5.09.2015

Vətənpərvərlik hissi ilə

 Burada hər şey fərqlidir. İlk fərq ondan ibarətdir ki, hamı, ümunmtəhsil məktəbindən fərqli olaraq hərbi geyimdədir. Bu da təbiidir. Gələcəyin zabitlərinin hazırlandığı Cəmşid Naxçivanski adına hərbi liseydə dərslər hərbi salamlaşma ilə başlayır. Bundan sonra da dərs elə hərbi intizamla da davam edir.
Təcrübəli ingilis dili müəllimi Şəlalə Haqverdiyeva 2003-cü ildən ki, bu təhsil ocağında ingilis dilini tədris edir. Kursantlara xarici dilin öyrədilməsinin zəruriliyini dərk edən təcrübəli müəllim pedaqoji fəaliyyətini məhz bu aspektdə qurmağı bacarır. Onun dərsində hər bir kursant fəal idi və bu fəallıq, şübhəsiz ki, birdən-birə yaranmamışdı. Şəlalə Haqverdiyeva o müəllimlərdəndir ki,  hər bir sözü şagirdinin qəlbinə yazaraq onun  təfəkkürünü işıqlandırmağı bacarır.
Əslində müəllim yalnız bu zaman məqsədinə nail ola bilir. Qəlbdə sevgi yaratmaq, bu sevgi ilə təfəkkürü nurlandırmaq və aydın, işıqlı təfəkkürə bilikləri həkk etmək. Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantlarında öyrənməyə yüksək həvəs görmək mümkün idi. Əgər bunun bir səbəbi kursantların qarşılarına qoyduqları məqsəd uğrunda mübarizə əzmi idisə, ikincisi müəllimin öz fənninə yaratdığı maraq idi. Kursantlarda bu əzmi görməyin özü də qürurvericidir. Bu, məndə belə bir inam yaradırdı ki, onlar yalnız ingilis dilinə bu səviyyədə maraq göstərmirlər, eyni zamanda hərbin sirlərini də bu səviyyədə həvəslə mənimsəyirlər. Liseyin məzunlarının keçdiyi şərəfli döyüş yoluna nəzər saldıqda da bunu aydın görmək mümkündür. Azərbaycan müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Liseyin məzunlarından 100 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuş, 8 nəfəri isə Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Şübhəsiz ki, bütün bunların əsasında liseydə təlim-tərbiyə işinin yüksək səviyyədə təşkil olunması dayanır. Liseyin rəisi general-mayor Mirzə Almasov tədrisin və tərbiyə işinin yüksək səviyyədə təşkil olunmasını daim diqqət mərkəzində saxlayır.

