2.28.2015

Şagird o zaman şəxsiyyət kimi formalaşır ki…

Şagirdlərin elmin əsaslarına yiyələnməsinin ən optimal yolu, heç şübhəsiz ki, dərs prosesinin elmi-metodki yanaşma, müəllim-şagird münasibətlərinin qarşılıqlı anlaşma şəraitində təşkil olunmasından keçir. Elmi təfəkkürə, geniş dünyagörüşünə malik olan müəllim elmi-metodiki, psixoloji-pedaqoji yanaşma nümayiş etdirərək, dərs prosesini şagirdlərinin anlaq səviyyəsində qurmağa, öyrənmə mühitini təmin etməyə nail ola bilər. Əslində dərs prosesinin özəyini də bu mühit təşkil edir. Müəllim öz ətrafında elə bir mühit yaratmağı bacarmalıdır ki, bu, həm öyrənməyə, həm də tərbiyələndirməyə stimul versin.
Kürdəmir şəhərindəki 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Mehriban Məmmədovanın müşahidə etdiyim dərslərində də bunun şahidi oldum. Öncə qeyd edim ki, Mehriban Məmmədovanı xeyli müddətdir ki, qabaqcıl müəllim kimi tanıyıram. O, Azərbaycan Təhsil Şurasının üzvü, bu təşkilatın xətti ilə keçirilən tədbirlərin fəal iştirakçısıdır. “Təhsil və zaman” qəzetində də sistümli olaraq metodiki məqalərlə çıxış edir. Qəzetimizin sonuncu nömrəsinə təqdim etdiyi “Anlamanı  yoxlamağın ən sadə üsulları” adlı məqaləsi müasir yanaşmalar baxımından diqqətimizi cəlb etdiyi üçün dərc etdik. Və elə bu yazıdan sonra Mehriban müəllimin dərslərini dinləmək, iş təcrübəsi haqqında yazı hazırlamaq qərarına gəldim. Təcrübəli müəllim qeyd etdiyim məqalədə yazır: “Hər bir müəllimin bildiyi kimi, təlimin son məqsədi şagirdin anlaması, qavramasıdır. Öyrətmə  prosesində dəfələrlə şahidi olmuşuq ki, təlimi  şagirdlərlə söhbət, səmimi   ünsiyyət şəraitində aparanda nəticə daha qənaətbəxş olur. Bəzən böyük bir materialı qısa zaman kəsiyinə sığışdırmaq məcburiyyətində qalırıq. Hər dəfə də ümid edirik  ki,  şagirdlərimiz, yəqin ki, qavradı. Bölmənin yekununda apardığımız test yoxlamalarının nəticəsi kafi olduqda  isə bu ümid əminliyə çevrilir və biz öz işimizi görülmüş hesab edirik. Düşünürük ki, bu tapşırıqlar şagird dərketməsinin, qavaramasının səviyyəsini müəyyən etməyə yetəcək. Nəticə bizi qane etdikdə isə mövzunu tədris edilmiş hesab edirik. Bu tip yoxlamalardan sonra isə çox vaxt zəif cəhətləri  üzə çıxartmaq üçün, yaxud da qaranlıq tərəfləri müəyyən etmək üçün  vaxt qalmır. Əgər qalarsa belə qiymətləndirilmiş bir şagird üçün öz səhvlərini analiz etmək, bilmədiyini öyrənmək maraqsız olur. Bunun ücün də ən optimal yol qiymətləndirməni gündəlik dərslərimizdə müxtəlif strategiya və üsullarla həyata keçirməkdir. Bu üsullar şagird üçün maraqlı və orjinal olmalıdır və qiymət xətrinə aparılmamalıdır.” Müşahidə etdiyim dərslərində Mehriban müəllim, həqiqətən də, yazısında göstərdiyi bu və digər prinsiplərə sadiq idi. Məlum olduğu kimi, İngilis dili Hind-Avropa dilləri ailəsinin Cənubi-German qrupuna mənsub olub analitik dil hesab olunur. Azərbaycan dili isə türk dillərinin oğuz qrupuna daxil olub aqlyutinativ dil adlanır. Göründüyü kimi bu dillər arasında ciddi fərqlər mövcuddur. Bu dili şagird qarşısında tədris etmək müəllimdən biliklə yanaşı, təfəkkür çevikliyi də tələb edir. Müəllim xarici dilin ən incə məqamlarına təfəkküründə sahib olmalıdır ki, onu anında ifadə etməyə çətinlik çəkməsin. Hər hansı bir sözün yanlış ifadəsi o sözlə ilk dəfə rastlaşan şagirddə çaşqınlıq yarada bilər. Təbii ki, bu çaşqınlıq da şagirdi yanlış istiqamətə yönəldər. Mehriban Məmmədova dərsdə əvvəldən sona qədər ingilis dilində danışdı. Və bunu o qədər məharətlə etdi ki, nəinki şagirdləri, hətta dərsi dinləyənləri belə bu dilin ecazkar sehrinə sala bildi.

