İyunun 4-də Şirvan şəhərindəki Azərbaycanın Milli Qəhrəmanı
Nofəl Quliyev adına 9 nömrəli tam orta məktəbdə bu təhsil ocağına 34 il rəhbərlik
etmiş mərhum Xavər xanım Sayılovayanın həyat və pedaqoji fəaliyyətinə həsr olunmuş “Ruhunun əbədi məskəni məktəb”
kitabının təqdimatı və mərhumun anım mərasimi keçirildi. Azərbaycan Təhsil
Şurası İdarə Heyətinin qərarı ilə çap olunan kitabın ideya müəllifi və
redaktoru pedaqoji elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər
Akademiyasının akademiki Əjdər Ağayev, tərtibçi “Təhsil və zaman” qəzetinin
redaktoru, yazıçı-publisist Böyükağa Mikayıllıdır. Tədbirdə Azərbaycan Təhsil
Şurasının sədri, professor Əjdər Ağayev, mərhum Xavər Sayılovanın qardaşı,
veteran sovet-partiya işçısi, yazıçı, tarix üzrə fəlsəfə doktoru Sahib Sayılov,
bacısı, veteran müəllim Zəkiyyə Sayılova, tarix üzrə fəlsəfə doktoru Ülviyyə
İbrahimova, Xavər Sayılovanın digər ailə üzvləri, 9 nömrəli tam orta məktəbin,
eləcə də Şirvan şəhərinin digər məktəblərinin pedaqoji kollektivlərinin üzvləri,
Xavər Sayılovanın vaxtilə dərs dedyi şagirdləri, onunla çiyin-çiyinə çalışmış
müəllim yoldaşları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan professor Əjdər Ağayev
söylədi ki, həyatını gənc nəslin təlimi və tərbiyəsinə, xeyirxahlığa, humanizmə
həsr edənlər, ədaləti, sağlam əqidəni, vətənə xidməti, ləyaqəti, insanlara
faydalılığı uca tutanlar dünyalarını dəyşib əbədiyyətə qovuşsalarda mənəvi cəhətdən
ölmürlər, qəlblərdə əbədi yaşamaq hüququ qazanırlar. Xavər Sayılova da belə
insanlardan olub. Xavər xanımın dünyasını dəyişməsindən bir ildən artıq vaxt
ötür. Amma biz, onu tanıyan yüzlərlə insan onun aramızda olmadağını hiss etmirik.
Sanki hər gün onunla həmsöhbət olur, bu istedadlı müəllimin, məktəb rəhbərinin
iş üslubundan, direktorluq fəaliyyətindən, ziyalılığından, mədəniyyətindən,
insanpərvərliyindən söhbət açırıq. Əjdər Ağayev Xavər Sayılova ilə tanışlığının
tarixindən bəhs etdi. Qeyd etdi ki, Xavər xanımı hələ Lənkəran Pedaqoji
Texnikumunda oxuduğu illərdən tanıyıb. Həmin illərdə Salyan rayonundakı Çuxanlı
kənd orta məktəbində dərs hissə müdiri və dil-ədəbiyat müəllim işlədiyini deyən
Ə.Ağayev Xavər xanımın pedaqoji təcrübə keçmək üçün həmin məktəbə gəldiyini, təcrübə
dövrünü uğurla başa vurduğunu söylədi.
Əjdər Ağayev söylədi ki. Xavər Sayılova özünün yüksək
insani və peşəkarlıq məziyyətləri ilə yalnız Şirvanda deyil, respublikada
tanınıb sevilirdi. Ona həm öz işinin mahir bilicisi olan məktəb rəhbəri kimi, həm
də fəal ictimaiyyətçi kimi ehtiram olunurdu. Təsadüfü deyil ki, ölkə başçısı cənab
İlham Əliyev Şirvanda səfərdə olarkən şəhərin baş planının ona təqdim olunması
məhz Xavər Sayılovaya həvalə edilmişdi. Şirvan şəhər bələdiyyəsinin üzvü,
Respublika Qadınlar Cəmiyyətinin Şirvan şəhər təşkilatının sədri kimi apardığı
ictimai işlərdə qadın hüquqlarının müdafiəçisi kimi çıxış edir, əməlləri ilə
insanların qəlbində xeyirxahlıq mücəssəməsi kimi yüksəlirdi.
