2.10.2015

Lənkəran təhsil işçiləri ilə maraqlı görüş

24 dekabr 2014-cü il tarixində Lənkəran şəhərindəki 4 nömrəli məktəb-liseydə Azərbaycan Təhsil Şurasının sədri professor Əjdər Ağayevin rayonun təhsil ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirildi. Görüşdə professor Əjdər Ağayev “Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Elektron yeniliklər” mövzusunda çıxış etdi.
Əjdər Ağayev qeyd etdi ki, son dövlər Təhsil Nazirliyi bir sıra çevik tədbirlər həyata keçirir. Bu tədbirlərin əsasında müəllimlərin texnologiyalardan istifadəsi dayanır. Bu gün artıq Azərbaycanda “Elektron hökümət” yaradılıb. Təhsil Nazirliyi də bir struktur olaraq özünün elektronlaşmış fəaliyyətini davam etdirir. Bu günlərdə Bakıda Təhsil Nazirliyinin iştirakı ilə geniş təqdimat keçirildi. Təqdimatda əsas məqsəd ondan ibarət idi ki, bu gün elektron vasitələrdən istigafdəni genişləndiririksə, deməli bütün müəllimlər İKT-dən istifadəni bacarmalıdır. Əjdər Ağayev bildirdi ki, Təhsil Nazirliyi Təhsil Şurasına bu sahədə təbliğat işi aparmağı tövsiyə edib.

