5.09.2015

Ürəkləri fəth etdilər

 Bu günlərdə Bakının Nəsimi rayonundakı 164 nömrəli tam orta məktəbdə keçirilən  “Azərbaycanı tanıyaq, tanıdan” mövzusunda ədəbi-bədii kompozisiya iştirakçıların böyük marağına səbəb oldu. Tədbiri açıq elan edən şagirdlər öncə xaricidən gələn teleqramı oxudular. Teleqramda yazılmışdı ki, bu gün Bakı limanına bir gəmi yan alacaq. Gəmi müxtəlif xarici ölkələrdən olan qonaqları gətirəcək. Biz onları əsl Azərbaycan qonaqpərvərliyi ilə qarşılamalı, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, təbəiəti, folkloru haqqında məlumat verməli, ədəbi-mədəni dəyərlərimizi nümayiş etdirməliyik. Bir neçə dəqiqədən sonra səhnənin pərdəsi qaldırıldı. Əllərində təmsil olunduğu ölkələrin bayrağını tutmuş, öz ölkələrinin milli geyimində olan oğlan və qızlar gəminin göyərtəsində göründülər. Onların hər biri öz ölkələrinin xalq
musiqisinin sədaları altında gəmidən düşür, gül-çiçək dəstələri ilə qarşılanır, zalda öz yerlərini tuturdular. Yapon, ərəb, ispan, türk, hind, rus, ukraynalı, yunan, gürcü, amerikan, özbək milli geyimlərində gəmidən enən uşaqları öz ölkələrinin milli rəqs sədaları müşaiyət edirdi. Maraqlı idi ki, tədbirin təşkilatçıları bu dinamik başlanğıcla tamaşaçılarda yüksək əhvali-ruhiyyə yaratmağı, yüksək səviyyəli kompozisiyanın keçiriləcəyi çağırışını verdilər. Səhnə tərtibatı, iştirakçıların geyimi, musiqinin ahəngdarlığı da bunu deməyə əsas verirdi. Xarici qonaqlar yerləşdirdikdən sonra tədbirin aparıcısı “Biz istəyirik ki, bütün dünyada uşaqlar xoşbəxt olsun” çağırışından sonra hamı birikdə “Xoşbəxt olsun uşaqlar” mahnısının sədaları altında rəqs etdilər. Öz uşaq qəlbləri ilə sanki dünyanı sülhə, əminamanlığa, xeyirxahlığa səslədilər.
Bundan sonra səhnə Azərbaycanı xarici qonaqlara təqdim edəcək uşaqların ixtiyarına verildi. “Çay” mahnısının sədaları altında qonaqlara Azərbaycan süfrəsinin bəzəyi olan çay paylandı. Milli geyimdə olan qızlar qonaqların diqqətinə çatdırdılar ki, Azərbaycanda qonaqları duz-çörəklə qarşılayır, qarşısına şərbət qoyurlar.
Sonra aparıcılar səhnəyə səyyah dostlarını dəvət etdilər. Səyyah Azərbaycanı qarış-qarış gəzib onun gözəllikləri, təbiətinin sehrli aləmi haqqında məlumat verirdi. Görkəmli bəstəkar və müğənni Polad Bülbüloğlunun “Azərbaycan” mahnısının sədaları zalda vətənə sevgi dolu bir əhvali-ruhiyyə yaratmışdı. Ardınca ifa olunan “Neftçilər” rəqsi kompozisiyanın məzmununun daha da zənginləşməsinə imkan yaratdı. Rəqsdən sonra şagirdlər Azərbaycanın qiymətli sərvəti olan neftə həsr olunmuş şeirlər ifa etdilər. Üzlərinə neft çəkən ifaçılar Azərbaycan neftinin onlar üçün nə qədər qiymətli xəzinə olduğunu vurğuladılar.
Bunun ardınca şagirdlər xarici qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarından, ölkə başçısı cənab İlham Əliyevin sülhpərvər siyasətindən, təhsilə, elmə, milli-mənəvi dəyərlərə verdiyi önəmdən bəhs etdilər. Azərbaycanın idmanda, mədəniyyətdə, incəsənətdə əldə etdiyi misilsiz uğurlardan danışdılar.  Doğma vətənimizin təqdimatını davam etdirən şagirdlər onun əsrarəngiz təbiətindən, buz bulaqlarından, meşələrindən, şəlalələrindən, min bir dərdin dərmanı olan otlarından, çiçəklərindən, şəfalı sularından bəhs etdilər. Elə bu məqamda “Badamlı” mahnısı səsləndirildi. Şagirdlər qonaqlara badamlı payladılar.