Ə.Ağayev söylədi ki, Xavər Sayılovanın Azərbaycan
Televiziyası ilə çıxışları, mətbuatda dərc olunan elmi-metodiki, pedaqoji
aspektli yazıları dinləyicilər və oxucular tərəfindən maraqla qarşılanırdı.
Haqqında hazırladığımız “Ruhunun əbədi məskəni məktəb” kitabında da həmin
yazıların, müsahibələrin yer aldığını deyən Ə.Ağayev bu yazıların hər birinin dərin
məna ifadə etdiyini diqqətə çatdırdı. Əjdər Ağayev onu da vurğuladı ki, Xavər
Sayılovanın Şirvan şəhərindəki 9 nömrəli tam orta məktəbə rəhbərliyi dövründə
bu təhsil ocağı respublikanın ən yaxşı məktəbləri sırasına çıxdı. Bu məktəbin
yetirmələri ölkəmizin nüfuzlu ali təhsil ocaqlarına qəbul oldular. Məktəbdə təlim-tərbiyə
işinin səviyyəsi müasir tələblər səviyyəsində qurulmaqla, ölkədə həyata keçirilən
təhsil islahatlarının tələblərinə uyğunlaşdırıldı. Bütün bunlar Xavər
Sayılovanın istedadı və gərgin əməyi sayəsində mümkün oldu.
Əjdər Ağayev söylədi ki, Xavər xanım direktorluq fəaliyyətinin
son illərində çoxlu qayğılarla üzləşsə də təmkinini, səbrini pozmur, öz iş
prinspinə sadiq qalaraq fəaliyyətini davam etdirirdi.
O, vurğuladı ki, Xavər xanım haqqında hazırlanan bu
kitab “Dəryadan bir damla”dır. Bu kitab Xavər xanımın dünyadan köçməsinin bir
illik anımı münasibətilə hazırlanıb. Burada Xavər xanım haqqında toplanan məqalələr,
esselər, yazılan xatirlər, onun öz məqalələri, müsahibələri Xavər xanımın
portretini görməyə imkan yaradır. Bu kitab Xavər xanımı sevənlərə dəyərli bir hədiyyədir.
Əjdər Ağayev kitabın hazırlanmasında göstərdikləri
köməyə görə Zəkiyyə Sayılovaya, Təhsil Şurası İdarə Heyətinin üzvü, Şirvan şəhər
9 nömrəli tam orta məktəbin müəllimi Sevinc Niftiyevaya, həmin məktəbin dil-ədəbiyyat
müəllimi İradə Xəlilovaya minnətdarlığını bildirdi.
Professor Əjdər Ağayevin çıxışının ardınca Xavər
Sayılovanın ömür yolundan bəhs edən maraqlı foto-slaydlar nümayiş olundu. Xavər
Sayılovanın ömür yolunun ayrı-ayrı məqamlarından bəhs edən fotolar nümayiş
olunduqca, Xavər xanım qayğıkeş, mehriban ana, həyat dolu bir insan, yorulmaq bilməyən
müəllim, məktəb rəhbəri, ictimai xadim,
yetirmələrinə həyat dərsi verən bir pedaqoq, sevimli bacı, həyat yoldaşı, dost
kimi xarakterizə olunurdu.