O, kompüterin imkanlarından istifadə etməklə motivasiyanı maraqlı tərtibatla təqdim etdi. Ətraf mühiti xarakterizə edən fotoları ekranda nümayiş etdirməklə, mövzunun adını şagirdlərdən aldı. Bu məqamda dərsin inteqrativ şəraitdə qurulacağının ilkin çağrışlarını verdi. Onun 7-ci sinifdə apardığı dərsin mövzusu “Ana torpaq” idi. O, sinfə “Biz ətraf mühiti təmiz saxlamaq üçün nə etməliyik?” tədqiqat sualını ünvanladı. Bu düşüncə ətrafında sinif  “Hava”, “Su” və “Dağ” qruplarına bölündü. Müvafiq tapşırıqlar ətrafında iş başlandı. O, bu məqamdan etibarən, məqaləsində də qeyd etdiyi kimi, qarşısına qoyduğu ən ali məqama-şagirdini yüksək səviyyədə anlatma məqamına nail olmaq istəyirdi. Dərsin mərhələlərini məharətlə uzlaşdıran və hər anın dəyərini qiymətləndirən müəllim şagirdlərinin söz ehtiyatlarının artırılmasına, danışıq tərzlərinin inkişaf etməsinə xüsusi önəm verirdi. Qruplararası əməkdaşlıq sinfi daha da fəallaşdırmış, rəqabət mühitinin təmin olmasına yol açmışdır. Müəllimin ingilis dilində sinfə ünvanladığı suallar elə ingilis dilində də cavablandırılırdı. Hiss edirdim ki, müəllimin şagirdlərlə dərs prosesində ingilis dilində qurduğu ünsiyyət onların söz ehtiyatlarının artmasına, həmçinin deyilən fikri dərhal anlamalarına yol açıb. Müəllim qruplarla işin ardınca mənimsətməni daha da təkmilləşdirmək üçün sinfi cütlərlə fəaliyyətə cəlb etdi. Mənim fikrimcə, Mehriban Məmmədovanın dərsini həyat reallıqıarının əks olunduğu, bu reallıqların müzakirəsinin aparıldığı bir bilik meydanına bənzətmək olardı. Onun dərsində, təbii ki, xarici dil tədris olunurdu, amma ana torpağın, təbiətin fəryadını da eşitmək mümkün idi. Yəni müəllim, təlim prosesini tərbiyə işi ilə ustalıqla əlaqələndirirdi. Şagirdlərini qoyulan problem ətrafında sərbəst fikir söyləməyə, qərar qəbul etməyə ruhlandırırdı. Beyin həmləsi, müzakirə, söz assosiasiyası kimi iş üsulları ilə şagird potensialını açmağa çalışır, hər kəsi öz dili ilə dindirirdi. His edirdim ki, təcrübəli müəllim şagirdlərinin qəlbini duymağa, öz işini onların ruhi-mənəvi dünyası ilə əlaqələndirməyi bacarır. Şagirdlərin qiymətləndirilməsi zamanı da müəllimin dərs prosesində şagirdinə nə qədər böyük önəm verdiyinin şahidi olduq. Hər bir qrupun qiyməti ümumi razılıq əsasında müəyyənləşdirildi və şagirdlər qiymətləndirmədə fəal iştirak etdilər, obyektivlikdən razı qaldılar.

