11.26.2014

Məqsədimiz əsl şəxsiyyət yetişdirməkdir.

Bütün dünyada olduğu kimi müstəqil və günü –gündən inkişaf edən ölkəmizdə də təhsil sistemi dəyişməkdə, yeniləşməkdədir. Bu halda biz müəllimlərin üzərinə də böyük öhdəliklər düşür. Çünki, gələcəyin vətəndaşı olan bu günün şagirdlərini müstəqil həyata hazırlamaq kimi çətin və şərəfli bir məsuliyyət biz müəllimlərin çiyinləri üzərindədir. Buna görə də
ümumtəhsil məktəblərində şagirdlərin ahəngdar və hərtərəfli inkişafının təmin edilməsi, müxtəlif bacarıq və vərdişlərin məqsədyönlü və sistemli şəkildə inkişaf etdirilməsi mühüm vəzifələrdən biridir.“Təhsil Haqqında Azərbaycan Respublikasının Qanunu”nda təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri kimi humanistlik və demokratiklik əsas götürülmüşdür.Yəni, milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, ətraf mühitə, insanlara qayğı və hörmətin, tolerantlıq və s. prioritet kimi qəbul olunmuş, təhsil alanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət, ictimai əsasla təşkilində və idarə edilməsində
səlahiyət və azadlığın genişləndirilməsi dövlət təhsil siyasətinin əsas prinsipləri kimi qəbul olunur. Bu, eyni zamanda, humanist və demokratik cəmiyyətin mahiyyətindən irəli gəlir. Bu gün dünyada ümumi təhsilin inkişafında aparıcı istiqamət kimi şəxsiyyət yönümlülük əsas qəbul edilir. Şəxsiyyətyönümlü yanaşmada təlim prosesinin mərkəzində şagird dayanır. Bu cür yanaşma humanist və demokratik təlim mühitinin yaradılmasını tələb edir. Belə bir mühitdə müəllim bütün tədris fəaliyyətini, şagirdin tələbatını, motivasiyasını, qabiliyyətini, fəallığını, intelektini və fərdi psixoloji xüsusiyyətini nəzərə alaraq qurmalıdır. Nəzərə alaq ki, insan yaradıcılıq və inkişaf etmək qabiliyyəti ilə doğulur.Təbiətin bəxş etdiyi bu potensialı reallaşdırmaq onun anadangəlmə tələbatıdır. Pedoqoqun əsas vəzifəsi elə şərait yaratmaqdır ki, şagird öz potensialını reallaşdıra bilsin. Şagirdin bütün təhsil prosesində əsas fiqur olması şəxsiyyətyönümlü pedaqogikanın mahiyyətini təşkil edir və təlim prosesi bu gün aparıcı müddəa əsasında qurulur. Təlimin məzmunu, təlim üsulları, müəllim-şagird münasibətləri də bu müddəa əsasına müəyyən olunur. Şagird və müəllim təlim prosesinin bərabərhüquqlu iştirakçıları kimi qəbul olunur. Müəllim şagirdi təlim materiallarını öyrənməyə məcbur etmir, onun öyrənməsi, özünü inkişaf etdirməsi üçün optimal şərait yaradır. Şəxsiyyətyönümlü təlimin subyekt prinsipi əsasında qurulmasından bir sıra müddəalar üzə çıxır. Əvvəla, təlim materialı bütün şagirdlər üçün eyni ola bilməz. Şagirdə təlim materialını öyrənərkən, tapşırıq və çalışmaları həll edərkən onun subyektinə uyğun olanı seçmək imkanı verilməlidir. Şagirdə mətn, əsər haqqında hazır rəy, münasibət verilməlidir, o seçdiyi, oxuduğu, öyrəndiyi haqqında öz münasibətini ortaya qoymalıdır. Təlim şagirdin yaddaşını yox, onun sərbəstliyini, özünəməxsus yanaşmalarını inkişaf etdirməyə əsaslanmalıdır.Tapşırıqların problem xarakteri, təlim materiallarının birqiymətli olmaması buna kömək edir. Beləliklə, təhsildə şəxsiyyətyönümlü yanaşma haqqında elmi – pedaqoji ədəbiyyatın araşdırılmasından belə nəticəyə gəlmək olur ki, şəxsiyyətyönümlülük pedaqoji fəaliyyətdə metodoloji yanaşma olub, müəyyən anlayışlar, prinsiplər və fəaliyyət üsullarını əhatə edir, bunlar da kompleks şəkildə onun mahiyyətini göstərir. Bu gün dünya səviyyəsində ümumi təhsildə prioritet kimi qəbul edilən şəxsiyyətyönümlülüklə bağlı pedaqoqlar, müəllimlər tərəfindən həyata keçirilən bütün tədbirlər, əslində gələcək nəsillərin dünyagörüşünün, şəxsiyyətinin formalaşmasını, bazar münasibətlərinin tələblərinə uyğun zəruri bilik və bacarıqlara yiyələnməsini və təhsil həyatına hazırlanmasını, cəmiyyətin faydalı və məhsuldar üzvünə çevrilməsinə xidmət edir. Buna görə də biz müəllimlər çalışmalıyıq ki, sağlam düşüncəli gələcək nəsillər, şəxsiyyətlər yetişdirmək üçün bu sahədə görülən tədbirlərin fəal iştirakçısı olaq. Çünki, məqsədimiz ölkəmiz, millətimiz üçün layiqli vətəndaşlar, şəxsiyyətlər yetişdirməkdir.
İranə ƏLİZADƏ, Zaqatala şəhər Humanitar Fənlər Təmayülü Gimnaziyanın tarix müəllimi

No comments:

Post a Comment