Uşaqlar torpağa yenicə sancılmış ağaclar, müəllim isə
bağban kimidir. Ağacın necə boy atacağı,
bar verib-verməyəcəyi bağbanın ona necə qulluq edəcəyindən asılıdır. Yaxşı
bar əldə etmək üçün ağaca xüsusi qulluq olunduğu kimi, uşaq zəkasının inkişafı
da ardıcıl, diqqətli, düşünülmüş yanaşma tələb edir. Uşaq aləmi sonu gerçəkləşən
nağıl aləmidir. Müəllim bu nağıllar aləmində elə məharətli rol oynamalıdır ki, uşaq həqiqətə
çatmaq yolunda çox əziyyətlərlə üzləşməsin, əksinə, optimal yollarla nail
olsun.
İradə Məlikova da dərslərində bu prinsipə sadiq idi. O, dərsin hər bir məqamında
bir başqa cür təsir bağışlayırdı. Məqamdan məqama dəyişir, siması dərsin tonuna
uyğun ifadə alırdı. Birinci sinifdə “Dovşan” mövzusu uşaqlar üçün nə qədər yeni
və əhəmiyyətli idisə, onun üçün də o qədər önəmli idi. Bu önəmlilik müəllimin də
simasına sirayət edir, şagirdləri də ağuşuna alırdı. Beləliklə, sinifdə münasib
öyrənmə mühiti yaranırdı. Bu mühitdə hamının öz rolu var idi. Dovşan bir bəhanəyə
çevrilmişdi.
İradə müəllim motivasiya yaratmaq üçün müxtəlif heyvan
şəkilləri nümayiş etdirdi. Heyvanların xüsusiyyətlərinə uyğun olaraq – zəhərlidir,
sürünür, sədaqətlidir, hürür, meşələr kralıdır, yırtıcıdır, ən hündür
heyvandır, əyripəncə, bal sevəndir, haçaqulaqdır, qorxaqdır, çəpgözdür-kimi əlamətləri
irəli sürdü. Şagirdlər mövzunun Dovşan olduğunu müəyyənləşdirdilər. Bundan
sonra əvvəlcə müəllim, sonra isə şagirdlər
“Dovşan” şeirini düzgün tələffüz etməklə oxudular.
O, mövzudan
istifadə edərək şagirdlərinə müqayisə, araşdırma aparmaq, nəticə çıxarmaq,
problemli vəziyyətdən çıxmaq, əməkdaşlıq şəraitində işləmək imkanları
aşılayırdı. Əlbəttə ki, söhbət ilkin elementlərdən gedir. Dovşan bizə adi
görünsə də, müəllim onunla şagirdlərinin gözü qarşısında yeni bir mərhələ
açırdı. Və bunu elə inandırıcı və təsirli edirdi ki, sanki hər şey real həyatda baş
verir. Elə bil ki, şagirdlər bu an əlləri ilə dovşana toxunur, onu canlı-canlı
görüb xarakterizə edirdilər. İradə Məlikova lazım olan sözü lazım olan anda
ifadə edir və bu ifadəni sinfin ümumi ahəngi ilə uzlaşdırır, şeirdə yazılışı ilə
deyilişi fərqli olan sözləri şagirdlərdən “alır”, şeirin məzmununu müzakirəyə cəlb
edirdi. Bununla da sinfi bütünlüklə fəallaşdırır, əslində elə bir vəziyyət
yaradırdı ki, artıq problemin qrup şəklində həll olunması zərurətə çevrilirdi.
Ümumiyyətlə, İradə Məlikovanın fəaliyyətinin məğzində problemi zəruriləşdirmək
və aktuallaşdırmaq və bu aktuallığı şagirdlərinə aşılamaq istedadı dayanır.
Problem meydana qoyulur və real şəkildə təsvir edilir.
