Aynur ZAMANOVA,
İsgəndərdən soruşurlar: “Atanı çox sevirsən, yoxsa
müəllimini?” Cavab verir: “Müəllimimi. Atam məni fani dünyaya gətirmişdir, müəllimim
isə mənə əbədiyyət bəxş etmişdir”.
Coxlarının ilk müəllimi ata və anası olmuşdur.
Dilimizi onların dili ilə açmışıq, dunyaya göz açdığımızda onların gözü ilə
baxmışıq. İlk dəfə yaxşı nədir, pis nədir kəlmələrini də onlar bizə öyrədiblər.
Daha sonra bağçada tərbiyəçilərimiz, bundan sonra isə orta məktəb müəllimlərimiz,
ali məkrtəb müəlimlərimiz həyatımızda dərin izlər buraxır. Xoşbəxt o müəllimdir
ki, onu əbədiyyət bəxş etmiş kamil insan olaraq xatırlasınlar.
Kimdir müəllim? Müəllim - anadan olandan ölənə qədər,
bütün həyatı boyu dünyanı rəngbərəng edən, onu istiqamətləndirməyə çalışan,
doğru yol göstərəndir; millətinə həyat yolunda rəhbərlik edən, əxlaqını və
xarakterini inkişaf etdirən və ona əbədiyyət şüurunu aşılayan, yer üzündə mələk
xislətini özündə cəmləşdirən bir varlıqdır. Onun sehrli əllərində ən dəyərsiz
şeylər belə, tayı-bərabəri olmayan ləl-cəvahirata çevrilər. Qısa bir zamanda,
qarşısına aldığı yüzlərcə insana hisslərini aşılamaq müəllimdən başqa heç kimə
qismət olmamışdır. Müəllim - əsrlərdir insanların həyatını yönləndirən, rəngarəng
edən və həyatımızın ayrılmaz bir hissəsidir. Müəllim canlı varlıqdır, ancaq digər
varlıqlardan fərqli vəzifə daşıyır. Müəllim - cəmiyyətə şəxsiyyət yetişdirir.
Müəllim eyni zamanda bioloji, mədəni, əxlaqi, sosial, dərrakəli, hissiyyatlı,
fiziki, ruhi gücə sahib varlıqdır.
Müəllim sinifdə yalnız tədris etdiyi fənni mənimsətməklə
işini bitmiş hesab etməməlidir. İşıq sürətilə dəyişən həyatımızda ən cox
ehtiyacımız olan şey sevgidir. Sinfə daxil olan müəllim ozü ilə bərabər əxlaqını,
mədəniyyətini, dəyərlərini gətirir. Bu dəyərləri sinifdə qoyub çıxır. Sinfə
özümüzlə gətirdiyimiz bu dəyərlər zamanla cəmiyyətdə özümüzə də qayıdır. Demək
ki, cəmiyyətdə baş verən istənilən hadisələrdə bizim də əməyimiz var. Problemli
situasiyaları izlədikcə belə qənaətə gəlmək olur ki, orta məktəblərdə - insan həyatının
11 illik omrünün keçdiyi bir məkanda sevgi oyrədilmir. Sevib dəyər verməyi
bacarmalıdır ki, uşaq mükəmməl şəxsiyyət olsun. Təhsil mütləq mənəvi tərbiyəyə əsaslanmalıdır.
Mənəvi tərbiyəyə əsaslanmayan təhsil, vəhşiləşmənin qarşısını ala bilməz. O vəhşiləşmənin
ki, hər gün xəbərlərdə kriminal hadisələri izləyirik və çox təəccüblənirik: niyə
cavanlaşma gedir cinayət hadisələrində? Demək ki, bilik verib kifayətlənmişik,
amma sevgini öyrədə bilməmişik. Bizim borcumuz vətəndaş yetişdirməkdir. Elə bir
vətəndaş ki, vətənin daşı olsun! 20% torpağı işğal altında olan, Xocalı kimi
üzqarası faciəsi olan, 1 milyondan çox öz vətənində qaçqın-köçkünü olan, hər
gün şəhid verən, gözü yaşlı anası olan xalqın müəlliminin yarımçıq insan yetişdirməyə
ixtiyarı yoxdur! Müəllim heç bir zaman unutmamalıdır ki, həyatın iki üzü var.
Şagirdlərinə həyatın özünü öyrətməlidir ki, verdiyi təhsildən gələcəkdə həyatda
səmərəli istifadə edə bilsinlər. Riyaziyyatı öyrədən müəllim triqonometriyanı
bilmir deyə şagirdin üstündən bir xətt çəkməsin! Yaxşı riyaziyyatçı şagirdini,
içində idmançı rəqabəti qədər güclü yetişdirməlidir ki, o da riyaziyyatı sevsin
və müəllimi kimi olmaq istəsin. Bu məqamda bir hekayəni sizinlə paylaşmaq istərdim.
Qəsəbənin müəllimi bir gün qayıqla gəzməyə çıxır.
