11.26.2014

Məktəb-ailə münasibətlərində valideyn iclasının rolu və onun təşkil olunma prinsipləri


“Pedaqogika hamı üçün elmdir”. Əjdər Ağayev

Şagirdin hərtərəfli şəxsiyyət kimi inkişaf etməsi üçün məktəb-ailə münasibətləri tam və qarşılıqlı olmalıdır. Bu münasibətin peşakar həyata keçirilmə yolunu valideyn iclaslarının təşkilində görürəm.
Sinif rəhbərinin əsas işi təhsil alanları şəxsiyyət kimi formalaşdırmaq, onlarda vətəndaşlığı, mənəviyyatı, təşəbbüskarlığı və müstəqil tənqidi təfəkkürə malik olmağı tərbiyə etmək, insanın hüquq və azadlıqlarına hörmət, ətraf mühitə sevgi, Vətənə, ailəyə məhəbbət hissləri aşılamaq, yaradıcı şəxsiyyət və dövlətçiliyə sadiq vətəndaş kimi formalaşdırmaqdır (Azərbaycan Respublikasının Təhsil nazirinin 05 mart 2009 - cu il tarixli, 270№li əmri). Göründüyü kimi, sinif rəhbərinin çox vacib vəzifələri var və bu vəzifələri daha məsuliyyətli yerinə yetirmək üçün valideynlərin köməyi vacibdir. İlkin mərhələdə uşaq üçün ictimai münasibətləri ailə əvəz edir. Hər ailə isə öz növbəsində fərqli tərbiyə metoduna malikdir. Bu müxtəlifliyi isə tədris prosesində qismən ümumiləşdirmək üçün valideyn iclasını müntəzəm təşkil etmək mütləqdir.

Valideyn iclasını pedaqoji informasiya universiteti də adlandırmaq olar, belə ki, onun valideynləri məktəbin təlim-tərbiyə işi ilə tanış etmək; onların uşaqla pedaqoji rəftarını təkmilləşdirmək; müəllim-şagird münasibətlərinə necə yanaşmalı olduqlarını formalaşdırmaq kimi məqsədləri var.
Valideyn iclasının keçirilmə formaları müxtəlif ola bilər, amma hər iclas üçün vacib olan şərtlər var:
1. İclasın mövzusu seçilməlidir. Mövzu uşaqların yaş psixologiyasına və bu dövrdə müşahidə olunan problemlərə, təqvimə (ilin əvvəlində giriş-tanışlıq, sonunda-yekun) uyğun olmalıdır.
2. Valideyn iclasının ssenarisi yazılmalıdır. Bir çox metodlar var: valideyn və şagird iclasını birlikdə keçirtmək; mühazirə oxumaq; hər hansı fövqəladə hala görə; yalnız valideynlərin sualların cavablandırmaq və s. Ən çox yayılmış metod monoloqdur. Müəllim mövzu haqqında mühazirə oxuyur, valideynlər dinləyici rolunu oynayırlar. Bu mərhələdə veriləcək məsləhətlər əvvəlcədən çox dəqiq düşünülməlidir.
3. İclas müəllim və valideynlərə uyğun vaxta təyin edilməli, 4-5 gün əvvəl “Məktəbli kitabçası”nda qeyd olunmalıdır. Çalışmaq lazımdır ki, sonrakı iclaslar da eyni gün və eyni vaxtda olsun. Valideyn iclasının hər rübdə 2 dəfədən az olmayaraq keçirilməsi məqsədə uyğun sayılır.
4. Sinif rəhbərinin dəvəti ilə digər fənn müəllimlərinin valideynlər iclasında iştirakı da məsləhət görülür.
Valideynlər iclasının keçirilmə prinsiplərinə xüsusi diqqət verilməlidir. Valideyn iclası çox mürəkkəb pedaqoji və psixoloji prosesdir. Burada hər bir valideyn özünə hörməti və uşağına olan sevgini müəllimin nitqində hiss etməlidir. Həm vaxtdan sərfəli istifadə etmək üçün, həm valideynlərdə daxili narazıçılıq yaratmamaq üçün şagirdlərin nəticələrini şifahi yox, çap olunmuş formada vermək daha müsbət qarşılanar. Valideynlərə adları ilə müraciət edin. Məsələn, “Nigarın anası” kimi müraciətə yol verməyin. Unutmayın ki, valideynlər iclası valideynlərə həsr olunmalıdır, uşağın uğursuzluqlarına və səhvlərinə yox! İclas yalnız nəzəri deyil, həm də praktik olmalıdır. Və ən əsası həmişə xoş və yüksək əhval-ruhiyyədə keçməlidir. Bu, valideynlərin bütünlüklə məktəbə münasibətin dəyişə bilər.
Nəcabət AĞAZADƏ-HƏSƏNOVA,
Bakı şəhəri, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin ibtidai sinif müəllimi

No comments:

Post a Comment