11.28.2014

Mariya Montessori və onun "Montessori metodu "

  • Mariya Montessori dünyanın tanınmış pedaqoqları arasında özünəməxsus yer tutur. O, dünyanın bir çox ölkələrində təhsillə bağlı konfranslar keçirmiş, müəllimlər üçün təkmilləşdirmə mərkəzləri yaratmış, kitablar yazmış, dünyaya xeyir verən vətəndaş kimi yaşamış, özündən sonra elə bir metod qoyub getmişdir ki, indi də dünyanın bir çox ölkələrində (məs. Amerika Birləşmiş Ştatlarının bir çox ibtidai siniflərində) onun metodundan istifadə olunur.
    Onun adı dünya pedaqogika elminə böyük zəhmətlə, illərin təcrübəsindən sonra yaratdığı “Montessori metodu” ilə düşmüşdür. O, 1870-ci ildə İtaliyanın Çiravelle şəhərində doğulmuşdur. Bütün həyatını elmə həsr edən Montessori çox maarifpərvər, qadın hüquqları uğrunda mübarizə aparan insan kimi də
    tanınmışdır. O, İtaliyada ilk qadın doktorudur.Dünyanın bir çox konfranslarında ölkəsini təmsil etmişdir.M. Montessori İtaliyada Tibb universitetini bitirdikdən sonar əvvəlcə Romada qüsurlu uşaqlarla çalışmışdır. Sonra isə uzun illər Romada əqli cəhətdən qüsurlu olan bütün uşaqların oxuduğu məktəbə rəhbərlik etmişdir. M.Montessori bir çox elmi araşdırmalarından və universitet müəllimliyindən imtina edərək 1907-ci ildə Romanın San-Lorensa bölgəsində 60 nəfər uşaqdan ibaət qrup yaratmış, onun “Casa de Bambi”-“Uşaqlar evi” adlandırmışdır.O, 1907-ci ildən öz metodu üzərində işləmiş və bunun bir çox ölkələrə yayılması uğrunda çalışmışdır. 1934-cü ildə alman faşizminə görə İtaliyanı tərk edib Barselonaya yollanır. 1936-cı ildə Hollandiyaya gedir, 1939-cu ildə Hindistandan dəvət alır və bunu qəbul edir. Lakin o burada oğlu ilə təqiblərə məruz qalır. Amma onun Hindistandan çıxmasına icazə verilmir. II Dünya müharibəsi ərəfəsində burada uşaqların müalicəsi ilə məşğul olur. 1946-cı ildə Hollandiyaya qayıdır. 1947-ci ildə London şəhərində “Montessori mərkəzi”ni yaradır.
    M.Montosseri 1950-ci ildə YUNESKO konfransında iştirak etmişdir. 1949, 1950, 1951-ci illərdə Nobel mükafatına namizəd seçilir. O, 1952-ci ildə vəfat etmişdir. Öz vəsiyyətinə əsasən Hollandiyanın Nordvijk katolik qəbiristanlığında dəfn edilmişdir.
    Mariya Montessorinin yaradıcılığı pedaqogika tarixində bir inqilab idi. Onun pedaqoji sisteminin mərkəzində uşağın özü dayanır. Bu sistemdə uşaq özü özünün müəllimidir. Uşaq seçim etməkdə tamamilə sərbəstdir. Onlar nə etmək istədikləri barədə özləri müstəqil qərar verir. Uşaq səhv etmək hüququna malikdir.Bu sistemdə qadağalar qadağandır. O, deyirdi: Heç vaxt uşağın uğursuzluğa düçar olmasına imkan verməyin. Biz dahilər yaratmaq iqtidarında deyilik. Bizim məqsədimiz yalnız bir uşağa müstəqil və əmin bir şəxsiyyət olması üçün öz potensial bacarıqlarından “istifadə etmək”şansını verməkdir.Sistemdə vaxtın əsas hissəsi uşaqların öhdəsindədir, müəllim isə baş verənləri yalnız müşahidə edir. Montessorinin pedaqoqu lazım olan anda uşağın ən yaxın dostuna çevrilir.Mariya Montessoriyə görə pedaqoq sinifdə qaydaların qorunması keşiyində durur və uşaqların istifadə etdikləri materialın yenidən yerinə qoyulmasına nəzarət edir.Uşaqların etdiyi səhvi Montessori pedaqoqu düzəltmir. Uşaq səhvi özü görüb anlamalı və özü də düzəltməlidir. Müəllim uşağın səhvini onun özünün görməsi üçün uşağa yardım etməlidir.Montesseri pedaqoqu daim uşağın nəyə maraq göstərdiyini və daha çox nə ilə məşğul olmağı xoşladığını izləməlidir. Əgər zamanı çatıbsa, uşağa daha çətin işlərlə məşğul olmağı təklif etməlidir.
    Montossori pedaqoqu özünü mənən hazırlayır. O, bu işə ruhən hazır olmaq üçün ilk növbədə Allahdan yardım istəyir. “Allahım, uşaqları daha yaxşı tanıyıb sevməkdə, onlarla ədalət qanunları ilə rəftar etməkdə və bizə uşaqlığın sirlərini dərk etməkdə yardımçı ol.”Pedaqoqun əsas məqsədi uşağın psixi inkişafına kömək etmək olmalıdır. Hər hansı fikir, fakt uşağın yadda saxlaması üçün ona diktə olunmamalıdır. Müəllim hər şagirdin istedadını müəyyən edir və onun hər növ şıltaqlıq və dəcəlliyinə rəğmən öz müdrüklüyü nəticəsində hər uşaqdan bir şəxsiyyət yetişdirir.
    Mən də bir pedaqoq kimi Mariya Montessori metodunun uyğün məqamlarından sinifdə istifadə edirəm. Doğrudan da şagirdlərə müstəqillik verəndə, onlara “Sinifdə hər şey sizə məxsusdur, hər şeyi siz qorumalısınız və hər işi çalışıb özünüz etməlisiniz” dedikdə şagirdlər daha sərbəst, daha fəal, daha da çalışqan olurlar.
    1907-ci ildə ilk “Uşaqlar evində tətbiq olunmağa başlanan Montessori metodu şəxsən Mariya Montessori tərəfindən inkişaf etdirilmişdir. O, öz metodunun təməllərini əqli cəhətdən qusurlu olan uşaqlarla işləyərkən meydana gətirmiş və əldə etdiyi müvəffəqiyyət nəticəsində bu üsulu əngəlli uşaqların təhsilə uyğunlaşdırılmasında tətbiq etməyə qərar vermişdir.
    Çox yaxşı olardı ki, Azərbaycanda da idtidai siniflərdə bu metoddan istifadə edilsin.

    Şəcahan RAMAZANOVA, 
    Bakı şəhərindəki Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi

No comments:

Post a Comment