2.10.2015

Vətəndaş mövqeli müəllim

Fərqanə Abbasovanın şagirdləri dünyanın mənzərəsini sanki qəlblərinə çəkir və bütün dünyaya öz qəlblərinin pəncərəsindən baxırdılar.

Dərsin elə məqamları olur ki, həmin məqamlarda müəllimin biliyi, bacarığı, elmi dünyagörüşündən savayı, psixoloji, mənəvi yanaşmaları daha mühüm əhəmiyyət kəsb edir. Bir baxış, bir söz belə, şagirdin ruhi-mənəvi aləminə təsir etməklə, onun mövzunu mənimsəməsində, qoyulan problemi dərk etməsində müstəsna rol oynayır. Bəzən bir məqam belə, şagirdin gələcək həyat yolunun müəyyənləşməsində mühüm təsirə malik ola bilər. Bakının Sabunçu rayonundakı 215 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Fərqanə Abbasova dərs prosesini şagirdlərinin arzu və istəkləri, onların dərketmələri səviyyəsində qurmaqla əsl öyrədici mühit yaratmağı bacaran müəllimlərdəndir. Onun müşahidə etdiyim dərsləri bir çox məqamlarla yadımda qaldı. Onlardan ən mühümü odur ki, o, dərs prosesinin hər dəqiqəsindən səmərəli istifadə etməklə, məqsədlərinə nail olmağı bacardı. Və qeyd etdiyim kimi, elə bir öyrənmə mühiti yaratdı ki, burada hər bir şagirdin fəallığının təmin olunması labüd idi.

