İradə ƏLİYEVA,
"Azərbaycan"
Müəllim adı bütün zamanlarda şərəfli olub. İstər şəhərdə, istərsə kənddə
insanlar bu peşə sahiblərinə həmişə hörmət, ehtiram bəsləyiblər. Yüksək müəllim
adını daşıyanlar isə daim bunun məsuliyyətini, mənəvi cavabdehliyini hiss
ediblər. Axı onlara xalqın ən qiymətli sərvəti - gənc nəsil, vətənin sabahı etibar
edilib.
Müəllim nümunə deməkdir. Təsadüfi deyil ki, ziyalı sözünü işlədəndə də
nədənsə, ilk növbədə, insanın gözü önünə müəllimlər gəlir. Çünki ömürlərə işıq
müəllimin biliyindən, ziyasından düşür.
Hansı fənni tədris etməsindən asılı olmayaraq bu peşə sahibləri ziya, bilik
bəxş edəndir. Haqqında danışacağımız müəllimin keçdiyi fənn isə bir qədər
qeyri-adidir. O, artıq 30 ildən çoxdur orta məktəbdə gənclərin çağırışaqədərki
hazırlığı ilə məşğuldur.
Bakının Nizami rayonundakı 129 nömrəli tam orta məktəbdə çalışan İsfəndiyar
Əliyevin pedaqoji fəaliyyəti ən yaxşı müəllimlik nümunələrindəndir. Keçdiyi
həyat yolu isə şagirdlərinə, yetirmələrinə bir örnəkdir.
İsfəndiyar Əliyev 1951-ci ildə Lənkəran rayonunun Vilvan kəndində anadan
olub. 1968-ci ildə orta təhsilini başa vurduqdan sonra ordu sıralarına
çağırılıb. İki illik hərbi xidmətini o vaxtkı Almaniya Demokratik
Respublikasında keçirib.
Deyirlər, əsgərlik həyatı da bir məktəbdir. İsfəndiyar Əliyev bu məktəbdən
yaşıdlarından bəlkə də daha çox bəhrələnib. Əvvəla, qürbət onun doğma torpağa,
Vətənə məhəbbətini artırıb. Uzaqlarda yurdunun həsrətini çəkə-çəkə onun nə
qədər əziz olduğunu bir daha dərk edib. Üstəlik də həmin illər İsfəndiyarın
gələcək həyat yolunu müəyyənləşdirib. Burada, o, hərb sənətinin sirlərinə dərindən
yiyələnib, mətinliyin, qəhrəmanlığın, mərdliyin nə olduğunu tam mənası ilə
anlayıb. Özü də bərkdən-boşdan çıxaraq gənc zabit kimi formalaşıb.
Təbii ki, hərbidən doğma kəndinə qayıdıb. Orada bir
müddət sovxozda işləyib. Amma o, təhsilini davam etdirmək, xalqa daha çox xeyir
vermək arzusu ilə yaşayırdı. Ona görə də Xarici Dillər Universitetinə daxil
olur. Ali məktəbi bitirdikdən sonra Bakıdakı 129 nömrəli təhsil ocağında
işləməyə başlayır. Elə həmin vaxtdan da burada Gənclərin Çağırışaqədərki hazırlığı
rəhbəridir.
"Ömrümün 34 ilini gənclərin vətənpərvərlik tərbiyəsinə həsr etmişəm.
İşlədiyim illər ərzində məqsədim vətənini, torpağını sevən, onların müdafiəsinə
daim hazır olan gənclər yetişdirməkdən ibarət olub. İşimdən həmişə zövq
almışam, müəllim adı, şərəfli peşəmlə həmişə fəxr etmişəm". Bu, İsfəndiyar
müəllimin öz tərcümeyi-halına "sözardı" kimi yazdığı cümlələrdir. Özü
də gəlişi gözəl olduğu üçün deyilən sözlər deyil. Onlarda sadə bir həqiqət, bir
insanın vicdan və ləyaqətlə xalqına xidmətinin ifadəsi var.
İsfəndiyar müəllim ulu öndər Heydər Əliyevin "Mən Yer üzündə
müəllimdən yüksək ad tanımıram" sözlərini tez-tez xatırlayır. Deyir ki, bu
sözlər əslində dəyərli kəlamdır, müəllimlərin üzərinə çox böyük məsuliyyət yükü
qoyur. Odur ki, İsfəndiyar Əliyevin özü də həmin kəlamla verilən etimadı daim
doğrultmağa çalışır.