O, inandırıcı təsvir
qurmaqla şagirdlərini mövzuda baş verən hadisələrin mərkəzinə qanadlandırıb
aparmağı bacarır. Dərsin bu məqamında şagirdlərin ən yüksək səviyyədə
maraqlarının təmin olunduğu görünürdü. Şagirdlərin baxışlarındakı parlaq ifadə əslində
müəllimin özünəinam hissi aşılayan səsindən, inandırıcı təsvirlərindən və
simasındakı ifadədən güc alırdı. Bu baxışların altında mükəmməl öyrənmək həvəsinin
də alışıb yandığını görürdüm. O, mövzu ətrafında
dolanaraq şagirdlərində təbiətə, bütün canlı varlıqlara, ətraf aləmə məhəbbət
hissi aşılayır, sinifdə sanki bir canlı orqanizm yaradırdı. Hər bir şagird bu
orqanizmin ürəyi olmaq uğrunda çalışırdı. Bununla o, sinfin də ürəyinə çevriləcək,
müəlliminin hüsnü – rəğbətini qazanacaq, seçilən şagird olacaqdı. İradə müəllimin
tapşırıqlarını yerinə yetirmək, onun sevimlisi olmaq hər bir şagirdin arzusu
kimi görünürdü. Bunun üçün müəyyənləşdirilmiş tapşırıqlar yerinə yetirilməli
idi. Bu tapşırıqlar yalnız sinfdə yerinə yetirilənlər deyildi, həm də evdə, tətildə
belə icra olunurdu. Yeri gəlmişkən deyim ki, tətildə icra olunmaq üçün verilən
tapşırıqları uğurla icra edən şagird müəllimin xüsusi hədiyyəsi ilə təltif
edilir.
Mövzu ətrafında qruplara tapşırılmış sullarda məsələyə
yalnız problem həll etmək nöqteyi nəzərindən deyil, mahiyyətin qavranılması
mövqeyindən yanaşılmaq tələb olunurdu. Qrupların suallarına diqqət yetirək: “Şeirdə
nədən söhbət gedir? Şeiri nəzmə çevirin”, “Dovşan və sincabların oxşar və fərqli
xüsusiyyətlərini VENN diaqramı vasitəsilə yazın”, “Mətndən götürülmüş sözlərə
yaxınmənalı sözlər yazın və cümlələrdə işlədin: qaçmaq, çalışmaq, ayaq
saxlamaq”, “Mətndəki birhecalı, ikihecalı, üçhecalı sözləri tapıb cədvəl üzrə
qruplaşdırın. Dovşan sözünü fonetik təhlil edin”. Müəllim dərsliyin verdiyi
imkandan istifadə edərək, mövzunun həm qrammatik, həm də ideya baxımından dərk
olunmasına nail oldu. İradə Məlikova üçün də dərsin hər bir anı qiymətli olduğu
kimi, mövzunun da hər bir məqamı əhəmiyyət
daşıyrıdı. Özünün yaratdığı məqamlarla da dərsi zənginləşdirir, daha çox
informasiya ötürməyə çalışırdı. Təbii ki, bu zaman dərketmənin optimallığını
gözləyirdi. O, dərsin sonunda dovşanlar haqqında nümayiş etdirdiyi video-filmlə
informasiyanın daha da zənginləşməsinə nail oldu.
İradə Məlikova riyaziyyat dərsində çox maraqlı bir şəkildə
dərketmə prinspi irəli sürürdü. O, tərtib etdiyi məsələlərdə vətənpərvərlik
hissləri aşılayan məqamları yerləşdirməkə, həm şagirdinin düşüncələrində vətən
sevgisi toxumlarını səpir, həm də bu sevginin fonunda riyazi məsələləri
aşılayırdı. Məsələn: Xocalı şəhərinin müdafiəsində 3 helikopter, 5 zirehli
maşın iştirak edirdi. Xocalının müdafiəsində cəmi neçə nəqliyyat iştirak
edirdi? Doğrudur, belə suallar dərsliklərdə mövcuddur. Amma İradə Məlikovanın
qoyduğu bu suallar monitorda hərbi vətənpərvərlik aşılayan mahnılar, işğal
altında olan torpaqlarımızın nümayişi ilə müşaiyət olunurdu. O, bununla şagird
qəlbinin ən dərin qatlarında vətən sevgisinin oyanmasına yol açırdı.
