Əjdər Ağayev:
“Elm haqqında qanun layihəsi hazırlanır, səsverməyə də çıxarılacaqdır. İstərdim
ki, bu qanunda gənc tədqiqatçılara xüsusi yer versinlər.”
Universitetlərdə əsasən də bakalavr dərəcəsi almaq
istəyən tələbələrimizə nə tövsiyə edərdiniz. Sizcə, tələbələri elmə meylləndirmək
üçün nə etmək lazımdır?
Birinci yol
bakalavr pilləsində təhsil alan tələbələrin elmi araşdırma mədəniyyətini
dərinləşdirmək üçün fakültələr, ayrı-ayrı kafedralar tərəfindən xüsusi dərnəklər
və yaxud cəmiyyətlər təşkil edilməlidir. Məsələn, “Tələbə elmi cəmiyyəti”
təşkil edilir və onların hər bir qrupda bir nümayəndəsi təmsil olunur. Belə dərnəklərə
araşdırmağa meylli olan tələbələr cəlb olunur və bu sistemli olaraq fəaliyyət
göstərir. Bu dərnəyin fakültədə rəhbəri olur. Yəni beləliklə bu dərnəyin özü
araşdırmalara meylli olan tələbələri seçib inkişaf etdirir. Məsələn, mənim
tanıdığım tələbələr vardır ki, öz fakültələrində bu cür dərnəklərdə iştirak etməklə
sonda elmi tədqiqat işçisi olublar və lazımi vərdiş qazanıblar. Əsas yollardan
biri məhz budur.
İkinci yol
isə tələbənin fərdi yollarla araşdırma imkanlarıdır. Özü araşdırma apara bilər,
amma ona da mütləq nəzarət edən, məsləhət verən birisi olmalıdır. Çünki tələbə
əlbəttə ki hər şeyi bilə bilməz.
Üçüncü yol
isə tədqiqat və müsabiqələr yoludur. Tələbə bu müsabiqələrə, yarışmalara
qoşulmaq yolu ilə ilkin araşdırma vərdişləri qazana bilər.
Bu formalaşma
həmin tələbəyə bakalavrdan sonra magistratura pilləsinə daxil olduğu zaman ona
normal dissertasiya işi yazmaq imkanı verəcək.
Hal-hazırda
xaricdə təhsil alan tələbələrimiz var. Onların bir qismi dövlət hesabına,
digərləri isə fərdi yollarla təhsil almağa gediblər. Bu tələbələr Azərbaycana
döndükdən sonra elmimizə nə verə bilərlər?
Burada bir
neçə amil rol oynayır. Birincisi, elm mühitinin olmasıdır. İkincisi, o mühitdə
çalışan adamın yüksək elmi təfəkkürü və araşdırma qabiliyyəti olmalıdır.
Üçüncüsü, bu adamlara sifarişlər verilməlidir. Bunların hamısı elmi mühitlə
bağlıdır. Elm adamları AMEA-da, elmi araşdırmalar mərkəzində olmalıdır. Amma
unutmaq lazım deyil ki, mühit hələ hər şey demək deyil. Gərək həmin məkanda
işləyən insanlar, oraya qoyulan vəsait, gələcək üçün nəzərdə tutulmuş layihə
insanların qabiliyyətinə uyğun olsun və bunlar elm işçisini inkişaf etdirsin.
Əjdər
müəllim, yəqin ki, Siz elmi mühit deyəndə sadəcə maddi-texniki təminatı deyil,
eyni zamanda peşəkar mütəxəssislərin mövcud olmasını da nəzərdə tutursunuz?
Bəli,
tamamilə belədir. Əgər bir yerdə laboratoriya olsa, amma orada bundan baş
çıxaran insan olmasa bunun bir faydası olmaz. Demək olar ki, xaricdə təhsil
almış tələbələrdən Azərbaycanda elmi mühiti tapa bilməyib xaricə geri
qayıdanlar da var. Onlara sual verdikdə, “Niyə geri qayıdırsınız?”, deyirlər
ki, bizim gördüyümüz mühit burada yoxdur. Elm haqqında qanun layihəsi
hazırlanır, səsverməyə də çıxarılacaqdır. İstərdim ki, bu qanunda gənc
tədqiqatçılara xüsusi yer versinlər.