İştirak etdiyim dərslərdə önəm verdiyim cəhətlərdən biri də müəllimin ev tapşırığına münasibətidir. Əksər müəllimlər ev tapşırığına, xüsusən son dövrlərdə laqeyd yanaşırlar. Əslində ev tapşırığı mövzunun mənimsədilməsində, möhkəmləndirilməsində, şagirdin yaradıcı, müstəqil fəaliyyətində müstəsna rola malikdir. Mehriban müəllim də bu amildən məharətlə istifadə etməyi bacardı. Onun ev tapşırığı üçün tərtib etdiyi slaydda bir tərəfdə ağacları kəsən insanlar, digər tərəfdə yuvası dağılmış heyvanlar və nəhayət meşədə gül toplayıb oynayan uşaqlar təsvir olunmuşdu. Müəllim uşaqlara tapşırdı ki, şəkillərə əsasən heyvanların, meşənin və uşaqların vəziyyətini xarakterizə etsinlər, eyni zamanda uşaqların hisslərindən bəhs edən esse hazırlasınlar. Əslində bu tapşırıq yaradıcılıq imkanlarını meydana qoymaq baxımından çox əlverişli idi. Təzadlarla dolu olan bu şəkil şagirdləri düşünməyə, eləcə də problemdən çıxış yolları axtarmağa sövq edəcək, yaradıcı bir iş meydana qoymağa həvəsləndirəcəkdi. Müəllim slayddakı bu şəkillərlə həm də təbiətə münasibətin mövcud durumunu aça bilmişdir. Şagird o zaman şəxsiyyət kimi formalaşır ki, müəllim onun qarşısında həyat həqiqətlərini tam reallığı ilə təsvir edə bilsin...
İştirak etdiyim ikinci dərs 9-cu sinifdə “Azərbaycanın tarixi yerləri” mövzusunda idi. Mehriban Məmmədova bu dərsdə də inteqrasiyanı təmin etməklə çox maraqlı, mən deyərdim ki, dərs-ekskursiya yarada bildi. O, sinfin divarları arasında təşkil etdiyi bu “ekskursiya”da şagirdlərinin əlindən tutub Azərbaycanı gəzdirdi. Şagirdlərini yalnız Azərbaycanın bugünü ilə deyil, tarixi, mədəniyyəti, unikal təbiəti, coğrafiyası ilə tanış etdi. Bu məqamlarda həm müəllimin, həm də şagirdlərin tarixdən, coğrafiyadan öyrəndikləri köməklərinə çatdı. Bəlkə də onlar Vətən haqqında dünən başqa cür düşünürdülər, amma Mehriban müəllim bu sevgini onlara daha yeni çalarlarla aşılayırdı. Bu çaların əsas rəngi Kürdəmir idi. Axı biz hamımız ilkin olaraq öz doğulduğumuz yeri sevirik. Böyüdükcə sevgimiz də böyüyür-Azərbaycan böyüklükdə olur. Müəllimin də məqsədi bu böyük sevgini aşılamaq idi...
O, yeri gəldikcə şagirdləri xəritə üzərində işə cəlb edir, ölkəmizi hərtərəfli xarakterizə edən video-film nümayiş etdirir, məntiqli suallarla şagirdlərin biliklərini müəyyənləşdirir, ədəbi, mədəni tariximizdən bəhs edir, şagirdlərinin mənəvi zənginləşməsinə yönəlmiş məqamlar üzərində xüsusi dayanır, tariximizin mühüm məqamlarının qısa şərhinə yer verirdi. Mən Mehriban müəllimin hər bir şagirdinin hər bir cavabında mükəmməl vətən sevgisi hiss edirdim. Düşünürdüm ki, bu istedadlı müəllimin bu günkü yetirmələri yaxın gələcəkdə Azərbaycan həqiqətlərini ingilis dilində bütün dünyaya bəyan etmək gücündə olacaqlar. Çünki onlar buna bu gün həm mənəvi, həm də intellektual cəhətdən hazırlanır. O, ev tapşırığı verərkən də bu prinsipinə sadiq qaldı. Azərbaycanda tarixi yerlərdən birini seçib həmin yer haqqında esse yazmağı tapşıran müəllim bu məqamda da şagirdlərinin yaradıcı işləmələri üçün şərait yaratdı.
Elə dərsdən sonra iştirak etdiyim “İngilis dili” gecəsi də Mehriban Məmmədovanın şagirdlərinin yaradıcı işlərinin bəhrəsi idi. Şagirdlər bu tədbirdə ingilis dili dərsində öyrəndilkərini yaradıcılıqla tətbiq edirdilər desəm yanılmaram. Onlar öz biliklərini müxtəlif mövzulu səhnəciklər, şeirlər, mahnılarla ifadə edir, cəmiyyətin problemlərini, qayğılarını uşaq dilə ilə çatdırırdılar. Mehriban müəllimin dərsində şagird kimi gördüyüm uşaqları indi də “Sülh göyərçini”, “Sənətkar”, “Qiraətçi” qismində görürdüm. Onlar dərsdə müəllimin tapşırıqlarını necə yerinə yetirirdilərsə, tamaşaçı ilə dolu olan zalı da heyran etməyi bacarmışdılar.  
          