Əjdər Ağayev vurğuladı ki, hər bir məktəb direktoru öz məktəbinin informasiya-kommunikasiya texnologiyaları ilə yüksək səviyyədə təminatı məsələsinin qayğısına qalmalıdır. Əgər məktəbdə kompüterlər varsa onların daim işlək vəziyyətdə olmasını təmin etməlidir. Bütün müəllimlər İKT-dən istifadə etməyi bacarmalıdır. Bu gün ali məktəblərdə də belədir. O, Qafqaz Universitenin bu sahədəki təcrübəsindən bəhs etdi. Bildirdi ki, bu ali təhsil ocağı tamamilə elektronlaşmış bir müəssisədir. Orada kollektivin bütün üzvlərindən həm kompüteri, həm də ingilis dilini bilmək tələb olunur.
Əjdər Ağayev söylədi ki, bəzi rayonların məktəblərində kompüterləri sanki sərgiyə qoyublar. Bəzi məktəblərdə 10 kompüterdən biri, yaxud ikisi işləyir. Bəzi məktəblərdə ancaq direktorun kabinetindəki kompüter, o da yazı işlərini icra etmək üçün işləyir. Müşahidələrimizə görə bəzi rayonlarda kompüterləri evlərə aparıblar. Ümumən, məktəblərimizin nə İKT ilə təminatı, nə də ondan istifadə imkanları ürəkaçan deyil. Müasir dövrdə, informasiya-kommunikasiya texnologiyalarının bu səviyyədə inkişaf etdiyi bir şəraitdə, əlbəttə ki, bəzi məktəb rəhbərləri qeyd etdiyim münasibəti dəyişməlidirlər. Ə.Ağayev bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökümət Təşkilatlarından biri bir neçə il öncə məktəb direktorları üçün İKT bacarıqlarının formalaşdırılması ilə bağlı təlimlər keçdi. Həmin təlimlərdə iştirak edən məktəb direktorlarının bir neçəsi ilə söhbət etdiyini deyən natiq, o təlimlərin heç bir faydasının olmadığını diqqətə çatdırdı. Düşünürəm ki, İKT-nin müəllimlərə öyrədilməsi istiqamətində sistemli iş aparılmalıdır. Elə məktəb direktorları, elə müəllimlər var ki, kompüteri açıb-bağlamağı belə bacarmırlar. Necə olursa olsun, bütün müəllimlər kompüterdən istifadəni bacarmalıdırlar. İKT dünyaya çıxış, dünyanın qabaqcıl təcrübəsi ilə tanışlıq deməkdir. Təhsildə yeniləşmə elə informasiya texnologiyalarının tətbiqi deməkdir. Doğrudur, bəziləri bunu yeni metodlarla əlaqələndirirlər. Mən onlarla razı deyiləm. Bu gün təhsilimizdə nə varsa, hamısı köhnə təcrübənin üzərində qurulub. Yeniləşən yalnız texnoloji imkanlar, texniki yanaşmadır. Bəziləri xaricdən tərcümə olunmuş metodları kitab halında çap edib yayırlar. Unudurlar ki, bunlar metodlar deyil, vasitələrdir. Ən düzgün və optimal metod bacarıqlı müəllimin tətbiq etdiyi səmərəli nəticə verən metoddur. Bunu müəllim özü də yarada bilər. Çünki o uşağı o müəllim tanıyır, o məzmunu o bilir. Haradansa nəyisə şablon kimi götürüb tətbiq eləsə, gülüş də yarada bilər, anlaşılmazlıq da.  Metodların tətbiqində bir çox xüsusiyyətlər, hətta regional, məhəlli cəhətlər belə nəzərə alınmalıdır. Yaradıcı müəllim öz işini necə olursa olsun meydana qoya bilir. Mən bunu öz təcrübəmdən çıxış edərək deyirəm. Əlli illik pedaqoji fəaliyyətimdə mən belə müəllim olmuşam. Mən bir müəllim kimi, öz metodikamı özüm müəyyənləşdirmişəm. Lazımı nəticəni də almışam. Belə müəllimlər çoxdur. Hələ sovet dönəmində mən dil-ədəbiyyat, tarix müəllimi kimi təlimin texniki vasitələrindən istifadə edirdim. O vasitələr zamanında müəllimlərin tədris prosesində çox köməyinə gəlirdi. Təlimdə dövrün müvafiq texnologiyalarını tətbiq etməyi mənə heç kim tapşırmırdı. Mən sadəcə elmi prinsiplərə əsaslanıb bilirdim ki, bunlardan istifadə etmək lazımdır. 1960-70-ci illərdə müasir texnologiyalara üstünlük verən müəllimlər çox idi. Bu, bir hərəkata çevrilmişdi. Problemli təlim, əks əlaqə, səmərəliləşdirmə, intensivləşdirmə, qısa müddətdə öyrədə bilmə, dərsi şagirdin gücünə, anlaq səviyyəsinə müvafiq qurma məsələləri elmi əsasda göstərilir və tətbiq olunurdu.
