2.10.2015

Şəhidlər qəlbimizdə yaşayırlar

14.01.2015-ci il tarixində Hacıqabul rayonu, Meyniman kənd tam orta məktəbində  məktəbin məzunu  Qarabağın azadlığı uğrunda qəhrəmanlıqla vuruşaraq canından keçmiş şəhid Tacir İsgəndərovun anım günü qeyd olundu. Tədbirdə  şəhidin  qardaşı və bacısı,  Hacıqabul rayon İcra hakimiyyətinin nümayəndəsi Rəşad Səmədov, Təhsil şöbəsinin əməkdaşı Kifayət Əmirbəyova, şəhidin döyüş və sinif yoldaşları iştirak etdilər.

Tarix bir millətin taleyində dönə-dönə qara səhifələrlə təkrarlananda çox vaxt bəxt-tale deyilən bir anlayışla ya razılaşır, ya da öz fəaliyyətsizliyindən başına gətirilən münasibətlərə xalqın içində bir üsyan baş qaldırır. Qəlbi təmizliyinə, ürəyi açıqlığına, qonşularına yalnız firavan həyat arzulayan biz azərbaycanlıların tarixi keşməkeşli günlər, qara səhifələrlə zəngindir. Çünki biz, edilən pislikləri tez unudur, sözün həqiqi mənasında tapdanan haqqımızın bərpasını tələb etməyi bacarmırıq. Tarixin böyük bir amansızlığına düçar olan Azərbaycan xalqı işğalçı dövlətlər arasındakı müharibələr nəticəsində ikiyə bölünmüş, lakin bu parçalanma xalqımızın nə dilinə, nə dininə, nə də mədəniyyətinə təsir edə bilməmişdir. Tarix də vətən kimi, ana kimi tale payı, alın yazısıdır, ondan qaçmaq mümkün deyil: nə onu dəyişə bilərsən, nə ondan imtina eləyə bilər, nə də onu seçib-sonalaya bilərsən. Babalarımızın tariximiz boyu tikdiyi saraylar, abidələr də bizimdir, yaratdıqları  mədəniyyət də, qazandıqları qələbələr də, uğradıqları məğlubiyyətlər də. Azərbaycan xalqı tarixinin dönüşlü nöqtələrində müstəqil yaşamaq, yaxud bu və ya digər imperiyanın zoru ilə kimdənsə asılı olmaq yollarını seçmək məcburiyyətində qalmışdır. Əsrlərlə azad yaşamaq istəyən Azərbaycan xalqı bütün tarix boyu torpağımıza göz dikmiş nəhəng imperiyalarla çarpışmalı olmuşdur. Bu gün də müstəqillik əldə etmiş respublikamız imperiya xislətli dövlətlərin maraq dairələri məngənəsində sıxılır.
Şəhidlik adı ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Müqəddəs Quranda buyurulur ki, şəhidlik və qazilik peyğəmbərlərdən sonra gələn adlardır. İndi ölkəmizdə, hətta xaricdə yaşayan elə bir azərbaycanlı tapmaq olmaz ki, şəhidlər haqqında bilməmiş olsun. Hər yerdə, hər ailədə şəhidlərimiz var desəm yanılmaram. Tacir İsgəndərov bu kənddə anadan olmuşdu. Sinif yoldaşımız idi. Paralel siniflərdə oxuyurduq. Uşaqlıq xatirələrimdə o, sakit lakin mərd bir uşaq kimi qalıb. Bizim hər birimiz kimi o da öz el-obasını, qohum - qardaşını sevirdi. Bilirdi ki, Vətən müqəddəsdir, əzizdir. Bilirdi ki, onu göz bəbəyi kimi qorumaq  müqəddəs borcdur. İnsanın həyatında elə anlar olur ki, insan öz döğmalarının həyatı naminə ölümə gedir. Onunla birgə döyüşən İnqilab Şirəliyev deyirdi ki, döyüş zamanı Tacir güllələrdən, atılan mərmilərdən qorxmurdu. Bax belə bir igid idi Tacir. Elə bir gün gəldi ki, şəhidliyin nə demək olduğunu anladıq, onu yaşadıq və şəhidliyə sayğı ilə, qürurla yanaşmağı da öyrəndik. Həyat bunu bizə öyrətdi. Həqiqətən də, Torpaq uğrunda ölən varsa Vətən olurmuş. Şəhidlərimiz torpağı bizlər üçün Vətən halına gətirdilər. Vətən uğrunda ölməyin gərəkliyini göstərdilər. “Şəhidlər haqqında öldü, deməyin. Onlar diridirlər” deyir Uca Rəbbimiz “Qurani - Kərim” də. Şəhidliyə bundan yüksək qiymət ola bilərmi?!
  Bəli, şəhidlər ölmür. Amma Rəbbimiz tərəfindən verilmiş ömür payını yaşamaq məcburiyyətində qalanlar da var axı. Şəhidlərin valideynləri, doğmaları, ailə üzvləri. Başsız qoyduqları həyat yoldaşları, atasız qalan uşaqlar, köməksiz qalan ata - analar, bacı və qardaşları. Bəs onlar necə yaşasın? Bu mənada dövlətimiz mənəvi itki ilə yanaşı, həm də sosial çətinliklər yaşamasınlar deyə şəhid ailələrinə qayğı göstərilməsi istiqamətində indiyədək bir sıra addımlar atıb.
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müharibə əlilləri və şəhid ailələrinə verilən Prezident təqaüdünün artırılması haqqında fərman imzalayıb.