Təcrübəli pedaqoq İsfəndiyar Əliyev onu da deyir ki, bu gün bütöv şəxsiyyət
probleminin müsbət həlli məktəbdən, tədris sistemindən çox asılıdır. Məqsəd
uşaqların aldığı biliklərin dərinləşdirilməsi ilə bərabər, həm də onların
dünyagörüşünü, mənəvi zənginliyini artırmaqdır. Müəllimlər şagirdlərə həm də
Vətəni sevməyi, xalqa sədaqəti, qanunların aliliyinə hörmət bəsləməyi, saf
mənəviyyatla yaşamağı öyrətməlidirlər. Uşaqlar təkcə özlərini deyil,
ətrafındakıları düşünməyi bacarmalı, insanlar üçün yaşamağı da bəri başdan
öyrənməlidirlər.
Qabaqcıl müəllimin tədris etdiyi fənnin bir sıra özəllikləri var. Belə ki,
bu fənn təkcə bir sahədə bilik verməklə kifayətlənmir. Həm də şagirdlərdə
müəyyən vərdişlər yaratmağa xidmət edir. Ən başlıcası isə torpaq, yurd sevgisi
aşılayır, mərdlik, mübarizlik, hünər öyrədir. İsfəndiyar müəllim bu fənni
tədris etdiyi vaxtlardan həmin şərtlərə önəm verir və bildiklərini uşaqlara
həvəslə öyrədir. Mayor rütbəsində ehtiyatda olan zabit İsfəndiyar Əliyev
yetirmələrinə anladır ki, mərdlik insanın mənəvi gücünü və möhkəmliyini ifadə
edən davranış əlamətidir, qorxuya nifrətdir. İnsan hara gedirsə-getsin, nə kimi
rütbələrə, vəzifələrə qalxırsa-qalxsın, dəxli yoxdur, doğma yurda məhəbbət onun
xəyalından bir an belə silinmir. Xüsusilə müharibə şəraitində olan bir ölkədə
ordu quruculuğu, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların
hərbi xidmətə hazırlanması mühüm məsələlərdəndir. Ehtiyatda olan zabit ixtisas
dərslərində yetirmələrinin Azərbaycan Silahlı Qüvvələri haqqında dolğun şəkildə
məlumatlandırılmasına, onların zəruri hərbi nizamnamə qaydalarını
mənimsəmələrinə, ordu həyatı ilə tanışlıqlarına, habelə gənclərin fiziki və
psixoloji cəhətdən hərbi xidmətə hazırlanmalarına xüsusi diqqət yetirir, onlar
arasında ölkənin hərbi məktəblərində təhsil almaq istəyənlərin, yəni
namizədlərin seçilməsində güclü peşə təmayüllü iş aparır. Yeniyetmələrə
görkəmli sərkərdələrin, milli qəhrəmanlarımızın döyüş yolu haqqında söhbətlər
edir, müxtəlif filmlərə baxış keçirir. Yurdsevərliyin, vətənpərvərliyin kökləri
çox qədimdir. Vətənpərvərlik millətin tarixinə, mədəniyyətinə dərin hörmətdə,
milli ənənələrə əməl olunmasında, torpağın, onun sərvətlərinin göz bəbəyi kimi
qorunmasında təzahür edir. Hazırda İsfəndiyar müəllimin onlarla yetirmələri
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi bilik və bacarıqlarını
nümayiş etdirərək nümunəvi xidmət göstərirlər.
129 nömrəli məktəbin direktoru Samir Mehdizadə deyilənləri belə təsdiqləyir:
- Məktəbimizdə müasir dövrün tələblərinə uyğun gənclərin çağırışaqədərki
hazırlığı kabinetinin yaradılmasında İsfəndiyar müəllimin böyük əməyi olub.
