsdə iştirak edən müəllimlərin də
fikri bu oldu ki, riyaziyyatda onlar daha fəal idilər. Müəllim uşaqların sərbəst
işləmələrinə xüsusi diqqətlə yanaşır, qruplarla işi məharətlə kollektiv
fəaliyyətə çevirirdi. Nəticədə bütün sinif sanki bir işığın ətrafına dolanan
pərvanə təsiri bağışlayırdı. Onların hər birinin baxışlarından bir arzu boylanırdı.
Bu arzu onları gələcəyə aparacaqdı...
Böyükağa
MİKAYILLI
No comments:
Post a Comment