Əjdər Ağayev müasir təhsilimizin əsas problemlərindən biri olaraq dərsliklərin yazılması məsələsinə də toxundu. Xüsusilə ibtidai sinif dərslik müəlliflərinin böyük əksəriyyəti pedaqoji prinsipləri bilmirlər, dedi. Bilmədiklərinə görə də həm müəllimlər, həm də şagirdlər üçün çətinliklər yaradırlar. Hələ iki il əvvəl, Təhsil Şurasının Təhsil Naziri Mikayıl Cabbarovun da iştirak etdiyi Ümumi Hesabat Yığıncağındakı çıxışımda söylədim ki, Təhsil Nazirliyi Yaş Fiziologiyası İnstitutu, Psixologiya İnstitutu yaratmalıdır. Gürcüstanda belə bir İnstitut var. Psixologiyanı, yaş fiziologiyasını bilmədən dərslik qurmaq mümkün deyil. Hər yaş dövrünün öz xüsusiyyətləri, temperamentləri var. Bunlar nəzərə alınmalıdır. Pedaqogika, təhsil prosesi həyatın özüdür. Hər bir qanunun tətbiqi həyatdan gələn təcrübələrlə tamamlanır. Biz bu gün texnologiyadan istifadənin vacibliyini qeyd edirik. Amma onun da istifadə həddi müəyyənləşməlidir. Uşaq əgər kompüterdən aludəçiliklə istifadə edəcəksə, bir neçə ildən sonra xəstələnəcək, həmçinin intellektual, fiziki inkişafdan geri qalacaq. Ə.Ağayev uşaqların sağlamlığının əsas şərt olduğunu, müəllimlərin, dərslik müəllflərinin bunu ciddi şəkildə nəzərə almalı olduqlarını diqqətə çatdırdı. O, söylədi ki, sovet dönəmində görkəmli pedaqoqların, məktəb rəhbərlərinin sınanmış metodları var idi. Bu metodların hamısı uşağın gücünə müvafiq qurulmuşdu. Bu gün bəzən deyirlər ki gəlin, ibtidai siniflərdə ev tapşırığı verməyək. Uşağı 45 dəqiqədə öyrətməliyik. Evdə uşaq istirahət etməli, maraqlandığı ədəbiyyatı oxumalıdır. Mən bunun əleyhinə deyiləm. Amma bu gün bu qədər ağır yüklə evə də tapşırıq verməyib uşağı çətinliklər qarşısında qoymaq ziddiyyətlər yaradır. Vaxtilə biz hər hansı bir sözün düzgün yazılışını öyrənmək üçün dərsliyə baxardıq. Amma bu gün, baxın, dərsliklərimiz səhvlərlə doludur. Bu gün müəllim yalnız öz yaradıcı imkanlarına, savadına güvənib dərsini bu prinsiplər əsasında qurmalıdır. Millətin əsas sərvəti onun mənəvi, intellektual sərvətidir. Biz əgər uşaqlarımızın gələcəyini düşünürüksə, gərək onların təlim-tərbiyəsini bu gün mükəmməl şəkildə quraq. Bu gün müəllimlər Təhsil Nazirliyinin həyata keçirdiyi elektron layihələrə həvəslə qoşulmalı, orada öyrəndiklərini dərs prosesinə tətbiq etməyə çalışmalıdırlar.
Görüşdə daha sonra Əjdər Ağayev söylədi ki, uzun illərdir ki, Lənkəran təhsilinin uğurları üçün çalışan, müəllimlikdən Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə qədər şərəfli bir yol keçən, Lənkəran müəllimlərinin metodiki hazırlıq səviyyəsinin yüksəldilməsində böyük əməyi olan Güloğlan Bağırovun dekabrın 23-də 60 yaşı tamam olmuşdur.  Əjdər Ağayev qeyd etdi ki, Güloğlan Bağırovu onun hələ müəllim işlədiyi dövrdən öz fənnini mükəmməl bilən, öyrətmə ustalığına malik olan müəllim kimi tanıyır. O, Lənkəranda tədris metodikasının və tərbiyə işinin səmərəliliyinin artırılmasında müstəsna xidmətlər göstərmişdir. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülməsi bu fədakar təhsil işçisinə verilən çox yüksək dəyərdir.  Respublika Təhsil Şurasının İdarə heyəti gənc nəslin təlim-tərbiyəsi sahəsində uzun müddət səmərəli fəaliyyətini və anadan olmasının 60 illik yubileyi münasibətilə Güloğlan Bağırovu “Ustad müəllim” diplomu ilə təltif etmişdir. O, “Ustad müəllim” diplomunu Güloğlan Bağırova təqdim etdi. Əjdər Ağayev Qafqaz Universitetinin rektoru professor Əhməd Saniçin də təbriklərini və təltiflərini Güloğlan Bağırova çatdırdı.
Tədbirdə iştirak edən məktəb direktorları da Güloğlan Bağırovu müasir təhsil problemlərinin, metodiki için mahir bilicisi, bacarıqlı müəllim, səmimi insan kimi xarakterizə etdilər.
Sonda çıxış edən Güloğlan Bağırov Təhsil Şurasının sədri, professor Əjdər Ağayevə, Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniçə göstərdikləri diqqətə görə minnətdarlığını dilə gətirdi. Qeyd etdi ki, professor Əjdər Ağayevin Lənkəran müəllimləri ilə hər bir görüşü onlar üçün əlamətdar hadisəyə çevrilir. Bu görüş də iştirakçıların yadaşından heç vaxt silinməyəcəm.

Təhsil Şurasının Mətbuat və İctimaiyyətlə Əlaqə Mərkəzi      

No comments:

Post a Comment