Şəlalə Haqverdiyeva dərsi tədris filminin nümayişi ilə başladı. Bundan sonra sinifdə daha yüksək əhval-ruhiyyə yarandı. 2-ci kursda mövzu “Həftəlik keçirilən mövzuların təkrarı” idi. Dərs bütün siniflə sorğu-sual əsasında qurulmuşdu. Kursantlar yay tətilində necə istirahət etdikləri barədə sual-cavaba cəlb olunmuşdular. Maraqlı burası idi ki, sual-cavab əsnasında kursantların ingilis dilində idman, coğrafiya, mədəniyyət, təbiət mövzusunda danışa bilmək bacarıqları meydana çıxırdı. Məlum olduğu kimi dilin tədrisində mühüm olan amillərdən biri də zəngin söz ehtiyatıdır. Yalnız zəngin söz ehtiyatına malik olmaqla fikri sərbəst ifadə etmək, istənilən mövzuda  danışmaq mümkündür. Şəlalə müəllimin kursantlarının zəngin söz ehtiyatına malik olduqlarını görmək mümkün idi. Qeyd edim ki, hərbi liseydə ingilis dilinin tədrisi “Headwey” tədris vəsaiti əsasında aparılır. Məlum olduğu ki, bu vəsait əsasən ingilis dilində danışıq tərzinin inkişaf etdirilməsinə yönəldilmişdir.
Siniflə sorğu-sualdan sonra kursantlar hazırladıqları dialoqları təqdim etdilər. Bu dialoqların hazırlanmasında daha çox kursantların hərbi liseydəki fəaliyyətləri, idman nailiyyətləri yer alırdı.
Bundan sonra müəllim sinfə yeni dərsin mövzusunu elan etdi: Bu, “Biz tətilə gedəcəyik adlanırdı”.
Müəllimin istiqaməti əsasında kursantlar ingilis dilində qarşıda gələn yay tətilində işğal altında olan torpaqlarımıza səfər etmək arzusunda olduqlarını dilə gətirdilər. Kursantların dialoqları monitorda Qarabağ haqqında video-filmin nümayişi ilə müşaiyət olunurdu. Bu məqamda müəllim yenə də sinfi sual-cavaba cəlb etdi. Bu dəfə sorğu əsasən Qarabağ üzərində quruldu. Şuşa şəhərində doğulmuş hansı görkəmli şəxsiyyətləri tanıyırsız? Şuşa şəhərinin əsası kim tərəfindən qoyulub? Qarabağın təbii sərvətləri barəsində nələri bilirsiniz? Hazırda erməni qəsbkarları işğal etdikləri torpaqlarımızda hansı əməlləri törədirlər? Xocalı soyqrımı haqqında nə bilirsiniz? Azərbaycanın Milli Qəhrəmanlarından kimləri tanıyırsınız? kimi suallar ətrafında müzakirələr aparıldı. Qeyd edim ki, Şəlalə Haqverdiyeva Təhsil Şurasının ABŞ-ın Qarabağ Fondu ilə birlikdə 6-7-8 mart 2015-ci il  tarixində keçirdiyi “Qarabağ həqiqətlərinin böyüyən nəslə çatdırılamasının elmi-metodiki və praktik məsələləri” mövzusunda elmi-təcrübi konfransda “Xocalı soyqrımının təlim-tərbiyə prosesində şagirdlərə çatdılılması” mövzusunda elmi məruzə ilə çıxış etdi. Məruzədə ermənilərin Xocalıda törətdikləri soyqrım haqqında ətraflı məlumat verən müəllim faciənin şagirdlərə izah olunmasının əsaslarını da ətraflı şərh etdi. Əslində Şəlalə müəllimin bu çıxışından sonra Qarabağ həqiqətlərinin yetirmələrinə öyrədilməsi metodikası ilə tanış olmağa məndə maraq yaratmışdı. Etiraf edim ki, dərsdə bu aspektdə gözlədiyimin şahidi oldum. O, müzakirələrdə iştirak etmək üçün kursantlara sərbəstlik vermişdi. Onlar əsaslandırılmış şəkildə fikirlər irəli sürür, təhlil aparır, nəticələrə gəlirdilər. Hər bir kursantın mülahizəsi özünəməxsusluğu ilə seçilir, araşdırma nəticəsi olaraq meydana çıxdığı məlum olurdu. Kursantların cavablarında o da vurğulanırdı ki, onların Vətənin tarixinə, onun maddi-mənəvi dəyərləri haqqında məlumatlara, hərbin, elmlərin sirlərinə, xarici dilin əsaslarına, danışıq tərzinə yiyələnmək arzularının başlıca amalı Vətənin müdafiəsinə həm bir zabit, həm də vətəndaş kimi hazır olmaqlarıdır.
Şəlalə Haqverdiyevanın müşahidə etdiyim ikinci dərsi də ikinci kursda idi. Ümumiyyətlə liseydə müəllim yalnız bir kurs üzrə dərs aparmaq imkanına malikdir. Müəllim burada kursantlarla söhbəti birinci dərsdən fərqli aspektdə aparırdı. Bu dərsin də başlanğıcında tədris filmindən istifadə olundu.
Şəlalə Haqverdiyeva bu dərsdə də vətənpərvərlik mövzusunu aparıcı istiqamt kimi təqdim edirdi. Onlar ingilis dilində Azərbaycan ədəbiyyatından, mədəniyyətindən, incəsənətindən, folklorundan, musiqisindən, danışır, nəticə etibarilə Qarabağın üzərində qərar tuturdular. Mənə elə gəlirdi ki, Şəlalə Haqverdiyeva Qarabağ mövzusunu  kursantların təfəkküründə doğma Anaları qədər dəyərli bir varlığa çevirə bilmişdi. Mövzunun haradan başlamasından asılı olmayaraq sonda Qarabağla tamamlanırdı. Onların səsində gurluq, əzəmət hiss edilirdi. Sanki onları seçib sinfə yığmışdılar. Sanki gur səsləri ilə hərbçi gələcəklərinin sorağını verirdilər.  