2.10.2015

Köçkün məktəblərimiz

Rubrikamızın qonağı Zəngilan rayon 4 nömrəli tam orta məktəbdir.
Təcrübə sözünü deyir
Qarabağın taleyini yaşayan məktəblərimizdən biri haqqında bəhs etmək istəyirəm. Səməd Behrəngi adına Zəngilan rayon Bartaz dayanacağı kənd orta məktəbinin varisi olaraq Bakıda fəaliyyət göstərən 4 nömrəli tam orta məktəb haqqında... 1993-cü ildən köçkünlük həyatı yaşayan bu təhsil ocağı köçkünlüyünün ilk illərində Bakının Binəqədi rayonunun 83 nömrəli tam orta məktəbinin mərhəmətinə sığınıb. 83 nömrəli məktəb liseyə çevrildikdən sonra 1995-ci ildə 126 nömrəli tam orta məktəb öz qapılarını köçkünkünlük həyatı yaşayan bu təhsil ocağının üzünə açıb. 3 il burada fəaliyyət göstərdikdən sonra-1998-ci ildə 6 nömrəli peşə məktəbinin bazasında məskunlaşan pedaqoji kollektiv 2009-cu ildən məxsusi olaraq onlar üçün Dövlət Qaçqınlar Komitəsi tərəfindən inşa edilən 260 şagird yerlik məktəbə köçüb. Bir vaxtlar dörd yerə bölünmüş bir sinif otağında dərs keçən pedaqoji kollektivin ixtiyarına bu gün hər cür təminatlı sinif otaqları, laboratoriyalar, idman zalı, informasiya-kommunikasiya texnologiyaları verilib. Bu gün bu məktəbdə yalnız Zəngilandan olan köçkün uşaqlar deyil, ağdamlı, şuşalı, kəlbəcərli, qubadlılı uşaqlar da təhsil alır.

