Bu günlərdə Xəzər universitetində bu ali təhsil
ocağının rektoru, professor Hamlet
İsaxanlı “Azərbaycanda ali təhsilin inkişafı
və dünya reytinq cədvəlləri” mövzusunda mətbuat konfransı keçirdi. Hamlet
İsaxanlı qeyd etdi ki, müasir dünyada yaxşı ali məktəb elmi tədqiqat gücü,
maddi-texniki bazası, kadr potensialı və keyfiyyətli təhsil verməsi ilə
tanınır. Müasir dünyada ali məktəb də müasir, modern olmalı, yeni inkişaf meyllərini
nəzərə almalı, bu inkişafın hazırlanmasında iştirak etməli, dünyada yeri görünməlidir.
Bir ali məktəbin adı-sanı onun beynəlxalq aləmdə tanınması, dünyanın digər ali
təhsil və elm ocaqları, böyük şirkətlər və dünya mediası tərəfindən bəyənilməsi
ilə birbaşa bağlıdır.
O, söylədi ki, son bir neçə ildə nüfuzlu beynəlxalq
təşkilatların reytinq cədvəllərində Azərbaycan universitetləri də yer almağa
başlayıb. Bu, Azərbaycanın ali təhsil sistemində inkişaf və ciddi uğurlar
olduğunun göstəricisidir. Lakin müxtəlif kütləvi informasiya vasitələrində bu
haqda verilən məlumatlarda qeyri-dəqiq fikir, şərh və təhlillər yer alır, ali məktəblərin
reytinq cədvəllərindəki yerləri yanlış göstərilir. Bəzi nüfuzlu təşkilatların
reytinq cədvəlləri isə ümumiyyətlə diqqətdən kənarda qalır.
Hamlet İsaxanlı dünya universitetlərinin
reytinqinin müəyyənləşdirilməsi sahəsində tanınmış təşkilatlardan biri olan
“QS”-in fəaliyyətindən bəhs etdi. Qeyd etdi ki, bu təşkilat 2014-cü il dekabr
ayının 17-də özünün böyük maraq kəsb edən yeni reytinq cədvəlini açıqlayıb. Bu
dəfə “QS” təşkilatı ilk dəfə olaraq Şərqi Avropa, keçmiş Sovet İttifaqı ölkələri
və Türkiyə daxil olmaqla dünyanın çox böyük regionunun 100 ən yaxşı ali məktəbini
elan edib. Bu reytinq cədvəlində Azərbaycandan 3 ali məktəb yer alıb. Xəzər
Unuversiteti 39.6 balla 100 ən yaxşı ali məktəb arasında 71-ci yerdə qərarlaşıb.
Bu göstərici Azərbaycan universitetləri arasında birincidir. Bakı Dövlət
Universiteti 39.4 balla Çexiyanın Palasky-Olomous universiteti ilə 72-73-cü
yerləri bölüşdürmüşdür. Qafqaz Universiteti 38.5 balla 75-ci yerdədir. “QS”
reytinq cədvəli universitetlərin dünyada nüfuzu (30%), məzunların nüfuzlu təşkilatlarda
işlə təmin olunması (20%), müəllim-tələbə nisbəti (15%), xarici müəllimlər (2,5%),
xarici tələbələr (2.5%), Ph.D dərəcəsi olan müəllimlər (5%), elmi məqalələrin
sayı (10%), məqalələrə edilən istinadlar (5%), universitet saytlarının gücü
(10%) kimi meyarlara görə formalaşdırılır. H.İsaxanlı onu da vurğuladı ki,
xarici mütəxəssislərin işə cəlb edilməsi indikatoru üzrə Xəzər universiteti 5 ən
yaxşı universitet sırasındadır.
H.İsaxanlı daha sonra ali məktəblərin reytinqinin
müəyyənləşdirilməsi sahəsində fəaliyyət göstərən nüfuzlu təşkilatlardan biri
EDUNİVERSAL Beynəlxalq Elmi Cəmiyyətinin fəaliyyətindən bəhs etdi. Bildirdi ki,
bu təşkilat hər il dünyada 12000-dən çox magistr proqramlarını tədqiq edir,
qiymətləndirir və “Ən yaxşı magistr proqramları”nı elan edir. Bu qiymətləndirmə
perspektivli tələbələrə daha yaxşı seçim imkanı verir. 2014-cü il dekabr ayının
24-də EDUNİVERSAL 2014-2015-ci il üçün “Ən yaxşı magistr proqramları” reytinq cədvilini açıqlamışdır. Bu təşkilat
bu dəfə dünyanı 9 əsas məkana ayırmış və hər məkan üçün ayrı reytinq
araşdırması aparmışdır. İqtisadiyyat və Biznesin idarə edilməsi sahəsində müxtəlif
ixtisaslar üzrə magistr proqramları araşdırılmış, nəticədə Xəzər
Universitetinin Menecment, İqtisadiyyat, Mühasibat uçotu və audit ixtisasları
üzrə MBA proqramları Avrasiya və Yaxın Şərq bölgəsinin ən yaxşı 10 magistr proqramı
siyahısında yer alıb.
Hamlet İsaxanlı diqqətə onu da çatdırdı ki, Qafqaz
Universitetinin Dövlət və bələdiyyə idarəetməsi üzrə magistr proqramı 200 “Ən
yaxşı magistr proqramları” sırasındadır. Xəzər Universitetinin İqtisadiyyat və
Menecment fakültəsi 2007-ci ildən bəri iqtisadiyyat və biznesin idarə olunması
üzrə ixtisas hazırlığı sahəsində dünyanın ən yaxşıları arasında yer almış, bu
sıralamada 7 dəfə yüksək yer tutmuşdur. Son iki reytinq cədvəli Xəzər
Universitetinin dünyanın ən nüfuzlu ali məktəbləri ailəsinə daxil olduğunu
nümayiş etdirir.
Daha sonra Hamlet İsaxanlı jurnalistləri
maraqlandıran sualları cavablandırdı.
“Təhsil və zaman”
No comments:
Post a Comment