Kompozisiyanın ən maraqlı məqamlarından biri də şagirdlərin Qarabağ haqqında təqdim etdikləri səhnəcik oldu. Onlar xarici qonaqlarda daha dərin təəssürat oyatmaq məqsədilə Qarabağ həqiqətlərini daha canlı ifadə etməyə, əsirlikdə olan torpaqlarımızın obrazını yaratmağa çalışmışdılar. Səhnəyə qara geyimli uşaqlar çıxdı. Onların hər birinin yaxasından asılan hədəf əslində hər birinin düşmən hədəfində olduğu anlamına gəlirdi. Amma ən böyük hədəfləri başqa idi. Torpaqlarımızın düşmən tapdağı altında olduğunu dünyaya bəyan etmək, öz həmyaşıdlarına dərd-sərlərini danışmaq...Elə buna görə də səhnəciyə  “Hədəf
kompozisiyası” adı verilmişdi. Kompozisiyanın əvvəlində ifaçılar Qarabağın füsunkar gözəlliklərindən bəhs etdilər. Onlar ermənilərin Qarabağda törətdikləri vəhşilikləri, soyqrımları faktlarla diqqətə çatdırdılar. Bayatı-şiraz muğamının sədaları altında təqdim olunan bu kompozisiya ifaçılarının titrək, həzin səsləri tamaşaçıları kövrəltmişdi. Seçilmiş şeirlərlə ahəngdarlıq təşkil edən musiqi uşaqların incə səsləri ilə qəlbləri titrədirdi. Amma bu kövrəklik, həzin musiqi uzun sürmədi. Kədər öz yerini tez bir zamanda şagirdlərin gur, qətiyyətli səslərinə verdi. Bu səs: Biz tezliklə doğma torpaqlarımıza dönəcəyik, işğal altında olan torpaqlarımızı tezliklə düşmən tapdağından azad edəcəyik  deyirdi. İfaçıların səhnəni hərbi marşın sədaları altında tərk etməsi, gur addım səsləri də onların nitqlərində  ifadə olunan əzəmətin təntənəsi kimi səslənirdi.
Şagirdlər Azərbaycanın füsunkar təbiətinin tanıdılması baxımından da orijinal yol seçmişdilər. Bu məqsədlə hazırladıqları  “Təbib dağlar” tamaşasının süjet xəttini xəstə nənəsinə qulluq edən Məlahətin yoldaşlarına qoşulub Şuşanın Daşaltı kəndindən şəfalı otlar yığıb gətirməsi, bu otlarla nənəsini sağaltması təşkil edirdi. Uşaqlar kəndli qızlar geyimində dağların döşünə qalxır, kəklikotu, qırxbuğum, baldırğan, quşəpbəyi, cincilim toplayırlar. Tamaşanın ssenari müəllifi bu məqamda bir neçə mühüm amili diqqətdə saxlamışdır.
O, həm milli geyimlərimizin, qədim torpağımız olan Şuşanın, Daşaltının, eyni zamanda şəfalı torpaqlarımızın, otlarımızın təqdimatına nail ola bilmişdi. Onlar kiçik bir səhnədə böyük Azərbaycan obrazını yaratmağa yaratmağa nail olmuşdular. Düşünürəm ki, bir məktəbin kiçik səhnəsindən böyük bir ideyanın irəli sürülməsi təşkilatçıların həm peşəkarlıq xüsusiyyətlərindən, həm də vətənpərvərlik duyğularından irəli gəlir. Onlar doğma Vətənimizi tanıtmaq kimi, bir müqəddəs ideyanı qarşılarına məqsəd kimi qoydular və öz böyük ürəkləri ilə buna nail ola bildilər. Kompozisiyanın sonuna yaxın  “Sarı gəlin” mahnısı, nağaraçıların ifası  milli-mənəvi dəyərlərimizə, soy-kökümüzə bağlılığımızın ifadəsi kimi səsləndi. Əzəmətli “Azərbaycan” mahnısının sədaları altında səhnəyə çıxan ifaçılar – qarşıda Avropa yay  olimpiya oyunları gəlir, biz o oyunlarda möhtəşəm qələbələr əldə edəcəyik, olimpiadada görüşənədək deyib, kompozisiyaya yekun vurdular.    