Qayığın yelkəninin altında heç bir iş görmədən oturan müəllim qayıq sahibindən
soruşur:
-
Bu gün hava necə olcaq?
Qayıq sahibi küləyin istiqamətini yoxlayır, günəşə
baxır və üzünü turşudaraq cavab verir:
-
Məndən soruşarsansa, bu gün olacaq qasırğalı.
Bu cavab qarşısında təəccüblənən müəllim üzünün ifadəsini
dəyişərək tənqidedici tərzdə, a kişi, sən qrammatika bilmirsən? “Bu gün olacaq
qasırğalı” deməzlər. “ Bu gün hava qasırğalı olacaq” deyərlər”, - deyir.
Qayıq sahibi buna cavab olaraq çiynini çəkir: “Nə
üçün qrammatika öyrənməliyəm ki?” Müəllim bu cavab qarşısında təəccüblənərək
deyir:
-
Qrammatika bilməməyin həyatının bir qismini boşa
keçirdiyini göstərir.
Bu danışıqlar davam edərkən qayıq sahibinin təxmini
üzrə göydə qara buludlar meydana gəlir və qüvvətli bir külək dalğaları
qamçılayaraq qayığı bir qoz qabığı kimi yırğalamağa başlayır. Böyük dalğalar
qayığı su ilə doldurur. Qayıq sahibi müəllimdən soruşur ki, üzməyi bacarırsan?
Müəllim də cavabında, yox, üzməyi öyrənmək nəyimə lazımdır ki?! - deyir. Bu
cavabı eşidən kimi sevincdən kefi kökələn qayıq sahibi cavab verir:
-
Onda, müəllim, sənin bütün həyatın boşa gedib,
çünki qayıq hər an bata bilər.
Mən 129 №-li tam orta məktəbin informatika müəllimiyəm.
Bu məktəbin məzunuyam. 7 yaşımdan bu məktəbdəyəm. Uşaqlığım, gəncliyim bu məktəbin
divarları arasında keçib. Həm peşəmi, həm də işlədiyim doğma məktəbimi çox
sevirəm. Şagirdlərimlə nəfəs alıram. Onları doğma balam bilirəm. Hər zaman da dərsimi
sevgimlə keçdim, fənnimi sevdirdim, dərsimi sevdirdim, həyatın bir hissəsi
olduğunu göstərdim. Bir misal deyim sizlərə. 5–ci sinifdə alqoritm mövzusunu
keçdim, daha sonra uşaqlara tapşırıq verdim. Hərə bir gül suya qoysun, evdə kök
atması üçün. Pəncərədə olan dibçəkdəki güldən bir kiçik budaq kəsdim və elan
etdim ki, mən də evə aparıb bu gülü suya qoyacam. Kök atan zaman sizinlə
birlikdə sinifdə gülün əkilməsi alqoritmini icra edəcəm. Gözlədiyimiz gün gəldi.
Biz uşaqlarla birlikdə bu alqoritmi icra etdik. Hərəmiz bir gül əkdik. Hərəmiz
bir həyat verdik canlıya. Uşaqlar dibçəklərə adlarını yazdılar. Bu güllər
sinfimizi bəzəyəcək. Alqoritmin nə olduğu bu uşaqların əbədi olaraq ağlında
sevgi və həyat eşqi kimi qalacaq. Unudulmayacaq. Daha bir misal. Bu ilin əvvəlində
vətənə sevgini göstərmək istədim. Bu layihəni dərs dediyim siniflərdə məhdudlaşdırmaq
istəmədim. Məktəbimizin bütün şagirdlərinin bu layihədə iştirakını təmin etdim.
Layihə “Tanıyaq və tanıdaq” adlanırdı. 6-11-ci siniflər arasında keçirildi.
6-cı siniflərə Azərbaycanın bölgələri, 7-cilərə Azərbaycanın görkəmli şəxsiyyətləri,
8-cilərə yazıçı və şairlərimiz, 9-culara türkdilli xalqlar, 10-culara işğal
altında olan rayonlarımız, 11-cilərə isə işğal altında olan ən böyük şəhərlərimiz
haqqında məlumatlar toplamaq, prezentasiyalar, albomlar, stendlər, səhnəciklər
və s. hazırlamaq tapşırıldı. Uşaqlar özləri hazırladıqları tədbiri nümayiş
etdirərək həm öyrənirlər, həm də başqalarına öyrədirlər. Tanıyıb-tanıdırlar. Layihə
baş tutdu. Uşaqlar Azərbaycanı bir daha virtual səyahət etdilər, o yerlərdən
çıxmış şəxsiyyətləri tanıdılar, Rəşid Behbudovu, Leyla Bədirbəylini, Üzeyir
Hacıbəylini bir daha tanıdılar, Bəxtiyar Vahabzadəni yad etdilər, yazıçı Anarı
xatırladılar, türkdilli xalqları, onların tarix və mədəniyyətini, incəsənətini
göstərdilər, geyim və musiqilərini tanıtdılar və nəhayət sərhədyanı
rayonlarımızda nələr baş verir, kimlər var orada, düşmən əlində olan nazəndə
Şuşamızın, bağrı qan Xocalımızın tarixi, gözəlliyi, sızıltısı, iniltisi göstərildi
uşaqlarımızın dili ilə, sevgisi və ruhu ilə. Bu uşaqlar vətəni belə sevdi, belə
də ona xidmət edəcək - fəxrlə, qürurla!
