5.09.2015

Məktəblərdə fənn kafedralarının yaradılması – dövrün tələbi

 Müsahibimiz Təhsil Şurası idarə heyətinin üzvü, uzun illər Bakının Qaradağ rayonundakı 288 nömrəli tam orta məktəbə rəhbərlik etmiş veteran məktəb rəhbəri Nəriman Hüseynovdur.
Nəriman müəllimlə söhbətimiz məktəblərdəki fənn metodbirləşmələrinin formal fəaliyyəti, fənlər üzrə kafedraların yaradılmasının zəruriliyi barəsində oldu. Veteran məktəb rəhbəri hesab edir ki, təhsil müəssisələrində fəaliyyət göstərən fənn metodbirləşmələrinin fəaliyyəti əksər hallarda formal xarakter daşıyır. Kağız üzərində yazılanlardan başqa bir şey deyil. Odur ki, fənn metodbirləşmələrinin işinin günün tələbləri səviyyəsində qurulması, məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi baxımından vacibdir.
Bəs məktəblərdə fənn metodbirləşmələrinin fəaliyyəti nə üçün müasir dövrün tələbləri ilə ayaqlaşmır? sualımıza Nəriman Hüseynov belə cavab verir:
Ümumiyyətlə bu, yalnız bu gün deyil, əvvəllər də əksər hallarda belə olub. Bunun da ən əsas səbəbi ondan ibarətdir ki, fənn metodbirləşmərində təmsil olunan müəllimlər ictimai əsaslarla fəaliyyət göstərirlər. Maddi maraq təmin olunmadığı üçün müəllimlər fənn metodbirləmələrinin işinə o qədər də ciddi yanaşmır, aktivlik göstərmirlər. Odur ki, məktdəbdə tədrisin keyfiyyətinin yüksəldilməsində mühüm əhəmiyyət daşıyan bu faktor diqqətdən kənarda qalmaqla, məktəbin işinə fayda verə bilmir.  Ona görə də, fənn metodbirləşmələrinin işi təhsilin müasir inkişaf səviyyəinə uyğunlaşdırılmalı, yeni səciyyə daşımalıdır. Nəriman Hüseynov müasir səciyyə dedikdə, fənn metodbirləşmələrinin əvəzinə təhsil müəssisələrində fənn kafedraların yaradılmasını təklif edir. Söyləyir ki, hələ 2003-cü ildə rəhbərlik etdiyi Qaradağ rayonu 288 nömrəli tam orta məktəbdə fənn metodbirləşmələrinin əvəzinə kafedraların yaradılmasına nail olub. O, qeyd edir ki, kafedra rəhbərlərinə səlahiyyət verilməlidir. Dərs bölgüsündə, müəllimlərə xasiyyətnamələr yazılarkən, müəllimlərin işi müsabiqələrə, təltiflərə təqdim olunarkən kafedra rəhbərlərinin fikri, təklifi nəzərə alınmalıdır. Belə olduğu halda kafedra müdirləri də öz məsuliyyətlərini dərk edər, işinə daha da məsuliyyətlə yanaşar. Müəllim də başa düşməlidir ki, onun fəaliyyətinin qiymətləndirilməsi kafedra müdirindən asılıdır. Bunu düşünüb işinə daha da məsuliyyətlə yanaşsın. Nəriman Hüseynov qeyd edir ki, kafedraların yaradılması üçün məktəblərdə müvafiq struktur müyyənləşdirilmədir. Direktror və müavinləri kafedraların işinə nəzarət etməlidirlər. Müəllimlər mənsub olduqları kafedra rəhbərlərinə, kafedra rəhbərləri isə məktəb rəhbərliyinə hesabat verməlidirlər.
Nəriman Hüseynov qeyd edir ki, kafedra müdirlərinin maddi rəğbətləndiriliməsi mütləq olaraq həyata keçirilməlidir. Xüsusilə böyük məktəblərdə əlavə direktor müavinləri ştatlarının ləğv olunması kifayətdir ki, kafedra müdirlərinin maddi rəğbətləndirilməsi təmin olunsun. Böyük məktəblərdə bu, asandır. Elə məktəblər var ki, orada 4-5 müavin var. Bunlardan ikisini-ibtidai siniflər və yuxarı siniflər üzrə müavin ştatlarını saxlayıb, qalan ştatları kafedralar arasında bölmək olar. Elə məktəb var ki, 25 nəfər texniki işçisi var. Bunlar nəyə lazımdır? Fakültativ məşğələlər fəaliyyət göstərir. Bunların yalnız formal olaraq adı var. Bunları nizamlayıb kafedraların intensiz işinə yönəltmək lazımdır.  