12.25.2014

Həyata böyük məhəbbətlə…

1975-ci ilin 1 sentyabrı idi. Siyavər məktəbliləri təhsil ocağının həyətində cərgə ilə düzülüb ilk dərsin başlamasını gözləyirdilər. Bir azdan müəllimlər gəldi. Onların arasında bir nəfər şagirdlərin diqqətini cəlb edirdi. O da müəllimlərin əhatəsindən şagirdləri müşahidə edir, sanki ilk dərs deyəcəyi sinfi axtarırdı. Şagirdlər də yeni müəllimə laqeyd deyildilər. İlk baxışdan hamının diqqətini cəlb edən bu müəllim Pedaqoji İnstitutun tarix fakültəsini yenicə bitirib təyinatla məktəbə gələn Güloğlan Bağırov idi.

Güloğlan Bağırovun düşüncələrində tarix elminə olan sevgi hələ çox gənc yaşlarından yaranmışdı. Evlərində atasının qəzetlərindən tarixlə bağlı maraqlı məqamları tapıb oxuyar, onları yadda saxlamağa çalışar, uşaq təsəvvürləri ilə tarixi hadisələrin səbəb və nəticələrini araşdırar, suallara elə öz aləmində də cavab verərdi. Bəlkə elə bu sevgi idi ki, 12 yaşında olarkən anası Vılanaz xanıma: - mən ərəb dilini öyrənmək istəyirəm, ana mənə kömək et, demişdi. Anası da oğlunun bu istəyinə biganə yanaşmamış, onu ərəb dili müəlliminin yanına göndərmişdi. Vılanaz xanım özü cəmi dörd sinif oxusa da, övladlarının təhsilini ailənin bir nömrəli vəzifəsi hesab edirmiş.  Güloğlan ərəb dilini həvəslə öyrənməyə başlamış, tezliklə əlifbanı mənimsəmiş,  “Qurani – Kərimi” oxumuşdur. Şübhəsiz ki, Güloğlanın əmək təlimi müəllimi olan atası Baloğlan müəllim
də oğlunun arzu və istəklərinə dəstək vermiş, onun elmə olan marağını artırmağa, elmə gedən yolunu açmağa çalışmışdır. Gözünü açandan ailəsində  zəhmətə, elmə, maarifə, mədəniyyətə, mənəvi dəyərlərə sonsuz sevgi və maraq görən Güloğlanın xarakterinin formalaşmasında bu amillər mühüm rol oynamış, gənclik illərindən mənəvi cəhətdən zənginləşməsinə yol açmışdır. Baloğlan müəllimin ailədə uşaqlardan tələbi də yalnız bu idi: Saf mənəviyyat, yüksək əxlaqi-mənəvi dəyələrə sahib olmaq, elm öyrənmək…Güloğlan bu dəyərləri həm ailəsində görmüş, həm də oxuduğu ədəbiyyatlardan əxz etmişdir. Atasının və anasının mənəvi dünyasından damla-damla öyrəndikləri, ruhuna çəkdikləri bir ömür boyunca onun əlindən tutacaq, zəhməti və maarifçiliyə olan sonsuz sevgisi onu həm ətrafındakı insanların nəzərlərində ucaldacaq, həm də gələcəkdə daha məsuliyyətli vəzifələrə yüksəldəcəkdir.
Güloğlan Bağırovun elmə, təhsilə olan marağı onu bir an belə mütaliədən qoymur, təhsildəki yenilikləri mütəmadi olaraq izləməyə sövq edirdi. 1970-ci illərdə Azərbaycan təhsilində yeni-yeni ənənələr formalaşır, dövrün tələbləri ilə ayaqlaşmağı bacaran qabaqcıl müəllimlər meydana gəlir, iş təcrübəsinin yayılması sahəsində sistemli iş aparılırdı. Güloğlan Bağırov Siyavər məktəbində fəaliyyətinin ilk günlərindən yenilikçi müəllim kimi diqqət mərkəzinə gəldi. Məktəbin ictimai işlərində fəal iştirak etməklə yanaşı, təşəbbüsü ilə maraqlı tədbirlər düzənləndi.
 Bu da tez bir zamanda rayon rəhbərliyinin diqqətini çəkdi. Pedaqoji fəaliyyətinin üçüncü ilində - 1978-ci ildə işlədiyi məktəbin direktor müavini vəzifəsinə təyin edildi. Məktəb komsomol təşkilatının katibi, eləcə də kommunist partiyasının sıralarına qəbul olundu.
1970-80-ci illərdə Azərbaycanda ictimai fəallığı, cəmiyyətdə mövqeyi ilə seçilən gənclər  dövrün nüfuzlu təhsil ocaqlarından olan Marksizm-Leninizm Universitetinə təhsil almağa göndərilirdilər. Marksizim-Leninizm Universiteti yalnız ideoloji mahiyyət daşımırdı, eyni zamanda, ciddi elmi səciyyəsi ilə də seçilirdi. Güloğlan Bağırov bu ali təhsil ocağında dövrünün görkəmli alimlərindən, həmçinin Əjdər Ağayevdən dərs alır. Aralarındakı dostluq münasibətlərinin də əsası məhz həmin illərdə qoyulur.