Bura 2005-ci ildən Nizami və Nərimanov rayonları arasında baza kabineti kimi
fəaliyyət göstərir. Vaxtaşırı tədris vəsaitləri yeniləşdirilir və
təkmilləşdirilir, müxtəlif ədəbiyyatlarla zənginləşdirilir. Fənnin tədrisində
Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunan plakat və kitabçalardan geniş
istifadə olunur. Bütün bunlara görə də rayon hərbi rəhbərlərinin
seminar-məşğələləri məhz bu kabinetdə keçirilir. İsfəndiyar Əliyevin özü
haqqında onu deyə bilərəm ki, o, tədris prosesinə bir sıra yeniliklər gətirdiyi
üçün novator hərbi hazırlıq müəllimi kimi tanınıb. Buna İsfəndiyar müəllimin
əməksevərliyi, peşəsinə vurğunluğu, işə yaradıcı yanaşması imkan verib.
Bir neçə kəlmə də 129 nömrəli məktəb haqqında. Bura, pedaqoji kollektivin
intellektual səviyyəsi ilə seçilən bir məktəbdir. Təhsil ocağında dərslərin
keyfiyyətli və səmərəli keçirilməsinə, informasiya-kommunikasiya
texnologiyalarından istifadəyə geniş yer verilir.
Məktəb 2012-2013-cü tədris ilində "İlin ən yaxşı ümumtəhsil
müəssisəsi" müsabiqəsində iştirak etmişdir. Müsabiqə çərçivəsində Təhsil
Nazirliyində məktəbin təqdimatı keçirilmiş, IX və XI sinif şagirdləri test
imtahanlarında iştirak etmişlər. Ötən ilin göstəricilərinə görə təhsil ocağının
məzunlarının ali məktəblərə qəbulu 70,91 faiz olmuşdur.
Məktəbdə peşəsinin, tədris etdiyi fənnin bilicisi olan müəllimlər çoxdur.
Elə İsfəndiyar Əliyevin təcrübəsindən digər məktəblərdəki həmkarlarının da
istifadə etməsi buna aydın misaldır.
İsfəndiyar Əliyevin iş təcrübəsi neçə illərdir ki, Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Bakı şəhəri Nizami Rayon
İdarəsi tərəfindən bəyənilmiş və yüksək qiymətləndirilmişdir. Ona təşəkkür
məktubları göndərilmiş, fəxri fərmanlar verilmişdir. İsfəndiyar müəllim eləcə
də 2009-cu ildə Bakı Şəhər Təhsil İdarəsinin "Pedaqoji sahədə səmərəli
fəaliyyətinə və gənc nəslin təlim-tərbiyəsində qazandığı nailiyyətlərə
görə" fəxri fərmanını almışdır. 2010-cu ildə isə tədrisdə mütərəqqi
prinsiplik, yeniliklərin tətbiqinə, səmərəli işinə görə Təhsil Nazirliyi onu
"Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanına
layiq görmüşdür.
Gənclərin Çağırışaqədərki hazırlığı rəhbəri İsfəndiyar Əliyev pedaqoji
sahədəki səmərəli fəaliyyətinə və Vətənini, torpağını sevən, doğma yurdunun
müdafiəsinə daim hazır olan gənclər yetişdirdiyinə görə sonrakı illərdə də
dəfələrlə fəxri fərmanlar alıb. Bunlardan biri məktəbin "Şahinlər"
hərbi-idman oyunları komandasının təşkili və oyunda uğurla iştirak etməsi
münasibətilə bu ilin mart ayında verilib. Aprel ayında isə İsfəndiyar
müəllim SHXÇDX-nin təşəkkürnaməsini alıb.
Təcrübəli təhsil işçisi "Gənclərin Çağırışaqədərki hazırlıq"
dərsliyi proqramının tərtib edilməsində komissiyanın tərkibində iştirak edib.
2011-2012-ci illərdə isə dərsliyin qiymətləndirmə şurasının ekspert
komissiyasının üzvü olub.
Yaxşı müəllim olmaq çətindir. Ona görə ki, gərək peşənin vurğunu olasan,
uşaqları ürəkdən sevəsən və tədris etdiyin fənni dərindən biləsən. Deyirlər ki,
hər bir insanın dəyəri onun niyyətindən, arzularından bəlli olur. Məslək,
əqidə, mübarizə və əxlaq dərslərində ilk növbədə şagirdlərinə cəsarət və
qətiyyət aşılayan İsfəndiyar Əliyevin bu illər ərzində əsas amalı Vətən yükünü
çəkə bilən ləyaqətli gənclər yetişdirməkdir.
No comments:
Post a Comment