“Milli ənənələrimizin nə qədər dəyərli
olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr ruhunda tərbiyə
etmək üçün muzeylər lazımdır və bu muzeyləri qoruyub saxlamaq vətəndaşlıq
borcumuzdur.”
Heydər Əliyev
Tədbir
Mahmudov 2011-ci ilin iyulunda yaşa görə işdən getsə də, o, əti-qanı ilə,
iliyi-sümüyü ilə bağlandığı bu peşədən ayrıla bilmir və heç kəs də onu bu
sevimli və vurğunu olduğu işindən ayıra bilməz.
Tədbir
müəllim çoxdan arzusunda olduğu “Təhsil muzeyi”nin yaradılması işini
reallaşdırmaq məqsədilə Təhsil nazirliyinə və rayon rəhbərliyinə rəsmi müraciət
etdi. Aldığı bu müsbət cavab onu çox sevindirdi. Əlbəttə, bu iş çox çətinliklərdən
sonra başa gəldi. 2010-cu ilin 15 yanvarında
muzeyin ictimai əsaslarla yaradılması haqqında
RTŞ-si xüsusi əmr də imzaladı, şəhər 2 saylı tam orta məktəbin istifadə
olunmayan sahəsində 3 münasib otaq da ayrıldı.
Tədbir müəllim kimdir?
Tədbir
Abdulalı oğlu Mahmudov 1937-ci lin avqust ayının 14-də Neftçala rayonunun
Züd-Ost Qoltuq kəndində anadan olmuş, həmin kənddəki 7 illik məktəbi bitirdikdən
sonra 26 Bakı komissarı adına – indiki Mirqurbanlı kənd orta məktəbində təhsilini
davam etdirdi. 1955-ci ildə orta məktəbi bitirib. 1956-cı ildən kənd
kitabxanasında əmək fəaliyyətinə başladı. 1957-ci ildə yerli Sovetlərə seçkilər
zamanı Neftçala şəhər sovetinə deputat seçilərək, əvvəl sovet və komsomol işlərində
çalışdı. O, 1960-cı ildə BDU-nun filoloji fakultəsində qiyabi yolla təhsilini
davam etdirdi. Ötən əsrin 60-cı illərindən sonra taleyini bütövlükdə pedaqoji
işə bağladı.
Tarixdən
bəllidir ki, 1973-cü ildə Ulu Öndərimiz, böyük siyasətçi Heydər Əliyevin
bilavaistə təşəbbüsü və qayğısı ilə Neftçala müstəqil rayon kimi fəaliyyət göstərməyə
başladı.
Həmin
ildə rəhbərlik Tədbir Mahmudovu dəvət edərək Züd-Ost Qoltuq kənd 8 illik məktəbinə
direktor vəzifəsinə təklif etdilər. Uzun
illər başlı-başına buraxılmış, uşaqları şəhərin ayrı-ayrı məktəblərinə dağılmış
bu məktəbin vəziyyətini Tədbir müəllim yaxşı bilirdi. Doğulduğu kəndin və
oxuduğu məktəbin acınacaqlı vəziyyətini nəzərə alıb işləməyə razılıq verdi.
Az
bir müddətdə məktəbdə görülən işlər, təlim-tərbiyədəki
uğurlar geridə qalmış bu təhsil müəssisəsinin simasını tamamilə dəyişdi və
rayonun ən qabaqcıl təhsil ocaqlarından biri oldu. Məktəb uğurlarına görə
1976-cı ildə orta məktəbə çevrildi. Bu,
bütün müəllim və kənd əhalisinin sevinci ilə qarşılandı.
Qısa
bir vaxtda təhsilimizə, gənc nəslin təlim-tərbiyəsinə
məhəbbətlə verilən bu töhfələr, təlimdəki uğurlu göstəricilər rayon rəhbərliyinin və nazirliyin nəzərindən
yayına bilməzdi. Bu yüksək səviyyəli uğurlara, nəticələrə görə Təhsil Nazirliyi
tərəfindən 1977-ci ilin 2 noyabrında Tədbir müəllim “Qabaqcıl maarif xadimi”
kimi yüksək ada layiq görüldü. Tədbir müəllim bu gün də fəxr edir ki, həmin
mükafatı ona uzun illər Təhsil Naziri işləmiş böyük maarifçi, gözəl insan
akademik Mehdi Mehdizadə şəxsən təqdim etmişdir.
1977-ci
ilin 21 noyabrında bütün bu müsbət keyfiyyətlərinə, bacarıq və təşkilatçılığına
görə rayon rəhbərliyinin təqdimatı ilə RTŞ-nin müdiri vəzifəsinə təsdiq olunmaq
üçün Təhsil naziri akademik M.Mehdizadə Tədbir müəllimi qəbul edib, şəxsi işini
nəzərdən keçirir, fəaliyyəti ilə tanış olur, onun fəaliyyəti naziri razı salır
və heç bir sorğu-sual aparmadan Neftçala rayon Təhsil şöbəsinə müdir vəzifəsinə
təsdiq edir.
