11.26.2014

Ürəkdə öyrətmək arzusu olanda

   Hər bir müəllimin özünün pedaqoji taktikasının olması labüddür. Müəllimi konkret olaraq hansısa metoddan istifadəyə məcbur etmək etmək, qarşısına tələblər qoymaq mümkün deyil. Əgər belə olarsa, dərsdən hansısa səmərəni gözləmək yersizdir. Səmərə o zaman əldə olunur ki, müəllim dərs prosesinə yaradıcılıqla yanaşaraq, təlim prosesini şagirdlərinin qavrama, dərketmə səviyyəsində qursun, yaradıcı işləməyə şəraiti təmin etsin, müstəqillik vərdişləri aşılasın, təfəkkürün inkişafına yol açsın. Əslində hər bir fənn şagird təfəkkürünü inkişaf etdirmək baxımından əhəmiyyətə malikdir. Yaradıcı müəllim mövzunun
imkanlarından istifadə etməklə şagirdinin təfəkkür imkanlarını genişləndirə, onun qarşısında dünyanın möcüzələr qapısını aça bilər. Amma riyaziyyatın imkanları bu baxımdan daha da genişdir. Nahaq yerə demirlər ki, riyaziyyat bütün elmlərin açarıdır. Bu yazımım qəhrəman Şirvan şəhərindəki 9 nömrəli tam orta məktəbin müəllimi Sevinc Niftiyeva da riyaziyyat müəllimidir. 2012-ci ilin dekabrında Şirvanda qabaqcıl müəllimlərlə görüş zamanı tanış olmuşam onunla. Bir müddət sonra məni açıq dərsinə dəvət etdi. Sevinc Niftiyeva elə ilk dəsindəcə peşəkarlıqla yaradıcılığı məharətlə uzlaşdıra bilən bir müəllim kimi diqqətimi cəlb etdi.  Obrazlı yanaşsam, deyə bilərəm ki, onun dərsində sanki rəqəmlər özləri də dil açıb danışırdılar. Sevinc Niftiyeva həmin dərsdə informasiya-kommunikasiya texnologiyalarından məharətlə istifadə edərək, dövrün tələblərini əhatə edən bir dərs təqdim edə bilmişdi. Orada diqqətimi cəlb edən məqamlardan biri də o olmuşdu ki, açıq dərs heç bir hazırlıq görülmədən aparılmışdı. Bu da deməyə əsas verirdi ki, müəllimin bütün dərsləri bu səviyyədə canlı, eləcə də müasir tələblər səviyyəsində aparılır. Ötən iki il ərzində Sevinc müəllimi yaxından tanıdıqca qənaətimdə yanılmadığıma əmin oldum. Və bu iki il Sevinc Niftiyevanı yalnız bir müəllim kimi deyil, müasir təhsil problemlərini, yenilikləri, təhsildə pedaqoji-psixoloji tendensiyaları, novasiyaları bilən bir mütəxəssis kimi də tanımağa imkan verdi. Və qeyd etdiyim kimi, peşəkarlıqla yaradıcılığı uzlaşdıra bilən Sevinc Niftiyevanın daha bir bacarığı – müəllimliklə ictimai fəaliyyəti əlaqələndirə bilmək bacarığını özüm üçün müəyyənləşdirdim. Onun Təhsil Şurası və “Təhsil və zaman” qəzeti ilə əməkdaşlığı iki il ərzində Şuranın idarə heyəti, qəzetin redaksiya şurası üzvlüyünə yolunu açdı. “Təhsil və zaman” qəzetində mütəmadi olaraq metodiki, elmi-kütləvi məqalələrlə çıxış etdi, açıq dərslərə şərh yazdı. Nəhayət Təhsil Şurasının müəllimlər üçün apardığı təlimlərdə təlimçi, aparıcı təlimçi kimi qatıldı. Təhsil Şurasının keçirdiyi elmi – təcrübi konfranslarda çıxış etdi. 

