Astaraya çoxdan idi ki, yolum düşmürdü. Amma buna
baxmayaraq rayon təhsilində son illər görülən işlər barədə mətbuatdan məlumat
alır, Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs
Məmmədovanın müsahibələrini izləyir, əldə olunan uğurları müşahidə edirdim.
Düşünürdüm ki, zəngin ənənələri, tarixi olan Astara təhsili bu gün də özünün
yenilikçi müəllimləri, novator idarəediciləri ilə yeni tarix yazmaq gücündədir.
Qızbəs Məmmədova ilə söhbətimdə də buna bir daha əmin
oldum. Qızbəs Məmmədova təhsil sahəsinin o idarəedicilərindəndir ki, təhsildə tətbiq
olunan bütün yenilikəri ilk olaraq rəhbərlik etdiyi rayonun təhsil ocaqlarında
tətbiq etməklə uğurların əsasını qoyur. Bu yanaşmanın nəticəsidir ki, Astara məktəblərinin
qapısı yenilikləri tətbiq etmək üçün həmişə açıq olmuşdur.
O, 2004-cü ildən Rayon Təhsil Şöbəsinə rəhbərlik
edir. Bu illər ərzində Astara təhsilində çox böyük dəyişikliklər baş verib. Deyə
bilmərəm ki, bütün dəyişikləri məhz Qızbəs Məmmədova həyata keçirib. Yox. Amma
o, bütün bu işlərin mərkəzində dayanmaqla, aparıcı qüvvələrdən biri olub.
Pedaqoji prosesi, təlim – tərbiyə məsələlərini, müasir dünyada təhsilin inkişaf
dinamikasını mükəmməl bilən mütəxəssis kimi dəyərli məsləhətləri, praqmatik
yanaşması ilə görülən işlərə təkan verməyi bacarıb.
O, əslən Bərdə rayonunun Saatlı kəndindəndir.
Ziyalı ailəsində anadan olan Qızbəs Məmmədova müəllimiyə sonsuz maraq göstərib.
Qızbəs Məmmədovanın atası ixtisasca iqtisadçı olub. Dünyadan vaxtsız köçdüyü
üçün ailənin bütün yükünü kənd kitabxanasında kitabxanaçı işləyən ana daşımalı
olub. O, böyük zəhmət hesabına ailənin altı uşağını böyüdüb, hər birinə ali təhsil
verməyi bacarıb. Qızbəs hələ şagird olarkən müəllimlərinin diqqətini savadı,
bacarığı, ümumiyyətlə, pedaqoji işə sonsuz həvəsi ilə cəlb edib. Daim mütaliəyə
maraq göstərən məktəbli qız dəqiq elmlərə xüsusi marağı ilə seçilib. Müəllimlik
onun kumiri olub. Odur ki, orta məktəbi bitirən kimi sənədlərini Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun (İndiki ADPU) fizika fakültəsinə verərək qəbul
olub.
1985-ci ildə İnstitutu müvəffəqiyyətlə bitərən Qızbəs
Məmmədova doğma kəndində - Saatlı kənd orta məktəbində pedaqoji fəaliyyətə
başlayıb. Lakin doğulduğu kənddə çox işləməyib. Ailə qurub Astara rayonunun Şiyəkəran
kəndinə köçüb. Qızbəs müəllimin bir pedaqoq kimi formalaşması və nüfuz
qazanması da pedaqoji fəaliyyətinin Astara dövrünə təsadüf edir. O, burada
sözün həqiqi mənasında mübarizə meydanına düşüb və bu mübarizədə addım-addım irəlilədikcə,
uğur qazandıqca, şübhəsiz ki, öz uğurlarından yetirmələrinə də pay verib. 1985-
1995-ci illər ərzində Şiyəkəran məktəbində pedaqoji fəaliyyəti ərzində Qızbəs Məmmədova
zamanın pedaqoji ənənələrini, müasir təlim texnologiyalarını ustalıqla təlim
prosesinə tətbiq etməklə, yenilikçi müəllim kimi ad çıxarıb. Elə bu səbəbdən də
1995-ci ildə həmin məktəbə dərs hissə müdiri, 2000-ci ildə isə direktor təyin
edilib. Qızbəs müəllim istər müəllim, istər direktor müavini, istərsə də
direktor kimi fəaliyyətində diqqət yetirdiyi ən mühüm məqam məktəb-ictimaiyyət əlaqələrinin