Tədbir
müəllim düz 15 il təhsil şöbəsində fasiləsiz sədaqətlə, şəffaflığı, düzlüyü
meyar tutaraq işləyib. Rəhbərlik etdiyi həmin illərdə 15 müasir tipli, bir
layihə əsasında məktəb binasının, 8 körpələr evi-uşaq bağçasının tikilməsinə
nail olub.
1992-ci
ilin hadisələri, hakimiyyət dəyişiklikləri Təhsil Şöbəsindən də yan keçmədi.
Heç bir səbəb olmadan Tədbir müəllimi də Təhsil Şöbəsindən uzaqlaşdıraraq,
rayondakı 151 nömrəli Texniki peşə məktəbinə direktor təyin etdilər. Bu, Tədbir
müəllimin ürəyincə olmasa da, məktəbdə uzun illər tökülüb qalmış problemlərin həllinə
çalışmaq lazım idi. O, kollektivin gücü ilə bu problemlərin həllinə çalışdı və
bunlara nail oldu.
1999-cu
ilin avqust ayının 14-də Təhsil Naziri Misir Mərdanov Tədbir müəllimi nazirliyə
dəvət etdi və Neftçalada təhsilin geri qaldığını, orada xaos yarandığını bildirərək
ona yenidən Neftçala təhsilinə rəhbərlik etməyi tövsiyə etdi. Beləliklə, Tədbir
müəllim 1999-cu ilin 18 avqustundan yenidən Təhsil Şöbəsinin müdiri vəzifəsində
işləməli oldu.
Onun
ikinci dəfə Təhsil şöbəsinə gəlişi müəllimlər tərəfindən çox böyük sevinc hissi
ilə qarşılandı. Tədbir müəllimin gördüyü uğurlu işlər rayonda canlanmaya səbəb
oldu. Təkcə 1999-2000-ci tədris ilində 6 yeni məktəbin açılması böyük bir hadisə
idi. Bu 110-120 iş yerinin açılması, şəhərdə şagird sıxlığının qarşısının
alınması demək idi.
6
yeni məktəbin açılması, onların avadanlıqla təmin olunması, maddi-texniki
bazasının möhkəmləndirilməsi böyük məsuliyyət idi. Tədbir müəllim deyir ki,
12.06.2000-ci ildə rayonumuzun millət vəkili,
Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadəyə müraciət edib ondan səlahiyyətindən
istifadə edərək köməklik göstərməyi xahiş etdim və çətinlikləri ona ətraflı
danışdım. Arif müəllim elə yanımdaca Baş Nazirin birinci müavini Abid Şərifovla
telefon əlaqəsi saxlayaraq vəziyyəti ona çatdırdı. 13.07.2000-ci il tarixdə
Abid Şərifovun N17/N-8-11/12 nömrəli sərəncamı
ilə dövlət tikinti komitəsinin anbarından
40 milyon manatlıq əvəzsiz avadanlıq alınmasına nail olduq.
Mən Tədbir müəllimin çox
böyük məhəbbətlə yaratdığı “Təhsil
muzeyi”ndə çox olmuşam, keçirilən bütün tədbirlərdə iştirak etmişəm. Çox
maraqlı və zəngin bir muzeydir. Bu illər ərzində mən özüm də Tədbir müəllimlə
birgə, onun rəhbərliyi altında işləmişəm. Onun əmri ilə iki dəfə orta məktəb
direktoru və digər məsul vəzifələrdə çalışmışam.
Muzeyin
giriş hissəsi “Heydər Əliyev” guşəsi ilə açılır. Orada ilk növbədə Ümummilli
Lider H.Əliyevin yağlı boya ilə kətan üzərində işlənmiş iri həcmli, əzəmətli və
canlı şəkli ilə qarşılaşırsan, sol tərəfdə isə dünyanın, eləcə də, ölkəmizin
görkəmli şəxsiyyətlərinin H.Əliyev haqqındakı məhəbbət dolu fikirləri ilə, daha
sonra dövlət atributları ilə tanış olursan.
“Təhsil
muzeyi” iki münasib zaldan, bir xidmət otağından ibarətdir. Tədbir müəllimlə
birinci zala daxil oluruq. Burada xalqımızın VIII-XVII əsirlərdə yaşamış
klassiklərinin şəkiləri, haqqlarında məlumatlar, XIX-XX əsrlərdə yaşamış həyatlarını
bütövlükdə xalq təhsilinə təmənnasız həsr
etmiş Azərbaycanın ilk fədakar və cəfakeş maarifçilərinin yağlı boya ilə kətan
üzərində nəfs şəkildə çəkilmiş şəkiləri və məlumatları diqqəti cəlb edir. Tədbir
müəllim bir qayda olaraq hər gün burada olur, onların-A.Bakıxanov, M.F.Axundzadə,
H.B.Məlikov Zardabi, H.Z.Tağyev, Mirzə Cəlil, N.Nərimanov, S.M.Qənizadə, R.Əfəndiyev,
C.Ə.Şirvani, M.Ə.Sabir, A.Şaiq və digərlərinin ruhları ilə salamlaşır və dualar
oxuyur.
