2.28.2015

Hamı qalib olmaq arzusundaydı

Bakının Nəsimi rayonundakı 164 nömrəli tam orta məktəbdə maraqlı tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Bu təhsil ocağında müəllim və şagirdlərin təşkilatçılığı ilə keçirilən müxtəlif mövzulu tədbirlər orijinallığı, tərtibat rəngarəngliyi ilə daim diqqəti cəlb edir. Bu tədbirlərə mütəmadi olaraq mən də dəvət alıram. Bu günlərdə məktəbin ibtidai sinif müəllimi Səxavət Yusifzadənin təşkilatçılığı ilə keçirilən daha bir maraqlı tədbirin iştirakçısı oldum. Səxavət Yusifzadə bu tədbiri elə bir səviyydə reallışdırmağa nail olmuşdu ki, sanki onun həyata keçirilməsinə kollektiv əmək sərf edilmişdi.

Tədbiri açıq elan edən Səxavət Yusifzadə bildirdi ki, bu gün məktəbin 4 ç və 5-ci c sinif şagirdləri “Breyn-rinq” yarışmasında biliklərini sınayacaqlar. Amma bundan öncə... Səxavət Yusifzadə bunu deyib səhnəni uşaqların öhdəsinə buraxdı.
Tədbirin aparıcısı olan şagirdlər Fidan Əliyeva və Cavid Həsənov bir-birindən al-əlvan nömrələr nümayiş etdirmək üçün səhnəyə öz şagird yoldaşlarını dəvət etdilər. Milli geyimdə səhnəyə ilk olaraq çıxan qızlar “Arşın mal alan” filmindən Arşınmalçının  rəqsini məharətlə ifa etdilər. Sonra isə meydan gimnastlara verildi. İfaçılar bir-birindən maraqlı rəqsləri özlərinəməxsus tərzdə təqdim etməklə tamaşaçıların alqışlarını qazanmağı bacardılar. Maraqlı idi ki, şagirdlər həm Azərbaycanın milli rəqslərini, həm də digər xalqların rəqslərini eyni həvəs və bacarıqla ifa edirdilər. Bu da, şübhəsiz ki, rəğbətlə qarşılanırdı. Ümumiyyətlə, Səxavət Yusifzadənin tədbirlərində həmişə bu tendensiyanı müşahidə etmək mümkündür. O, sinifdənxaric tədbirlərin imkanlarından istifadə etməklə, əslində şagirdlərin dünyagörüşünün, maraq dairəsinin, həyata baxışlarının formalaşmasına çalışır. O, şagird istəklərini duyub, bu istiqamətdə fəaliyyətini məhz ona müvafiq təşkil edir. Tədbirin ədəbi-bədii kompozisiya hissəsindən sonra bilik yarışmasında da bunun şahidi olmaq mümkün idi. Bədii hissə intellektual yarışmaya keçmək üçün bir növ stimul, həm də hazırlıq xarakteri də daşıyırdı. Yarışa başlayan şagirdlərin üzlərindəki ifadədən də bu, görünürdü. Hər kəsin simasından qalib gəlmək istəyi sezilirdi.
Şagirdlər mübarizə aparmaq üçün “Znatoki” (4 ç) və “Drujba” (5 c) komandalarına bölünmüşdülər. Hər iki komanda öz şüarını bəyan etdi. “Drujba” komandasının üzvləri sağlam rəqabətə hazır olduqlarını, qələbə uğrunda mübarizə aparacaqlarını söylədilər. “Znatoki” də qələbə əzmində olduğunu dilə gətirdi. Hiss olunurdu ki, yarış gərgin mübarizə şəraitində keçəcək. Belə də oldu. Şagirdlər məktəbin akt zalının səhnəsini əsl mübarizə meydanına çevirmişdilər. Hər iki komandanın üzvləri qoyulan riyazi, məntiqli suallara komanda halında cavab hazırlayır, cavabı liderlər səsləndirirdi.Yarışın elə əvvəlindən “Znatoki” komandası üstünlüyü ələ aldı. Bu komandanın üzvləri mənə tanış idi. Onlar Səxavət Yusifzadənin ötən il təşkil etdiyi “Şən və Hazırcavablar Klubu” yarışmasının qalibi olmuşdular. “Znatoki” komandansının üzvlərindən kapitan Raul Nəcəfi, Vaqif Abbaszadə, Səbinə Mustafayeva, Nübar Əsədova, Lalə Ağazadə, Emil Osmanov, Mehriban Abdullayeva, İlqar Teymurov,  “Drujba” komandasının üzvlərindən  kapitan Rüstəm Əfəndiyev, Fatima Əli, Nərgiz Qədirova, Səidə Əzizova, Akif Sayyadlı, Leyli Qulamova, Nərgiz Cəmilova, Fərid İbrahimov fəallıqıarı ilə seçilirdilər, tamaşaçıların alqışları ilə qarşılandılar.
Yarış ərzində hər iki komandanın üzvlərində öz biliklərini nümayiş etdirməyə yüksək həvəs görmək olardı. Qeyd etdiyim kimi, yarışın əvvəlindən üstünlüyü ələ alan “Znatoki” komandası bu üstünlüyü yarışın sonuna qədər əldə saxlamağı bacardı. Komandaların kapitanlarının da yarışmasından sonra “Znatoki”nin qələbəsi elan olundu.