Sevinc Niftiyevanın bu yaxınlarda iştirak etdiyim dərsi də müəllimin yaradıcı imkanlarının realizəsi baxımından diqqətəlayiq idi. Əgər iki il əvvəl izlədiyim dərsində Sevinc Niftiyeva  mövzunu informasiya – kommunikasiya texnologiyalarınadn istifadə etməklə, slaydlaşdırıb aparmışdısa, bu dəfə bir qədər də irəli gedib dərsi “Prometan” lövhə vasitəsilə qurmuşdu. Qeyd edib ki, “Prometan” lövhə Şirvanın bəzi məktəblərində istifadə olunur. Şəhərdə bir-neçə müəllim, o cümlədən Sevinc Niftiyeva dərslərini bu texnoloji vasitədən istifadə etməklə qurur.
Mənim üçün maraqlı idi ki, Sevinc Niftiyeva iki il əvvəlki kimi, yenə də dərs prosesinə yaradıcı yanaşma ilə bizi təəccübləndirə, orijinal bir dərs meydana qoya biləcəkdimi?
Etiraf etməliyəm ki, o, bunu bacardı. Birincisi ona görə ki, Sevinc müəllim iki il əvvəlki kimi, yenə də açıq dərs mifinini dağıtmışdı. Dərsə xüsusi hazırlıq aparılmamışdı. Dərsə növbəti, sıradan bir dərs kimi yanaşmışdı. Nzərə alsaq ki, dərs 5-ci sinifdə aparılırdı və uşaqlar, elə müəllimin özü də  “Prometan” lövhə ilə yenicə tanış olmuşdu, bunun nə qədər çətin olduğunu anlamaq mümkündür. Amma müəllim mümkün çətinliyi və qarşıya çıxa biləcək problemləri nəzərə alaraq elə motivasiya qurmuşdu ki, bunun sayəsində sinifdə dərs boyu davam edəcək xoş əhval-ruhiyyə formalaşdı. Lövhədə “Maşa və Ayı” cizgi filminin qəhrəmanı Maşa göründü. O, uşaqlara “Siz mənə həyatınızda hər gün gördüyünüz işlərdən, əməllər ardıcıllığından misal gətirə bilərsinizmi?, Televizoru açmadan mənim cizgi filmimə baxa bilərsinizmi?, Kitablarınızı götürmədən dərslərinizə hazırlaşa bilərsinizmi?” Bu əlbəttə ki, mümkün deyil. Hər bir işin yerinə yetirilməsi üçün müvafiq ardıcıllıq gözlənilməlidir. Müəllimin qoyduğu suallarda əslində şagirdlərin yaş həddinə uyğun sosial-mənəvi yanaşmalar var idi. Müəllim demək istəyirdi ki, insan həyatında hər şey ardıcıllığın məntiqi nəticəsi kimi meydana çıxır. İnsan birdən birə 50 yaşına çata bilməz, qış keçməsə bahar olmaz, yay olmaz. Təbiətin ardıcıllıq qanunauyğunluğu həyatımızın nizamlanmasında mühüm rola malikdir.

Sevinc Niftiyeva real həyat həqiqətlərini mövzunun imkanları çərçivəsində dərs prosesinə gətirməklə şagirdlərinə fəal həyat mövqeyinin ilkin elementlərini aşılamağı bacaran müəllimdir. Onun pedaqoji yanaşması bir sıra xüsusiyyətlərlə fərqlənir ki, onlardan da biri dahi rus pedaqoqu Konstantin Dmitriyeviç Uşinskinin irəli sürdüyü “Öyrənməyi öyrətmək” prinsipidir. İstər iki il əvvəlki, istərsə də iştirak etdiyim sonuncu dərsində şagirdlərinin müstəqil işləmələrinə önəm verir, onların daxili imkanlarının meydana çıxmasına şərait yaradır, özü də bir rəqəmə çevrilib hansısa uzaq bir aləmdən soraq verirmiş, sirr açırmış kimi, bütün sinfi problem ətrafında səfərbər edirdi.   
 Motivasiyadan bəlli oldu ki, dərsin mövzusu “Ədədlər ardıcıllığıdır”. Müəllim dərsin mövzusundan çıxış edərək “İfadələrdə əməllər sırası hansı ardıcıllıqla yerinə yetirilir?” tədqiqat sualını qoydu. Şagirdlər “Toplama”, “Çıxma”, “Vurma”, “Bölmə” adlı qruplara bölünərək verilmiş tapşırıqlar əsasında çalışmağa başladılar. Sevinc Nifiyevanın uğuru həm də onda idi ki, qısa vaxt keçməsinə baxmayaraq, şagirdlər “Prometan” lövhədə qoyulan sualları sərbəst cavablandırır, yeni texnoloji qurğu fonunda çətinlik çəkmirdilər. “Prometan” sanki ənənəvi istifadə etdikləri lövhə kimi, onlara asan görünürdü. Hiss olunurdu ki, müəllim lövhənin imkanlarından istifadə etməklə dərsin elmi səviyyəsini yüksəltməyə, mövzunun həyatiliyini təmin etməyə, eyni zamanda idrak fəallığını artırmağa nail olur. Ümumiyyətlə, Sevinc Niftiyevanın bu dərsi də digər dərsləri kimi, sanki böyük bir problemin təhlili təsiri bağışlayırdı. O, həmişə olduğu kimi bu dəfə də, mövzunu sinif səviyyəsində qloballaşıdırmağı bacarmışdı. Hər kəsi problemin həllinə cəlb etməklə, ona ümumsinif problemi tonu verə bilmişdi. Bu, Sevinc Niftiyevanın “Prometan” lövhə ilə müəllimlər qarşısında nümayiş etdirdiyi ilk dərs idi. “Prometan” imkan verdi ki, o, qarşıya qoyulmuş məqsədə daha optimal yolla nail olsun. Dərs prosesini dövrün texnoloji tələbləri səviyyəsində qursun. Amma Sevinc Niftiyeva kimi müəllimlər əslində bir təbaşirlə də məqsədə çata bilirlər. Əsas odur ki, ürəkdə öyrətmək istəyi olsun...


Böyükağa MİKAYILLI  
        
 
        

       

No comments:

Post a Comment