2.28.2015

XX ƏSRİN ƏN DƏHŞƏTLİ FACİƏSİ

 Şümrüd kənd tam orta məktəbində Xocalı faciəsi anıldı

Bütövlükdə Azərbaycan  xalqına  qarşı yönəldilmiş Xocalı soyqırımı  öz  ağılasığmaz  qəddarlığı      və  qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.Bu soyqırım eyni   zamanda        bütün  bəşəriyyətə  qarşı  bir   cinayətdir .  
Heydər Əliyev

Azərbaycan xalqı tarixin müxtəlif dönəmlərində erməni şovinistlərinin soyqırım siyasətinə məruz qalmışdır. Xocalı soyqırımı Azərbaycan, eləcə də dünya tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər yaddaşımıza əbədi həkk oldu. Tariximizə qara hərflərlə yazılmış bu günün dünya ictamiyyətinə çatdırılması, faciənin soyqırım kimi tanınması üçün Azərbaycan dövləti təsirli, məqsədyönlü tədbirlər görüb və görməkdədir. Hər il fevral ayının 26-sı Xocalı Soyqırımı Günü kimi qeyd olunaraq ölkəmizdə bu faciəyə həsr olunmuş müxtəlif tədbirlər keçirilir.

Belə tədbirlərdən biri də Şümrüd kənd orta məktəbində keçirildi. "Göynəyir sinəm, Xocalı" adlı tədbir dövlət bayrağının gətirilməsi və Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı. Məktəbin tarix müəllimi Şahmarov Samir tədbiri giriş sözü ilə açdı və faciə qurbanları bir dəqiqəlik sükut ilə yad edildikdən sonra söz məktəbin müəllimi Məmmədhüseyn Dadaşova verildi. Məmmədhüseyn müəllim Xocalı faciəsinin millətimizin qan yaddaşı olmasını və bu faciəni anmaq, dünyaya yaymağın hər kəsin vətəndaşlıq borcu olduğunu qeyd edərək Xocalı hadisəsi haqqında geniş nitq söylədi. O, ermənilərin uşaq, qadın bilmədən qarşılarına çıxanı qeyri-insani şəkildə qətlə yetirdiklərini söyləyərkən göz yaşlarına sahib ola bilməyib nitqini yarımçıq başa vurmalı oldu. Tədbirin təşkilatçı və aparıcısı Samir müəllim öz çıxışında tarixi faktları ortaya qoyaraq ermənilərin yürütdüyü mənfur siyasətdən, yersiz ərazi iddialarından, törətdikləri soyqırımlardan eləcə də Xocalı faciəsindən bəhs etdi. O, Azərbaycan xalqının 200 il ərzində ermənilərin etnik təmizləmə, soyqırım siyasətinə məruz qaldığını, 1988-ci ildə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlının bu ərazilərdən qovularaq Ermənistanın monoetnik dövlətə çevrildiyini xüsusi vurğuladı. Ardından tədbirdə iştirak edən digər müəllimlər də çıxış edərək Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq torpaqlarımızı zəbt etdiyini, xalqımıza qarşı kütləvi qırğınlar törətdiklərini, ölkə rəhbərliyinin bu faciələrin dünyaya olduğu kimi çatdırılması üçün mühim işlər gördüklərini və torpaqlarımızı azad edəcəyimiz günün uzaqda olmadığını söylədilər. Həmçinin o da qeyd olundu ki, Ermənilərin amansızcasına törətdikləri qırğınlara baxmayaraq bu gün Azərbaycanda çox sayda ermənilər dinc şəraitdə yaşayır ki, bu da millətimizin böyüklüyünü göstərir və dini, milli-etnik zəmində ayrı-seçkiliyin olmaması tolerantlığımıza bir işarədir. 11-ci sinif şagirdi Xaqaninin Xocalı soyqırımı zamanı 106-sı qadın, 70-i qoca, 63-ü az yaşlı uşaq olmaqla 613 nəfərin öldürülməsi, 1000 nəfərin əlil olması, 8 ailənin tamam məhv olması, 25 uşağının hər iki, 130 nəfərin valideynlərindən birini itirməsi, 1275 nəfərin girov götürülməsi və başqa bu kimi faktları sadalamasının ardından şagirdlər Xocalıya, şəhidlərə aid vətənpərvər şeirlər söylədi. Tədbirin bədii hissəsinin sonunda Şəhriyarın "Bəsdir fəraq odlarından kül ələndi başımıza, Dur ayağa! ya azad ol, ya tamam yan, Azərbaycan" misralarının səslənməsi və hər kəsin ayağa qalxaraq yenidən dövlət himnini oxuması olduqca təsirli bir görüntü idi. Tədbir yekunlaşdıqdan sonra şəhid Həzi Sovqatovun adını daşıyan məktəbin müəllim və şagird kollektivi onun məzarını yad edərək ruhuna dualar oxuyub, Allahdan rəhmət dilədilər.
Əminik ki, şəhidlərimizin qanı yerdə qalmayacaq!
Şahmarov Samir: Tarix keçmiş həyatın güzgüsüdür. Öz keçmişini bilməyən gələcəyini qura bilməz. Məhz bu baxımdan bir tarix müəllimi kimi tariximizi, keçmişimizi şagirdlərə olduğu kimi çatdırmaq mənim öhdəmə düşür. Bu gün ki, tədbiri keçirməkdə də məqsəd Xocalı soyqırımını, Qarabağ həqiqətlərini, erməni vəhşiliklərini şagirdlərə tarixi faktlar əsasında çatdırmaq idi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı. Onun təşəbbüsü ilə Milli Məclisin "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etməsi, hər ilin fevralın 26-da Xocalı Soyqırımı Günü kimi keçirilməsi, "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" sərəncam imzalaması, eləcə də bu faciənin dünyaya çatdırılması yönündə atdığı addımlar Ümummilli liderin bu faciəyə, tariximizə biganə qalmamasının sübutudur. "Düşünməyin Azərbaycan sizin üçün nə edib, düşünün ki, siz Azərbaycan üçün nə etmisiz" deyən Heydər Əliyevin fəaliyyəti bizlər üçün vətənpərvərlik məktəbidir. Öz fəaliyyətim zamanı Heydər yolunu şagirdlərimə aşılayır, onları yüksək vətənpərvər ruhda tərbiyə etməyə çalışıram. Əminəm ki, Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən İlham Əliyevin rəhbərliyi altında ölkəmiz ərazi bütövlüyünü bərqərar edəcək, şəhidlərimizin, eləcə də Azərbaycan durduqca adı duracaq Heydər Əliyevin ruhunu şad edəcəyik.
Fikrət Abdulov
Şümrüd kənd tam orta   məktəbinin müəllimi



 

No comments:

Post a Comment