genişləndirilməsi, bu əlaqələrin məktəbin daha yaxşı fəaliyyət göstərməsinə yönəltməsi
olub. Bir müəllim kimi onu hər zaman yetirmələrinin mənəvi tərbiyəsi daha çox
düşündürüb və məktəb-cəmiyyət əlaqələrindən istifadə etməklə bu düşüncəsini
reallaşdırmağa çalışıb. Məktəbin nailiyyətlərini artırmağa, Şiyəkəran məktəbini
rayonun ən yaxşı məktəbləri sırasına çıxarmağa nail olub. 2004-cü ilin aprelində
Qısbəs Məmmədovanın Astara Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin
olunması da əldə etdiyi uğurlar, pedaqoji işə dərindən bələdliyi sayəsində
mümkün olub. Bu, elə bir vaxta təsadüf edib ki, Azərbaycanda əsası Ulu öndər
Heydər Əliyev tərəfindən qoyulan, ölkə başçısı cənab İlham Əliyev tərəfindən
uğurla həyata keçirilən Təhsil İslahatı Proqramı Astarada da tətbiq olunmaqda
idi. Təhsil sahəsinə müasir dünyanın təhsil
tendensiyalarını, Azərbaycanın təhsil ənənələrini bilən mütəxəssisin rəhbərlik
etməsi çox vacib amil kimi qarşıda dayanırdı. İyirmi illik pedaqoji fəaliyyəti ərzində
Qızbəs müəllim öz şəxsiyyəti ətrafında belə bir imici formalaşdırmışdı. Necə
ki, bu vəzifədə fəaliyyət göstərdiyi 10 il də bu qənaətin yanlış olmadığını
göstərdi.
Ötən 10 il Astara təhsilində bəlkə də rayonun təhsil
tarixində görünməmiş bir sıçrayış baş verdi. Sözsüz ki, bu, ölkədə həyata
keçirilən Təhsil İslahatı Proqramının, bununla yanaşı, təhsilə müasir,
yenilikçi, yaradıcı yanaşmanın nəticələri idi.
Bu gün Astara təsilində təhsil-icra strukturlarının vəhdət işi nailiyyətlərin
kökündə dayanan amillərdəndir. Qızbəs Məmmədova ilə söhbətimizdə də o bu amili
ön plana çəkdi. Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin təhsillə bağlı
təşəbbüsləri yüksək səviyyədə dəstəklədiyini önə çəkən Qızbəs xanım son illər
görülən işlərin nəticələrindən genişliyi ilə bəhs etdi.
Qızbəs xanım qeyd edir ki, onun təhsil şöbəsinin
müdiri təyin olunandan diqqət yetirdiyi ən önəmli məqam maddi-texniki bazanın
möhkəmləndirilməsi və məktəblərin ixtisaslı kadrlarla təminatının
yaxşılaşdırılması olmuşdur. Bunun üçün rayonda məktəb şəbəkəsinin
optimallaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi və pedaqoji
kadrlarla təminat istiqamətində tədbirlər planı hazırlanmış və mərhələrlə həyata
keçirilmişdir. Onun sözlərinə görə, əgər 10 il bundan əvvəl Təhsil nazirliyinə
təqdim olunan kadr sifarişində 120 nəfər müəllimə ehtiyac olduğu göstərilirdisə,
bu gün bu rəqəm 5-ə enmişdir. Son 10 ildə rayonda 35 yeni məktəb binası tikilib
istifadəyə verilmişdir. Məktəb binaları ilə yanaşı, məktəb yollarının da çəkilməsinə
rayon rəhbərliyi səviyyəsində xüsusi diqqət göstərilmişdir. Qızbəs Məmmədova
qeyd edir ki, əgər məktəb ən müasir tələblər səviyyəsində tikilib istifadəyə
verilirsə, gərək o məktəbə aparan yollar da lazımı səviyyədə olsun. Axı şagird
məktəbə gəlmək üçün yol qət etməlidir.
Ötən illər müəllimlərin də nailiyyətləri ilə yadda
qalıb. Rayonun 8 müəllimi Respublikanın əməkdar müəllimi adına layiq görülüb. 5 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.