Tədbiri açıq elan edən məktəbin tərbiyə işləri üzrə direktor müavini Səadət müəllim Tacir İsgəndərov haqqında qısa məlumat verdi. Məktəb şagirdlərini və qonaqları  məlumatlandıraraq  onunla qürur hissi keçirdiklərini bildirdi. Sonra söz Meyniman kənd tam orta məktəbinin hərbi müəllimi Atamoğlan Şıxaliyevə verildi. O, çıxışında  məktəbdə  hazırda görülən  hərbi vətənpərvərlik  işlərindən danışdı . Bildirdi ki, işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün gənc nəsil hərb sənətinə mükəmməl yiyələnməlidir. Bu iş isə orta məktəbdən başlanır. İcra hakimiyyətinin nümayəndəsi  Rəşad Səmədov  Hacıqabul rayon İcra başçısının məktəblərdə vətənpərvərlik  tərbiyəsinə göstərdiyi  qayğıdan söz açdı. Bildirdi ki, çox sayda hacıqabullu gənc Vətən, torpaq uğrunda  öz əziz canlarından keçmişdir. Döyüşlərdə yaralanaraq  öz sağlamlıqlarını itirənlər də var. Onlara daima qayğı göstərilir. Daha sonra söz şəhidin döyüş yoldaşı, istefada olan mayor Telman Əmiraslanova verildi. Telman Əmiraslanov  bildirdi ki, orta məktəbdə Tacirdən  iki sinif yuxarıda oxuyub. Baxmayaraq ki, bir kəndə yaşamışıq, bir məktəbdə oxumuşuq, mən Taciri əsl insan kimi döyüşdə tanıdım. Sanki onu yenidən kəşf elədim. Onun komandiri oldum. Tacir bacarıqlı kəşfiyyatçı idi. Telman Əmiraslanov onu da qeyd etdi ki, o vaxtlar dörd və daha çox  düşmən texnikasını  məhv edən döyüşçülərə Milli Qəhrəman adı verərdilər. Tacir də düşmənə aman verməzdi. Təkbaşına  düşmənin  iki tankını, bir özü hərəkət edən maşınını və  bir QAZ - 66 markalı maşınını məhv etmişdi. 
Tədbirdə çıxış edən Hacıqabul rayon təhsil şöbəsinin  nümayəndəsi  Kifayət Əmirbəyova  Tacir İsgəndərovun 27 yaşında həyatdan köçdüyünü vurğuladı. Bildirdi ki, belə bir yaşda həyatdan köçmək, namuslu və yurdsevər bir igidin acı taleyi olsa da,  onunla fəxr etməyə dəyər. Kifayət Əmirbəyova onu da qeyd etdi ki, Rayon Təhsil Şöbəsinin müdiri Şükür Məmmədov bu kimi tədbirlərə xüsusi diqqətlə yanaşır. Tacir İsgəndərov haqqında  məlumatları toplayıb  təqdim etdiyinə görə Meyniman kənd tam orta məktəbinin tarix  müəllimi Qara Əhmədova öz minnətdarlığını bildirən Kifayət Əmirbəyova  onu da vurğuladı ki, Tacirin qəhrəmanlığı Ali Baş komandan tərəfindən qiymətləndirilib.Tacir  İsgəndərov ölümündən sonra15 yanvar 1995-ci il tarixində “Hərbi Xidmətlərə Görə” medalı ilə təltif olunmuşdur.
Şəhidin sinif  yoldaşları  adından  Şirvan şəhər 11 №-li tam orta məktəbin tarix müəllimi Seyyub Əsədli danışdı. Məktəb günlərini vərəqləyən Seyyub Əsədli  bildirdi ki, Tacir onun yaddaşında  qəlbi təmiz, mərd bir uşaq kimi qalıb. Orta məktəb günlərində  baş verən maraqlı, lakin olduqca ibrətamiz  hadisləri söyləyən Seyyub müəllim dedi: “Sözsüz ki, Tacir İsgəndərovun itkisini heç nə ilə əvəz etmək mümkün deyil. Bu cür itkilərin ağrısını Qarabağın işğaldan azad edilməsi ilə yüngülləşdirmək olar. O gün isə uzaqda deyil ! “
 Tədbirdə  məktəbin XI sinif şagirdləri maraqlı  kompozisiya nümayiş etdirdilər. Onlar and içdilər ki, Tacir kimi igidlərin qanı heç vaxt yerdə qalmayacaq. Sonda məktəbin balaca şagirdləri  Qarabağ müharibəsi veteranı, şairə Familə Fərmanlı  döyüş yoldaşı Tacir İsgəndərova həsr etdiyi “Necə qaytarım” şeirini söylədilər.
NECƏ  QAYTARIM ?!
(7-ci taborun rabitəçisi Qəhrəman Həsənov 18.04.95-ci il tarixdə saat 13:05-də telefonla belə dedi: “Taciri” mənə ver !)
         Məndən Taciri istəyən oğlan,
Keçən bir karvanı necə qaytarım ?
Ömürdən ötən gün qəmli tarixdir,
Ötüb keçən anı necə qaytarım ?
*****
Vətən can üstədir, bizi haraylar,
Qalxıb harayına Mehdi, gəraylar,
Uçub xanimanlar, yanıb saraylar.
Sökülən bir danı necə qaytarım ?
*****
Lalələr açıbdı igid qanından,
Neçə igid keçib şirin canından,
Kişilər seçilib adı, sanından,
Tökülən bir qanı necə qaytarım ?
*****
Familə Fərmanlı, suala bir bax,
Lalənin bağrında sən xala bir bax.
Tacirin bəxtində tonqala bir bax,
Dəyişən dövranı necə qaytarım ?!


 Allah bütün şəhidlərimizə rəhmət eləsin.


Seyyub ƏSƏDLİ, bölgə müxbiri 

1 comment:

  1. Allah cəmi şəhidlərimizə rəhmət eləsin !

    ReplyDelete