Çıxış edən 9 nömrəli tam orta məktəbin direktoru
Respublikanın əməkdar müəllimi Əlizadə Hüseynov rəhbərlik etdiyi təhsil
ocağının zəngin ənənələrindən, bu ənənələrin yaradılmasında Xavər Sayılovanın
misilsiz rolundan bəhs etdi. Qeyd etdi ki, Xavər Sayılovanın 9 nömrəli tam orta
məktəbə rəhbərliyi dövründə bu təhsil ocağının intibahının əsası qoyulub. Məktəb
Şirvan təhsilində öz layiqli yerini tutub. Bu gün də bu ənənələr layiqincə
davam etdirilir. Məktəbin nailiyyətləri ilbəil artır, yeni-yeni nailiyyətlər məktəbin
yeni tarixini formalaşdırır. Əlizadə Hüseynov Respublika Təhsil Şurasının təhsildə
öz sözünü demiş, böyük nailiyyətlərə imza atmış, ictimaiyyət tərəfindən sevilən
Xavər Sayılova kimi müəllim, məktəb rəhbərinə kitab həsr etməsini təqdirəlayiq
hal kimi dəyərləndirib bu kimi layihələrin gələcəkdə də davam etdirilməsinin gərəkli
olduğunu dilə gətirdi.
Xavər Sayılovanın qardaşı, tarix üzrə fəsəfə
doktoru Sahib Sayılov öncə kitabın ərsəyə gətirilməsinə görə Respublika Təhsil
Şurasına, Şuranın sədri Əjdər Ağayevə minnətdarlığını bildirdi. Öncə Xavər
xanımın böyüdüyü ailə mühitindən danışdı. Qeyd etdi ki, ataları Ağagül kişi,
anaları Dilbər xanım təhsil almamaqlarına baxmayaraq övladlarının təhsil alması
onların başlıca amalları olub. Xavər məhz bu amalın arxasınca gedərək əvvəlcə
pedaqoji orta ixtisas, sonra isə ali təhsil aldı. Dil-ədəbiyyat müəllimi kimi
pedaqoji fəaliyyətə başladı. O, əsl ziyalı, fədakar ana, tələbkar, istedadlı müəllim,
məktəb rəhbəri idi. Sahib Sayılov qeyd etdi ki, “Ruhunun əbədi məskəni məktəb”
kitabı məzmun etibarilə Xavər Sayılovanı həm bir şəxsiyyət, həm də nütəxəssis
kimi xarakterizə edir. O, kitabda yer alan professor Əjdər Ağayevin ön sözündən,
Böyükağa Mikayıllının “Həyat dolu bir insan”, tarix üzrə fəlsəfə doktoru Ülviyyə
İbrahimovanın “Elegiya” məqalələrindən bəhs etdi. Söylədi ki, bu yazıları diqqətlə
oxumaqla Xavər Sayılovanın necə bir insan, mütəxxəssis, ana, bir sözlə şəxsiyyət
olduğunu görmək mümkündür. Sahib Sayılov onu da vurğuladı ki, Xavər Sayılovanın
kitabda yer alan məqalələri, müsahibələri onun təhsil sahəsinə həm praktik müəllim,
həm də məktəb rəhbəri kimi nə qədər dərindən bələd olduğunu sübuta yetirir. O,
işlədiyi bütün dövrlərdə məktəbin, təhsilin aktual problemlərinə peşəkarcasına
münasibət bildirir və problemlərin həlli yollarını göstərir, mütəxəssis kimi
peşəkar şərhlər verirdi. Sahib Sayılov sonda Xavər Sayılovanın işıqlı xatirəsi
həmişə bizimlə olacaqdır söylədi.
Uzun illər Xavər Sayılova ilə 9 nömrəli tam orta məktəbdə
çalışmış, hazırda bu təhsil ocağının direktor müavini Mətanət Baxışova
çıxışında Xavər Sayılovanı diqqətli, tapşırılan hər işin öhdəsindən layiqincə gəlməyi
bacaran, eyni zamanda tələbkar bir məktəb rəhbəri kimi xarakterizə etdi.
9 nömrəli tam orta məktəbin həmkarlar təşkilatının
sədri, dil-ədəbiyyat müəllimi İradə Xəlilova pedaqoji fəaliyyətə məhz bu təhsil
ocağında, Xavər Sayılovanın rəhbərliyi ilə başlayıb. Xatirələrini dilə gətirən
İradə Xəlilova söylədi ki, Xavər xanım pedaqoji fəliyyəti ərzində ona yaxın
dost, mənəvi ana, dayaq, ürək dostu olub.