80-ci illərdə Güloğlan müəllimin pedaqoji fəaliyyəti ilə yanaşı, ictimai fəaliyyəti də geniş dairəni əhatə edirdi. O dövrdə gənclərin fəal həyat mövqeyinin, yüksək ideya-mənəvi keyfiyyətlərinin formalaşdırılması mühüm ictimai mahiyyət daşıyırdı. Güloğlan müəllim istər dərs prosesində, istərsə də sinifdənxaric, məktəbdənkənar tədbirlərdə yetirmələrinin ilk növbədə vətəndaşlıq mövqeyinin formalaşdırılması məsələsini mühüm pedaqoji amil kimi nəzərdə saxlayırdı. Onun məktəbdə yaratdığı bu mühit, heç şübhəsiz ki, rayon rəhbərliyinin də diqqətini cəlb edirdi. Odur ki, artıq pedaqoji sahədə təcrübə toplamış, yenilikçi və qabaqcıl müəllim kimi tanınan, dövrün ictimai-sosial problemlərini dəyərləndirə bilən gənc Güloğlan Bağırov 1986-cı ildə Lənkəran Təhsil Şöbəsinin tarix fənni üzrə metodisti vəzifəsinə irəli çəkilir.
Bu vəzifə Güloğlan müəllimin çiyinlərinə ağır məsuliyyət qoyurdu. O yaxşı bilirdi ki, məktəbin, müəllimin nailiyyətlərinin əsasında metodiki işin yüksək səviyyədə təşkil edilməsi dayanır. Odur ki, ilk növbədə məktəblərdə metodiki işin təşkili səviyyəsini günün tələblərinə uyğunlaşdırmaq lazım idi. Bəs haradan başlamalı? Güloğlan müəllim düşünürdü ki, qabaqcıl müəllimlərin pedaqoji təcrübəsini həmkarlarının pedaqoji təcrübəsinin təkmilləşdirilməsi işinə cəlb etmək lazımdır. Qısaca desək, qabaqcıl təcrübəni öyrənib yaymaq zəruridir... Bunun üçün o, öncədən tanıdığı müəllimləri işə cəlb etdi. Təcrübənin öyrənilib yayılması üçün Təhsil Şöbəsinin bütün savadlı metodistlərini bu iş ətrafında birləşdirdi. O vaxtlar Lənkəranın məktəblərində çalışan, hazırda Lənkəran Dövlət Universitetində işləyən elmlər doktoru Y.Ağazadənin, fəlsəfə doktorları K.Kazımov, M.Bəşirov, A.Xalıqov, əməkdar müəllimlər H.Kişiyev, İ.Tağıyev, N.Bağırov, “Tərəqqi” medallı Ə.Babayev və başqalarının qabaqcıl iş təcrübəsi məhz Güloğlan Bağırovun rəhbərlik etdiyi metodiki qrup tərəfindən öyrənilərək rayon müəllimləri arasında yayıldı. Bir məqam da diqqətəlayiqdir ki, Güloğlan Bağırov yalnız istedadı və bacarığı ilə seçilən müəllimlərin iş təcrübəsini yaymaq üçün müəyyənləşdirmişdir. Qabaqcıl təcrübə Lənkəran məktəblərinə sanki yeni ab-hava gətirmişdi. Zaman göstərdi ki, təcrübəli metodist kimi seçdiyi müəllimlərin hər biri istər elm, istərsə də metodika sahəsində öz sözlərini dedilər.
1989-cu ildə Güloğlan müəllim doğulduğu və təhsil aldığı Xolmili kənd tam orta məktəbinə direktor təyin olunur. Məktəbdə çalışdığı iki il həm Güloğlan müəllim, həm də məktəb üçün təcrübi baxımdan əhəmiyyət daşıyır. İki il ərzində məktəbin nailiyyətləri artır, maddi-texniki bazanın möhkəmləndirilməsi sahəsində əsaslı işlər görülür. Nizam-intizamın, təlim keyfiyyətinin yüksəldilməsi ilə bağlı səmərəli tədbirlər həyata keçirilir. Əgər metodkabinet Güloğlan Bağırova müəllim, məktəb təcrübəsini ümumiləşdirməyə imkan verirdisə, məktəbə rəhbərlik ona, şagird nailiyyətlərini ümumiləşdirmək, uğurların əsasını müəyyənləşdirmək şəraiti yaradırdı.
1991-ci ildə Rayon Təhsil Şöbəsi Metodkabinetinin direktoru vəzifəsinə təyin olunan Güloğlan Bağırovun metodiki işin təkmilləşdirilməsi ilə bağlı planları daha geniş idi. Bunların əsasını isə məktəbdə təlim keyfiyyətinin yüksəldilməsi tuturdu. Hələ metodist işləyərkən lazımı təcrübə toplamış Güloğlan Bağırov üçün bu vəzifə əsas etibarilə müəllimlərin metodiki hazırlıq səviyyəsini yüksəltmək, məktəbləri dövrün tələbləri səviyyəsində elmi-metodiki dəstəklə təmin etmək, bununla da Lənkəran təhsilinin zəngin ənənələrini yaşatmaq məqsədi daşıyırdı. Təcrübənin öyrənilməsi və yayılması yenə də Güloğlan müəllimin işinin əsas istiqamətini təşkil edəcək, bu da rayon təhsilinə uğurlar gətirəcəkdi. Təsadüfü deyildir ki, 1998-ci ildə Ulu öndər Heydər Əliyevin iştirak etdiyi Azərbaycan müəllimlərinin 11-ci qurultayında Lənkəran təhsilinin uğurları, rayon təhsilində metodiki işin səviyyəsi haqqında məruzə etmək məhz Güloğlan Bağrova həvalə edilmişdir.