Muzeyin
ikinci zalında isə 1930-40-cı illərdə təhsillə yaşayıb, təhsillə nəfəs alan fədakar
qadınlarımızdan Ayna Sultanova, Məlikova –Abayeva Hənifə xanım, Əfəndizadə Şəfiqə,
Ağayeva Xədicə, Ummügülsüm Rəsulzadə, (yazıçı Seyid Hüseynin həyat yoldaşı, Məhəmməd
Əmin Rəsulzadənin əmisi qızı), Vəzirova Sara Nəcəf qızı-Nəcəf bəy Vəzirovun
qızı və digərlərinin şəkiləri, barələrində məlumatlar qorunub saxlanılır.
Bunlardan
başqa Neftçala rayonunda məktəblərin və təhsilin yaranmasında məxsusi xidmətləri
olmuş Mirzə Abdulhəsən Axundov, Sadıq Sadıqov, məşhur müğənni Anatollu Qəniyevin
atası Mirzə Heydər Qəniyev, əməkdar müəllimlərdən Abdulhəmid Axundov, Akif Cəfərov,
Abduləhməd Sultanov və digərlərinin də haqlarında toplanmış eksponatlar və zəngin
materialar diqqətimi cəlb edir.
Muzeydə
1988-ci ildən çap olunan məşhur “Molla Nəsrəddin” jurnalının orjinalının
birinci cildi də mühafizə olunur.
Muzeydə uzun
illər Təhsil Naziri işləmiş, dünənə, bu günə və gələcəyə öz şərəfli həyat yolu
ilə örnək olan akademik Mehdi Mehdizadə haqqında toplanmış maraqlı məlumatlar,
disklər, çəkilmiş filimlər, 1993-cü il 29 yanvardaAzərbaycan Dövlət Pedaqoji
Universitetində keçirilən 90 ilik yubleyin kaseti, həmin yubleydə Tədbir müəllimin
alqışlarla qarşılanan çıxışı da saxlanılır.
“Təhsil
muzeyi”ndə görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsi artıq ənənəyə
çevrilmişdir. Nizami Gəncəvinin 870, MF.Axundzadənin 200, H.Məlikov Zərdabinin
170 illik yubileyləri, hər il Ulu Öndərimiz Heydər Əliyevin yubileyi, Beynəlxalq
Ana dili və 18 may Beynəlxalq muzeylər günü bir qayda olaraq rayon miqyasında təntənəli
surətdə qeyd edilib. Muzey məktəblə müntəzəm əlaqə saxlayır, ədəbiyyat və tarix
dərsləri bir qayda olaraq muzeydə keçirilir.
Muzeyin çox
maraqlı gələcək planları ilə də tanış oldum. Gələcəkdə burada “Heydər Əliyev məktəbi”,
“Hardan başlanır Vətən?”, “Azəbaycançılığı necə başa düşürsən?”, “Vətəndaşlıq nədir?”,
“Sən Azərbaycan üçün nə etmisən?” və digər məsələlər üzrə dərnəklər və mühazirələr
təşkil ediləcəkdir. Tədbir müəllim dedi ki, muzeylə rayon rəhbərliyi də
maraqlanır, keçirilən tədbirlərdə iştirak edirlər. Milli Məclisin Regional Məsələlər
Komitətəsinin sədri, millət vəkili Arif Rəhimzadə dörd dəfə Muzeydə olmuş, 50-dən
artıq elmi, bədii, siyasi kitablar da hədiyyə etmişdir. Tədbir müəllim bunları
da əlavə edərək bildirdi ki, Muzeylə bağlı rayonun İcra başçısı cənab İ.Vəliyevlə
görüşmüş, İcra başçısı problemlərin həlli, xüsusilə ştatla bağlı müvafiq təşkilatlara
göstəriş də vermişdir.
Bunu da öyrəndim
ki, Tədbir müəllimin müraciəti əsasında, Mədəniyyət və Turizm Naziri hörmətli cənab
Əbülfəs Qarayev 14 aprel 2014-cü il tarixdə Neftçala “Təhsil muzeyi”nin rayonun
Tarix-Diyarşunaslıq muzeyinin filialına çevrilməsi barədə 197 saylı əmr də imzalamışdır. Bütün bunlara baxmayaraq
muzeyin ştat məsələsi problem olaraq qalır.
Tədbir
Mahmudovun əməyi Dövlət tərəfindən qiymətləndirilmişdir. O, əməkdar müəllim,
qabaqcıl maarif xadimi, ali kateqoriyalı müəllim, əmək veteranı və bir çox fəxri
fərmanlarla təltif edilmişdir. Tədbir müəllim ömrünün 77-ci ilini yaşayır, işləmək,
qurub-yaratmaqdan doymur. “Təhsil muzeyi”ndə təmənnasız işləyir,
biliyini, bacarığını gənclərə verməkdən zövq alır. Bu yolda, 70-in 80-nə
qovuşağında ona möhkəm can sağlığı, gördüyü bu xeyirxah işlərdə daha böyük
uğurlar arzulayırıq.
Məmmədqasım QASIMOV,
təqaüdçü müəllim, ehtiyatda olan hərbi
hissə komandiri
No comments:
Post a Comment