Qısa arayış.
Mehriban Məmmədova 1981-ci ildə Naxçıvan Muxtar respublikasının Culfa rayonunda anadan olub. 1998-ci ildə Kürdəmir şəhər 1 nömrəli tam məktəbi əla qiymətlərlə başa vurub. Bakı Avrasiya Universitetini bitirərək sinxron tərcümə ixtisasına yiyələnib. Universiteti bitirdikdən sonra fasilərlə “Veteran”, “Nəbz”, “2 sahil” qəzetlərində müxbir vəzifələrində çalışıb. 2007-ci ildə Azərbaycan Dillər Universitetinin yenidən hazırlanma fakültəsinə daxil olaraq, ingilis dili (pedaqogika) ixtisasına yiyələnib. 2008 ci ildən T.İsmayılov adına Kürdəmir şəhər 1nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb.
Mehriban  müəllim Təhsil Nazirliyinin, müxtəlif ictimai təşkilatların Kürdəmirdə təşkil etdiyi kurslarda, eləcə də Təhsil Şurasının həyata keçirdiyi layihələrdə iştirak etmiş, diplomlara, sertifikatlara layiq görülmüşdür. Təhsil Şurasının “Təhsil sahəsinin İnkişafı üzrə Dövlət Strategiyası”na Dəstək Proqramı” çərçivəsində keçirilən “Elektron Tədris Resurslarının hazırlanması və tədrisə tətbiqi” layihəsində iştirak edərək bu layihə üzrə “Təlimçi” statusu alıb.  Bununla yanaşı o, “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi” kursunuda I dərəcəli sertifikata, Nazirliyin “Mədət” təşkilatı ilə birlikdə təşkil etdiyi İKT-nin təhsilə tətbiqi üzrə “Müəllimlərin Peşakarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” təlim kursunun nümunəvi sertifikatına layiq görülüb.O, Mətbuatda mütəmadi olaraq metodiki yazılarla çıxış edir. Mehriban Məmmədovanın yetirmələrindən Eşqin İbrahimov 614 bal, Nurlan Abdurrəhmanov 629 bal, Kamran Səlimov 629 bal, Amid Nuriyev  624 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olublar. Mətanət Umudova 537, İlahə Qadımova 502 balla BDU-nun, Samir Babayev 555, Loğman Qasımov 533 balla Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi adını qazanıblar. Mehriban müəllimin qabaqcıl iş təcrübəsi Kürdəmir Rayon Təhsil Şöbəsi tərəfindən öyrənilərək rayonun məktəblərində yayılıb.

Böyükağa MİKAYILLI


No comments:

Post a Comment