Güloğlan müəllimlə tanışlığımın yaşı az olsa da, bu az müddət ərzində onu şəxsən kifayət qədər tanıya bilmişəm. Bir neçə il əvvəlin söhbətidir. Redaksiyaya “Təhsilə həsr olunmuş ömür” adlı məqalə daxil olmuşdu. Məqaləni Güloğlan müəllim yollamışdı. Respublikanın əməkdar müəllimi Qafur Məmmədova həsr olunmuş bu məqaləni Güloğlan müəllim professor Əjdər Ağayevin və “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəf Nəcəfovun tövsiyəsi ilə yazmışdı. Güloğlan Bağırov bu məqalədə təhsil tariximizin müəyyən məqamlarına toxunmuş, təhsilin inkişafına həsr olunmuş bir müəllim ömrünü səciyyələndirə bilmişdir. Sonralar münasibətlərimiz daha da yaxınlaşdıqca müşahidə edirdim ki, Güloğlan müəllim rayon müəllimlərinin, təhsil işçilərinin pedaqoji mətbuatı mütaliəsi, eləcə də müəllimlərin mətbuatda çıxış etmələri üçün bir sistem yaratmışdır. Özü də mətbuatda elmi, metodiki, pedaqoji məqalələrlə çıxış etməklə müəllimlərə həm də bir nümunə göstərməyi bacarır. Sonralar “Təhsil və zaman” qəzetində Güloğlan müəllimin daha bir neçə məqaləsi dərc olundu. Və mən bu yaxınlarda Güloğlan müəllimlə birlikdə Gürcüstanın Kabuleti şəhərində iştirak etdiyim beynəlxalq konfransda Güloğlan müəllimi daha yaxından tanımaq imkanı qazandım. Qeyd edim ki, “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda elmi-təcrübi konfrans Təhsil Şurasının sədri professor Əjdər Ağayevin ideyası əsasında təşkil olunmuşdu. Bu konfransa qədər Türkiyə, Moldova və Ukraynada keçirilmiş beynəlxalq  seminarlarda iştirak etmiş Güloğlan müəllimin təcrübəsi, Azərbaycan və dünya təhsilinin müasir inkişaf dinamikasını və ənənələrini bilməsi Gürcüstanda sözün həqiqi mənasında bizim köməyimizə gəldi. O, Gürcüstan məktəblərində Azərbaycan təhsili, məktəbləri haqqında məlumat verir, fikir mübadiləsi aparır, maraqlı təkliflərlə çıxış edirdi. Mən yad bir ölkədə beynəlxalq konfrans təşkilatçısı kimi məsuliyyətimi dərk edir, hardasa həyacan keçirirdim. Amma Güloğlan Bağırovun varlığı məni ürəkləndirirdi.  
Güloğlan müəllimin yaradıcılıq fəaliyyəti yalnız məktəbə, metodiki işə yaradıcı yanaşması ilə tamamlanmır, həmçini müəyyən tədqiqat işlərinin sistemləşdirilib kitab halına salınması ilə də davam edir. Onun 1999-cu ildə Nərimanabad qəsəbə məktəbi haqqında yazdığı “70 yaşlı məktəb”, 2003-cü ildə qələmə aldığı “Heydər Əliyev irsi və şəxsiyyəti ən böyük tərbiyə məktəbidir”, 2005-ci ildə həmmüəllifliyi ilə işıq üzü görən “Xolmili” tarixi etnoqrafik oçerki Güloğlan müəllimin yaradıcılıq imkanlarını tam meydana qoymasa da, hər biri tarixi, sosial-ictimai, təhsil tariximizin öyrənilməsi baxımından əhəmiyyətli əsərlərdir.
Güloğlan Bağırov istər müəllim, istər metodist, istər məktəb direktoru, metodkabinet müdiri, indi isə təhsil şöbəsinin müdir müavini kimi fəaliyyəti ilə yalnız bir obrazla həmkarlarının, ictimaiyyətin nəzərində canlanır: istedadlı məktəbşünas, ziyalı. Bu da deməyə əsas verir ki, o, yaşadığı 60 illik ömründə həm şəxsiyyəti, həm də sənəti ilə insanların rəğbətini, məhəbbətini qazana bilmiş, özünəməxsus ömür tarixi yazmışdır. Bu tarixi bu gün onun ailəsi də davam etdirir. Qızları Vəfa və İlahə tarix, Pərvin dil-ədəbiyyat müəllimidir.  Oğlu Ziya universitet tələbəsidir. Güloğlan müəllim dörd nəvəsinin də gələcəkdə ailə ənənəsini davam etdirəcəyinə inanır...