İradə müəllim Azərbaycan dili yazı dərsini pianino
arxasında sözləri və musiqisi özünə məxsus olan “Ana” mahnısı ilə başladı. Müəllimin
və şagirdlərin məlahətli səsi sinifdə
dördüncü dərs olmasına rəğmən xoş əhvali-ruhiyyə yaratdı. Dərsin musiqili ahənglə
başlanması onun sonrakı mərhələlərinin yüksək səviyyədə keçəcəyinə təminat
verirdi.
İradə Məlikova uzun
illik pedaqoji fəaliyyəti ərzində yetirmələri üçün mayak rolunu oynamağı
bacaran müəllim olmuşdur. İllər öncə, o, hələ kiçik məktəbli ikən anası balaca
İradənin əlindən tutub yaşadıqları Şağan kəndindən Mərdəkana kitab-dəftər
almağa aparıb. Qayıdanda İradə anasının aldığı rəsm albomunu əlində
saxlayıbmış. Sevincinin həddi-hüdudu yox imiş. Sabah məktəbdə bu albomun vərəqlərinə
cürbəcür rəsmlər çəkəcəyini düşünürmüş. Avtobusda uzun boylu, ağ saçları çiyninə
tökülmüş, arıq, qəribə görkəmi olan bir kişi balaca məktəblidən əlindəki albomu
istəyir. İradə könülsüz halda albomu verir. Tez-tez də albomundan nigaran halda arxaya
çevrilib baxır. Düşünür ki, görəsən bu adam albomu ondan nə üçün alıb? Qəribə
görkəmli adam uzun arıq barmaqları ilə
alboma nə isə çəkirdi. Bir müddət sonra qəribə adam albomu qaytarır. İradə
alboma baxanda gözlərinə inanmır. Göy flamasterlə mənzərə rəsmi çəkilmişdi. Ona
qarışıq kimi görünən rəsmin yuxarı hissəsində S.B. yazısı diqqətini cəlb etsə də
buna əhəmiyyət vermir. Evə gəlib rəsmi atasına, səhər isə müəllimnə göstərir.
Onlar İradəyə bu rəsmi saxla, deyirlər. İllər
keçir. Bir dəfə İnstitutda rəsm dərsində bu əhvalatı müəllimi Rauf Səmədova
danışır. Yeri gəlmişkən qeyd edim ki, İradə Məlikova Azərbaycan Dövlət Pedaqoji
Universitetini fərqlənmə diplomu ilə bitirib. Müəllimi, hanı o rəsm?- deyə
soruşur. Təəssüf ki, İradə o rəsmi tapa bilmir. Müəllimi isə İradəyə, - sən Səttar
Bəlülzadə ilə qarşılaşmısan, deyib. Əlindəki rəsm albomumu görüb. Düşünüb ki, sən
rəsm həvəskarısan. Odur ki, albomu səndən alıb və rəsmi çəkib. Tale elə gətirib ki, İradə Məlikova
1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu qırmızı diplomla bitirdikdən
sonra öncə Buzovna qəsəbəsindəki 234 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə
başlasa da, 1993-cü ildən həyatını Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü
Gimnaziya ilə bağlayıb. İradə müəllimin əldə etdiyi uğurlar məhz bu təhsil
ocağındakı fəaliyyəti dövrünə təsadüf edir. Müəllimlik peşəsinə qəlbən
bağlılığı İradənin qarşısında uğur qapılarını taybatay açıb. Qısa zaman ərzində
Gimnaziyanın ən yaxşı müəllimləri ilə bir cərgədə dayanıb. İradə Məlikova
Gimnaziyanın yerləşdiyi qəsəbədə nüfuzlu müəllim kimi tanınıb. İradə müəllimin
sinfində övladlarının dərs alması valideynlərin arzusuna çevrilib. Bu da təsadüfü
deyil. İllər keçdikcə İradə müəllimin şagirdlərinin nailiyyətləri dillər əzbərinə
çevrilib. Müəllimin təlim prosesində
zamanın tələblərindən çıxış edərək təlimə yanaşma metodkiası, şagirdlərində elmə,
həyata, əməyə, vətənə məhəbbət oyatmaq bacarığı onu bir müəllim kimi sevdirib.