Uşaqlar parlaq və qiymətli mirvaridir
Uşaq ailədən çıxıb məktəbə gəlir. Evdən məktəbə gedərkən
də, məktəbdən evə qayıdarkən də küçədən keçir. Bax o küçə cəmiyyətdir. Cəmiyyətin
sağlam və ya xəstə olmasında həm ailə, həm də məktəb məsuliyyət daşıyır. Ailədən
küçəyə çıxan uşaq say etibarı ilə ən çoxu orta hesabla 3 nəfər ola bilər. Amma
məktəbdən küçəyə çıxanların sayı 500-1000-2000, bəzən də 4000 ola bilir. Demək
ki, məktəbin cəmiyyət qarşısında vəzifəsi daha məsuliyyətlidir. Bir pinəçi pis
başmaq tikərsə, uzaqbaşı 500 adam narahat, yöndəmsiz ayaqqabı geyinər. Amma müəllimi
pis olan xalqın balalarını cəmiyyətmizdə hansı acınacaqlı həyat gözləyir?! Heç
bunu düşündünüzmü?! Uşaqlar inci bir mirvaridir ki, onun dəyərini bilin, dəyər
verin, sevin, sevin ki, sevməyi oyrənsinlər. Uşaqlar parlaq və qiymətli
mirvaridir. Heç bir yerdə, heç bir okeanda onlar kimi gözəl bir mirvari yoxdur.
Müəllim onu dənizdəki qum kimi görməsin. Diqqətlə fikir versək, heyran
olacağımız gözəlliklər görərik. Onlar birlikdə gözəl bir boyunbağı olub bizə bəzək,
yaraşıq verər.
Yaşadığımız problemlərdən biri də, məktəblərdə
valideynlərin kurikulum haqqında məlumatsızlığıdır
Yaşadığımız problemlərdən biri də, məktəblərdə
valideynlərin kurikulum haqqında məlumatsızlığıdır. Onların müasir interaktiv təlimdən
xəbərsiz olmaları, məktəbdə müəllimlərin işini axsadır. Valideynlərin çoxu
90-cı illərin məzunlarıdır. Müasir uşaqların təlim-tərbiyəsində yaranan çətinlikləri
təkbaşına həll edə bilmirlər. Çünki məlumatsızdırlar. Müəllim-şagird-valideyn -
bu 3-lük bir-biri ilə qarşılıqlı əlaqədə olmalıdır. Problemin həlli yolunu
valideynlərlə təlim keçirilməsində gördüm. Fikrimi məktəbimizin direktoru Samir
müəllimə bildirdim. O, da təşəbbüsümü bəyəndi. Beləliklə, ibtidai siniflərdə 1-4-cü
sinif valideynlərinə kurikulumun fəlsəfəsini göstərmək məqsədilə, müasir
interaktiv metod nədir, kurikulum islahatını zəruri edən səbəblər haqqında, Azərbaycanda
təhsil sahəsində həyata keçirilən islahatlar haqqında, təhsil sahəsində dövlət
standartları, Təhsil-Keyfiyyət-Siyasət, təhsilin nəticəyönümlü idarəedilməsi
haqqında, qiymətləndirmə - məktəbdaxili-ölkədaxili-beynəlxalq
qiymətləndirmə proqramları haqqında, diaqnostik qiymətləndirmə, formativ qiymətləndirmə,
kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə nədir - bunları
izah etdim. Prezentasiya hazırladım və məktəbimizin direktoru S.Mehdizadə ilə
birlikdə 2 ay olmaqla hər həftənin 6-cı günü 2-3 saat akt zalında valideynlər
üçün təmənnasız olaraq təlimlər keçdim. Təlimlər interaktiv keçirilirdi. Müəllimlər
də iştirak edirdi. Valideynlərin bütün suallarına cavab verilirdi. Təlimlərə
informatika fənni üzrə Nizami rayon metodisti, “Dünya” məktəbinin müəllimi Vəfa
Vəliyeva da dəvətli olaraq qatıldı və valideynlərin çoxsaylı suallarına
cavablar verildi. Bu təlimlərdən sonra şagirdlərimizdə effektiv nəticələr əldə
etdik. Həm təhsildə, həm də tərbiyədə. Bu təlimlər davamlı olacaq. Zamanla
düşünürəm ki, işimizin ayrılmaz bir hissəsinə çevriləcək. Çünki biliyi olub onu
işlətməyən, yeri şumlayıb dən səpməyən adama bənzəyər.
İnsanın ruhu da onun bədəni kimidir - bir gün
qidasız yaşaya bilməz. Müəllimlik – ruhumun qidasıdır.
No comments:
Post a Comment