Güloğlan Bağırovun pedaqoji və ictimai fəaliyyəti həmişə yüksək qiymətləndirilib. O, Lənkəran Şəhər İcra Hakimiyyətinin, Şəhər Təhsil Şöbəsinin, Respublika Təhsil Şurasının fəxri fərmanları ilə təltif olunub, Təhsil Nazirliyi Attestasiya komissiyasının qərarı ilə 1994-cü ildə “Ali kateqoriyalı müəllim”, 1996-cı ildə “Ali kateqoriyalı metodist” adına  layiq görülüb. 2004-cü ildə üçüncü dərəcə, 2011-ci ildə ikinci dərəcə, 2014-cü ildə birinci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi alıb.
2014-cü ilin sentyabrında  Təhsil Naziri cənab  Mikayıl Cabbarovun əmri ilə Beynəlxalq Müəllimlər günü münasibətilə  “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
Azərbaycan Təhsil Şurası istedadlı məktəbşünas, müəllim, metodist Güloğlan Bağırovu anadan olmasının 60 illik yubileyi münasibətilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları, çansağlığı, şəxsi həyatında nailiyyətlər arzulayır.
 Əjdər Ağayev:
Güloğlan Bağırovu müəllim işlədiyi illərdən tanıyıram. O, öz fənnini mükəmməl bilən, öyrətmə ustalığına malik müəllimlərdəndir. Sonralar Lənkəran Təhsil Şöbəsində metodiki işlərə rəhbərlik ona tapşırıldı. O, bir metodist kimi az müddət içərisində yaxşı keyfiyyətləri ilə tanındı və rəğbət qazandı. Güloğlan müəllim metodiki kabinetin müdiri olarkən təhsil sahəsində təşkilatçı kimi də geniş fəaliyyət göstərirdi. Mən o zamanlar Lənkəran təhsili ilə maraqlananda ilk növbədə Güloğlan Bağırov nəzərimdə canlanırdı. Çünki o, rayondakı bütün məktəblərlə sıx əlaqə saxlayır, tədris metodikasının və və tərbiyə işinin səmərəliliyinin artırılmasında məsləhətləri ilə önəmli rol oynayırdı. Təbii ki, bu gün də belədir. Lakin o, hazırda Təhsil Şöbəsinin müdir müavini kimi idarəetmə işləri ilə daha çox məşğul olur. Müəmməl müəllim, ustad metodist olmaqla yanaşı, o həm də kamil insandır. Onun xeyirxahlığından, məsləhətlərindən və obyektiv tələbkarlığından çox gənclər faydalanırlar.
Mən ona yeni-yeni uğurlar arzilayıram.


Böyükağa MİKAYILLI

No comments:

Post a Comment