Diqqətimi bununla bərabər cəlb edən digər məqam o idi ki, Liseydə yetişən gələcək hərbçilərin təfəkküründə mənəvi dəyərlərimizə sonsuz sevgi özünə yer etməkdədir. Onlar bir zabit olaraq torpaqlarımızın müdafiəsinə hazırlaşdıqları kimi, bir vətəndaş olaraq da mənəvi dəyərlərimizin müdafiəsinə hazır olacaqlar. Kursantlarla tanışlıqdan sonra məndə bu inam yarandı. Ümumiyyətlə, müəllimin qoyduğu inteqrativ suallar əsasında  kursantların ədəbiyyat, tarix, coğrafiyadan da bilik nümayiş etdirmələri deməyə əsas verir ki, liseydə tədrisin keyfiyyətinə böyük önəm verilməkdədir. Şəlalə Haqverdiyevaya gəldikdə isə o, xarici dilin öyrənilməsini kursantların hərbi hazırlığının ən vacib amili səviyyəsinə qaldıra bilib. Təbii ki, liseydə də buna şərait yaradılıb.
Səlalə Haqverdiyeva dərs prosesində inteqrativliklə yanaşı, qeyd etdiyimiz kimi, şagirdlərin söz ehtiyatlarının zənginləşməsini, düzgün danışıq qaydalarına əməl olunmasını, qrammatik normaların öyrədilməsini ciddi nəzarətdə saxlayırdı. Şagirdlərin nitqində də bunu aydın görmək mümkün idi.
O, məqamı gəldikcə kursantlara fərdi yanaşır, sinifdə ümumi ahəngin təmin olunmasına çalışır, bununla da hamının fəallıq göstərməsinə nail olurdu. Ümumiyyətlə, kursanlatın dərs prosesində hər birinin fəal şəkildə iştirak etməsi Şəlalə müəllimin əsas prinsiplərindən biridir. O, yeri gəldikcə dərslərində dərs-seminar, dərs-disput, dərs-mühazirə, dərs-dialoq kimi üsullardan istifadə etməklə xarici dilin mənimsədilməsinin optimal yollarını axtarır. Kursantlara tədqiqat xarakterli tapşırıqlar verməklə onların mövzular üzərində daha ciddi çalışmalarına, əhatəli məlumatlar əldə etmələrinə, bununla da dünyagörüşlərinin, dili dərketmə səviyyələrinin inkişafına nail olur. Kursantlarla birlikdə liseydə təşkil etdiyi vətənpərvərlik mövzulu müxtəlif tədbirlər, divar qəzetlərinin buraxılması da bu məqsədə xidmət edir. Bu tədbirlərin hər biri rəngarəgliyi, öyrədiciliyi ilə seçilməklə, kursantların böyük marağına səbəb olur.
Liseyin tədris işləri üzrə rəis müavini polkovnik Məhəmməd Rzayevin də fikrincə Şəlalə Haqverdiyevanın yenilikçi müəllim kimi bu təhsil ocağında çalışması kursantların xarici dilə olan marağının artmasında, eləcə də dilin öyrənilməsində müstəsna rola malikdir. O, qeyd etdi ki, liseydə ingilis dilinin yüksək səviyyədə tədrisi məqsədilə hər cür şərait yaradılıb. Sinif otaqları İnformasiya-Kommunikasiya Texnologiyaları ilə təmin edilib, müəllimlərin kommunikativ bacarıqlarının təmin olunması istiqamətində ardıcıl iş aparılır. Bu isə öz növbəsində liseydə tədrisin keyfiyyətinin yüksəldilməsinə yol açır. Liseydə yalnız ingilis dili müəllimlərinin deyil, bütün müəllimlərinin fəliyyəti bu baxımdan diqqət mərkəzində saxlanılır.
Görkəmli pedaqoq Firudin Köçərli yazırdı: “Əsl müəllim elm, bilik və zəhmətkeşlikdən əlavə, şagirdlərinə münasibətdə məhəbbət və qayğı dolu qəlbə mailk olmalıdır.” Şəlalə müəllimin simasında bu ali keyfiyyətlərin cəmləndiyini görmək mümkündür. Bütün qəlbi və ruhu ilə müəllim olanlar bu simaya sahibdirlər.
 Şəlalə Haqverdiyevanın ömür yolundan sətirlər...
Şəlalə Haqverdiyeva  27.05.1982 –ci ildə Bərdə rayonunda anadan olub. Bərdə şəhərindəki  5 nömrəli orta məktəbi bitirib. 1999-cu ildə  Gəncə Dövlət Universitetinin İngilis dili fakültəsinə qəbul olub. 2003- cü ildə həmin Universiteti ingilis dili (Filologiya) ixtisasi üzrə bitirb. Elə həmin ildən imtahanla C.Naxçivanski adına hərbi Liseydə müəllim vəzifəsinə qəbul edilib. Hal-hazırda həmin Liseydə İngilis dili müəllimi vəzifəsində işləyir.  İşlədiyi müddətdə tədrisdə göstərdiyi nailiyətlərə görə Hərbi Lisey tərəfindən 4 fəxri fərman və Müdafiə Nazirliyi tərəfindən 2 dəfə  qiymətli hədiyyələr ilə təltif olunub. Müxtəlif ictimai təşkilatların öyrədici seminarlarında və Azərbaycan Amerika məkəzində təskil olunan onlayn webinarlarda mütmadi iştirak edir.Hal-hazırda  Oreogon Universitetinin təskil etdiyiyi  “Shaping the way we teach English” kursunun ingilis dili müəllimləri ücün olan 5 hətəlik forumunda iştirakçıdır. Azərbaycan Təhsil Şurasının ABŞ-ın Qarabağ Fondu ilə birlikdə 7-8 mart 2015-ci il  tarixində keçirdiyi “Qarabağ həqiqətlərinin böyüyən nəslə çatdırılamasının elmi-metodiki və praktik məsələləri” mövzusunda elmi-təcrübi konfransda “Xocalı soyqrımının təlim-tərbiyə prosesində şagirdlərə çatdılılması” mövzusunda elmi məruzə ilə çıxış edib.

 Böyükağa MİKAYILLI




          

No comments:

Post a Comment