Mən bu yaxınlarda
Bakı Dövlət Universitetində idim. Rektor Abel Məhərrəmov bir saatdan artıq
laboratoriyada kimya elmi üzrə alınmış müxtəlif avadanlıqları mənə göstərdi. Bu
avadanlıqlardan birinin qiyməti yüz min avro idi. Həmin laboratoriyada bir tədqiqatçı
çalışırdı. Bu tədqiqatçının son 2 il ərzində 17 məqaləsi ən yüksək xarici
jurnallarda çap olunub. Bunlar nəyin hesabına baş verir? Birincisi, rektor
şərait yaradır. İkincisi isə, orada tədqiqatçılıq mühiti də var. Üçüncüsü
də özündə elmi araşdırmaya həvəs var.
Əjdər müəllim,
hal-hazırda Azərbaycan elmində, təhsilində də eyni zamanda gəncləşmə prosesi
gedir. Ümumiyyətlə, bu gəncləşmə prosesini necə qiymətləndirərdiniz?
Bilirsiniz, burada
nəsillərin inkişaf məsələsi dayanır. Təbiətdə nə varsa cəmiyyətdə də o var.
Əgər bir ağac qocalıbsa daha meyvə vermirsə, o ağac hələ qocalmamış onun bir
rüşeymi gətirilib başqa bir yerdə əkilir. Yəni gəncləşmə yaşlı nəsilsiz gedə
bilməz. Gənclik nə qədər qabiliyyətli olursa-olsun, insandakı ən böyük bacarıq
təcrübədən yaranan qabiliyyətdir. O da ancaq zamanla əldə edilir. Mən özüm də
elmi təcrübə olaraq əlli il əvvəlki fikir insanı deyiləm. Bu gün mənim
doktorantlarım, dissertantlarım var. Mən onlara məsləhət verirəm, yol
göstərirəm. Onlar da araşdırmalar aparırlar. Qeyd etmək lazımdır ki, onların
etdiyi bir çox şeyləri mən texniki baxımdan edə bilmirəm. Amma buna baxmayaraq,
məndə yeni ideyalar var. Eyni zamanda onların səhvlərini görə bilirəm. Hətta
mən bir dəfə dedim ki, artıq özünüz məşğul olun, mənim sizə kömək etməyə vaxtım
çatmır. Onlar isə mənə dedilər ki, siz heç bir şey etməyin sadəcə gəlin bizə
məsləhət verin. Məhz ona görə də elmin gəncləşməsi prosesində mütləq varislik
prinsipi olmalıdır.
İkincisi isə,
gəncləri cəlb etmək perspektivlidir. Amma əsl elm xadimini ideyalarla təcrübəli
olan yaşlıları da elmdən kənarda qoymaq olmaz. AMEA-nın prezidentinin özünün 80
yaşı var. Lakin çox gənc düşüncəli, ideyalı və gənc ruhlu, perspektivli düşünən bir insandır. Yəni bu
məsələyə ancaq fərdi baxılmalıdır.
Elmi dərəcə almış
40 yaşlı elm adamı ola bilər. Amma onun yazdıqlarına baxırsan ki, heç nəyə
yaramır. Ona görə elmi saflaşdırmaq üçün diferensial yanaşma və attestasiya
mütləq lazımdır. Attestasiya zamanı bəlli olsa ki, bəzi yaşlılar elmə bəhrə
verə bilməzlər. O zaman bu yaşlı insanları məsləhətçi kimi çalışdırmaq olar.