Kafedraların işi həm də ona görə effektivdir ki, ora sırf ixtisas müəllimi rəhbərlik edir və ixtisası üzrə fənnin inkişafına cavabdehlik daşıyır. Yəni riyaziyyat kafedrasına rəhbərlik edən riyaziyyat müəllimi yalnız riyaziyyat fənninin tədrisinə cavabdehlik daşıyır, ədəbiyyat da həmçinin və s. Əgər imkan yoxdursa, hökm deyil ki, kafedralar bütün fənləri əhatə etsin. Əsas odur ki, riyaziyyatı, ədəbiyatı, dili əhatə etsin. İmkan yarandıqca digər fənləri də daxil etmək olar. Kafedralara məktəbin ən qabaqcıl, nüfuzlu, həmin fənnin tədrisini mükəmməl bilən müəllimlər rəhbər təyin olunmalıdır. Kafedra müdiri elə bir adam olmalıdır ki, müəllimlərin hər birinə söz deyə bilsin. Bu, əsasdır.
Nəriman Hüseynovun sözlərinə görə kafedraların bir üstün cəhəti də odur ki, məktəbə ali məktəb abu-havası gətirir. Kafedraların fəaliyyət göstərdiyi məktəblərdə şagirdlərin tədrisdən kənarda qalması da mümkün deyil. Çünki məktəb rəhbərliyi kafedra rəhbərindən ortaya iş qoymağı tələb edir. Olimpiadalara, müsabiqələrə kafedralar cavabdeh olur. Bu cavabdehlik istər-istəməz onları rəqabət şəraitində çalışmağa sövq edir. Bu da şagirdlərin təlimə marağını artırır. Kafedra müdirləri bir növ direktor müavinləri vəzifəsi səlahiyyətində fəaliyyət göstərirlər. Ona görə də hər bir kafedranın əməkdaşları onlarla hesablaşır və qarşısında məsuliyyət daşıyırlar. 
Kafedraların fəaliyyətinin intensivliyini təmin edən amillərdən biri də, Nəriman Hüseynovun sözlərinə görə, metodiki vəsaitlərlə təminatıdır. Burada elə vəsaitlər, qəzetlər, jurnallar, hətta audiovəsaitlər də cəmlənməlidir ki, müəllimlər onlardan istifadə etməklə işlərini dövrün tələbləri səviyyəsində təşkil edə bilsinlər. Əgər məktəbdə sinif otaqları çatışmırsa, kafedra müdiri öz fənn kabinetində öz fəaliyyətini həyata keçirə bilər. Bu vəsaitləri kafedrlara ayrılmış otaqlarda yerləşdirməklə, müəllimlərin onlardan istifadəsini təmin etmək mümkündür. N.Hüseynov söyləyir ki, metodbirləşmələrlə bunu etmək mümkün deyil. Metodbirləşmələrin fəaliyyəti zamanı bu vəsaitlər əsasən müəllimlər otağında yerləşir ki, bunun da hamı tərəfindən istifadəsinə imkan olmur. Metodiki vəsait müəllimin əlinin altında olmalıdır. Nəriman müəllim qeyd edir ki, rəhbərlik etdiyi təhsil ocağında siniflərin sayı azaldığı üçün kafedral fəaliyyət 2003-cü ildən 2006-cı ilədək fəaliyyət göstərdi. Amma onlar kaedraların fəaliyyətinin müsbət cəhətlərini sonrakı illərdə də hiss etdilər. Ən əsası isə təlimin keyfiyyətinin yüksəlməsi baxımından.
Kafedraların təşkil olunmasının ən müsbət cəhətlərindən biri də odur şagirdlər ayrı-ayrı fənlərə daha yüksək maraq göstərirlər. Onlar kafedralarda ayrı-ayrı fənlərə həsr olunmuş stendlər, guşələrlə tanış olur, ayrı-ayrı elmlərin inkişafı tarixini izləyə bilir. Bu da fənlərin nüfuzunun artmasında da rol oynayır.
Nəriman Hüseynov söyləyir ki, kafedraların yaradılması məktəblərdə formalizmə, laqeydliyə son qoyardı. Yaxşı olardı ki, bütün məktəblərdə bu işin təşkilinə rəvac verilsin. Tədrisin keyfiyyət baxımından yükslməsində bu mühüm amil olardı.


B.ƏLİSƏFAOĞLU

No comments:

Post a Comment