Zaman keçib. İradə müəllimin yetirmələrinin sorağı yüksək mövqelərdən eşidilib.
Aşıladığı vətəndaşlıq qayəsi hər bir yetirməsinin yolunda çıraq kimi işıq
saçıb. Müxtəlif sənət, peşə sahibləri yetirib İradə müəllim. Məktəbi qızıl
medulla bitirmiş iki şagirdi də ustad müəllimin fəxarət yerinə çevrilib. Bu gün
neçə-neçə yetirməsi onunla çiyin-çiyinə müəllimlik adını şərəflə daşıyır.
İradə müəllimin pedaqoji fəaliyyəti onun ictimai fəaliyyəti
ilə daim vəhdətdə olub. O, elmi-pedaqoji icimaiyyətin marağına səbəb olan
elmi-təcrübi konfransların, seminarların, təlimlərin fəal iştirakçısıdır.
2015-ci ilin mart ayında Təhsil Şurasının keçirdiyi “Qarabağ həqiqətlərinin
böyüyən nəslə çatdırılmasının elmi-metodki və praktik məsələləri” mövzusunda
elmi-təcrübi konfransa “Xocalı soyqrımının təlim-tərbiyə prosesində şagirdlərə
izahı” mövzusu ilə qatılmışdı. İradə müəllim qoşulduğu beynəlxalq layihələrdə də
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına öz töhfəsini verməyə çalışır.
“Uşaqlarımızın yaradıcılıq işləri”, “Bizim ölkəmizin iqlimi sizin gözlərinizlə”
mövzusunda beynəlxalq layihələr bu qəbildəndəir. İradə müəllimin şagirdləri bu
layihələr çərçivəsində İngiltərələli və Fransalı həmyaşıdlarına Azərbaycan
haqqında məlumat verirlər.
İradə Məlikovanın pedaqoji mətbuatla əlaqələri də diqqətəlayiqdir.
O, ayrı-ayrı pedaqoji mətbuat orqanlarında “Ana dili dərsliyi hansı üstünlükləri
ilə seçilir”, “Fəal təlim texnologiyalarını necə tətbiq edirəm”, “Fəal təlimdə
didaktik oyunların yeri”, “Müasir şəraitdə ana dili və riyaziyyat təliminin
yeni məzmunu: təlim nəticləri, məzmun standartları haqqında”. “Azərbaycanı tərənnüm
edən görkəmli rəssam haqqında pedaqoji düşüncələr”, “Yazılışı çətin olan sözlər
üzərində iş”, “Fəal təlimin üstünlükləri” və digər elmi-metodiki məqalələrlə
oxucularının görüşünə gəlmişdir.
İradə Məlikovanın təhsildə əldə etdiyi nailiyyətlər
ona təqdim olunan təltiflərdə öz təcəssümünü tapmamdadır. O, 2008-2009-cu dərs
ilində ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim”
müsabiqəsinin qalibi olub. 2014-cü ildə isə “Tərəqqi” medalına layiq görülüb.
Artıq neçə illərdir ki, Xarici Dillər Təmayüllü
Gimnaziyanın pedaqoji və şagird kollektivini təhsil ocağının “Günəş” radio
qovşağından məlahətli bir səs salamlayır. Bu səs neçə-neçə şagird qəlbini hərarətləndirən
İradə müəllimin səsidir. Bu səs hələ neçə-neçə şagird qəlbini isidəcəkdir…
Böyükağa MİKAYILLI
No comments:
Post a Comment