Yazıçı-publisist Hacı Zərifə Novruzova Xavər
Sayılovanın milli-mənəvi dəyələrimizə, adət-ənənələrimizə ehtiramından, qadınların problemlərinə göstərdiyi diqqətdən
bəhs etdi. Söylədi ki, Xavər xanımı
yaxşı tanımaq üçün ona bir neçə prizmadan baxmaq lazımdır: ən gözəl ağbirçək, həmkar,
ana, övlad, qonşu, müəllim və nəhayət ziyalı kimi. Xavər Sayılova adı fəxrlə çəkilməyə
layiq olan ziyalı idi. Təsəllimiz odur ki, Xavər xanımın əməlləri övladlarının,
nəvələrinin ömründə yaşayır, davam edir.
Zəkiyyə Sayılovanın da çıxışı kövrək notlar üzərində
quruldu. Söylədi ki, Xavər xanımın bütün həyatı doğmalarına, el-obasına, bir də
hədsiz dərəcədə sevdiyi müəllinlik peşəsinə məhəbbət üzərində qurulmuşdu. Xavərin
qəlbində hələ uşaqlıqdan müəllimlik peşəsinə sevgi oyanmış və o, qarşısına bu
müqəddəs peşəyə yiyələnmək kimi çətin bir vəzifə qoymuşdur. Müəllim kimi sinfə
daxil olanda onun sevincinin həddi-hüdudu olmazdı. Xavər xanımın ən ali məqsədi
vətənin tarixini, ədəbiyyatını, milli-mənəvi dəyərlərini mükəmməl bilən vətəndaş
hazırlamaq idi. O, bütün ömrünü bu yolda şam kimi əritdi. Həyatımızın müxtəlif
sahələrində çalışan, öz sözünü demiş, ixtisasına mükəmməl yiyələnmiş, vətənpərvər
hisslərə sahib yüzlərlə yetirməsi Xavər
xanımın bu arzusuna çatmasını sübut edir.
Şirvan şəhərindəki 16 nömrəli tam orta məktəbin müəllimi
Vüsalə Hüseynova müəllimlik peşəsini seçməsində, bu peşədə uğur qazanmasında
Xavər xanımın müstəsna rolundan bəhs etdi. Xavər xanımın ona analıq
qayğısından, mənəvi dəstəyindən, uğurlarına doğma adamı kimi sevinməsindən danışdı.
Tədbirdə daha sonra çıxış edənlər – Vahib Sayılov,
Vüqar Əliyev, Təranə Ağayeva, Kəmalə Əliyeva, Flora Əliyeva, Malik Aranlı,
Əlvan Qənbərov, Dürsədəf Babayeva, Hacı
Əlvan Həşimov, Gözəlağa Əliyev, Mərcan Vəliyeva, Ulduzə Əliyeva başqaları Xavər
Sayılovanın 9 nəmrəli tam orta məktəbdə yaratdığı təlim-tərbiyə sistemindən, Azərbaycan
Müəllimlərinin, Azərbaycan Qadınlarının Qurultaylarındakı çıxışlarından, Şəhər
bələdiyyəsinin üzvü, Qadınlar Şuraşı Şirvan şəhər şöbəsinin sədri kimi fəaliyyətindən,
metodiki yazılarından, yetirmələrinin əldə etdiyi uğurlardan, mübarizlik əzmindən, xeyirxahlığından, ailə dəyərlərinə
ehtiramından bəhs etdilər. Təklif olundu ki, Şirvan şəhərinin ictimai həyatında,
təhsilin inkişafındakı xidmətləri nəzərə alınaraq Xavər xanım Sayılovanın xatirəsinin
əbədiləşdirilməsi üçün Şirvan Şəhər İcra Hakimiyyəti qarşısında məsələ
qaldırılsın.
Tədbirdən sonra Xavər xanımın məzarı ziyarət
olundu, ruhuna dualar oxundu.
“Təhsil və zaman”
No comments:
Post a Comment