Həmişə hesab etmişəm ki, şagirdin dünyagörüşünün, onun mənəvi hisslərinin formalaşmasında xarici dil fənni mühüm təsirə malik olur. Bacarıqlı müəllim bir millətin dilini tədris etməklə şagirdində o millətə, həmin millətin təmsil olunduğu ölkəyə qarşı məhəbbət hissi də yarada bilər, yaxud əks hisslər də oyadar. Əminliklə deyə bilərəm ki, Fərqanə Abbasova tədris etdiyi xarici dili, onun mənsub olduğu mədəniyyəti şagirdlərinə sevdirə-sevdirə öyrətməyi bacarır. Bəli, o, ingilis dilinin tədrisinə mexaniki bir proses kimi yanaşmır, onu millətin milli-mədəni dəyərlərinin ən inci nümunəsi kimi təqdim edir. Və yalnız ingilis dilinin mənsub olduğu İngiltərənin mədəniyyəti deyil, o mədəniyyəti dünyanın bir parçası olaraq göstərir. Müəllim dərs prosesində çalışırdı ki, şagirdlərinə dünyanın gəliş-gedişini dərk etdirə, onu vahid halında tanıtdıra bilsin. O, 7-ci “b” sinfində “Ölkələr və xalqlar” mövzusunu tədris edərkən qoyduğu “Biz dünyanı nə üçün öyrənirik?” tədqiqat sualı ilə əslində mövzunun qlobal mahiyyət daşıdığı çağrışını etdi. Mənim üçün çox maraqlı idi ki, o, mövzunu şagirdlərin dərk etməsi səviyyəsinə necə uyğunlaşdıracaq, bunun üçün hansı metodiki yanaşma nümayiş etdirəcək. Qeyd edim ki. Fərqanə Abbasova dərs prosesində “Prometaen” lövhədən istifadə etdi. Amma o, bu lövhədən istifadəyə mexaniki olaraq biliyin ötürülməsi vasitəsi kimi yanaşmadı, Onu sanki dərs prosesinin və bir müəllim olaraq özünü tamamlayan bir vasitəyə çevirməyi bacardı. Yəni o texnikanın arxasınca getmədi, texnikanı öz arxasınca apardı. Eyni zamanda şagirdləri də bu xüsusda səfərbər edə bildi. “Countriy”, “Flaq”, “Language” adları alan qruplar  əslində qrup halında fəaliyyət göstərsələr də, sinifdə əməkdaşlıq ab-havası hökm sürürdü. Danışıq tamamən ingilis dilində aparılır, müəllimin ingilis aksentinin dialoqlar zamanı şagirdlərinə də sirayət etdiyi görünürdü. Ümumiyyətlə, dialoqlar zamanı diqqətimi cəlb edən məqam o idi ki, şagirdlər fikirlərini sərbəst ifadə edir, səlis danışır, eyni zamanda, hər biri fəal olmağa çalışırdı. Sual-cavablar, dialoqlar və sonda şagirdlərin apardığı tərcümələr sinifdə dünyanın xəritəsini yaradırdı. Hər bir kəs bu xəritənin yaradılmasına öz payını verməyə çalışırdı.  
 Yenə də qrupların fəaliyyətinə qayıtmaq istərdim. Qruplar tapşırıq əsasında Azərbaycan, İngiltərə, Fransa haqqında məlumatlar hazırlayıb təqdim etməli idilər. Doğrusu cavabların bu qədər zəngin olacağını gözləməzdim. Fərqanə müəllimin şagirdləri qrup işlərinin təqdimatı ilə həqiqətən də, tədqiqat sualınında qoyulmuş problem ətrafında əhatəli düşünə bildiklərini sübut etdilər. Biz dünyanı ona görə öyrənirik ki, onu gələcək nəsillər üçün qoruya bilək, onun maddi-mənəvi dəyərlərini yaşada bilək, orada özümüz üçün yaşayışı təmin edək, bir-birimizi başa düşək və qarşılıqlı anlaşma şəraitində ömür sürək. Diqqətimi cəlb edən məqamlardan ən mühümü o idi ki, Fərqanə Abbasovanın şagirdləri dünyanın mənzərəsini sanki qəlblərinə çəkir və bütün dünyaya öz qəlblərinin pəncərəsindən baxırdılar. Şübhə yoxdur ki, bu hissi
Mənəviyyatsız elm odsuz ocaq kimidir
Fərqanə müəllim yetirmələrinə özü təlqin etmişdi. Mənəviyyatsız elm odsuz ocaq kimidir. Fərqanə Abbasova şagirdlərinin təlim-tərbiyəsinə məhz bu prizmadan yanaşaraq kompüterləşmiş 21-ci əsrdə şagirdlərinin mənəvi cəhətdən sağlam böyüməsini fəaliyyətinin əsas istiqaməti hesab edir. Onun sonda söylədiyi fikilər də hesab edirəm ki, şagirdlərin həm mövzunu, həm də dünyanın və xalqların inkişaf dinamikasını mənimsəmək baxımından əhəmiyyətli oldu: Dünyada milyardlarla insan, yüzlərlə xalq yaşayır. Biz dini, irqi baxımdan bir-birimizdən fərqlənsək də, hamımızın evi birdir. Odur ki, evimizi hər birimiz qorumlıyıq.  