Bakıdakı fəaliyyətinin ilk günündən bu təhsil ocağına rəhbərlik edən təcrübəli məktəbşünas Cəbrayıl Şıxəliyev təhsil ocağının köçkünlük illərində çətin, amma şərəfli bir yol keçdiyini böyük qürur hissi ilə söyləyir. Çətinliklər bizi daha mübariz olmağa, təlim-tərbiyədə daha ciddi uğurlar əldə etməyə səfərbər edirdi, deyir. Zəngilanda hər kəsin ev-eşiyi, həyət bacası var idi. Amma köçkünlüyümüzün ilk illərində çox çətinliklərlə üzləşdik. Məktəbə troleybusla gələn şagirdlər bəzi hallarda yol pulu belə tapmırdılar. Cəbrayıl müəllim troleybus parkının rəhbəri ilə görüşür. Nə yaxşı ki, parkın müdiri Cəbrayıl müəllimi başa düşür. Sürücülərə göstəriş verir ki, uşaqlardan ödəniş almasın. Beləcə köçkün uşaqlar heç olmasa məktəbə gedib gəlmək üçün yol xərcindən azad olurlar. Pedaqoji kollektivin səyi nəticəsində şagirdlərin təlimə marağı ilk gündən yüksələn xətt üzrə inkişaf edir. Qısa müddət ərzində çətinliklərə sinə gərən təhsil ocağının adı uzun illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərtib etdiyi məktəblərin reytinq cədvəlində öncül yerlərdə yazılır. Bu da təsadüfü olmayıb. Ali məktəblərə qəbulun nəticələrinə görə 4 nömrəli tam orta məktəb Zəngilan, eləcə də Respublikanın qabaqcıl məktəbləri arasında yer tutmaqdadır. Həm də Respublikanın qabaqcıl məktəbləri ilə müqayisə olunan bu uğurun bir qismi “özgə qapılarında” keçən təhsil illərində qazanılıb. Pedaqoji kollektiv özünü sübut etmək, necə deyərlər, heç kəsdən geri qalmamaq üçün fəaliyyətini hər zaman dövrün tələbləri səviyyəsində qurmağı bacarıb.
Cəbrayıl Şıxəliyev 2004-cü ilin avqustunda “Azərbaycan dili və ədəbiyyatı” günü münasibətilə köçkün rayonlarının məktəbliləri arasında keçirilən müsabiqəni həmişə xoş bir xatirə kimi yada saldığını vurğulayır. 8 rayonun məktəblilərinin iştirak etdiyi bu bilik yarışması gərgin mübarizə şəraitində keçib. Yarışmaya Mahnı Teatrında respublikanın elmi ictimaiyyətinin iştirakı ilə böyük mərasimlə yekun vurulub. Zəngilan rayonunu təmsil edən 4 nömrəli tam orta məktəbin şagirdləri yarışmanın qalibi elan edilib. Cəbrayıl müəllim bu qələbəyə həm də ona görə böyük önəm verir ki, birincisi müqəddəs ana dilimizə həsr edilmişdir. İkincisi isə onlar bu qalibiyyəti respublikanın qabaqcıl məktəblərini geridə qoyaraq əldə etmişdilər. Digər tərəfdən bu uğur 4 nömrəli məktəbin şagirdlərinin gələcək nailiyyətləri üçün də stimul olmuşdur. Şagirdlər həm buna qədər, həm də bundan sonra fənn olimpiadalarının respublika turunda, eləcə də müxtəlif mövzulu bilik yarışlarında uğurlu çıxışları ilə seçiliblər. Uğurlar özünü məzunların ali məktəblərə qəbulunda da göstərib. Cəbrayıl Şıxəliyev nüfuzlu ali təhsil ocaqlarımıza  qəbul olmuş İbrahim Abbasovun (Qafqaz Universiteti), Bəhruz və Namiq İskəndərov qardaşlarının, İsmətxanım Həsənovanın (Azərbaycan Dövlət Tibb Universiteti), Əli Şıxəliyevin (Dənizçilik Akademiyası) adlarını fəxarət hissi ilə çəkir. Qeyd edir ki, bu gün zəngilanlı gənclər respublikamızın nüfuzlu ali təhsil ocaqlarında təhsil almaqla yanaşı, cəmiyyətimizin müxtəlif  sahələrində çalışmaqla, faydalı vətəndaş mövqeyi nümayiş etdirirlər. Şübhəsiz ki, gənclərimizə bu hisslər də təhsil aldığı məktəbdə aşılanır.  Təqdirəlayiq hal kimi qeyd etmək istərdim ki, 4 nömrəli tam orta məktəb Zəngilanın şahmat üzrə pilot məktəbi kimi də fəaliyyət göstərir. Məktəbdə hərtərəfli təchiz olunmuş şahmat kabineti yaradılıb. Şagirdlər şahmat öyrənməyə böyük maraq göstərirlər. Müəllimlərin ixtiyarına verilmiş “Prometaen” lövhə, 20 dəst kompüter təlim prosesinin müasir tələblər səviyyəsində təşkilinə imkan yaradır.    
Bu gün məktəbdə təlim-tərbiyə işini dövrün tələbləri səviyyəsində quran, qabaqcıl ənənələri tədris prosesinə gətirməyi bacaran müəllimlər çalışırlar. Cəbrayıl Şıxəliyev onlardan-əməkdar müəllim Oktyabr İskəndərovun, “Tərəqqi” medallı Cahan Cabbarovanın, fizika müəllimi Murad Muradovun, coğrafiya müəllimi Ziyafət Qurbanovanın, ibtidai sinif müəllimləri Ülkər Məmmədovanın, Sədaqət Hüseynovanın, riyaziyyat müəllimləri Davud Rəhimovun, Dilarə İskəndərovanın, ingilis dili müəllimi Mətanət Hüseynovanın adlarını çəkdi. Söylədi ki, təlim keyfiyyətinin yüksəldilməsi, nailiyyətlərin artmasında bu müəllimlərin xidməti böyükdür. Məhz onların gərgin əməyi sayəsində 4 nömrəli tam orta məktəbin məzunlarının sorağı hətta xarici ölkələrin ali təhsil ocaqlarından eşidilir.
Cəbrayıl Şıxəliyev vurğulayır ki, pedaqoji kollektiv gənclərin milli-mənəvi dəyərlər ruhunda böyüməsi, tərbiyə olunmasını mühüm vəzifə hesab edir. Məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Sahil Məmmədovla keçirilən görüş, Milli Qəhrəman Riyad Əhmədovun şərəfli döyüş yoluna həsr olunmuş tədbir, eləcə də vətənpərvərlik ruhlu digər tədbirlər, görüşlər gənclərin mənəvi aləminin formalaşmasında mühüm təsirə malikdir. Məktəbin dəhlizləri boyunca asılmış stendlər, plakatlar, divar qəzetlərinin hər bir sətrindən, hər bir fotosundan, rəsmindən belə vətənpərvərliyə çağırış sədası hiss olunmaqdadır. Zəngilanın tarixinə, maddi-mədəniyyət abidələrinə, təbiətinə, eləcə də Azərbaycanın qəhrəmanlıq tarixinə silinməz iz qoymuş Zəngilanlıların həyat və fəaliyyətini əks etdirən stendlər zəngin məlumatvericiliyi, öyrədiciliyi ilə də diqqəti cəlb edir.
Bu gün Zəngilanın 4 nömrəli tam orta məktəbi Bakıda hərtərəfli təmin olunmuş bir binada fəaliyyət göstərsə də, bu məktəbin daşına, divarlarına, pedaqoji kollektivinin düşüncələrinə hopmuş bir bir intizar, vətən yanğısı hiss olunmaqdadır. Onlar Bakıda ən yüksək səviyyədə təmin olunsalar belə o hiss onları Zəngilanın yiyəsiz qalmış qoca torpağına səsləyir...
 Qısa arayış: Cəbrayıl Əli oğlu Şıxəliyev 1951-ci il oktyabr ayının 24-də Zəngilan rayonunun Bartaz kəndində anadan olub. M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunun ingilis-Azərbaycan dilləri fakültəsini bitirib. 1974-cü ildə Zəngilan rayonundakı Bartaz kənd orta məktəbində pedaqoji fəaliyyətə başlayıb. 1989-cu ilin avqust ayında Bartaz kənd tam orta məktəbinə direktor vəzifəsinə edilib. Zəngilanın erməni silahlı qüvvələri tərəfindən işğalından sonra Bakı şəhərinin Binəqədi rayonunda məskunlaşan rayonun 4 nömrəli tam orta məktəbinə rəhbərlik edir. Cəbrayıl Şıxəliyev 2010-cü ildə ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.   

B.ƏLİSƏFAOĞLU

No comments:

Post a Comment