Amma yeni ideyalı, xarici dil bilən, eyni zamanda elmin inkişafını görə bilən
müasir paradiqmalara girə bilən yaşlılar da mütləq rəhbər olmalıdır. Ancaq bu
şəkildə biz elmimizi inkişaf etdirə bilərik.
Azərbaycan elmində
son zamanın ən aktual məsələlərindən biri də təhsil işçilərinə, hətta
elmi işçilərə dövlət qulluğu statusunun verilməsi məsələsidir. Əgər bu baş
verərsə, bu status ilk növbədə kimlərə şamil edilməlidir?
Mən düşünürəm ki,
bu status kiməsə şamil edilmədən əvvəl attestasiya keçirilməlidir. Keçmiş
təhsil naziri Misir Mərdanov da, demişdir ki, elm işçilərinin 60 faizi müasir
tələblərə cavab vermir. Respublikamızda savadlı müəllimlər olduğu kimi yalançı
müəllimlərimiz də yetərincədir. Əgər ədalətli attestasiya keçirilərsə, bundan
sonra həm elm, həm də təhsil işçilərinə dövlət qulluğu statusunun verilməsi
gerçəkləşdirilə bilər. Amma bu status formal hal daşımamalıdır. Yəni dövlət
qulluğu statusu almiş elm və təhsil işçiləri təqaüdə çıxdıqdan sonra maaşının
səksən faizini almalıdır. Ona bəzi güzəştlər olmalıdır və s. Əgər bunlar təmin
olunacaqsa, dövlət qulluğu statusu verilməsinin bir əhəmiyyəti olacaqdır.
İmtiyazsız, güzəştsiz sadəcə dövlət qulluğu adının verilməsi isə mənə görə
məqsədəuyğun deyil.
Ölkəmizdə elmi mühitin yaxşılaşması, ideallaşması üçün
nə etməyi məsləhət bilərdiniz?
Məncə, həyatda
ideal heç nə olmur. Lakin elmin uyğun səviyyəyə çatması lazımdır. Elmi mühitin
formalaşmasının normallığını təmin etmək lazımdır. Universitetlərə qəbul
ədalətli keçirilməlidir. Dissertasiya yazan hər bir kəs elmi işinin
tədqiqatçısı olaraq öz işini öyrənməli, araşdırmalı və tədqiqatçı olaraq
meydana çıxmalıdır. Mən elm haqqında qanun layihəsini oxudum. Bu qanunda
göstərilir ki, elmi faktları zəif olan istinadları az olan və s. qüsuru olan
elmi iş qəbul edilmir. Amma nəzərə almaq lazımdır ki, hal-hazırda müdafiə
olunan işlərin bir hissəsi həmin insanların özləri tərəfindən yazılmır. Belə
çıxır ki, pul verib səviyyəli elmi iş yazmaq olar və süni şəkildə elmi dərəcə
almaq mümkündür. Məncə, burada birinci şərt elmi işi müdafiə edən şəxsin nə
dərəcədə öz elmi işinin müəllifi olduğu müəyyən edilməlidir. Dissertasiya
şurasında müdafiə olunan işlərin xeyli qisminin öz elmi işindən xəbəri yoxdur.
Bu insanlar elmi işlərini müdafiə edərkən avtoreferatlarının yarısını üzündən
oxuyaraq, hətta hansı sualın onlara veriləcəyini əvvəlcədən müdafiə şurasının
üzvlərinə bildirirlər və bu şəkildə də iddiasında olduqları elmi dərəcəni
alırlar. Bu halların qarşısı qətiyyətlə alınmalıdır. Bir də qeyd etmək istərdim
ki, elm xadimi milli ruh və təfəkkürə malik bir şəxs olmalıdır.
Əjdər müəllim,
maraqlı müsahibəyə görə Sizə təşəkkür edirik. Sağ olun!
.... elm xadimi milli ruh və təfəkkürə malik bir şəxs olmalıdır. Tamamilə razıyam ! Təşəkkür edirəm yazıya görə ! Yorulmayasınız !
ReplyDelete