Tədbirdən sonra çıxış edən 164 nömrəli tam orta məktəbin direktrou Kəmalə Qədirova söylədi ki, bu gün Azərbaycan təhsili özünün müasir inkişaf mərhələsinə qədəm qoymuşdur. Əldə olunan uğurlarımızın əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmaqla, ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında önəmli rol oynamaqdadır. Təhsil naziri cənab Mikayıl Cabbarovun imzaladığı yeni əmrlər təhsilimizə yeni ab-hava gətirməkdədir. Düşünürəm ki, bu gün təhsilimizə göstərilən diqqət və qayğı nailiyyətlərimizdə özünü göstərməkdədir. Kəmalə Qədirova “Azərbaycanı tanıyaq və tanıdaq” kompozisiyasının təşkilatçısı, məktəbin ibtidai sinif müəllimi Sevinc Məcidovaya yüksək bədii, zövqlü tərtibata, peşəkar təqdimata  görə minnətdarlığını bildirdi. Qeyd etdi ki, uşaqlar onlara göstərilən etimadı doğrultmağı bacardılar. O, tədbirin təşkil olunmasında məktəbin ibtidai sinif müəllimlərindən Arzu Quluzadənin, eləcə də valideyinlərin yaxından köməklik göstərdiklərini xüsusi vurğuladı. 
Tədbirdə çıxış edən Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev söylədi ki, tədbirin ssenarisindən başlamış rejissor işi, tərtibat, mahnı, şeir, səhnəciklərin seçilməsi, hazırlanması – hər biri sanki peşəkar yanaşmasının məhsulu idi. Uşaqlar qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməklə öz istedad və bacarıqlarını yüksək səviyyədə nümayiş etdirdilər. Əjdər Ağayev ümidvar olduğunu bildirdi ki, bu gün burada bizi heyran qoyan uşaqların hər birinin parlaq gələcəyi var. O, tədbirin təşkilatçısı Sevinc Məcidovaya, eyni zamanda onlara yaxından köməklik göstərmiş məktəbin ibtidai sinif müəllimi Arzu Quluzadəyə,  Qafqaz Universitetinin təcrübəçi tələbələrinə minnətdarlığını bldirdi.  
Tədbirdə çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Qənirə Sultanova bildirdi ki, bu kimi tədbirlərin keçirilməsi şagirdlərin mənəviyyatca zənginləşməsinə, intellektual baxımından kamilləşməsinə, dünya görüşünün inkişafına müsbət təsir göstərir. Nə yaxşı ki, bizim məktəblərimizdə Sevinc Məcidova kimi müəllimlərimiz var deyən, Qənirə xanım tədbiri yüksək bədii tərtibatda təşkil etdiyinə görə təcrübəli müəllimə minnətdarlığını bildirdi.
Qeyd edim ki, tədbirdə həmçinin Bakı Slavyan Universitetinin prorektrou, filologiya üzrə elmlər doktoru, professor Telman Cəfərov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Gülarə Verdiyeva, Nəsimi rayon Fövqəladə Hallar İdarəsi mülkü müdafiə şöbəsinin rəisi mayor Musa Məhərrəmov, Nəsimi Rayon Polis İdarəsi yeniyetmələrlə iş şöbəsinin rəisi Vüqar Babayev, Qafqaz Universitetinin əməkdaşları Vidadi Bağırov, Vüsal müəllim, Bakı şəhəri üzrə Təhsil İdarəsinin baş məsləhətçisi Böyükağa Əhmədov, Təhsil Şurası idarə heyətinin üzvü,“Təhsil və zaman” qəzetinin redaktrou Böyükağa Mikayıllı və digər qonaqlar iştirak edirdilər.  


B.MİKAYILLI

No comments:

Post a Comment