“Ən yaxşı müəllim” müsabiqəsində 5 nəfər müəllim qalib gəlib. Şəhər 2 nömrəli
tam orta məktəb “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.
Göründüyü kimi, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə keçirilən tədbirlərdə
rayonun müəllimləri və məktəbləri uğurla iştirak edirlər. Bu uğurlar müəllimlərin
nailiyyətlərində də öz əksini tapmaqdadır.
Qızbəs müəllim Respublikanın əməkdar müəllimi,
hazırda təqaüddə olan riyaziyyat müəllimi Seyran Babayevi, əməkdar müəllim,
kimya-biologiya müəllimi Şabala Əliyevi, şəhər 2 nömrəli tam orta məktəbin
direktoru, əməkdar müəllim Maya Həsənovanı rayonun qabaqcıl pedaqoqları kimi
xarakterizə etdi.
Rayonun Pensər kənd 2 nömrəli tam orta məktəbi
texniki təmayüllü lisey kimi fəaliyyət göstərir. Təkcə ötən il bu təhsil
ocağının məzunlarından 6 nəfəri Azərbaycan Dövlət Tibb Universitetinə qəbul
olub. Şabala Əliyevin kimya-biologiya müəllimi kimi çalışdığı bu məktəb daha
böyük uğurlar əzmi ilə fəaliyyət göstərir. Ümumiyyətlə, rayonun ümumtəhsil məktəblərinin
məzunları Azərbaycan Tibb Universitetinə, Neft Akademiyasının neft mühəndisliyi,
Polis Akademiyası, Bakı Dövlət Universiteti kimi nüfuzlu ali məktəblərin aktual
ixtisas verən fakültələrinə böyük maraq göstərirlər. Şübhəsiz ki, bu fakültələrə
daxil olmaq da asan deyil. Rayonun Pensər 2 nomrəli məktəb-liseyi ilə yanası,
Kijəbə, şəhər 1, 3, 4, 7, Şiyəkəran 1,
Hamuşam, Siyakü, Tüləgüvan, Kakalos 1, Rinə kənd tam orta məktəbin məzunları da
ali məktəblərə qəbulda yüksək nəticələr əldə etmişlər. Rayonun məktəbliləri
idman, hərbi idman, bilik yarışlarında, fənn olimpiadalarında da uğurlu
çıxışlara imza atmışlar.
Qızbəs Məmmədovanın fəaliyyətində diqqətçəkən məqamlardan
biri də rayonda məktəb-valideyn əlaqələrinə xüsusi önəm verməsidir. O, haqlı
olaraq hesab edir ki, təhsilin inkişafı, şagirdlərin təlimə marağının artması,
nailiyətlərin günü-gündən yüksəldilməsi bu əlaqələrin yüksək səviyyədə təşkil
olunamasından asılıdır. Astara təhsinində bu istiqamətdə artıq ənənə formalaşmışdır.
Rayonun bütün ümumtəhsil məktəblərində valideyn iclasları qrafik əsasında
keçirilir. Təhsil Şöbəsinin müdiri, eləcə də əməkdaşlar bu tədbirlərdə müntəzəm
olaraq iştirak edir, konkret mövzular ətrafında müzakirələr aparırlar. Bu gün
Astara təhsilində əldə olunan uğurlarda, şübhəsiz ki, valideyn-məktəb əlaqələrinin
mükəmməl qurulmasının da öz payı var.
Qeyd etdiyimiz kimi, ötən illər məktəblərin
maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də əsaslı işlər
görülmüşdür. Məktəb tikintisi ilə yanaşı, təminat məsələləri də aparıcı istiqamət
təşkil etmişdir. Bu baxımdan İKT ilə təminat da diqqət mərkəzində olmuşdur.
Hal-hazırda 581 kompüter və noutbuk müəllim və şagirdlərin istifadəsindədir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin “Təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Rayon Təhsil Şöbəsi
və 25 tam orta məktəb internet şəbəkəsinə qoşulmuşdur. Şübhəsiz ki, bütün
bunlar müəllim və şagirdlərin təlimə marağını artırır, daha yüksək nailiyyətlərin
əldə olunmasına yol açır.
B.ƏLİSƏFAOĞLU
No comments:
Post a Comment