Səxavət Yusifzadənin məktəbdə mütəmadi olaraq təşkil etdiyi bu kimi  intellektual yarışlar şagirdlərin təlim-tərbiyəsi baxımından bir sıra mühüm cəhətlərlə xarakterikdir. Birincisi odur ki, müəllim bu kimi yarışları təşkil etməklə şagirdlərində təlimə daha böyük maraq oyadır. İkincisi onlarda mübarizə əzmi, sağlam rəqabət aparmaq meylləri formalaşdırır. Üçüncüsü, şagirdləri tədqiqatçılığa, araşdırma aparmağa həvəsləndirir. Hər bir şagird daha çox bilik əldə etməyə, daha çox öyrənməyə çalışır. Dördüncüsü, sinifdənxaric tədbirlərdə fəallıq göstərən şagirdlərin ictimai fəallığı daha da yüksəlir. Onlar öz fikirlərini auditoriya qarşısında ifadə etməyi, müstəqil fikir söyləməyi öyrənirlər.
Tədbirdən sonra çıxış edən məktəbin direktoru Kəmalə Qədirova da bu məqama toxundu. O, qeyd etdi ki, bu gün ölkə başçısı cənab İlham Əliyev Azərbaycan müəllimlərinin qarşısında çox mühüm vəzifələr qoymuşdur. Onlardan biri də hərtərəfli hazırlığa malik olan gənclər formalaşdırmaqdır. Bu gün biz müəllimlər bu vəzifənin ohdəsindən layiqincə gəlməklə cəmiyyətimizin inkişafına öz töhvəmizi verməyə çalışmalıyıq. O, qeyd etdi ki, 164 nömrəli tam orta məktəbdə öz işinin mahir bilicisi olan müəllimlər çoxdur. Onlardan biri də Səxavət Yusifzadədir. Səxavət Yusifzadə məktəbin pedaqoji kollektivinin, müəllim və şagirdlərin, valideynlərin rəğbət bəslədiyi müəllimlərdəndir. O, hazırkı tədbirin də yüksək səviyyədə keçdiyini, “Znatoki” komandasının, əslində isə biliyin, dostluğun, sağlam mübarizənin qalib gəldiyini vurğuladı. Bu gün burada fəallıq göstərən şagirdlərin gələcəkdə daha böyük uğurlar əldə edəcəyinə ümidvar olduğunu dilə gətirdi.

Tədbirdə çıxış edən “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı, 46 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi  Ofelya Xasıyeva, 164 nömrəli tam orta məktəbin müəllimlərindən Azər Əskərov,  Zaur Muradəliyev - münsiflər heyətinin üzvləri, həmçinin 5 c sinfinin riyaziyyat müəllimi Rəna Əliyeva  tədbirin yüksək bədii tərtibatda, sağlam mübarizə şəraitində keçməsindən məmnunluq ifadə etdilər. Səxavət Yusifzadəyə, onun yetirmələrinə uğurlar dilədilər.
Sonda yarışın qalibi “Znatoki” komandasına, eləcə də “Drujba” komandasının fəal üzvlərinə, həmçinin   maraqlı nömrələri, rəqsləri ilə tamaşaçıların alqışlarını qazanan Nuray Zəkiyeva, Ramilə Muradova, Fərhad İsmayılzadə, Gülsəfa Hüseynova, Aysun Balayeva, matros geyimində səhnəyə çıxan Murad Ağayev, Hidayət Rufullayev, Fuad Quliyev, Abdulla Abdullayev, Elgün Mahmudov, aparıcılar Fidan Əliyeva və Cavid Hüseynova “Tərifnamə” təqdim olundu. Tədbir musiqi sədaları ilə sona çatdı.


“Təhsil və zaman”  



No comments:

Post a Comment