Fərqanə Abbasovanın müşahidə etdiyim ikinci dərsi 7-ci “a” sinfində “Hava” mövzusunda idi. Burda qruplara “Snow”, “Sun”, “Rain” adları verilmişdi. Əgər birinci dərsdə müəllim ölkələrin və xalqların xarakterizə olunması problemini araşdırmağı şagirdlərin qarşısına qoymuşdusa, ikinci dərsdə “Qış fəslində Azərbycanda hava necə olur?” tədqiqat sualı ilə şagirdləri yenə də fikir, düşüncə ətrafında səfərbər edə bildi. Doğrudur, söhbət Azərbaycandan gedirdi, amma müəllimin izahatından bəlli olurdu ki, Azərbaycanı qlobal dünya mühitindən ayrı təsəvvür etmək mümkün olmadığı kimi, onun iqlimi haqqında fikir söyləyərkən, planetar atmosfer nəzərə alınmalıdır.
Uşaqlar qoyulmuş tədqiqat sualı ətrafında, eləcə də qrup işlərinin təqdimatı zamanı  Azərbaycanın iqlimi haqqında ətraflı fikir söylədilər. İqlim dəyişikliyi, Azərbaycana təsir edən hava kütlələri barədə bəhs etdilər. Azərbaycanın ayrı-ayrı bölgələrinin hava şəraiti təhlil olundu. Havanın dəyişməsinə təsir edən amillər müzakirə edildi. Coğrafiya ilə inteqrasiya biliklərin mənimsənilməsində şagirdlərə daha çox yardımçı oldu. Ümumiyyətlə, Fərqanə Abbasova dərsi inteqrativ şəraitdə qurmağı bacardı. Diqqətimi cəlb edən daha bir məqam o oldu ki, inteqrasiya şagirdlərin yalnız ayrı-ayrı fənlərdən öyrəndiklərinə deyil, həyatın özü ilə aparılırdı. Bu isə şübhəsiz ki, şagirdi həyata hazırlayan ən mükəmməl metodiki yanaşma hesab oluna bilər.
Fərqanə Abbasovnın pedaqoji fəaliyyətinin istiqamətlərindən birini də pedaqoji yenilikləri öyrənməsi və pedaqoji mətbuatla sıx əməkdaşlığı təşkil edir. Artıq bir neçə ildir ki, onu tanıyır, nailiyyətlərini izləyirəm. O, Laçın rayonunun  Güləbrid kəndində anadan olub. Azərbaycan Dövlət Dillər Universitetinin ingilis-fransız dili fakültəsini bitirib. Pedaqoji fəaliyyəti dövründə yenilikçi müəllim kimi tanınan Fərqanə Abbasova fənn kurikulumlrının tətbiqi, “Prometaen” Activinspire proqrmı, İnformasiya-kommunikasiya texnologiyalarının köməyi ilə tədris prosesinin təşkili, Elektron Tədris Resurlarının hazırlanması və tətbiqi qaydaları, İntel gələcək üçün təhsil, İngilis dili fənn kurikulumlarının tətbiqi ilə əlaqədar “Öyrədənlərin öyrədilməsi” təlimçi kursu, Məktəbəqədər təhsil kurikulumlarının tətbiqi ilə əlaqədar “Öyrədənlərin öyrədəni”, eləcə də Təhsil Şurasının keçirdiyi Elektron tədris resurslarının hazırlanması və tətbiqi qaydaları üzrə təlimçi kursunda iştirak edərək, “Öyrədənlərin öyrədəni” statusunu alıb. Fərqanə Abbasovanın yetirmələri daim yüksək nəticələr nümayiş etdirmiş, ali məktəblərə yüksək balla qəbul olmuşlar. Ötən dərs ilində şagirdi Fidan Həsənova 685 balla Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi adını qazanıb. Bir müəllim kimi mütaliəni sevən, şagirdlərinə öz doğması kimi yanaşan, tədris prosesində yeniliklərin tətbiqi ilə yüksək nəticələri hədəfləyən Fərqanə müəllim mütəmadi olaraq elmi, kütləvi pedaqoji məqalələrlə də diqqəti cəlb edir. Onun “Təhsil və zaman” qəzetində dərc olunan bir neçə məqaləsi sırf dərsin təşkili, texnologiyaların tədris prosesinə tətbiqi məsələlərinə həsr olunmuşdu. Bu yaxınlarda isə o, Təhsil Nazirliyinin elmi-metodik nəşri olan “Kurikulum” jurnalında dərc olunan “İngilis dilinin dilimizin inkişafında rolu” adlı elmi məqaləsi ilə oxucuların görümünə gəlmişdir. Məqalədə bir sıra mühüm dilçilik problemlərinə toxunan müəllif yazır ki, dilimizin daşıyıcıları əsrlərcə Şərq və Qərb ölkələri ilə münasibətlər qurmuş, bu ölkələrin dilləri ilə qarşılıqlı söz və termin mübadiləsində olmuşdur. Dövlətimizin Avropa ilə qurduğu istər siyasi-iqtisadi, istər ticari, istərsə də elmi-ədəbi müstəvidə münasibətlərin geniş vüsət alması nəticəsində çoxsaylı ingilis sözləri dilimizin lüğət tərkibinə daxil olmuş, leksik fondun inkişafına və zənginləşməsinə köməklik göstərmişdir. Fərqanə Abbasova məqalədə Azərbaycan dilinin geniş imkanlarından bəhs edir, onun dünya dilləri arasında özünəməxsuz yer tutmasını vurğulayır. O, tədris prosesində nə qədər vətəndaş mövqeli müəllimdirsə, məqalələrində də bunu aydın sezmək mümkündür...    


Böyükağa MİKAYILLI

No comments:

Post a Comment